Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-494/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “əlavə ƏDV və mənfəət vergisinin hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin pozulmasına və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli, **************** nömrəli qərarı əsasında İddiaçı Mənzil-Tikinti Kooperativinə 1,095,386.46 manat (o cümlədən, 2021-2023-cü illərin mənfəət vergisi üzrə 196,749.31 manat, yanvar 2021-dekabr 2023 hesabat dövrlərinə ƏDV üzrə 898,637.14 manat) əlavə vergi məbləği hesablanmış, 575,657.51 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Mənzil-Tikinti Kooperativi (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin pozulmasına və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli, **************** nömrəli Qərarının ləğv edilməsini” xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK-ya * saylı Ərazi Vergilər idarəsinin ##.##.2024-cü il tarixli **************** saylı qərarına əsasən, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə yanvar 2021 - dekabr 2023 hesabat dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ##.##.2024cü il tarixdə başlanmış, ##.##.2024-cü il tarixdə bitmişdir. Nəticəsi isə ##.##.2025-ci il tarixli **************** nömrəli aktla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlamasının nəticəsinə dair ##.##.2025-ci il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərara əsasən, iddiaçıya 1,095,386.46 manat (o cümlədən, 2021- 2023-cü illərin mənfəət vergisi üzrə 196,749.31 manat, yanvar 2021 - dekabr 2023 hesabat dövrlərinə ƏDV üzrə 898,637.14 manat) əlavə vergi məbləği hesablanmış, 575,657.51 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mübahisələndirilən ##.##.2025-ci il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar ilə razı deyil. Belə ki, cavabdeh iddiaçıya ƏDV üzrə 2023-cü ilin noyabr ayına əlavə vergi məbləğini “Azəriqaz” İB-dən aldığı məlumatlara əsasən hesablamışdır. Cavabdeh “Azəriqaz” İB-dən aldığı məlumata əsasən iddiaçının yoxlamaya təqdim etdiyi müqavilələrdən əlavə olaraq ümumi sahəsi 1202.35 kv.m olan 20 ədəd mənzil satdığını müəyyən etmiş və bu səbəbdən iddiaçıya ƏDV hesablamışdır. Halbuki “Azəriqaz” İstehsalat Birliyindən alınan məlumat sadəcə elektrik sayğaclarının quraşdırıldığı mənzillər barədədir və həmin mənzillər yoxlamanın əhatə etdiyi dövrdən əvvəlki tarixlərdə satılmış, lakin sayğacın quraşdırılması prosesi daha sonrakı tarixlərdə olmuşdur. Bir sözlə, cavabdeh yoxlamadan əvvəlki dövrlərdə satılmış və vergisi hesablanaraq büdcəyə ödənilmiş 20 mənzilə görə hazırkı yoxlama ilə təkrar olaraq iki qat ƏDV hesablamışdır. Cavabdeh 2023cü ilin dekabr ayı üzrə 787,775.28 manat ƏDV hesablamış və hesablamanı belə əsaslandırmışdır ki, VM-in 67.16-cı maddəsinə əsasən, ümumi sahəsi 6320,32 manat elan 117 mənzilin satışını müəyyən etmiş və buna müvafiq olaraq iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Bununla bağlı bildirir ki, iddiaçı tərəfindən çoxmərtəbəli yaşayış binasının tikintisi 2016-ci ildə başlanılmış və mənzillər 2016-2023-cü illərdə satılmışdır. Daxili kredit qaydasında satılmış mənzillərin dəyəri illər üzrə daxil olduqca, müvafiq aylar üzrə ƏDV və illər üzrə də Mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Başqa sözlə, cavabdehin qeyd etdiyi 117 mənzil yoxlama ilə əhatə olunan dövrdə (yanvar 2021 - dekabr 2023) satılmamışdır. Yoxlama ilə əhatə olunan dövrdə iddiaçının satışdan bank hesabına daxil olan məbləğlərə görə ƏDV və mənfəət vergisi hesablanaraq dövlət büdcəsinə hesablanmışdır. Göründüyü kimi, cavabdeh yenə də yoxlamadan əvvəlki dövrlərdə satılmış mənzillərə görə satılmış və vergisi ödənilmiş mənzillərə görə təkrar olaraq ƏDV hesablamışdır. Mənfəət vergisinə münasibətdə qeyd edir ki, eyni hal həmin vergi növündə də təkrarlanmışdır. Belə ki, vergi orqanı əvvəlki dövrlərdə satılmış və vergisi ödənilmiş mənzil və obyektlərə görə, iddiaçıya 2023-cü ilə təkrar olaraq mənfəət vergisi hesablamışdır. Cavabdeh, iddiaçı tərəfindən satılmış mənzillərin bazar qiymətini müəyyən etmək üçün ekspertiza təyin etmiş və ekspertin ##.##.2024-cü il tarixli rəyinə əsasən, satılmış mənzillərin bazar qiyməti 2021-2022-ci illərdə 700 manat, 2023-cü ildə isə 800 manat müəyyən edilmişdir. Daha sonra cavabdeh, iddiaçı tərəfindən satılmış 151 ədəd mənzilə bazar qiymətini tətbiq edərək dövriyyə hesablamışdır. Bununla bağlı ilk öncə qeyd edir ki, iddiaçı yoxlama ilə əhatə olunan dövrdə (2021-2023-cü illərdə) bəmi 14 ədəd mənzil satmışdır, lakin cavabdeh kobud səhvə yol verərək, əvvəlki illərdə (2016 - 2020-ci illərdə) satılmış mənzillərə ekspertin 2021 - 2023-cü illər üçün müəyyən etdiyi qiyməti tətbiq etmişdir. İkincisi, cavabdehin hər hansı hüquqi əsası olmadığı halda, bazar qiymətinin müəyyən edilməsi məqsədilə ekspert dəvət etmişdir. Belə ki, “Avropa Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, icarə münasibətlərindən əldə olunan gəlirdən verginin tutulması üçün bazar qiymətinin tətbiq edilməsi vergidən yayınmanın baş verməsinə dair ciddi əsasların mövcudluğunu tələb edir. Belə ciddi əsasların mövcudluğunu təsdiq edə biləcək sübutetmə vasitələri ilə bağlı vergi orqanı, ilk növbədə, hər bir konkret işə onun fiziki, hüquqi və iqtisadi xüsusi hallarını nəzərə almaqla fərdi yanaşmalıdır.”. Bundan başqa, cavabdeh vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə Vergi Məcəlləsinin 14-cü maddəsində təsbit edilmiş ardıcıllığa riayət etməmişdir. Ali Məhkəmənin ##.##.2024-cü il tarixli 2-1(102)- 2728/2024-cü il tarixli qərarında qeyd edilir ki, “Vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə qeyri-yaşayış obyektinin bir hissədə isə mənzilin) bazar dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Cavabdeh tərəfindən aparılan inzibati icraatda və iş materiallarında iddiaçı kimi fəaliyyət göstərən və iddiaçının əmlakına uyğun əmlakın icarəsi barədə heç bir analoji vergi ödəyicisinin məlumatı yoxdur. İnzibati orqanın qərarında onun bazar qiymətinin tətbiq etməsinin hər hansı konkret əsası barədə sənədlər, faktlar və ya sübutlar göstərilməmişdir. Konstitusiya Məhkəməsinin ## #### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, bazar qiymətinin, ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə növbəti mərhələyə də keçə bilər. Əks yanaşma tərəflər arasında müqavilə azadlığı çərçivəsində bağlanmış və tələb və təklif əsasında müəyyən edilmiş qiymətin mötəbərliliyi prezumpsiyasına ziddir. Qeyd edildiyi kimi, əgər vergi orqanı mülki hüququnun subyektlərinin müqavilə azadlığından sui istifadəsinə istinad edirsə, bunu mötəbər sübutlarla təsdiq etməlidir.”
4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** saylı qərarına əsasən, ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr əhatə edilməklə vergi ödəyicisində növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə” Qərar, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış, “Vergi yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə” Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və ##.##.2024-cü il tarixli, **************** saylı Tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Yoxlanılan dövr ərzində iddiaçı mənzil tikinti fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisində aşağıda qeyd olunan uyğunsuzluqlar aşkar olunmuşdur və əlavə vergi məbləği hesablanmışdır. Yoxlama zamanı vergi ödəyicisinin təqdim etdiyi müqavilələrə əsasən, 131 mənzil üzrə 7095.94 m2 sahənin satıldığı müəyyən olunmuşdur. Bundan başqa, “Azəriqaz”dan alınmış məlumata əsasən, 20 mənzil üzrə 1202.35 m2 sahənin satıldığı, baza məlumatlarına əsasən isə 46.7 m2 olan bir obyektin satıldığı müəyyən edilmişdir. Ümumilikdə, yoxlama ilə 8344.99 m2 satışa yararlı sahənin satıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası Azərekspertiza Birliyinin ##.##.2024cü il tarixli rəyinə (AVİS ##.##.2024-cü il tarixli **************** saylı) əsasən, iddiaçıya məxsus Abşeron rayonu, Hökməli ŞTQ, Bakı-Şamaxı şosesi 14-cü km, Aşağı Güzdək qəsəbəsində inşa edilən binaların yaşayış sahəsinin 1 m2-nin orta bazar qiyməti 2021-2022ci ildə 700.0 manat, 2023-cü illər üzrə 800.0 manat (ƏDV ilə), qeyri- yaşayış sahəsi isə 2023cü ildə isə 1000,0 manat (ƏDV ilə) müəyyənləşdirilmişdir. ƏDV üzrə Vergi Məcəlləsinin 67.16, 166-cı, 173.1-ci və 159.1-ci maddələrinə əsasən, 151 mənzilin və bir obyektin satışı üzrə 8344.99 m2 satışa yararlı sahənin satışı müəyyən edilmiş, 5795700.0 manat dövriyyə məbləği müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 1087397.9 manat dövriyyə məbləği göstərildiyindən, 4708302.1 manat dövriyyə kənarlaşması üzrə 847494.3 manat əlavə ƏDV məbləği hesablanmış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 849025.25 manat azaldılmasına görə 50% məbləğində, yəni 477282.8 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa, mənfəət vergisi üzrə gəlirlər Vergi Məcəlləsinin 135-ci maddəsinə əsasən yoxlanılmışdır. Vergi ödəyicisinin xərc məbləğlərini müəyyən etmək mümkün olmadığından Nazirlər Kabinetinin ** saylı Qərarına əsasən, xərclər müəyyən edilmiş və nəticədə, 2021-2022-2023-cü illər üzrə 196749.31 manat mənfəət vergisi hesablanmış və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 196749.31 manat azaldılmasına görə, 50% məbləğində, yəni 98374.66 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ##.##.2025-ci il tarixli, **************** nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmiş və həmin akta əsasən, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025ci il tarixli, **************** nömrəli Qərar qəbul edilmişdir. Həmçinin iddia ərizəsində qeyd olunlarla bağlı bildirilir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmadıqda vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır, ##.##.2024-cü il tarixli, **************** nömrəli məktubla “Azəriqaz” İstehsalat Birliyinə müraciət olunmuş və alınmış cavab üzrə (2402110002707200) Vergi Məcəlləsinin 67.1.9cu maddəsinə əsasən hesablanma aparılmışdır. İddia ərizəsində qeyd olunan 117 mənzil üzrə 6320,32 kv.m olan sahənin yoxlamadan əvvəlki dövrdə daxili kreditlə satıldığı, ödəniş hissə-hissə daxil olduqca vergilərinin hesablanmasına münasibətdə isə bildiririk ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmadıqda vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. ##.##.2024-cü il tarixli, **************** nömrəli məktubla “Azəriqaz” İstehsalat Birliyinə müraciət olunmuş və alınmış cavab üzrə (2402110002707200) Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən hesablanma aparılmışdır. İddia ərizəsində qeyd olunan 151 mənzilə bazar qiymətinin tətbiq edilməsi - Yoxlama ilə əhatə edilən dövrdə (yanvar 2021-dekabr 2023) 14 mənzil satılmışdır, qalan mənzillər yoxlamadan əvvəlki dövrdə satılıb. 2016-2020-ci illərdə satılmış mənzillərə 2021- 2023-cü illərə müəyyən edilmiş bazar qiyməti tətbiq edilib hissəsinə münasibətdə isə qeyd edir ki, Vergi Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, ekspert müqavilə əsasında cəlb edilir. VM-in 44.8-ci maddəsinə əsasən, ekspert rəyi öz adından verir və imzalayır. Ekspertin rəyində onun tərəfindən aparılan araşdırma, gəldiyi nəticələr və qoyulan suallara əsaslandırılmış cavablar əks etdirilir. Vergi Məcəlləsinin 44.7-ci maddəsinə əsasən, Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin aşağıda göstərilən hüquqları vardır: ekspertə etiraz etmək; ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək; ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək; ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək; ekspertin rəyi ilə tanış olmaq. Müvafiq ekspert rəyi ##.##.2024cü il tarixdə vergi ödəyicisinə tanış olmaqçün təqdim olunub. Vergi ödəyicisi rəylə tanış olaraq, bir nüsxəsini götürüb.
5. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim - M.Mahmudlu-Abbaszadə).
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə yanvar 2021 - dekabr 2023 hesabat dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ##.##.2024-cü il tarixdə başlanmış, ##.##.2024-cü il tarixdə bitmişdir. Nəticəsi isə ##.##.2025-ci il tarixli **************** nömrəli aktla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlamasının nəticəsinə dair ##.##.2025-ci il tarixli **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərara əsasən, iddiaçıya 1,095,386.46 manat (o cümlədən, 2021-2023-cü illərin mənfəət vergisi üzrə 196,749.31 manat, yanvar 2021-dekabr 2023 hesabat dövrlərinə ƏDV üzrə 898,637.14 manat) əlavə vergi məbləği hesablanmış, 575,657.51 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 7.İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən - G.Cabbarova, hakimlər - V.Əzizova, İ.Quliyev).
9. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, cavabdeh əlavə ƏDV məbləğini məhz iddiaçı tərəfindən binalar üzrə müəyyən edilmiş satışa yararlı sahələrin ölçüləri barədə məlumat, əvvəlki səyyar vergi yoxlamasının predmeti olmuş satışa yararlı sahələrin ümumi ölçüsü və həmin dövrdə satılan yararlı sahələrin ümumi ölçüsünə aid məlumat, həmin dövrdə tədqiq edilmiş alqı-satqı müqavilələrinə aid məlumat, hazırkı yoxlama dövründə təqdim edilmiş alqısatqı müqavilələri, əvvəlki vergi bəyannamələrində əks olunmuş məlumatların müqayisəli təhlili nəticəsində, yerdə qalan yararlı ölçüdə sahələrin satılması, lakin dövriyyə olaraq göstərilməməsi halını aşkar etmiş, bu əsasla vergi məbləğinin hesablanması zamanı kənarlaşma müəyyən etmişdir.
10. Həmçinin qeyd edilmişdir ki, cavabdehin istinad etdiyi baza məlumatları məhz iddiaçının özü tərəfindən təqdim edilmiş və əvvəlki yoxlama dövründə müəyyən edilmiş (hansı ki, iddiaçı da həmin məlumatların mötəbərliyini qəbul etmiş, mübahisələndirməmiş) məlumatları özündə ehtiva edir. İndiki halda iddiaçı həmin mənzillərin hazırkı yoxlama dövründən öncə satıldığını, yalnız 14 mənzilin yoxlama dövründə satıldığını qeyd etsə də, cavabdehin əlavə vergi məbləğinin hesablanmasının əsası kimi çıxış edən həmin məlumatların mötəbərliyini təkzib edən, habelə həmin uyğunsuzluqların aradan qaldırılmasına dair heç bir sübut təqdim etməmişdir. Halbuki bu hissədə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür.
11. Bu halda kollegiya hesab etmişdir ki, cavabdehin istinad etdiyi məlumatlar və sənədlər məhz vergi ödəyicisinin özü tərəfindən təqdim edilən məlumatlar olmaqla (satışa yararlı sahələrin həcmi, əvvəlki dövrdə bəyan edilən satışa yararlı sahələrin həcmi, hazırda təqdim edilən müqavilələr, əvvəlki dövrdə satılması halının əvvəlki dövrdə bəyan edilən məlumatlarla uyğunsuzluğu halının olması və s.), habelə baza məlumatlar olmaqla, əlavə vergi məbləğinin və ona uyğun maliyyə sanksiyasının düzgün hesablanması qənaətinə gəlməyə imkan verir.
12. Bundan əlavə, kollegiya onu da qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh yaşayış və qeyri-yaşayış sahələrinin qiymətini məhz satıldığı illər üzrə orta bazar qiymətini ekspert rəyi əsasında müəyyən etmişdir. İndiki halda isə məhkəmə araşdırması zamanı həmin ekspert rəyinin mötəbərliyini şübhə altına alan hal müəyyən edilməmişdir. Həmçinin iddiaçının özünün təqdim etdiyi məlumat əsasında da həmin qiymətin mötəbərliyini şübhə altına alan hər hansı hal mövcud olmamış, habelə iddiaçı tərəfindən həmin rəyi təkzib edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab etmişdir ki, cavabdehin iddiaçıya münasibətdə hərəkətləri həmin hissədə də qanunauyğun olmuşdur.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılaraq bildirilmişdir ki, iş materiallarına əlavə edilmiş, eləcə də iddiaçı tərəfindən səyyar vergi yoxlaması zamanı cavabdehə təqdim edilmiş müqavilələrdən göründüyü kimi, iddiaçı tərəfindən Abşeron rayonu, Hökməli ŞTQ, Bakı-Şamaxı şosesi 14-cü km, Aşağı Güzdək qəsəbəsində tikilmiş ümumi sahəsi 9435.8 m² olan * nömrəli bina üzrə 133 ədəd mənzildən 119 ədədi 2016-2020ci illər ərzində, 14 ədədi isə 2021-2023-cü illərdə müqavilə əsasında təqdim edilmişdir. Qeyd edək ki, müqavilələr və onların tarixləri ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur. Buna baxmayaraq, 119 ədəd mənzil 2016-2020-ci illərdə təqdim edildiyi halda, cavabdeh VM-in 67.16-cı maddəsinə əsasən həmin yaşayış sahələrini yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə (2023-cü ilin dekabr ayında) təqdim edilmiş kimi qiymətləndirmiş və ekspert rəyi əsasında müəyyən edilmiş bazar qiyməti əsasında iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Halbuki vergi orqanları səyyar vergi yoxlaması çərçivəsində vergi, faiz və maliyyə sanksiyalarını hesablayarkən 3 illik müddət məhdudiyyətini nəzərə almağa borcludur.
15. Vergi Məcəlləsinin 85.5-2-ci maddəsində qeyd olunan 6 hal istisna olmaqla, qalan hallarda vergi orqanları səyyar vergi yoxlaması zamanı vergi, faiz və maliyyə sanksiyasını yoxlamanın keçirilməsi haqqında qərardan əvvəlki 3 illik dövr üzrə həyata keçirə bilər. Hazırkı iş üzrə cavabdeh VM-in yuxarıda göstərilən tələblərini pozmuşdur. Belə ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ##.##.2024-cü il tarixdə qəbul edildiyini nəzərə alsaq, cavabdeh ##.##.2021-ci il tarixdən əvvəlki dövrlərdə baş tutmuş əməliyyatlar üzrə hər hansı hesablama həyata keçirə bilməzdi. Lakin iddiaçı 6-cı bina üzrə 119 ədəd mənzili 2016-2020-ci illər ərzində təqdim etdiyi və həmin mənzillər üzrə ödəmələri müvafiq təqvim ayları üzrə verilmiş ƏDV bəyannamələrində əks etdirdiyi halda, cavabdeh qanunvericiliyin 3 illik müddət məhdudiyyətini nəzərə almadan, həmin mənzillərə görə 2023cü ilin dekabr ayı üzrə hesablama həyata keçirmişdir. Cavabdehin istinad etdiyi 67.16-cı maddəyə münasibətdə qeyd edək ki, həmin norma VM-in 85.4-cü maddəsində nəzərdə tutulan 3 illik müddət çərçivəsində tətbiq edilməlidir. Belə ki, həmin norma qeyd olunan 3 illik müddətin axımına təsir edən və ya həmin müddəti genişləndirən norma qismində nəzərdə tutulmamışdır.
16. Yuxarıda da izah etdiyimiz kimi, 3 illik müddətin axımı yalnız VM-in 85.5-2-ci maddəsində nəzərdə tutulan 6 halda dayandırılır ki, hazırkı işdə həmin hallardan hər hansı biri mövcud deyil. Analoji iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarında da qeyd edilir ki, “apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən əvvəllər vergiyə cəlb edilmiş sahələrin yenidən vergiyə cəlb edilməməsi halının olmamasına əmin olmalı, inzibati orqan tərəfindən yoxlama aparılarkən yoxlamanı əhatə edən dövrdə binalarda satılmamış nə qədər yaşayış sahəsinin olub olmaması məsələsini də aydınlaşdırmalıdır. Əksinə yanaşma, yəni əvvəllər vergiyə cəlb edilmiş sahələrin yenidən vergiyə cəlb edilməsi Vergi Məcəlləsində təsbit edilmiş eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməmə prinsipinə zidd olar (Vergi Məcəlləsi 53.2-ci maddə). Əgər araşdırılma nəticəsində hazırkı yoxlama dövrünə qədər həqiqətən də satılmamış sahələrin qalmadığı aşkara çıxarılarsa, həmin sahələrin hamısı ilə bağlı vergiyə cəlb edilmə halı müəyyən edilməlidir. Lakin bu zaman Vergi Məcəlləsinin 85-ci maddəsində nəzərə tutulmuş müddətlərlə bağlı məsələ də diqqətdən kənarda qalmamalıdır”.
17. Məhkəmənin nəzərinə çatdırılır ki, 119 ədəd mənzilin satıldığı dövrlər cavabdeh tərəfindən yanvar 2018-dekabr 2020 hesabat dövrləri üzrə həyata keçirilmiş əvvəlki səyyar vergi yoxlaması ilə əhatə olunmuşdur. Beləliklə, * nömrəli bina üzrə 119 ədəd mənzil yoxlamanın əhatə etdiyi dövrdən əvvəlki tarixlərdə (2016-2020-ci illər ərzində) təqdim edildiyi, həmin mənzillər üzrə aylıq ödənişlər müvafiq təqvim ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində göstərilərək, vergiyə cəlb edildiyi halda, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı VM-in 85.4-cü maddəsində nəzərdə tutuan 3 illik müddət tələbini pozaraq, həmin 119 ədəd mənzilə görə iddiaçıya yenidən vergi məbləği hesablamış və nəticədə iddiaçı eyni gəlirə görə eyni növ vergini iki dəfə ödəməyə məcbur edilmişdir.
18. İş materiallarına əlavə edilmiş Azərekspertiza Birliyinin ##.##.2024-cü il tarixli ekspert rəyinə əsasən iddiaçı tərəfindən inşa edilmiş yaşayış binasının 1 m² sahəsinin orta bazar qiyməti 2021- 2022-ci illər üzrə 700 manat (ƏDV-li), 2023-cü il üzrə 800 manat (ƏDVli) müəyyən edilmişdir.
19. İlk öncə qeyd edək ki, ekspert bazar qiymətini 2021-2023-cü illər üzrə müəyyən etməsinə baxmayaraq, cavabdeh vergi orqanı həmin qiymətləri iddiaçı tərəfindən 2016- 2020-ci illər ərzində təqdim edilmiş 8 119 ədəd mənzilə münasibətdə də tətbiq etmişdir. Halbuki, həmin illərdə mənzillərin 1 m² üçün satış qiyməti təbii olaraq daha aşağı olmuşdur.
20. İddiaçı tərəfindən 14 ədəd mənzil məhz yoxlama ilə əhatə olunan hesabat dövrlərində təqdim edilmiş, lakin cavabdeh vergi orqanının həmin mənzillərə münasibətdə ekspert rəyi ilə müəyyən edilmiş bazar qiymətini tətbiq etmək hüququ yaranmamışdır. Belə ki, 14 ədəd mənzilin 1 m² üçün müqavilədə təsbit edilmiş qiymət ilə ekspert rəyi əsasında müəyyən edilmiş bazar qiyməti arasında 30% (2023-cü ildə 20%) fərq mövcud deyil.
21. Halbuki Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinin ##.##.2022-ci il tarixdək qüvvədə olmuş redaksiyasına əsasən vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdim olunma qiymətləri ilə hesablanır. Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinin ##.##.2022-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdim olunma qiymətləri ilə hesablanır. Göründüyü kimi, tikinti fəaliyyəti sahəsində bazar qiyməti o halda tətbiq edilir ki, vergi ödəyicisinin tətbiq etdiyi qiymətlər müəyyən edilmiş bazar qiymətindən ##.##.2022-ci il tarixədək 30%, ##.##.2022-ci il tarixdən sonra isə 20%dən çox aşağı olsun.
22. Məhkəmənin nəzərinə çatdırılsın ki, 2021-2022-ci illərdə təqdim edilmiş mənzillərin 1 m² üçün qiyməti 490 manatdan, 2023-cü ildə təqdim edilmiş mənzillərin 1 m² üçün qiyməti 640 manatdan daha yuxarı olmuşdur ki, bu da cavabdehin iddiaçıya münasibətdə ekspert rəyi ilə müəyyən edilmiş bazar qiymətinin tətbiqini istisna edir.
23. İş materiallarından göründüyü kimi, vergi orqanı Vergi Məcəlləsinin 14.3-cü maddəsindəki hallardan hər hansı birini aşkar etmədən və iddiaçı tərəfindən təqdim edilmiş müqavilələrdəki qiymətlərə münasibətdə mülki hüquqdan sui-istifadə hallarının mövcudluğunu sübuta yetirmədən, eləcə də VM-in 14-cü maddəsindəki ardıcıllığa riayət etmədən, birbaşa ekspert dəvət edərək bazar qiyməti müəyyən etmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Vergilər Məcəlləsi: Maddə 3.8 Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar .... 13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 38.5. İnventarizasiya səyyar vergi yoxlaması zamanı aşağıda göstərilən hallarda vergi orqanının əsaslandırılmış qərarı ilə aparılır: 38.5.1. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə; 38.5.2. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda; 38.5.3. vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış, məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış mallar, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları aşkar edildikdə; 38.5.4. vergi ödəyicisində əmlak vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda. 38.6. Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 43. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi .... 43.5. Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Maddə 44.1. Zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Maddə 45. Vergi yoxlamasının keçirilməsinə kömək göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. 53.2. Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Maddə 54. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. Maddə 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda,
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından qərarın ləğvi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı əlavə ƏDV və mənfəət vergisinin hesablanması barədə qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir.
34. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdir. Cavabdeh tərəfindən onun barəsində ##.##.2021-##.##.2023-cü ilə aid dövr üzrə növbəti səyyar vergi yoxlaması həyata keçirilmişdir. Həmin yoxlamanın nəticəsində iddiaçı barəsində 2021-2023-cü il üzrə 196749,31 manat mənfəət vergisi və yanvar 2021-dekabr 2023-cü il üzrə 898637,14 manat ƏDV üzrə kənarlaşma müəyyən edərək, əlavə vergi məbləği və ona uyğun maliyyə sanksiyası hesablamışdır.
35. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, cavabdeh ƏDV məbləğini məhz iddiaçı tərəfindən binalar üzrə müəyyən edilmiş satışa yararlı sahələrin ölçüləri barədə məlumat, əvvəlki səyyar vergi yoxlamasının predmeti olmuş satışa yararlı sahələrin ümumi ölçüsü və həmin dövrdə satılan yararlı sahələrin ümumi ölçüsünə aid məlumat, həmin dövrdə tədqiq edilmiş alqı-satqı müqavilələrinə aid məlumat, hazırkı yoxlama dövründə təqdim edilmiş alqı-satqı müqavilələri, əvvəlki vergi bəyannamələrində əks olunmuş məlumatların müqayisəli təhlili nəticəsində, yerdə qalan yararlı ölçüdə sahələrin satılması, lakin dövriyyə olaraq göstərilməməsi halını aşkar etmiş, bu əsasla vergi məbləğinin hesablanması zamanı kənarlaşma müəyyən etmişdir.
36. Nəzərə alınmalıdır ki, cavabdehin istinad etdiyi baza məlumatları məhz iddiaçının özü tərəfindən təqdim edilmiş və əvvəlki yoxlama dövründə müəyyən edilmiş (hansı ki, iddiaçı da həmin məlumatların mötəbərliyini qəbul etmiş, mübahisələndirməmiş) məlumatları özündə ehtiva etmişdir.
37. Bundan savayı, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bildirmişdir ki, cavabdeh yaşayış və qeyri-yaşayış sahələrinin qiymətini məhz satıldığı illər üzrə orta bazar qiymətini ekspert rəyi əsasında müəyyən etmişdir. Məhz apellyasiya araşdırması zamanı da həmin ekspert rəyinin mötəbərliyini şübhə altına alan hal müəyyən edilməmişdir. Həmçinin iddiaçının özünün təqdim etdiyi məlumat əsasında da həmin qiymətin mötəbərliyini şübhə altına alan hər hansı hal mövcud olmamış, habelə iddiaçı tərəfindən həmin rəyi təkzib edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya düzgün olaraq hesab etmişdir ki, cavabdehin iddiaçıya münasibətdə hərəkətləri həmin hissədə də qanunauyğun olmuşdur.
38. Bundan başqa, apellyasiya şikayətinin kassasiya şikayətində təkrarlanan dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün və ətraflı münasibət göstərildiyindən, məhkəmə kollegiyası prosessual qənaət prinsipi baxımından həmin dəlillərə təkrar qiymət verilməsinə lüzum görmür.
39. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir