Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-529/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı İslam oğlunun cavabdehlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və Səbail Rayon İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarına izah verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı İslam oğlunun cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və Səbail Rayon İcra Hakimiyyətinə “əmrin ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə məhkəmə qərarına izah verilməsi barədə iddiaçının ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı İddiaçı İslam oğlu cavabdehlər Gənclər və İdman Nazirliyinə və Səbail Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun dövlət qulluğuna xitam verilməsi haqqında cavabdeh Səbail Rayon İcra Hakimiyyətinin *** nömrəli ## ###### 2022-ci il tarixli sərəncamının ləğv edilməsini, oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi və ödənilməmiş dövlət məvacibinin ödənilməsinin cavabdeh Gənclər və İdman Nazirliyinə həvalə edilməsini, 15 min manat maddi zərər və 5 min manat mənəvi zərərin ödənilməsinin cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## ### 2023-cü il tarixli qərarı ilə (hakim - O.Həsənov) iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı İslam oğlunun dövlət qulluğuna xitam verilməsi haqqında cavabdeh Səbail Rayon İcra Hakimiyyətinin *** nömrəli ## ###### 2022-ci il tarixli sərəncamı ləğv edilmiş, iddiaçının oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi və ödənilməmiş dövlət məvacibinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
3. Cavabdeh Səbail rayon İcra Hakimiyyəti birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- *(***)-****/**** nömrəli, ## ### 2024-cü il tarixli qərarı ilə (hakimlər- R.Səmədov /sədrlik edən və məruzəçi/, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün ## ###### 2024-cü il tarixdə cavabdeh inzibati orqana göndərilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi ifadəsinin 5-ci təsnifat üzrə rəhbər vəzifə ifadəsini ehtiva etməsi barədə qərara izah verilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə qərarı olmasına baxmayaraq oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməmişdir. Ona təklif olunan vəzifə oxşar-rəhbər vəzifə deyildir. Xızı rayonu üzrə gənclər və idman sektorunun müdiri vəzifəsi 5-ci təsnifata aid deyildir. Cavabdeh qeyd edir ki, həmin vəzifə iddiaçının əvvəlki vəzifəsi ilə oxşar vəzifədir. İddiaçı hesab edir ki, həmin məsələyə münasibətdə aydınlıq gətirilməsi, qərarın izah edilməsi zəruridir.
7. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərardadı ilə (hakim - O.Həsənov) məhkəmə qərarına izah verilməsi barədə ərizə təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi mahiyyətlə bağlı qərarında iddiaçının oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi dedikdə inzibati orqanların beşinci təsnifatı üzrə rəhbər vəzifəyə iddiaçının bərpa edilməsinin cavabdehə həvalə edilməsinin ehtiva edildiyi izah edilmişdir.
8. Cavabdeh Gənclər və İdman Nazirliyi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və izah verilməsinə dair ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ilə (hakimlər - R.Səmədov /sədrlik edən və məruzəçi/, X.Cəmilova və E.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərardadı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Cavabdeh Gənclər və İdman Nazirliyi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməməsini və şikayətin məzmununa uyğun izahın verilməsini xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsində birinci icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ****/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər- A.Oruczadə/sədrlik edən və məruzəçi/, Fərid Mədətli və M.Məmmədov ) ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ləğv edilmiş, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2023cü il tarixli qərarına izah verilməsi barədə iddiaçının ərizəsi qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarının nəticə hissəsində göstərilmiş “iddiaçının oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi” dedikdə vəzifənin adından, struktur yerləşməsindən və ya inzibati ərazi vahidindən asılı olmayaraq, mahiyyət etibarilə əvvəl icra edilmiş vəzifəyə bənzər idarəetmə və təşkilati funksiyaların həyata keçirilməsini təmin edən dövlət qulluğu vəzifəsinə (rəhbər vəzifəyə) bərpa edilməsi” şəklində izah verilməsi qərara alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının oxşar (rəhbər) vəzifəyə bərpa olunması ifadəsinin onun əvvəlki təsnifat (5-ci) üzrə rəhbər vəzifəyə bərpası kimi izah verilməsi ilə bağlı dəlilinə cavab olaraq diqqətə çatdırır ki, əvvəla oxşar vəzifə dedikdə, bu, eyni təsnifatda olan oxşar vəzifə anlamına gəlməməlidir. Düzdür, dövlət qulluğu haqqında qanunvericilik normalarında oxşar vəzifəyə anlayış verilməsə də, analoji vəzifə ifadəsindən istifadə olunur. Analoji vəzifə anlayışı üzrə izaha Azərbaycan Respublikası Prezidentinin 2011-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydasında rast gəlirik. Həmin Qaydanın 2-ci bəndində analoji vakant vəzifənin şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifə olması ilə bağlı ifadə qeyd edilmişdir. Deməli analoji vəzifə elə oxşar, bənzər vəzifə anlamını verir. Məhkəmənin “oxşar vəzifə” ifadəsi vəzifənin adını, təsnifatını, struktur yerini deyil, yerinə yetirilən funksiyaların xarakterini və məsuliyyət səviyyəsini nəzərdə tutur. Göründüyü kimi, hazırki mübahisə həll olunan zamanı araşdırılmalı əsas məqam iddiaçının əvvəlki vəzifəsi üzrə əmək funksiyalarının hazırda qərarın icrası çərçivəsində ona təklif olunan vəzifə funksiyaları ilə bənzər olub-olmamasıdır. Bunun üçün iddiaçının işdən azad edilən zaman tutduğu idarə rəisi vəzifəsinin əmək funksiyaları ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2022-ci il ## ###### tarixli **** nömrəli Sərəncamı ilə yaradılmış Bakı Şəhər Gənclər və İdman İdarəsində oxşar vəzifə üzrə əmək funksiyalarına diqqət yetirilməlidir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 03. 03.1997-ci il tarixli ** saylı əmri ilə təsdiq edilmiş rayon (şəhər) Gənclər və İdman İdarələri (Baş idarələri) haqqında birtipli Əsasnamədə qeyd edilir ki, rayon (şəhər) Gənclər və İdman İdarəsi (Baş idarəsi) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yerli dövlət idarəetmə orqanıdır.
14. Bundan başqa, əvvəllər mövcud olmuş rayon gənclər və idman idarələrinin rəisinin əmək funksiyaları ilə hazırda mövcud olan Bakı Şəhər Gənclər və İdman İdarəsinin və regional gənclər və idman idarələrinin rayon üzrə gənclər və idman sektor müdirinin əmək funksiyası oxşarlıq təşkil edir. Məhkəmə kollegiyası həmçinin rəhbər vəzifə anlayışına münasibətdə onu diqqətə çatdırır ki, dövlət qulluğu haqqında qanunvericilik normalarının birgə təhlilindən aydın olduğu kimi dövlət qulluğunda rəhbər vəzifə — dövlət orqanının və ya onun struktur bölməsinin fəaliyyətinə birbaşa rəhbərlik edən, idarəetmə səlahiyyətlərinə malik olan inzibati dövlət qulluğu vəzifəsidir. Dövlət qulluğunda rəhbər vəzifə tutan şəxs dövlət orqanının və ya struktur bölməsinin işini təşkil edir; tabeliyində olan dövlət qulluqçularının fəaliyyətini idarə edir; idarəetmə qərarları qəbul edir; qərarların icrasına görə şəxsi məsuliyyət daşıyır. Rəhbər vəzifələrin əsas əlamətləri təşkilati-idarəetmə səlahiyyətləri, əmr və göstəriş vermək hüququ, kadr məsələlərində iştirak (təklif, rəy, qiymətləndirmə), intizam məsuliyyəti tətbiq etmək səlahiyyəti, dövlət orqanını və ya bölməni təmsil etmə səlahiyyətinin olmasıdır. Bu anlamda dövlət qulluğunda rəhbər vəzifələrə nümunə kimi aparat rəhbəri, idarə rəisi, şöbə müdiri, sektor müdiri, rəhbər müavinini göstərmək olar. Göründüyü kimi, müvafiq sektor müdiri vəzifəsini icra edən şəxs də yuxarıda qeyd edilən əlamətlərə malikdir. Qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarındakı hüquqi mövqedən çıxış edərək bildirir ki, qərarın icrası ilə bağlı qeyri-müəyyənliyin olmaması üçün ərazi faktoruna da qiymət verilməlidir. Belə ki, iddiaçının tələbi üzrə qəbul edilmiş məhkəmə qərarınında “oxşar vəzifə”nin konkret inzibati ərazi vahidi (Bakı şəhəri) ilə məhdudlaşdırılması barədə hər hansı göstəriş mövcud deyil. Bu o deməkdir ki, qərarın icrası coğrafi baxımdan məhdudlaşdırıla bilməz, əsas məqsəd fiziki məkan yox, şəxsin peşəkar və inzibati statusunun bərpasıdır. Bu zaman qeyd edilməlidir ki, məhkəmənin qərarında nəzərdə tutulan “oxşar (rəhbər) dövlət qulluğu vəzifəsi” anlayışı eyni hüquqi təsnifata aid vəzifə ilə məhdudlaşmır və vəzifənin adından, struktur yerləşməsindən və ya inzibati ərazi vahidindən asılı olmayaraq, mahiyyət etibarilə əvvəl icra edilmiş vəzifəyə bənzər idarəetmə və təşkilati funksiyaların həyata keçirilməsini təmin edən dövlət qulluğu vəzifəsini ifadə edir.
15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və qərara izah verilməsi barədə ərizənin tam təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayəti ərizənin məzmununa uyğun verilmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərardadının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından iş üzrə məhkəmə qərarına apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı və əsaslandırılmış şəkildə izah verilmişdir.
24. Kollegiya hesab edir ki, Ali Məhkəmənin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarında verilən göstərişlərə uyğun araşdırma aparan apellyasiya məhkəməsi iddiaçının oxşar (rəhbər) vəzifəyə bərpa olunması ifadəsinin onun əvvəlki təsnifat (5-ci) üzrə rəhbər vəzifəyə bərpası kimi izah verilməsi ilə bağlı dəlilinə cavab olaraq düzgün olaraq qeyd etmişdir ki, əvvəla oxşar vəzifə dedikdə, bu, eyni təsnifatda olan oxşar vəzifə anlamına gəlməməlidir.
25. Düzdür, dövlət qulluğu haqqında qanunvericilik normalarında oxşar vəzifəyə anlayış verilməsə də, analoji vəzifə ifadəsindən istifadə olunur.
26. Analoji vəzifə anlayışı üzrə izaha Azərbaycan Respublikası Prezidentinin 2011-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydasında rast gəlirik.
27. Həmin Qaydanın 2-ci bəndində analoji vakant vəzifənin şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifə olması ilə bağlı ifadə qeyd edilmişdir. Deməli analoji vəzifə elə oxşar, bənzər vəzifə anlamını verir.
28. Məhkəmənin “oxşar vəzifə” ifadəsi vəzifənin adını, təsnifatını, struktur yerini deyil, yerinə yetirilən funksiyaların xarakterini və məsuliyyət səviyyəsini nəzərdə tutur. Göründüyü kimi, hazırki mübahisə həll olunan zamanı araşdırılmalı əsas məqam iddiaçının əvvəlki vəzifəsi üzrə əmək funksiyalarının hazırda qərarın icrası çərçivəsində ona təklif olunan vəzifə funksiyaları ilə bənzər olub-olmamasıdır.
29. Bunun üçün iddiaçının işdən azad edilən zaman tutduğu idarə rəisi vəzifəsinin əmək funksiyaları ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2022-ci il ## ###### tarixli **** nömrəli Sərəncamı ilə yaradılmış Bakı Şəhər Gənclər və İdman İdarəsində oxşar vəzifə üzrə əmək funksiyalarına diqqət yetirilməlidir.
30. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 03. 03.1997-ci il tarixli ** saylı əmri ilə təsdiq edilmiş rayon (şəhər) Gənclər və İdman İdarələri (Baş idarələri) haqqında birtipli Əsasnamədə qeyd edilir ki, rayon (şəhər) Gənclər və İdman İdarəsi (Baş idarəsi) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yerli dövlət idarəetmə orqanıdır.
31. Hazırda Bakı Şəhər Gənclər və İdman İdarəsinin və regional gənclər və idman idarələrinin rayon üzrə gənclər və idman sektorlarının müdirlərinin qulluq funksiyası aşağıdakılardan ibarətdir:
32. Sektorun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir və nəzarət edir; Gənclər, bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir; Gənclərin milli-mənəvi dəyərlər əsasında vətənpərvərlik ruhunda tərbiyəsi işini təşkil edir; Gənc nəslin sağlam həyat tərzini təşviq və təbliğ edir, gənclər arasında zərərli vərdişlərin yayılmaması üçün qabaqlayıcı tədbirlər həyata keçirir, onların yaradıcılıq potensialını, qüvvəsini, bilik və bacarığını milli dövlət quruculuğuna, iqtisadi və sosial proqramların həyata keçirilməsinə yönəldir; Gənclərin sosial problemlərinin həlli, hüquqlarının müdafiəsi, müxtəlif peşələrə yiyələnməsi və işlə təmin olunması sahələrində əlaqədar təşkilatlarla birlikdə tədbirlər görür, lazım gəldikdə müvafiq yerli dövlət orqanları qarşısında vəsadət qaldırır; Gənclərin sağlamlığının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində bədən tərbiyəsinin və idmanın rolunun artırılmasına dair tədbirlər görür; İdman yarışlarını, idmanın kütləviliyinin artırılması məqsədilə tədbirləri təşkil edir və ayrı-ayrı idman növləri üzrə komandaların region yarışlarında və seçmə oyunlarında iştirakını təmin edir; Yüksək səviyyəli idmançılar yetişdirib, onları yarışlara hazırlamaq, bədən tərbiyəsi və idmanın kütləviliyini təmin etmək üçün yerli dövlət orqanları və digər ictimai təşkilatlarla birgə idmanın maddi-texniki bazasını inkişaf etdirir; Olimpiya idman növlərinin inkişafı istiqamətində idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi üçün onların yarışlarda aktiv iştirakını təmin edir; Şəhər (rayon) üzrə müvafiq sahədə fəaliyyət göstərən müəssisə və təşkilatların fəaliyyətini əlaqələndirir; İdman müəssisələrinin fəaliyyətinin təhlil edilməsi işində iştirak edir; Gənclər təşkilatlarının, idman klublarının və cəmiyyətlərinin fəaliyyətinin koordinasiya edilməsində iştirak edir; Müvafiq sahə üzrə dövlət proqramlarının, tədbirlər planının, kollegiya qərarları və digər sənədlərin və tapşırıqların vaxtında icrasını təmin dir; Müvafiq sahə üzrə iş planlarının və hesabatlarının hazırlanmasında iştirak edir; Müvafiq sahə ilə bağlı yaradılmış məlumat bazalarına məlumatların vaxtında daxil edilməsi və yenilənməsində iştirak edir; Sektorda inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir; Sektora həvalə edilmiş vəzifələrin icrası üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılmasını təşkil edir; Sektora həvalə edilmiş vəzifələrin icrası üzrə idarə rəisi tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirir.
33. Göründüyü kimi, əvvəllər mövcud olmuş rayon gənclər və idman idarələrinin rəisinin əmək funksiyaları ilə hazırda mövcud olan Bakı Şəhər Gənclər və İdman İdarəsinin və regional gənclər və idman idarələrinin rayon üzrə gənclər və idman sektor müdirinin əmək funksiyası oxşarlıq təşkil edir.
34. Apelyasiya instansiyası məhkəməsi həmçinin rəhbər vəzifə anlayışına münasibətdə onu diqqətə çatdırmışdır ki, dövlət qulluğu haqqında qanunvericilik normalarının birgə təhlilindən aydın olduğu kimi, dövlət qulluğunda rəhbər vəzifə — dövlət orqanının və ya onun struktur bölməsinin fəaliyyətinə birbaşa rəhbərlik edən, idarəetmə səlahiyyətlərinə malik olan inzibati dövlət qulluğu vəzifəsidir. Dövlət qulluğunda rəhbər vəzifə tutan şəxs dövlət orqanının və ya struktur bölməsinin işini təşkil edir; tabeliyində olan dövlət qulluqçularının fəaliyyətini idarə edir; idarəetmə qərarları qəbul edir; qərarların icrasına görə şəxsi məsuliyyət daşıyır. Rəhbər vəzifələrin əsas əlamətləri təşkilati-idarəetmə səlahiyyətləri, əmr və göstəriş vermək hüququ, kadr məsələlərində iştirak (təklif, rəy, qiymətləndirmə), intizam məsuliyyəti tətbiq etmək səlahiyyəti, dövlət orqanını və ya bölməni təmsil etmə səlahiyyətinin olmasıdır. Bu anlamda dövlət qulluğunda rəhbər vəzifələrə nümunə kimi aparat rəhbəri, idarə rəisi, şöbə müdiri, sektor müdiri, rəhbər müavinini göstərmək olar.
35. Göründüyü kimi, müvafiq sektor müdiri vəzifəsini icra edən şəxs də yuxarıda qeyd edilən əlamətlərə malikdir.
36. Qeyd edilənlərdən əlavə apellyasiya instansiyası kassasiya instansiyası məhkəməsinin qərarındakı hüquqi mövqedən çıxış edərək bildirmişdir ki, qərarın icrası ilə bağlı qeyri-müəyyənliyin olmaması üçün ərazi faktoruna da qiymət verilməlidir. Belə ki, iddiaçının tələbi üzrə qəbul edilmiş məhkəmə qərarında “oxşar vəzifə”nin konkret inzibati ərazi vahidi (Bakı şəhəri) ilə məhdudlaşdırılması barədə hər hansı göstəriş mövcud deyil. Bu o deməkdir ki, qərarın icrası coğrafi baxımdan məhdudlaşdırıla bilməz, əsas məqsəd fiziki məkan yox, şəxsin peşəkar və inzibati statusunun bərpasıdır.
37. Bu zaman qeyd edilməlidir ki, məhkəmənin qərarında nəzərdə tutulan “oxşar (rəhbər) dövlət qulluğu vəzifəsi” anlayışı eyni hüquqi təsnifata aid vəzifə ilə məhdudlaşmır və vəzifənin adından, struktur yerləşməsindən və ya inzibati ərazi vahidindən asılı olmayaraq, mahiyyət etibarilə əvvəl icra edilmiş vəzifəyə bənzər idarəetmə və təşkilati funksiyaların həyata keçirilməsini təmin edən dövlət qulluğu vəzifəsini ifadə edir.
38. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən işə təkrar baxan apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.