Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-577/2026 21.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı dövlət sosial yardımın təyin olunması; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ünvanlı dövlət sosial yardımın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçının müraciəti üzrə cavabdehin 2025-ci il ## ###### tarixli qərarı ilə iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunmasına imtina edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1968-ci il tarixdə Laçın rayonu, Malıbəy kəndində doğulmuş və hazırda Bərdə rayonu, Alaçadırlı kəndində yaşayır, evlidir, ailəsi 6 nəfərdən ibarətdir, əmək müqaviləsi üzrə muzdlu əməklə məşğul olur, gəlini azyaşlı uşağa baxdığı üçün işləmir, arvadı və oğlu Bərdə rayonu, Alaçadırlı kəndində ailəsinə məxsus olan 0,66 ha pay torpaq sahəsini becərməklə öz məşğulluqlarını həyata keçirirlər. Vergi ödəyicisi kimi qeydiyyata alındıqları tarixdən sonra MDSS ödənişlərini vaxtında edirlər. Ailə təmsilçisi olaraq ailələrinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin VEMTAS tərəfindən ailənin istifadəsində olan pay torpağa görə ardıcıl gələn 12 ay ərzində ödəniş olmadığı üçün imtina verilmişdir. Cavabdeh orqanın bu imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ###### tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na zidd olmuşdur.
4. Cavabdeh tərəfindən təqdim olunmuş etiraz onunla əsaslandırılmışdır ki, ailəni təmsil edən şəxs qismində İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil edilmiş ##.##.2024-cü il tarixli **************-* nömrəli müraciəti əsasında, 2024-cü il üzrə fevral, mart, aprel, may, iyun, iyul, avqust və sentyabr aylarında “Ərizə-bəyannamə”də qeyd olunan əmək qabiliyyətli ailə üzvü İddiaçı (VÖEN-4001897862) muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə qurumlarla yoxlanılması əsasında imtina edilmişdir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Qanunun 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il # ###### tarixli ** nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaları təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X4 və X1 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, "Elektron hökumət" portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. İş materiallarına əsasən iddiaçı İddiaçı ailəsi 6 nəfərdən ibarət tərkibdədir: təmsilçinin özü, həyat yoldaşı, oğlu gəlini və 2 azyaşlı nəvələri. Ailənin mülkiyyətində Bərdə rayonu Alaçadırlı kəndində yerləşən kənd təsərrüfatına yararlı 0,66 ha pay torpağı vardır. İddiaçının VEMTAS-a edilən son iki müraciətinə baxış keçirdikdə, “Ailə üzvləri barədə məlumatlar” qrafasında təmsilçinin özü İddiaçı kənd təsərrüfatı ilə məşğul olan vergi ödəyicisi olduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyd edilir (VÖEN: **********). “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 14-cü maddəsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, ölkə üzrə minimum aylıq əməkhaqqının müvafiq dərəcələri üzrə (5 hektaradək olduqda – 2 faiz miqdarında; 5 hektardan 10 hektaradək olduqda - 6 faiz miqdarında; 10 hektardan yuxarı olduqda -– 10 faiz miqdarında) hesablanır. Həmçinin ##.##.2020-ci il tarixdə istinad olunan Qanuna edilmiş dəyişikliklərə görə sosial sığorta ödənişləri üzrə prosedurların və inzibatçılığın sadələşdirilməsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər “sabit qəbz” əldə etməklə sığorta ödənişlərini həyata keçirməyə başlamışdır. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarında qeyd olunur ki, sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmçinin gəlirin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Belə ki, ailə üzvünün aldığı cari transfertlərə bütün növ pensiyalar, sosial müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla), təqaüdlər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla), qrantlar, kompensasiya xarakterli ödənişlər, aliment, sığorta ödənişi, həmçinin natural formada alınan sosial transfertlər aiddir. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 5.14.-cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirləri hesablanarkən, torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə"yə uyğun olaraq hesablanır. Qaydaların 5.17.-ci maddəsinə əsasən, torpaq sahəsi və ya əmlak icarəyə verildikdə və ya icarəyə götürüldükdə, icarə haqqı ailənin gəlirində nəzərə alınır. Torpaq sahəsi və ya əmlak icarəyə verildikdə, icarə haqqı ailənin gəlirinə daxil edilir, icarəyə götürüldükdə isə ailənin gəlirindən çıxılır. İcarə haqqı natura ilə ödənildiyi halda, onun dəyəri natura formasında gəlirin hesablandığı qaydada hesablanır. İddiaçının ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün ##.##.2024-cü il tarixli **************-* nömrəli müraciətinə ##.##.2025-ci il tarixdə ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması səbəbindən imtina verilmişdir. Belə ki, iddiaçı İddiaçı kənd təsərrüfatı ilə məşğul olan vergi ödəyicisi olduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olmağına baxmayaraq 2024-cü il üzrə fevral, mart, aprel, may, iyun, iyul, avqust və sentyabr aylarında məcburi dövlət sosial sığorta ödənişlərinin aparılmaması müəyyən edilmişdir. Həmçinin iddiaçı İddiaçı ##.##.2024-сü il tarixli **************-* nömrəli müraciətinə ##.##.2025-ci il tarixdə ünvanlı dövlət sosial yardımın verilməsindən imtina edildikdən sonra iddiaçı bu imtina ilə razılaşmış ##.##.2025-cü il tarixdə 6.90 manat məbləğində və ##.##.2025-ci il tarixdə isə 8 manat məbləğində MDSS ödənişlərinin ödənilməsi müəyyənləşdirilmişdir. Bu səbəbdən iddiaçıya ##.##.2024-cü il tarixli **************-* nömrəli müraciətinə münasibətdə VEMTAS tərəfindən verilmiş “ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmaması” imtinanın qanunvericiliyin tələblərinə uyğun şəkildə verildiyi sübuta yetirilmiş hesab edilməlidir.
5. Gəncə İnzibati Məhkəməsinin 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim F.Əliyev) iddia təmin edilmiş, iddiaçı İddiaçı ailəsinə ##.##.2024cü ildən ünvanlı sosial yardımın təyin edilməsinə dair qərar qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.14-cü bəndinə görə torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə»yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir. Yəni, iddiaçının mülkiyyətində olan pay (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən əldə etdiyi gəlirləri müəyyən etmir. Ona görə də, cavabdeh orqanın bu əsasla imtinası qanuni sayıla bilməz. Digər tərəfdən, həmin əsas adıçəkilən Qaydaların sosial yardımın təyin olunmasından imtina üçün sadalanan əsaslara aid edilməmişdir.
7. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
8. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər A.İsgəndərova /sədrlik edən və məruzəçi/, R.Mamedov və A.Bayramov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2025-ci il ## ####### tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq, əlavə olaraq apellyasiya şikayətinin “birinci instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqanın mübahisələndirilən ##.##.2025-ci il tarixli qərarına münasibət bildirmədən iddia tələbini təmin etməsi” dəlilinə münasibətdə qeyd etmişdir ki, İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Cavabdeh orqanın imtinaya dair təqdim edilmiş inzibati aktın məhkəmə tərəfindən ləğv olunmaması yekun məhkəmə aktının ləğvinə əsas deyildir və inzibati prosessual qanunvericilikdə məcburetmə haqqında iddia növü üzrə imtinaya dair inzibati aktın ləğvi imperativ qaydada nəzərdə tutulmamışdır. Beləliklə, apellyasiya şikayətinin dəlilləri iddia tələbinə qarşı təqdim edilmiş etirazda qeyd olunanları təkrarlamaqla formal xarakter daşıyır, o cümlədən iddiaçı qəbul edilməsini arzuladığı inzibati aktı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir (İPM-in 14.3-cü maddəsi).
10. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
11. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın və apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Bununla yanaşı, kassator qeyd etmişdir ki, məhkəmə ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbini dəqiqləşdirərək, ilkin tələbdə qeyd edilmiş “cavabdehin imtina qərarının ləğv edilməsi” hissəsi tələbdən çıxarılmışdır. Cavabdeh hesab edir ki, məhkəmə cavabdehin ##.##.2025-ci il tarixli VEMTAS tərəfindən qəbul edilmiş və iddiaçıya göndərilmiş qərarının əsaslığını, qanunauyğunluğunu yoxlamadan və ən əsası onu ləğv etmədən iddianı təmin etməsi qanunvericiliyin kobud pozuntusudur. Belə ki, cavabdeh inzibati orqanın ləğv edilməmiş və qüvvədə olan imtina qərarı olduğu halda, ünvanlı dövlət sosial yardımın təyin edilməsinin cavabdehə həvalə edilməsi də qanunvericilik normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin göstəricisidir. Əlavə olaraq, iddiaçı tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatlara əsasən müəyyən edilir ki, eyni VÖEN-lə həm iddiaçı, həm onun həyat yoldaşı X2, həm də oğlu Ağayev İlkin Elsevər oğlu torpaqdan istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqlarına dair süni olaraq görüntü yaratmağa cəhd etmişlər. Belə ki, ********** nömrəli VÖEN açaraq iddiaçı, həm həyat yoldaşını, həm də oğlunu işləyən şəxs kimi göstərməyə cəhd etmiş, eyni zamanda MDSS haqlarını ödəməyərək də yüksək məbləğdə ünvanlı dövlət sosial yardım almağa cəhd edirlər. Hesab edilir ki, məhkəmə bu cür hallara formal yanaşmamalı, işi hərtərəfli, tam, obyektiv və hüququn ümumi prinsiplərini rəhbər tutmaqla, təkcə hüquqi halları deyil, eyni zamanda faktiki hallara da baxmalı olduğu halda kifayət qədər araşdırmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarının 31-ci bəndində qeyd edilmişdir ki, apellyasiya şikayətinin “birinci instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqanın mübahisələndirilən ##.##.2025-ci il tarixli qərarına münasibət bildirmədən iddia tələbini təmin etməsi” dəlilinə münasibətdə qeyd olunmalıdır ki, İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin qərarın 32-ci bəndində görə cavabdeh orqanın imtinaya dair təqdim edilmiş inzibati aktın məhkəmə tərəfindən ləğv olunmaması yekun məhkəmə aktının ləğvinə əsas deyildir və inzibati prosessual qanunvericilikdə məcburetmə haqqında iddia növü üzrə imtinaya dair inzibati aktın ləğvi imperativ qaydada nəzərdə tutulmamışdır. Məhkəmənin mövqeyinə münasibətdə qeyd edilmişdir ki, ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar, mahiyyətcə sosial yardımın təyin edilməsini aradan qaldıran başlıca əsaslardan biridir. Hazırkı iş üzrə nə qədər ki, ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina barədə qərar qüvvədədir, məhz buna görə də sosial yardım təyin edilə bilməz. Məhkəmə kollegiyası işi tam, hərtərəfli və obyektiv araşdırmamış, apellyasiya şikayətimizə səthi yanaşmış, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir.
b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətindən etiraz daxil olmamışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
15. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası işin materiallarını, kassasiya şikayətinin dəlillərini və tətbiq edilməli hüquq normalarını qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün hallar tam araşdırılmadığından, qəbul edilmiş qərar qanuni və əsaslı hesab oluna bilməz
17. Belə ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçı ailə təmsilçisi qismində ailəsinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə X4 və X1 vasitəsilə müraciət etmiş, cavabdeh isə ## ###### 2025-ci il tarixli qərarla həmin müraciətin təmin edilməsindən imtina etmişdir. İş materiallarında olan imtina qərarının məzmunundan görünür ki, qərarda imtinanın konkret faktiki və hüquqi əsası göstərilməmiş, yalnız müraciətin təmin edilməsindən imtina olunduğu qeyd edilməklə qərardan inzibati və məhkəmə qaydasında şikayət vermək hüququ barədə məlumat verilmişdir. Bununla belə, cavabdeh sonradan məhkəmə icraatı zamanı təqdim etdiyi etiraz ərizəsində imtinanın səbəbini “ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmaması” ilə əsaslandırmışdır.
18. İş üzrə aşağı instansiya məhkəmələrinin yekun mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2016-cı il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 5.14-cü bəndinə əsasən torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1998-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun hesablanır. Buna görə də, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (pay) torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta ödənişlərinin (MDSS) edilib-edilməməsi həmin torpaq sahəsindən əldə olunan gəlirin müəyyən edilməsi meyarı deyildir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması Qaydalarla ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina üçün nəzərdə tutulmuş əsaslardan biri kimi müəyyən edilməmişdir.
19. Aşağı instansiya məhkəmələri nəticədə qeyd etmişlər ki, cavabdehin istinad etdiyi hal ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina üçün hüquqi əsas kimi çıxış edə bilməz. Bu səbəbdən iddia tələbi təmin edilmiş və iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
20. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq hesab edir ki, işin faktiki və hüquqi hallarının təhlili həmin nəticənin işin hallarının obyektiv araşdırılması ilə bağlı prinsipə uyğun olmadığını göstərir. Belə ki, məhkəmələr cavabdehin imtinada göstərilən əsasın hüquqi baxımdan əsaslı olub-olmamasını araşdırmaqla kifayətlənmiş, lakin iddiaçının ünvanlı dövlət sosial yardım almaq hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün şərtlərin mövcud olub-olmadığını tam müəyyən etməmişlər. Halbuki, İPM-in 73.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məcburi olaraq qəbul edilməli olan qərar çıxarılarkən inzibati orqanın qəbul etdiyi imtina qərarının qanunsuz olması özüözlüyündə həlledici əhəmiyyət kəsb etmir. Bu zaman həlledici olan iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinə dair maddi-hüquqi tələb hüququnun mövcudluğudur. Burada tələb hüququ tətbiq edilən normada nəzərdə tutulmuş hüquqi nəticənin yaranması üçün həmin normanın özündə təsbit olunan dispozisiya şərtlərinin hamısının birgə mövcudluğu kimi anlaşılmalıdır. Beləliklə, imtinanın qanunsuzluğunun müəyyən olunması özü-özlüyündə iddianın təmin edilməsinə əsas vermir. İddia yalnız iddiaçının arzuladığı əlverişli inzibati aktın qəbul edilməsinə olan maddi-hüquqi tələb hüququnun mövcudluğu təsdiq olunduqda təmin edilə bilər. Əks yanaşma, məhkəmənin natamam araşdırılmış faktiki hallar əsasında maddi-hüquqi tələb hüququnu tanımasına səbəb ola bilər.
21. Məhkəmə kollegiyası bildirir ki, inzibati mübahisələrə baxılarkən məhkəmənin vəzifəsi yalnız inzibati orqanın qəbul etdiyi qərarın formal baxımdan qanuniliyini yoxlamaqla məhdudlaşmır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmçinin həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu normalar inzibati məhkəmə icraatında obyektiv həqiqətin müəyyən edilməsinə xidmət edir və məhkəmənin yalnız tərəflərin təqdim etdiyi arqumentlərlə kifayətlənməsinə yol vermir. Qanunvericiliklə göstərilən hədlərdə məhkəmə iş üzrə hüquqi əhəmiyyət kəsb edən halları öz təşəbbüsü ilə də araşdırmalı və həmin hallara hüquqi qiymət verməlidir.
22. Hazırkı iş üzrə iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün yalnız cavabdehin istinad etdiyi imtina əsasının aradan qalxması deyil, eyni zamanda ailənin gəlirlərinin düzgün müəyyən edilməsi, müraciətdə göstərilən məlumatların həqiqiliyi və ailənin qanunvericilikdə nəzərdə tutulmuş aztəminatlı ailə meyarlarına cavab verib-verməməsi müəyyən edilməli idi. Bu hallar iddiaçının maddihüquqi tələb hüququnun mövcudluğunu birbaşa müəyyən edən faktiki hallardır. Həmin hallar araşdırılmadan yalnız imtinanın hüquqi əsasının qanunsuz hesab edilməsi iddiaçının sosial yardım almaq hüququnun yarandığı nəticəsinə gəlmək üçün kifayət etmir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə mübahisəyə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri iddia tələbini təmin edərkən əsasən cavabdehin imtina qərarının qanuniliyini yoxlamaqla kifayətlənmişlər. Lakin cavabdeh həm apellyasiya şikayətində, həm də kassasiya şikayətində əlavə olaraq bildirmişdir ki, iddiaçının özünün, həyat yoldaşının və oğlunun kənd təsərrüfatı ilə məşğul olan vergi ödəyicisi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər kimi qeydə alınmalarına baxmayaraq müvafiq dövrlər üzrə məcburi dövlət sosial sığorta ödənişləri edilməmiş və ailə üzvlərinin eyni VÖEN üzrə fəaliyyət göstərərək işləyən şəxs görüntüsü yaratmağa çalışmışdır. Kassator bu hallar nəzərə alınmaqla müraciətdə göstərilən məlumatların düzgünlüyünün və ünvanlı sosial yardım təyin etməyə imkan verən ailənin gəlirlərinin müəyyən edilməsinin mümkün olmadığını bildirmişdir.
24. Cavabdehin kassasiya şikayətinin əsas dəlili həmin halların apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilməməsi və bu istiqamətdə zəruri araşdırma aparılmamasıdır. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə razılaşaraq hesab edir ki, göstərilən hallar iş üzrə maddi-hüquqi tələb hüququnun mövcudluğunun müəyyən edilməsi baxımından əhəmiyyət kəsb etdiyi halda, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə mahiyyəti üzrə qiymət verməmişdir.
25. Məhkəmə kollegiyası əlavə olaraq cavabdehin kassasiya şikayətində irəli sürdüyü, birinci instansiya məhkəməsinin iddia tələbinin dəqiqləşdirilməsindən sonra ## ###### 2025-ci il tarixli imtina qərarını ayrıca ləğv etmədən cavabdehin üzərinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyini qoymasının qanunvericiliyin tələblərinə zidd olması barədə dəlilini də qiymətləndirərək aşağıdakıları qeyd edir.
26. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsində isə müəyyən edilmişdir ki, iddiaçının tələbi əsasında konkret inzibati aktın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
27. Göstərilən normaların məzmunundan aydın olur ki, İPM-in 73.1-ci maddəsi inzibati orqanın qanunla müəyyən edilmiş şərtlər mövcud olduqda konkret məzmunlu inzibati aktı qəbul etməyə borclu olduğu halları tənzimləyir. Belə hallarda məhkəmə iddiaçının maddi-hüquqi tələb hüququnun mövcud olduğunu müəyyən etdikdə, imtinaedici inzibati aktı ayrıca ləğv etmədən inzibati orqanın üzərinə tələb olunan aktın qəbul edilməsi öhdəliyini qoya bilər. Qanunverici 73.1-ci maddədə əvvəlki imtina aktının mütləq qaydada ayrıca ləğv edilməsini imperativ şərt kimi nəzərdə tutmamışdır.
28. Buna qarşılıq, diskresion səlahiyyətlərin və ya qiymətləndirmə azadlığının həyata keçirilməsi qaydasında qəbul edilmiş inzibati aktlar yoxlanılarkən həmin səlahiyyətlərin düzgün həyata keçirilmədiyini müəyyən etdikdə, lakin yekun qərar vermədikdə, yəni məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla müraciətə yenidən baxılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair qərar çıxarıldıqda, məhkəmə həm də imtinaedici inzibati aktı da ləğv etməlidir.
29. Məcburetmə haqqında iddiaya baxan məhkəmə iddiaçının xeyrinə iki növ qərar qəbul edə bilər: - inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi konkret əlverişli inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulmasına dair qərar (İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsi); - inzibati orqanın üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla iddiaçının müraciətinə yenidən baxılması və yeni inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulmasına dair qərar (İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsi).
30. Hazırkı mübahisədə ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı məsələ İPM-in 73.1-ci maddəsinin təsirinə düşən qərar olduğundan bu zaman imtinaedici inzibati aktın ayrıca məhkəmə qaydasında ləğvinə ehtiyac yoxdur, ona görə də, apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin dəlilini əsassız hesab etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.
31. Apellyasiya instansiya məhkəməsi cavabdehin ailə üzvlərinə dair informasiya ehtiyatlarında mövcud olan məlumatlar, həmin məlumatların müraciətdə göstərilən məlumatlarla uyğun olub-olmaması, bu uyğunsuzluqların ailənin orta aylıq gəlirlərinin hesablanmasına təsiri və nəticə etibarilə iddiaçının aztəminatlı ailə kimi maddi-hüquqi tələb hüququnun mövcudluğu ilə bağlı tələb olunan həcmdə zəruri araşdırma aparmamışdır.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilmədiyindən, apelyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar apellyasiya baxışına göndərilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.