Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-590/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (“kompensasiya ödənilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqanın qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş ziyan əvəzi 20.000 AZN kompensasiya (sağlamlığın bərpasına çəkilmiş xərclərin) və cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində qeyri-qanuni olaraq vurulmuş mənəvi ziyanın əvəzi 100.000 AZN məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş ziyan əvəzi 20.000 AZN kompensasiya, qeyri-qanuni olaraq vurulmuş mənəvi ziyan əvəzi 100.000 AZN və 3 min manat bank krediti xərclərinin ödənilməsini sonuncudan tələb etmiş, cavabdeh orqan isə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirmədiyini, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmədiyini bildirərək, tələbin təmin edilməsindən imtina etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş ziyan əvəzi 20.000 AZN kompensasiya, qeyri-qanuni olaraq vurulmuş mənəvi ziyan əvəzi 100.000 AZN məbləğin cavabdehdən tutularaq ödənilməsi və cavabdeh orqanın cavabdehlik daşıyan əməkdaşları barəsində “xüsusi” qərardad qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 07.2000-ci ildən ##.##.2021-ci ilədək səhhətində olan xəstəliyə görə 2-ci qrup əlillik pensiyası (müddətsiz) almışdır. Sonradan pensiya təminatı cavabdeh orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafıə Fondu tərəfındən qanunsuz olaraq dayandırılmışdır. Bununla bağlı DSMF-уə yazılı müraciətinə baxmayaraq həmin orqanın əməkdaşları tərəfindən müraciətinə aidiyyatı üzrə açıqlama verilməmişdir. DSMFnin təqdim etdiyi 3 arayışa baxmayaraq, onların bu qanunsuz hərəkəti onu kritik stress durumuna salmış, mənəvi sarsıntılara məruz qoymuş, eyni zamanda maddi cəhətdən aclıq çəkməyə məcbur etmişdir. Məhz bunun nəticəsində səhhətində baş verən halsızlıq, pisləşmə ilə bağlı poliklinikaya, təcili tibbi yardıma müraciətlər etmişdir. Cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində sağlamlığına ciddi ziyan vurulubdur. Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyi də öz növbəsində vermiş olduğu və alt sistemdə yerləşdirilmiş məlumata, arayışa baxmayaraq məhkəməyə yalan məlumat vermiş, 2 dəfə komissiyadan keçdiyini bildirmişdir.
4. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “cavabdeh orqanın qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş ziyan əvəzi 20.000 AZN kompensasiya (sağlamlığın bərpasına çəkilmiş xərclərin) və cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində qeyriqanuni olaraq vurulmuş mənəvi ziyanın əvəzi 100.000 AZN məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmiş və məhkəmənin ##.##.2025-ci il tarixli, 2- *(***)-*****/**** nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir.
5. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli, * nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 8-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olunsun. Qərar icra edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Quliyev) 2025-ci il ## ####### tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu və cavabdehin buna görə məsuliyyət daşıdığını iddia etsə də, cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olaraq ona zərər dəyməsi ilə bağlı Məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə aşağıdakı qanunvericilik normalarına istinadən hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd etmişdir ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM2.2.7) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İPM-34.1, ikinci cümlə). İnzibati orqanların qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinin əsaslı sayılması üçün: 1. inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2. inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3. inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4. hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalı; 5. maraqlı şəxsə zərər vurulmuş olmalı, onun hüquqi vəziyyəti inzibati orqanın öz vəzifələrini pozması vasitəsilə pisləşmiş olmalıdır (inzibati orqanın daşıdığı vəzifəni pozması və zərərin meydana gəlməsi arasında səbəbli əlaqə mövcud olmalıdır). Başqa sözlə, zərərin əvəzinin ödənilməsi tələb edilərkən ilk əvvəl hüquq pozuntusunun baş verməsi sübut edilməli, bu sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması təsdiqini tapmalıdır. Lakin sadalanan şərtlərdən üçüncü və beşinci şərtə, yəni inzibati orqanın öz fəaliyyəti ilə qanunla daşıdığı vəzifələrini pozması, inzibati orqanın daşıdığı vəzifəni pozması ilə zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması şərtinə iş üzrə əməl olunmur. Bu da o deməkdir ki, iddiaçının hüquqlarının pozuntusuna cavabdeh tərəfində yol verilməmişdir. Çünki, inzibati orqan kimi fəaliyyəti ümumi hüququn tənzimləmə predmetinə aid olan cavabdehin öz fəaliyyəti ilə qanunla daşıdığı vəzifələri iddiaçıya münasibətdə pozması, eləcə də iddia ərizəsində vurulduğu irəli sürülən zərərin cavabdehin hərəkətləri nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifələrini pozması ilə pisləşmiş olması, yəni, cavabdehin hərəkətləri ilə vurulduğu güman olunan zərərin meydana gəlməsi və onlar arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. İddiaçı ona dəymiş ziyanın cavabdeh orqanın qanunsuz və əsassız hərəkətləri nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu, zərərin cavabdeh tərəfindən və onun hərəkətlərinin nəticəsi olaraq yaranması öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd deyil və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər C.B.Məmmədov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) 2026-cı il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ####### tarixli, *-*(***)-*****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, zərərin əvəzinin ödənilməsi tələb edilərkən ilk əvvəl hüquq pozuntusunun baş verməsi sübut edilməli, bu sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması təsdiqini tapmalıdır. Hazırki iş üzrə inzibati orqan kimi fəaliyyəti ümumi hüququn tənzimləmə predmetinə aid olan cavabdehin öz fəaliyyəti ilə qanunla daşıdığı vəzifələri iddiaçıya münasibətdə pozması, eləcə də iddia ərizəsində vurulmuş maddi zərərlə bağlı irəli sürülən tələbin cavabdehin qərəzli hərəkətləri nəticəsində baş verməsi, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifələrini pozması ilə pisləşmiş olması, yəni, cavabdehin hərəkətləri ilə vurulduğu güman olunan zərərin meydana gəlməsi və onlar arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. İddiaçıya əlilliyin təyin edilməməsi cavabdeh təşkilatın qərəzli hərəkərtləri deyil subyektiv yanaşması nəticəsində baş vermişdir ki, həmin yanaşmanın nəticəsində yaranmış qanun pozuntusu yuxarı instansiya məhkəmələri tərəfindən aradan qaldırılmışdır. Hesab olunur ki, hazırki, iddia tələbi üzrə cavabdeh təşkilat tərəfindən qanun pozuntusunun həyata keçirilməsi yalnız qərəzli xarakter daşıdığı halda maddi zərərin tutulmasına əsas ola bilərdi. Belə ki, tərəflər arasında yaranmış mübahisə Qanun normasının cavabdeh tərəfindən fərqli qaydada qavramasından irəli gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddianın maddi tələblə bağlı olan hissəsi təmin edilə bilməz. Mənəvi zərərlə bağlı kollegiya qeyd edir ki, iddiaçı cavabdeh orqanının hərəkətləri nəticəsində qeyri-rəsmi xərc, əzab-əziyyət və iztirab çəkdiyini və bu səbəbdən ona məvəzi zərərin ödənilməsini tələb edir.
12. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ tərəfindən verilmiş ##.##.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən müəyyən olunmuşdur ki, aidiyyəti tibb müəssisəsi tərəfindən elektron qeydiyyat sistemində aparılmış axtarış məlumatlarına əsasən bildiririk ki, 2021- 2024-cü il tarixlərində “Respublika Təcili və X2 Mərkəzi” publik hüquqi şəxsin Mərkəzi Çağrı Xidmətinə (103) vətəndaş İddiaçı adına çağırış daxil olmamışdır. 2025-ci il ərzində vətəndaşın adına daxil olmuş çağırışlar haqqında məlumatlar aşağıda sizə təqdim olunur: ##.##.2025-ci il tarixində saat 14:35-də arterial təzyiq səbəbilə çağırış verilmiş və xəstəyə “Essensial hipertenziya. Stresə qarşı kəskin reaksiya” diaqnozu təyin edilmişdir; ##.##.2025-ci il tarixində saat 08:34-də arterial təzyiq səbəbilə çağırış verilmiş və xəstəyə “Essensial hipertenziya” diaqnozu təyin edilmişdir; ##.##.2025-ci il tarixində saat 23:55də arterial təzyiq səbəbilə çağırış verilmiş və xəstəyə “Essensial hipertenziya” diaqnozu təyin edilmişdir; Nəzərə alınmalıdır ki, iddiaçıya təyin edilmiş əlilliyə səbəb onun stabil gərginlik stenokardiyası və hipertoniya xəstəliyi olmuşdur. Tibbi ədəbiyyata əsaslansaq qeyd olunan xəstəliklərin döş sümüyü arxasında sıxıcı, yandırıcı ağrı, həmin ağrının sol qol, çiyin, boyun hissələrinə yayılması, baş ağrısı, baş gicəllənmə ilə müşayət olunması müəyyən edilir. Ona görə də məhkəmə kollegiyası belə qanaətə gəlir ki, iddiaçıya Təcili və X2 Mərkəzi tərəfindən çağırış üzrə qoyulan diaqnozlar iddiaçının mənəvi sarsıntı çəkməsi kimi deyil əziyyət çəkdiyi xəstəliyinin simptomları kimi qəbul edilməlidir. Göründüyü kimi cavabdeh orqanın qanunsuz hərəkəti iddiaçını kritik stress durumuna salması, mənəvi sarsıntılara məruz qoyması, mənfi psixoloji vəziyyətinin yaranmasına səbəb olan hər hansı hal müəyyən olunmamış, iddiaçı da bu halı təsdiq edən hər hansı obyektiv arqument təqdim edə bilməmişdir.
13. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti iddia tələbinin və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətində irəli sürülən dəlillərlə eynilik təşkil edir və eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab edilir. Apelyasiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
24. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya “kompensasiya ödənilməsi” üçün əsasların mövcud olub-olmaması ilə bağlı ilə məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2026-cı il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.