Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-596/2026 03.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın iddiaçının xüsusi mülkiyyətində olan evə aid hissəsində etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs Üçüncü şəxs MTK) qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. RX ******* nömrəli ##.##.2019-cu il tarixli çıxarışa əsasən, ünvan 3) ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının mülkiyyətindədir.
2. Bakı şəhəri İcra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli *** nömrəli Sərəncamı ilə Üçüncü şəxs MTK-nın müraciəti əsasında Nərimanov ray, N.Yusifbəyli, X.Şuşinski, M.Sənanı küçələrini və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülərək yerində yüksək mərtəbəli binaların tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Kooperativin istifadəsinə verilmişdir.
3. “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında ##.##.2014-cü il tarixli **** nömrəli müqavilə ilə cavabdeh ilə üçüncü şəxs arasında Nərimanov ray, N.Yusifbəyli, X.Şuşinski, M.Sənanı küçələrini və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə ayrılmış torpaq sahəsinə dair icarə müqaviləsi bağlanılmışdır.
4. Bakı şəhər İcra Hakimiyyəti başçısının ## ###### 2016-cı il tarixli Sərəncamından görünür ki, üçüncü şəxs göstərilən ərazidə hasarlanma işlərinin görülməsini xahiş etmiş, sərəncam əsasında hasara alınmaya cavabdeh tərəfindən razılıq verilmişdir.
5. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən üçüncü şəxsə Nərimanov ray, N.Yusifbəyli, X.Şuşinski, M.Sənanı küçələrini və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə ayrılmış torpaq sahəsində ##.##.2020-ci il tarixli ** nömrəli “Obyektin tikintisinə icazə” sənədi verilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “Nərimanov rayonu N.Yusifbəyli, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında Üçüncü şəxs MTK-nın istifadəsinə verilməsi haqqında ## ##### 2014-cü il tarixli *** nömrəli və ## ###### 2016-cı il tarixli *** nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında kooperativin istifadəsinə verilmişdir. İddiaçı hesab edir ki, bu barədə olan cavabdehin sərəncamı ləğv edilməlidir. Belə ki, ##.##.2014-cü il tarixli *** nömrəli sərəncamla "yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən Üçüncü şəxs MTK tərəfindən həll edilməsi ,sahəsi icarə əsasında həmin koorperativin istifadəsinə verilməsi, sahəni yerində qəbul etmək, onun sanitar vəziyyətinə nəzarət etmək, AR Torpaq Məcəlləsinin 66. 67 və 68-ci maddələrinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində “İnterservis” müdiriyyəti ilə torpağın icarə müqaviləsinin bağlanmasını təmin etmək və ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsində dövlət qeydiyyatına almaq Üçüncü şəxs MTK-ya tapşırılması nəzərdə tutulsa da üçüncü şəxs nə torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlamış, nə bu hüquqları ƏMDK-nın yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsində dövlət qeydiyyatına almış, nə sakinlərlə qarşılıqlı razılaşma əldə etmişdir. Əksinə həmin sərəncamlardan istifadə edərək iddiaçı və digər sakinləri məcburi razılığa gətirməyə çalışır. Belə ki, iddiaçının yaşayış evi, qarajı və digər sahəsinin əksər hissəsinə dair çıxarışı olmaqla yanaşı həmin sahələrin 1998-ci ildə inşa edilməsi və onun tərəfindən başqa sakindən almağı ilə bağlı məhkəmə qərarı da mövcud olmasına baxmayaraq üçüncü şəxs sərəncamdan istifadə edərək məhkəməyə müraciət edərək digər sahələrin ödənişini etmədən iddiaçının tikililərini sökməyə çalışır.
8. Bakı İnzibati Məhkəməsinin *-*(***)****/**** nömrəli ## ###### 2021-ci il tarixli qərardadı ilə iddiaçıların “Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən torpağa fərdi yaşayış evinin tikintisinə dair verilmiş ##.##.2005-ci il tarixli, ** saylı qərarın etibarsız sayılması barədə qərar qəbul edilməsi”nə dair dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia tələbinin rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisələndirilən sərəncamından görünür ki, yeni yüksəkmərtəbəli binaların iddiaçının xüsusi mülkiyyətində olduğu ərazidə tikilməsi zəruri hesab edilmiş, bununla bağlı aidiyyəti dövlət orqanlarından razılıq alınmışdır. İddiaçı isə xüsusi mülkiyyətində olan vahid daşınmaz əmlakla bağlı daşımalı olduğu sosial öhdəliklə bağlı şərtə əməl etmədən sosial məqsədlərlə tikintisi zəruri olan 2 ədəd 20 mərtəbəli binanın 1,25 ha torpaq sahəsində dayandırılmasına nail olmağa çalışır. İddiaçı nəzərə almamışdır ki, 70 kv.m ölçüdə fərdi yaşayış evi və 0,02686 ha ölçüdə torpaq sahəsinə iddiaçının xüsusi mülkiyyət hüququnun mövcudluğu dövlətin aidiyyəti struktur bölmələri tərəfindən razılaşdırılmış layihə çərçivəsində cavabdehin qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul etdiyi sərəncamının ləğvinə mübahisələndirilən hissədə olsa belə əsas ola bilməz. Əks halda, ictimai və şəxsi maraqların tarazlığının əsaslı pozulması halı mövcud olacaqdır.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektini əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında Üçüncü şəxs MTK-nın istifadəsinə verilməsi barədə ##.##.2014-cü il tarixli *** nömrəli və ##.##.2016-cı il tarixli *** nömrəli sərəncamının onun mülkiyyətində və istifadəsində olan hissəyə münasibətdə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli qərardadı ilə iş üzrə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspert qarşısında “ünvan 1) ünvanda yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi (torpaq sahəsi ilə) mübahisələndirilən sərancamla Üçüncü şəxs MTK-ya ayrılan və Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənanı və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən ərazi daxilindədirmi?” sualı qoyulmuşdur.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3- **-**/*-**/**** saylı, ## #### 2024-cü il tarixli rəyinə əsasən ünvan 1) ünvanda yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsinin mübahisələndirilən sərancamla Üçüncü şəxs MTK-ya ayrılan və Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənanı və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən ərazi daxilində yerləşdiyi müəyyən edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər R.Səmədov- sədrlik edən və məruzəçi, X.Cəmilova və E.Əliyev) Bakı İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektini əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında Üçüncü şəxs MTK-nın istifadəsinə verilməsi barədə ##.##.2014-cü il tarixli *** nömrəli və ##.##.2016-cı il tarixli *** nömrəli sərəncamı iddiaçı X1 mülkiyyətində və istifadəsində olan ünvan 1) ünvanda yerləşən hissəyə münasibətdə (iddiaçıya münasibətdə) etibarsız hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə araşdırmanı Avropa İnsan Haqları Konvensiyasının * saylı Protokolun 1-ci maddəsi üzrə olan araşdırma sxeminə zidd şəkildə apararaq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Belə ki, mübahisələndirilən sərəncamın iddiaçının mülkiyyətinə müdaxilə olduğu işin mübahisəsiz halıdır. Həmin müdaxilə mülkiyyətdən məhrumetməyə bərabərdir, keçirilmiş ekspert rəyi və aparılan araşdırmaya əsasən qanuni olmamışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilərkən nəzərə alınmamışdır ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir. Bu baxımdan hazırki mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçının mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sənədlərə bu prizmadan qiymət verilməlidir. Nəzərə almaq lazımdır ki, hazırki işdə Bakı şəhər İcra Hakimiyyəti xüsusi mülkiyyətdə olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda iddiaçının torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsində etibarsız inzibati aktların dairəsi təsbit edilmişdir. İstinad olunan Qanunun 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin norma anlamında cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati aktlar iddiaçının torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçıya aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Digər tərəfdən, hazırki işdə inzibati orqan tərəfindən iddiaçının mübahisələndirdiyi sərəncam qəbul edilərkən baxmayaraq ki, həmin sərəncam birbaşa iddiaçının mülkiyyət hüququna toxunur, iddiaçı həmin inzibati icraata cəlb edilməmiş, dinlənilməmiş və beləliklə də, cavabdeh inzibati orqan tərəfindən “İnzibati İcraat haqqında” Qanunun tələblərinə riayət olunmadığı müəyyən olunur. Həmin halları təkzib edə biləcək sübutları məhkəmə araşdırmaları zamanı cavabdeh inzibati orqan təqdim edə bilməmişdir.
17. Cavabdeh kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Üçüncü şəxs kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
c. Kassasiya instansiyası məhkəməsində icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə (hakimlər: N,Rəsulbəyova – məruzəçi, K.Bədəlov və Z.Quliyev) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli 2 *(***)- ***/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan 2014 və 2016-cı il tarixli sərəncamlar qəbul edilən zaman iddiaçının hazırda mülkiyyət hüququnun pozulduğunu iddia etdiyi əmlakın onun xüsusi mülkiyyətində olması iş materialları ilə müəyyən edilmir. İddiaçının mülkiyyət hüququ 2019-cu ildə qeydiyyata alınsa da, mübahisə predmeti təşkil edən torpaq sahəsinə mülkiyyət hüququnun hansı tarixdən yaranması müəyyən edilməlidir. Başqa sözlə, burada əsas müəyyən olunmalı məqam iddiaçının mülkiyyət hüququnun mübahisələndirilən sərəncamlardan əvvəl və ya sonra yaranmasıdır. Qeyd edilən hal müəyyən ediləndən sonra, mübahisələndirilən sərəncamların iddiaçının mülkiyyət hüququna toxunub-toxunmaması qənaətinə gəlmək olar.
ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər P.Hüseynov - sədrlik edən və məruzəçi, X. G.Sevdimalıyeva və O.İsmayılov) Bakı İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan göstərişlərinə uyğun olaraq müvafiq məhkəmə sorğusu verilmiş və həmin sorğuya əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsinə aid arxiv əsasları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, mübahisə predmeti təşkil edən torpaq sahəsinə (ünvan 2 (yeni ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 78) ünvanında yerləşən və sahəsi 0.02686 ha təşkil edən) iddiaçının mülkiyyət hüququ ##.##.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, mübahisə predmeti olan 2014 və 2016-cı il tarixli sərəncamlar qəbul edilən zaman iddiaçının hazırda mülkiyyət hüququnun pozulduğunu iddia etdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətində olmamış, iddiaçının qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququ mübahisələndirilən sərəncamlardan sonra yaranmışdır. İddiaçı qeyd olunan sərəncamların etibarsız hesab edilməsini tələb etsə də, məhkəmə araşdırması zamanı sərəncamların etibarsız hesab edilməsi üçün «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində təsdiq edilmiş hər hansı bir əsas aşkar edilməmişdir, işin faktiki halları cavabdeh tərəfindən qəbul edilmiş qeyd olunan sərəncamların etibarsız hesab edilməsi üçün həmin halların mövcud olmadığını təsdiq edir, həmin hallar yoxdursa, inzibati aktların etibarsız hesab edilməsi tələbi təmin edilə bilməz.
23. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, inzibati orqan 2014-cü ildə cavabdeh tərəfindən qəbul edilmiş sərəncamın 3-cü bəndində Üçüncü şəxs MTK-nın Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “Interservis" müdiriyyəti ilə torpağın icarəsi müqaviləsini bağlaması və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində dövlət qeydiyyatına alınması Üçüncü şəxs MTK-nın öhdəliyi kimi müəyyən edilmişdir. Lakin sərəncamın tələbi olan icarə müqaviləsinin bağlanması və vergilərin alınmasına nəzarət edən qurum rəsmi olaraq cavab verərək icarə müqaviləsinin bağlandığı gün də ləğv edildiyini bildirmişdir. Məhkəmə prosessual məcəllənin də tələblərini pozaraq illərlə çəkən məhkəmə mübahisəsi zamanı toplanış sübutları tədqiq etməmiş və qərarda həmin sübutlara istinad etməmişdir.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
26. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokol (Əlavə protokol, * saylı protokol) Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 65.1.2 Müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etməmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul olunmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
32. Hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsəd baxımından mübahisələndirilən sərəncamla xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə və torpaq sahəsinə müdaxilənin qarşısının alınmasına və mülkiyyət hüququnun həmin müdaxilədən qorunmasına nail olmaqdan ibarətdir.
33. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, əvvəlki kassasiya baxışı zamanı verilmiş göstərişin mahiyyəti iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı tarixin deyil, həmin hüququn yaranmasına əsas olmuş hüquqmüəyyənedici sənədlərin və mülkiyyət hüququnun faktiki yaranma tarixinin müəyyən edilməsindən ibarət olmuşdur. Başqa sözlə, yalnız ##.##.2019-cu il tarixli çıxarışın mövcudluğuna istinad edilməsi kifayət hesab edilməmiş, həmin qeydiyyatın hansı əvvəlki hüquqi əsaslara söykəndiyinin araşdırılması göstərişi qoyulmuşdur.
34. Apellyasiya instansiyası məhkəməsi təkrar baxış zamanı Ali Məhkəmənin göstərişinə uyğun olaraq müvafiq arxiv materiallarını tələb etmişdir. Təqdim olunmuş sənədlərdən isə iddiaçının 268,6 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evini ##.##.1990-cı il tarixdə notarial alq-satqı müqaviləsi ilə əldə etdiyi, ##.##.1990-cı il tarixdə verilmiş qeydiyyat vəsiqəsi ilə onun fərdi yaşayış evi üzərində hüquqlarının dövlət tərəfindən tanındığı müəyyən olunur. Həmin evə dair 1990-cı ildə tərtib edilmiş texniki pasportda da torpaq sahəsi 268,6 kv.m göstərilmişdir.
35. Beləliklə, iddiaçının sözügedən əmlaka dair hüququ yalnız 2019-cu ildə yaranmamış, həmin tarixdən əvvəl onun yaşayış evi üzərində mülkiyyət hüququ qeydə alınmış, evin yerləşdiyi torpaq sahəsi üzərində isə gözlənilən mülkiyyət hüququ artıq formalaşmışdır. İddiaçının təqdim etdiyi sənədlər Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər sırasına aiddir. Buna görə də ##.##.2019-cu il tarixdə iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması yeni mülkiyyət hüququnun yaranması deyil, əvvəldən mövcud olmuş və hüquqmüəyyənedici sənədlərlə təsdiqlənən hüququn dövlət qeydiyyatına alınaraq rəsmiləşdirilməsi kimi qiymətləndirilməlidir.
36. Apellyasiya instansiyası məhkəməsi isə arxiv sənədlərini əldə etsə də, onların hüquqi əhəmiyyətini düzgün qiymətləndirməmiş, yenidən yalnız reyestrdə qeydiyyat tarixini əsas götürmüşdür. Bununla da faktiki olaraq əvvəlki kassasiya qərarında yanlış hesab edilmiş yanaşmanı təkrarlamış və Ali Məhkəmənin göstərişini mahiyyəti üzrə yerinə yetirməmişdir. Halbuki əvvəlki kassasiya qərarında əsas müəyyən edilməli məsələnin iddiaçının mülkiyyət hüququnun mübahisələndirilən 2014 və 2016-cı il tarixli sərəncamlardan əvvəl, yoxsa sonra yaranması olduğu aydın şəkildə göstərilmişdir.
37. İş üzrə müəyyən edilmiş hallara əsasən iddiaçının gözlənilən mülkiyyət hüququ mübahisələndirilən sərəncamların qəbulundan xeyli əvvəl yaranmışdır. Bundan başqa, məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsinin mübahisələndirilən sərəncamlarla Üçüncü şəxs MTK-nın istifadəsinə verilmiş ərazinin daxilində yerləşdiyi müəyyən edilmişdir.
38. Belə olan halda, 2014 və 2016-cı il tarixli sərəncamlar qəbul edilənədək iddiaçının evinin yerləşdiyi 268,6 kv.m torpaq sahəsinə mülkiyyət hüququ artıq yaranmış və bu hüquq müvafiq hüquqmüəyyənedici sənədlərlə təsdiq olunmuşdur. Həmin hüquq nəzərə alınmadan və qanunla müəyyən edilmiş qaydada ona xitam verilmədən cavabdeh inzibati orqanın mübahisəli torpaq sahəsini üçüncü şəxsin icarəsinə və istifadəsinə vermək barədə sərəncam qəbul etmək səlahiyyəti olmamışdır.
39. Beləliklə, cavabdeh iddiaçının mülkiyyətində olan hissəyə münasibətdə sərəncam qəbul edərkən öz səlahiyyətlərinin hüdudlarından kənara çıxmışdır. Belə ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçının mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sənədlərə bu prizmadan qiymət verilməlidir.
40. Nəzərə almaq lazımdır ki, hazırkı işdə Bakı şəhər İcra Hakimiyyəti, iddiaçının istifadəsində olan torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, iddiaçının torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdır.
41. “İnzibati icraat haqqında” Qanununun 65-ci maddəsində etibarsız inzibati aktların dairəsi təsbit edilmişdir. İstinad olunan Qanunun 65.1.2-ci maddəsinə görə, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır.
42. Həmin norma anlamında cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati aktlar iddiaçının torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçıya aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.
43. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyətli faktiki halları araşdırsa da, həmin hallara və arxiv sənədlərinə düzgün hüquqi qiymət verməmiş, mülkiyyət hüququnun yaranması ilə onun sonradan dövlət reyestrində qeydiyyata alınması anlayışlarını əsassız olaraq eyniləşdirmiş və nəticədə mübahisə üzrə səhv hüquqi nəticəyə gəlmişdir.
44. Belə olan halda, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iddia qismən təmin edilməli, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektini əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında Üçüncü şəxs MTK-nın istifadəsinə verilməsi barədə ##.##.2014-cü il tarixli *** nömrəli və ##.##.2016-cı il tarixli *** nömrəli sərəncamları iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1) ünvanda yerləşən 0,02686 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməlidir.
45. İddianın iddiaçının istifadəsində olan torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan ##.##.2019cu il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən ( iş v 2ci cild, səh 172) hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsi 286,6 kv.m göstərilsə də, faktiki sahə 306 kv.m-dir. İstifadədə olan əlavə torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektini əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında Üçüncü şəxs MTK-nın istifadəsinə verilməsi barədə ##.##.2014-cü il tarixli *** nömrəli və ##.##.2016-cı il tarixli *** nömrəli sərəncamları iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1) ünvanda yerləşən 0,02686 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərar qətidir.