Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-613/2026 14.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Milli Məclisi və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi; iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikası Prezident Administrasiyası, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkili, Cavabdeh, Icra Baş Idarəsi və Məhkəmə-Hüquq Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “hər birindən 15000 manat maddi və 15000 manat mənəvi, yəni hər cavabdehdən 30000 manat, cəmi 240000 manat təzminat ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat 1.Iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hər birindən 15000 manat maddi və 15000 manat mənəvi, yəni hər cavabdehdən 30000 manat, cəmi 240000 manat təzminat ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2.Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 20 ildən artıq yaşadığı mənzilinə dair qanunsuz çıxarış əsasında verilmiş saxta qətnamələrin icrası təhlükəsi ilə üzləşmişdir. Bu hüquq pozuntuları ilə bağlı aidiyyəti dövlət orqanlarına, o cümlədən bu ərizədə göstərilən 8 cavabdeh quruma çoxsaylı rəsmi müraciətlər etmişdir. Lakin bu orqanların fəaliyyətsizliyi, susqunluğu və laqeyd münasibətləri nəticəsində hüquqları müdafiə olunmamış, əksinə çıxarış və icra vərəqəsi ilə qətnamə arasındakı uyğunsuzluqlar nəzərə alınmadan mənzilindən çıxarılma təhlükəsi ilə üz-üzə qalmışdır. Bu vəziyyətin doğurduğu nəticələr: yüksək psixoloji təzyiq, yuxusuzluq, iştahsızlıq və sinir pozuntuları, qan təzyiqinin davamlı olaraq 120//150 mmHq–yə qalxması, mədə-bağırsaq sistemində pozuntular, tibb müəssisələrinin verdiyi arayışlar, reseptlər və dərman qəbzləri ilə təsdiq edilən maddi xərclər; mülkiyyət hüququnun pozulması səbəbilə ailənin sosial vəziyyətinə gündəlik yaşayışına təsir göstərən ağır nəticələr. Mülki Məcəlləsinin 1096-cı maddəsi (zərərin əvəzinin ödənilməsi), 1097-ci maddəsi (qanunsuz hərəkətlər nəticəsində zərərin ödənilməsi) 1100-ci maddəsi (mənəvi ziyanın əvəzinin verilməsi) əsaslarına görə cavabdehlərin passivliyi nəticəsində çəkdiyi maddi və mənəvi zərərlər kompensasiya olunmalıdır. 3.Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) iddia mümkün sayılmamışdır. 4.Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıların hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. 5.Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
6. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, F.Mədətli və E.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. 7.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 8.Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri:
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi məhkəmə tərəfindən xidməti vəzifəsinə görə hərtərəfli araşdırılmamış, qərardadda iddiaçının cavabdehlərə ünvanlanmış müraciətlərinin olub-olmamasına dair sorğulara və həmin sorğulara cavabdehlər tərəfindən təqdim olunmuş cavablara heç bir istinad mövcud olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli № ** qərarının 3.3-cü yarımbəndinə əsasən Yyardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Konkret halda isə məhkəmə iddianın uğurlu həlli üçün lazımi şəraiti yaratmamış və bunun üçün ağlabatan vaxt təyin etməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ 10.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 11.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli qərarı.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI 12.Iddiaçı kassasiya şikayətinə “prosessual müddətin bərpasına dair” ərizə əlavə etsə də, iş materiallarından kassasiya şikayətinin dövlət hesabına təmin edilmiş vəkil tərəfindən qanunla müəyyən edilmiş müddətdə verildiyi müəyyən olunur. Kassasiya şikayəti formal baxımdan da lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 13.Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
15. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 16.Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 17.Hazırkı mübahisədə iddiaçı cavabdehlərin hərəkətsizliyi nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu bildirərək kompensasiya ödənilməsini tələb edir. 18.Belə tələb IPM-in 34.1 və 35.1-ci maddələrinin mənasına görə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərtləri mövcuddur. 19.Həmin şərtlərdən biri ondan ibarətdir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl kompensasiyanın ödənilməsi barədə müvafiq inzibati orqana müraciət etməli, inzibati orqan isə həmin müraciəti rədd etməli və ya qanunla müəyyən edilmiş müddətdə cavab verməməklə hərəkətsizlik nümayiş etdirməlidir. Bu tələb həm IPM-in 2.2.3, 34.1 və 35.1-ci maddələrindən, həm də "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 67, 68 və 89.2-ci maddələrindən irəli gəlir. 20.Iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl eyni əsas və məbləğdə kompensasiyanın ödənilməsi barədə cavabdehlərə rəsmi qaydada müraciət etməmiş, cavabdehlərin həmin tələbdən imtina etməsi və ya müraciəti cavabsız saxlaması da sübuta yetirilməmişdir. Belə olan halda, mübahisə predmeti üzrə cavabdehlərin hüquqi mövqeyini ifadə edən inzibati qərar və ya hüquqi əhəmiyyət kəsb edən hərəkətsizlik mövcud olmamışdır. 21.Bundan əlavə, iddiaçı cavabdehlərin hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hansı konkret subyektiv hüququnun pozulduğunu kifayət qədər əsaslandırmamışdır. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmə ilk növbədə iddiaçının həmin tələb üzrə subyektiv hüququnun mövcudluğunu, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulmuş hallarda əvvəlcədən inzibati orqana müraciət edilməsini və digər mümkünlük şərtlərini yoxlamalıdır. 22.Plenum qərarının 9-cu bəndinə görə isə kompensasiya və öhdəliyin icrası haqqında iddialarda inzibati orqana əvvəlcədən müraciət edilməsi müstəqil mümkünlük şərtidir və bu şərt ödənilmədikdə iddia mahiyyəti üzrə araşdırıla bilməz. 23.Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı kassasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək, hazırkı tələblə tərəfindən Azərbaycan Respublikası Milli Məclisinə, Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkilinə və Cavabdeh Icra Baş Idarəsinə müraciət edildiyini bildirmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. 24.Bu barədə məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələb etdiyi ilkin inzibati müraciət iddia ərizəsi məhkəməyə təqdim edilməmişdən əvvəl həyata keçirilməli olan mümkünlük şərtidir. Bu şərtə əməl olunmanın mövcudluğu iddianın qaldırıldığı tarixə qiymətləndirilir. Iddia qaldırıldıqdan sonra, xüsusilə də kassasiya baxışı mərhələsində təqdim edilən müraciətlər ilkin müraciət öhdəliyinin sonradan yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz və iddianın qaldırıldığı ana tələb olunan mümkünlük şərti ilə bağlı natamamlığı aradan qaldırmır. Buna görə də kassasiya instansiyasında təqdim edilmiş həmin sübutlar iddianın mümkün hesab olunması üçün hüquqi əhəmiyyət kəsb etmir. 25.Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, dövlət orqanına edilmiş müraciətə baxılmaması və ya inzibati icraatın aparılmaması hallarında qanunvericilik maraqlı şəxsə əvvəlcə həmin hərəkətsizliyə qarşı inzibati və məhkəmə qaydasında hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanını verir. Bu hüquqi müdafiə mexanizmi artıq inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin aradan qaldırılmasına yönəlmiş xüsusi proseduru nəzərdə tutur. Belə olan halda, yalnız həmin müdafiə vasitələrindən istifadə edilməsinin özü və ya onlardan narazılıq sonradan müstəqil əsas kimi kompensasiya tələbi irəli sürmək hüququ yaratmır. Əks halda, eyni hüquq münasibəti üzrə təkrar hüquqi müdafiəyə və kompensasiya tələb edilməsinə yol verilmiş olardı. 26.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. 27.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.