Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-651/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati aktın hüquqi qüvvəsi, onun nəticəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “##.##.2014-cü il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin elektron altsistemdə bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 № ****** nömrəli arayışından görünür ki, iddiaçıya ##.##.2008-ci il tarixli müayinə aktı əsasında ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
2. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2011-ci il tarixli, *** nömrəli qərarında iddiaçının “sol tərəfli bronxopnevmoniya” diaqnozlu xəsarətinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir.
3. Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 № ****** nömrəli arayışından görünür ki, iddiaçıya ##.##.2014-cü il tarixli müayinə aktı əsasında “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
4. * nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2016-ci il tarixli qərarından görünür ki, iddiaçı barəsində ##.##.2016-cı il tarixdən ##.##.2020-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ##.##.2014-cü il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1969-cu il tarixdə Qubadlı rayonunda anadan olmuş, iki il Sovet Ordusunda, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır. X1 ##.##.1994-cü ildə Füzuli rayonu, Güllücə kəndində şəhid olmuşdur. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı ##.##.2011-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. ##.##.2000-ci ildən ##.##.2008-ci ilədək ona ümumi xəstəlik ilə əlaqədar 2-ci dərəcə müddətli əlillik, ##.##.2008-ci ildən ona ümumi xəstəlik ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlillik və ##.##.2014-cü il tarixdə təkrar səhiyyə müəssisəsinin göndərişi (** nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlillik təyin edilmişdir. Məhkəməyə müraciət edən tarixədək cavabdeh əlilliyinin ləğv edilməsi barədə ona heç bir inzibati akt, bu barədə qərar, bildiriş və ya hər hansı bir yazılı məlumat təqdim etməmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, onun müddətsiz əlilliyi elektron sistemdə əsasız olaraq bir illik kimi göstərilib. Belə ki, ona qarşı bu çox haqsız mövqedir, çünki o, 2014-cü ildən müddətsiz əlildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi onun ##.##.2014-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlil olmağını elektron sistemdə bərpa etməlidir. Onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o, 2014-cü ildə qiymətləndirilmiş və 2-ci qrup müddətsiz əlildir.
7. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim R.Həsənov) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ərizəsində qeyd edilənlərə əsasən ona 2000-2008-ci illər arası müddətli, 2008- 2024-cü illər arası ümumi xəstəlik səbəbindən müddətsiz 2-ci dərəcə əlillik təyin edilmiş və ##.##.2014-cü ildən etibarən əlilliyin səbəbli əlaqəsi dəyişdirilərək, “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar müddəstsiz 2-ci dərəcə əlillik təyinatı aparılmışdır. Lakin, təqdim edilən iş materiallarından görünür ki, iddiaçıya ilk dəfə ##.##.2007-ci ildən ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra onun əlilliyi ##.##.2008-ci ildən müddətsiz olaraq müəyyən edilmiş, növbəti dəfə iddiaçıya təyin edilmiş əlilliyin səbəbli əlaqəsi dəyişdirilərək, ##.##.2014-cü il tarixdən 1 il müddətinə, ##.##.2016-cı il tarixdən isə 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçı tərəfindən təqdim edilən * nömrəli Tibbi Sosial Ekspert Komissiyasının ****** nömrəli arayışından görünür ki, iddiaçıya ##.##.2014-cü ildən etibarən əlilliyin səbəbli əlaqəsi dəyişdirilərək, “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar müddəstsiz 2-ci dərəcə əlillik təyinatı aparılmışdır. Lakin, arxiv məlumatlarında həmin arayışın olması öz təsdiqini tapmamışdır. İddiaçının hüquqi marağı əlavə müayinələr aparılmadan ona ##.##.2014-cü il tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik təyin edilməsi və həmin tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyinin elektron altsistemə daxil edilməsindən ibarətdir. Başqa sözlə, iddiaçının ##.##.2014-cü il tarixli qərar əsasında əlilliyinin bərpa etdirilməsində məqsədi odur ki, həmin inzibati aktla onun müddətsiz əlilliyi müəyyən edilmişdir. İş materiallarında olan sənədlərə əsasən inzibati orqanın ##.##.2014-cü il tarixdən 1 il müddətinə, ##.##.2016cı il tarixdən 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmiş və növbəti müayinə tarixi ##.##.2020-ci ilə təyin edilmişdir. Nazirlər Kabinetinin ** nömrəli 2020-ci il ## ###### tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Başqa sözlə, iddiaçı ##.##.2020-ci il tarixinədək əlilliyi olan şəxs olmuş, bu tarixdən sonra yeni göndəriş təqdim edilmədiyindən onun bu statusu aradan qalxmışdır.
10. İnzibati orqanın ##.##.2014-cü il tarixli qərarı ilə əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, ##.##.2014-cü il tarixli qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4.9-cu bəndinə əsasən TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Qanuna və İnzibati Prosessual Məcəlləyə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
11. Məhkəmə qeyd etmişdir ki, əlilliyin müəyyən edilməsi barədə ##.##.2014-cü il tarixli qərarda əlilliyin müddətsiz olması barədə qeyd olsa da, əlilliyin müddətli, yəni 5 il müddətinə müəyyən olunmasına dair daha sonra ##.##.2016-cı il tarixli inzibati akt qəbul edilmişdir. İddiaçı inzibati orqanın ##.##.2014-cü il tarixli və ##.##.2016-cı il tarixli qərarlarını heç vaxt mübahisələndirməmişdir. Göründüyü kimi ##.##.2016-cı il tarixli inzibati aktın qəbul edilməsi ilə ##.##.2014-cü il tarixli qərar öz hüquqi qüvvəsini itirmiş olur. Beləliklə, ##.##.2014-cü il tarixli qərar sonradan hüquqi qüvvəsini itirmiş inzibati akt olduğundan (ondan sonra ##.##.2016-cı il tarixli yeni inzibati akt qəbul edilmiş və inzibati hüquq münasibətləri məhz bu aktla tənzimlənməkdə davam etmişdir) iddiaçının “## ###### 2014-cü il tarixindən ikinci dərəcə “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar müddətsiz əlillik dərəcəsinin əlillik alt sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi əsaslı hesab edilə bilməz.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026cı il tarixli,
13. *-*(*-*)-**/**** nömrəli qərarı ilə (hakimlər G.Cabbarova – məruzəçi, V.Əzizova və İ.Quliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.
17. Kassator qeyd edir ki, cavabdehin göstərdiyi kimi Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi haqqında TSEK-in arayışının və ya qərarın əsasının arxivdə olmaması onun günahı deyil, arxiv sənədlərinin qorunmasına da cavabdeh özü məsuliyyət daşımalıdır. Ümumiyyətlə nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi həmin sənədin guya mövcud olmamasının səbəbini araşdırmamışdır. Amma həmin sənəddə TSEK-in məsul şəxsinin imzası və möhür vardır və həmin sənədin əsasında əlillik müddəti dəyişdirilmişdir. Əgər sənəd saxta və ya qanunsuz idisə, cavabdeh pensiyanın yalnız müddətini dəyişməməli, əlilliyin təyin edilməsini dərhal dayandırmalı idi. Kassasiya şikayətində “İnzibati icraat haqqında” Qanunun 13, 57.1, 61 və 64cü maddələrinə,
18. “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Qanunun 3-cü maddəsinə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ...
21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. ...
22. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası:
1. Ümumi müddəalar ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. ... 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. ...
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur (bu Qaydanın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əlilliyin müəyyən edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. İnzibati orqanın ##.##.2016-cı il tarixli qərarı ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2016-cı il tarixli qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir.
31. Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4.9-cu bəndinə əsasən TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Qanuna və İnzibati Prosessual Məcəlləyə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
32. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).
33. Məhkəmə kollegiyası qeyd edir ki, əlilliyin müəyyən edilməsi barədə ##.##.2014-cü il tarixli qərarda əlilliyin müddətsiz olması barədə qeyd olsa da, əlilliyin müddətli, yəni 5 il müddətinə müəyyən olunmasına dair daha sonra ##.##.2016-cı il tarixli inzibati akt qəbul edilmişdir. İddiaçı inzibati orqanın ##.##.2016-cı il tarixli qərarını heç vaxt mübahisələndirməmişdir. Göründüyü kimi ##.##.2016-cı il tarixli inzibati aktın qəbul edilməsi ilə ##.##.2014-cü il tarixli qərar öz hüquqi qüvvəsini itirmiş olur.
34. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.