Məhkəmə qərarları › İş №2-1(1-8)-70/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-70/2026

20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-70/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: inzibati orqana məxsus qeyri-yaşayış binasına üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi; iki inzibati orqan arasında yaranan mübahisə, məhkəmə aidiyyəti, inzibati orqanın xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirakı; işin təkrar baxışa göndərilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin cavabdeh Cavabdeh (üçüncü şəxs: İskəndərov Xanverdi İbad oğlu) qarşı “qeyri-yaşayış binasından İskəndərov Xanverdi İbad oğlunun qeydiyyatdan çıxarılması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Cavabdeh müraciət edərək “İskəndərov Xanverdi İbad oğlunun Astara HMS-in qeyri-yaşayış binasına qanunsuz pasport qeydiyyatının ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Cavabdeh Cavabdeh iddiaçıya ünvanlandığı ## ###### 2022-ci il, ***- *****-**** nömrəli imtina məktubu ilə bildirmişdir ki, ##.##.2022-ci il tarixdə Cavabdeh **/**** nömrəli ərizə ilə müraciət edərək Astara şəhəri, Nizami küçəsi ev 70-də yaşayış yeri üzrə qeydiyyatda olan İskəndərov Xanverdi İbad oğlu və onun ailə üzlərini ərizəniz əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş etmisiniz. Yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə zidd olduğu üçün mümkün deyil. Odur ki, qeyd olunan Qanunun tələblərinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz məqsədə müvafiqdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İskəndərov Xanverdi İbad oğlunun Astara HMS-nın qeyriyaşayış binasına qanunsuz pasport qeydiyyatının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qanunsuz məskunlaşma, dövlət əmlakının mənimsənilməsi və torpaq sahəsinin zəbt edilməsi faktlarının araşdırılması məqsədi ilə iddiaçı orqanın rəisi Umayra xanım Tağıyevanın ## ### 2022ci il tarixli ***/EM nömrəli ezamiyyə əmrinə əsasən Hidrometeorologiya Xidmətin əməkdaşları tərəfindən X2 Mərkəzinin (CRHM) X3 baxış keçirilmişdir. Əraziyə baxış zamanı müəyyən olmuşdur ki, iddiaçının balansında olan Astara HMS-nın qeyri-yaşayış binası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ** saylı Lənkəran Ərazi İdarəsi tərəfindən ##.##.2021-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş 801011001337-***** reyestr nömrəli texniki pasporta əsasən 2(iki) anbar, 1 (bir) xidmət otağı istisna olmaqla, yerdə qalan 144.9 kv.m hissəsi əvvəllər stansiyada 1982-ci ildən 2022-ci ilədək Astara Hidrometoroloji stansiyasında müxtəlif vəzifələrdə çalışmış vətəndaş Xanverdi İbad oğlu İskəndərov tərəfindən qeyri-qanuni zəbt olunmuşdur. Cavabdeh tərəfindən verilmiş ##.##.2008-ci il tarixli AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinə əsasən İskəndərov Xanverdi İbad oğlu ünvan 1 ünvanına, Milli Hidometeorologiya Xidmətinin rəsmi razılığı olmadan Astara HMS-nin inzibati binasına pasport qeydiyyatına alınmışdır. Stansiyanın inzibati binasının ətrafında olan və stansiyanın meteoroloji meydançasının yerləşdiyi ərazinin torpaq sahəsi də vətəndaş X.İskəndərov tərəfindən qeyri-qanuni istifadə olunur. Torpaq sahəsinin təxminən 0.10 ha hissəsini qanunsuz istifadə edərək ərazidə müxtəlif növ ağaclar əkmiş və qanunsuz tikililər inşa etmişdir. Cənub RHM-nın Astara HMS-nın yerləşdiyi əraziyə baxış zamanı aşkar edilmiş kobud qanun pozuntularını nəzərə alaraq iddiaçı məhkəməyə müraciət etmək və bu qanun pozuntularını qanun çərçivəsində həll etmək qərarına gəlmiş və Astara Rayon Məhkəməsinə zəbt edilmiş dövlət əmlakının öz hesabına boşaldılması, qeyri-yaşayış obyektinə qanunsuz pasport qeydiyyatının ləğv edilməsinə dair iddia ərizəsi ilə müraciət edilmişdir. Astara Rayon Məhkəməsi iddianı təmin edərək “zəbt edilmiş dövlət əmlakının öz hesabına boşaldılması tələbinə dair“ Azərbaycan Respublikası adından № *(***)-***/**** saylı ## ####### 2022-ci il tarixli “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin balansında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin ** saylı Lənkəran Ərazi İdarəsinin 801011001337-***** reyestr nömrəli texniki pasportuna əsasən Astara HMS-nın qeyri-yaşayış binası və onun yerləşdiyi ərazinin torpaq sahəsi (dövlət əmlakı) cavabdeh İskəndərov Xanverdi İbad oğlu tərəfindən öz hesabına boşaldılsın və iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə təhvil verilməsi barədə” Qətnamə qəbul etmişdir. Pasport qeydiyyatına salınan bina Milli Hidrometeorologiya Xidmətinin balansında olan Astara HMS-na aid olan inzibati bina qeyri-yaşayış obyektidir və bu Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş ************-***** nömrəli texniki pasportda öz əksini tapmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 08.06. 2022-ci il tarixi 22********** nömrəli məktubda, həmin qurum tərəfindən keçirilmiş monitorinq zamanı, X4 yerləşdiyi ərazinin və stansiyanın inzibati binasının Xanverdi İskəndərov tərəfindən qeyri-qanuni zəbt olunması, onun və ailə üzvlərinin dövlət əmlakı olan qeyri-yaşayış obyektinin yerləşdiyi ünvana qanunsuz pasport qeydiyyatına düşmələri aşkar olunmuşdur. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Astara Rayon İcra Hakimiyyəti və Cavabdeh müraciət ünvanladığı qeyd edilmişdir. X3 strateji əhəmiyyətə malik dövlət obyektidir və onun yerləşdiyi ərazidə mövcud olan qeri-yaşayış obyektinə (Astara HMS-nın inzibati binası) kənar şəxslərin Milli Hidrometeorologiya Xidmətinin rəsmi razılığı olmadan pasport qeydiyyatına alınması kobud qanun pozuntusudur və ləğv edilməlidir.

5. Şirvan İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə İskəndərov Xanverdi İbad oğlunun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

6. Şirvan İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə, hazırkı iddia tələbinə dair inzibati iş üzrə icraat, Astara Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib, qanuni qüvvəyə minənədək dayandırılmışdır.

7. Qeyd olunan mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarında aşağı instansiya məhkmələrinin qərarlarını qüvvədə saxlamışdır və hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh İskəndərov Xanverdi İbad oğlu tərəfindən mübahisəli evin xidməti ev olduğu, cavabdeh İskəndərov Xanverdi İbad oğlunun və onun ailə üzvlərinin orada qanuni əsaslarla yaşadığı bildirilsə də, bu barədə heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Belə ki, zəbt edilmiş dövlət əmlakı cavabdeh İskəndərov Xanverdi İbad oğlu tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Həmçinin iddia tələbinin qeyri-yaşayış obyektinə qanunsuz pasport qeydiyyatının ləğv edilməsi ilə bağlı məsələlər aidiyyəti üzrə mülki məhkəmə icraatına aid olmadığından iddia bu hissədə təmin edilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə əsasən, pasport qeydiyyatının ləğv edilməsi ilə bağlı məsələlər inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. Şirvan İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə hazırkı inzibati iş üzrə icraat təzələnmişdir.

9. Daha sonra Şirvan İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ilə iddia tələbinə “iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən qeyri yaşayış binasından İskəndərov Xanverdi İbad oğlunun qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır.

10. Şirvan İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərarı (hakim – A.Hüseynova) ilə iddianın təmin edilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, üçüncü şəxsin iddiaçıya məxsus olan qeyri-yaşayış binasında yaşamaması və qeydiyyatının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Beləliklə, iddia təmin edilməli, üçüncü şəxs İskəndərov Xanverdi İbad oğlunun ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmalıdır.

12. Üçüncü şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması haqqında qərar çıxarılmasını xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən – S.Həsənov, hakimlər – F.Hüseynov, A.Novruzova) ##.##.2024-cü il tarixli, **(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Şirvan İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.

14. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini onunla izah etmişdir ki, mübahisənin hər iki tərəfində inzibati orqan çıxış edir. Lakin həmin orqanların heç biri ayrı-ayrılıqda onların hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu inzibati məhkəmədə mübahisələndirə bilməzlər. Belə ki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin, başqa sözlə dövlətin adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqları” onların bilavasitə özlərinə deyil, dövlətə məxsus hüquqlardır. Başqa sözlə, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı mübahisə icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyildir. Dövlət orqanlarının aralarında yaranmış aidiyyət və ya səlahiyyətlərlə əlaqədar mübahisələr inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan inzibati (publik) hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilmədiyindən, hazırkı iddia inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmayan iddiadır.

15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. İddiaçının kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * saylı, ## ##### 2015-ci il qərarına əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Mübahisələndirilən qərardada plenumun Qərarına istinad olunsa da, yaranmış mübahisəyə düzgün qiymət verilməyərək tələbin inzibati məhkəmə icraatı üçün mümkünsüzlüyü qənaətinə gəlinmişdir. Lakin 3-cü şəxslərin istifadə hüququna qüvvəyə minmiş məhkəmə aktı ilə xitam verildiyi halda, həmin şəxslərin pasport qeydiyyatından çıxarılmanın başqa hansı yolunun olması məhkəmə tərəfindən mübahisələndirilən qərardadda göstərilməmişdir. Cavabdehin imtinasından sonra, hansısa yuxarı instansiyaya müraciət edib 3-cü şəxslərin pasport qeydiyyatından çıxarılması əsasları qanunvericiliklə nəzərdə tutulmadığından, tələbin cavabdehin üzərinə öhdəliyin qoyulması tələbi ilə inzibati məhkəmə icraatında baxılmasından başqa yolu qanunvericiliklə nəzərdə tutulmamışdır. Mübahisələndirilən Qərardadda “İnzibati İcraat haqqında” Qanuna istinad olunsa da, Qanunun hansı tələbin əsasən iki inzibati orqan arasında yaranan mübahisənin inzibati məhkəmə icraatının mümkünsüzlüyünə əsas olması öz əksini tapmır. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunu formal olaraq qeyd etməklə, Qanun hansı tələbinin pozulması göstərilməmişdir. Bununla da yanlış olaraq Qanuna istinad olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qanun tələbinə baxdıqda istifadə hüququna xitam verilməsi, gələcəkdə həmin şəxsin pasport qeydiyyatından çıxarılması üçün əsasdır. İşin faktiki halı ondan ibarətdir ki, 3-cü şəxslərin istifadə hüququna məhkəmə aktı ilə xitam verildiyindən, onların iddiaçının mülkiyyətində olan əmlakda pasport qeydiyyatında qalması üçün heç bir hüquqi əsas qalmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati və Mülki Kollegiyaları 3-cü şəxslərin maraqlarına uyğun məhkəmə aktları qəbul etməklə, iddianın təmin olunmaması istiqamətində süni maneələr yaradılmışdır. 3-cü şəxslərin iddiaçıya məxsus əmlakda istifadə hüquqlarına xitam verilmişdir. Əmlakın statusu iddianın mahiyyətini dəyişə bilməz və iddiaçının hüquqlarını məhdudlaşdıra bilməz. AR Ali Məhkəməsinin qəbul etdiyi Qərarla bu mübahisə üzrə iddianın inzibati Məhkəmə icraatında qaldırılmasına dair nəticəyə gəlindiyindən, Şirvan Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının tələbin mümkünsüzlüyü ilə bağlı qəbul etdiyi qərardad ləğv olunmalıdır.

b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Maddə 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Maddə 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Maddə 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətdir. Maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 4.3. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 9 . Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədəyaşayış yeri seçdikdə— müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında

20. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, kassasiya şikayəti təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Buna dair mövqeyini məhkəmə kollegiyası aşağıdakılarla əsaslandırır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərardadı ilə iddiaçının kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, **(***)- ***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün hesab edilərək iş yazılı icraat qaydasında baxılması üçün qəbul edilmişdir.

25. Məhkəmə kollegiyası bildirir ki, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadındakı hüquqi mövqeyə görə, dövlət orqanlarının aralarında yaranmış aidiyyət və ya səlahiyyətlərlə əlaqədar mübahisələr inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan inzibati (publik) hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilmədiyindən, hazırkı iddia inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmayan iddiadır.

26. Bununla belə, iddiaçı tərəfindən ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qərarında qeyd olunmuşdur ki, qeyri-yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yoxlanılmalı olmadığı, istifadə hüququna xitam adı ilə qaldırılmış, lakin əslində qeyri-yaşayış sahəsinə qanunsuz şəkildə pasport qeydiyyatına düşdüyü iddia olunan cavabdehlərin məhz bu qeydiyyatın ləğv edilməsinə yönəlmiş iddiaya mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması və həmin mübahisəli hüquq münasibətlərinin inzibati qanunvericiliyə uyğun qaydada həll edilməli olması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

27. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı məhz üçüncü şəxsin qeyri-yaşayış binasına qanunsuz pasport qeydiyyatının ləğv edilməsinə yönəlmişdir. Hazırkı mübahisələndirilən qərardadda əks olunmuş iddia tələbinə inzibati icraat qaydasında baxılmalı olmaması barədə məhkəmə kollegiyasının hüquqi mövqeyindən sonra iddiaçı iddia predmetini və cavabdehi dəyişərək bu hüquqi marağını mülki məhkəmə icraatı qaydasında davam etdirmişdir. Buna baxmayaraq həmin mülki iş üzrə kassasiya instansiya məhkəməsinin qərarı ilə iddiaya mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması və həmin mübahisəli hüquq münasibətlərinin inzibati qanunvericiliyə uyğun qaydada həll edilməli olduğu bildirilmişdir. Məhz bu mövqedən sonra iddiaçı hazırkı inzibati iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadını mübahisələndirmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, həm iddiaçının (Milli Hidrometeorologiya Xidməti), həm də cavabdehin (Cavabdeh) inzibati orqan olması faktı özlüyündə hazırkı işin, “İnzibati icraat haqqında” Qanunun 4.3-cü bəndinin və İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinin mənasına görə dövlət orqanlarının aralarında yaranmış aidiyyət və ya səlahiyyətlərlə əlaqədar mübahisə kimitəsnifatlandırılması üçün əsas vermir.

29. Belə ki, iki dövlət orqanı arasındakı hər mübahisə avtomatik olaraq səlahiyyət və aidiyyət mübahisəsi sayılmır. İnzibati hüquqda iki və ya daha çox inzibati orqanın səlahiyyət və ya aidiyyət mübahisəsi eyni bir ümumi (publik) hüquqa dair məsələnin həllində səlahiyyətin məhz kimə məxsus olması (müsbət səlahiyyət mübahisəsi) və ya hər iki orqanın həmin məsələyə baxmaqdan imtina etməsi (mənfi səlahiyyət mübahisəsi) hallarında yaranır. Hazırkı işdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi pasport qeydiyyatına alma və ya qeydiyyatdan çıxarma səlahiyyətinin ona aid olmasını və yaxud cavabdeh orqana aid olmamasını iddia etmir. Bu səlahiyyətin birmənalı olaraq cavabdeh Polis Şöbəsinə aid olması tərəflər arasında mübahisə doğurmur.

30. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * saylı, ## ##### 2015-ci il qərarın 4-cü bəndində qeyd edilir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

31. Hazırkı mübahisədə iddiaçı qismində çıxış edən inzibati orqan (Milli Hidrometeorologiya Xidməti) hakimiyyət səlahiyyətlərini icra edən subyekt kimi deyil, balansında olan, yəni səlahiyyətlərinin icrası üçün ona təhkim edilmiş dövlət əmlakının (Astara HMS-nın qeyri-yaşayış binasının) hüquqi sahibi qismində çıxış edir. Üçüncü şəxsin həmin ünvana qanunsuz qeydiyyata alınması iddiaçının əmlakdan istifadə və sərəncam hüquqlarına maneə yaradır. İddiaçı (Milli Hidrometeorologiya Xidməti) hazırkı halda dövlət orqanı kimi öz səlahiyyətini həyata keçirmir, o, xüsusi hüquq subyekti kimi balansında olan əmlaka yönəlmiş xarici publik müdaxilənin (Polis şöbəsinin sözügedən qeyri-yaşayış binasına üçüncü şəxsi yaşayış yeri üzrə qeydiyyat alması) aradan qaldırılmasını tələb edir.

32. İddiaçının tələbi mahiyyətcə əşya hüququnun pozulmasının aradan qaldırılmasına yönəlib. Lakin pozuntu digər şəxsin fərdi hərəkəti ilə deyil, inzibati orqanın publik hərəkəti (qeydiyyata alma) ilə baş vermişdir. Şəxsin (istər fiziki, istərsə də hüquqi şəxs və ya dövlət orqanının) öz əmlakından maneəsiz istifadə etmək hüququ Konstitusiya ilə qorunur. Dövlət orqanının bu əmlaka başqa bir şəxsi qeydiyyata alması qeyri-qanuni inzibati yük yaradır. Bu müdaxilənin mənbəyi publik hüquq (yaşayış yeri üzrə qeydiyyat qaydaları) olduğu üçün, onun ləğvi və müdafiəsi də yalnız inzibati prosessual normalarla həyata keçirilməlidir.

33. İddiaçı hüquqlarının bərpası üçün məhz cavabdehin publik-hüquqi vəzifəsinin yanlış icrası səbəbindən müraciət edir. İddia tələbi, cavabdeh inzibati orqanın müstəsna səlahiyyəti çərçivəsində olan və qanunla onun üzərinə düşən öhdəliyin icra edilməsinə (qanunsuz qeydiyyatın ləğv edilməsi şəklində inzibati hərəkətin edilməsinə) yönəlmişdir. Bu isə İnzibati Prosessual Məcəllənin tələblərinə görə öhdəliyin icrası iddiasının predmetidir. Eyni faktiki hallar üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının (##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli) qərarında da vurğulandığı kimi, mübahisə əmlakın mülki dövriyyəsi ilə bağlı deyil, yaşayış yeri üzrə qeydiyyatının qanuniliyindən ibarətdir. İddiaçının inzibati orqan olması bu hərəkətin publik hüquqi təbiətini və mübahisənin inzibati məhkəmə aidiyyətini dəyişdirmir. Yaşayış yeri üzrə qeydiyyatın ləğvi müvafiq dövlət reyestrində məlumatların dəyişdirilməsi – yəni faktiki hərəkətin edilməsini tələb edir. Dövlət orqanının inzibati reyestrlərdə qeydiyyat aparması və ya onu silməsi birbaşa inzibati fəaliyyət növüdür. Bu fəaliyyətin icrasına məcbur etmək isə yalnız inzibati məhkəmələrin səlahiyyətindədir.

34. Beləliklə, hazırkı iş iki inzibati orqan arasında səlahiyyət bölgüsü (aidiyyət) üzrə yaranmış mübahisə deyil. Bu, iki inzibati orqan arasında yaranan hüquq münasibətində bir inzibati orqanın (əmlak istifadəçisi qismində) xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak edərək digər inzibati orqandan (qeydiyyat orqanı qismində) hakimiyyət səlahiyyətlərinin subyekti kimi ona xas olan fəaliyyəti həyata keçirməyi və öz səlahiyyəti daxilində üzərinə düşən öhdəliyin icrasını (üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatının ləğvini) tələb etdiyi inzibati mübahisədir. Bu səbəbdən, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətin aparılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)***/**** nömrəli qərardadı ləğv edilsin və iş sonrakı prosessual hərəkətin aparılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar