Məhkəmə qərarları › İş №2-1(1-8)-707/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-707/2026

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-707/2026 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ərazi aidiyyətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun məxsusluğu barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, ümumi sahəsi 0,20 hektardan ibarət, *** nömrəli bağ sahəsinin ##.##.1977-ci ildə vəfat etmiş Seyfulla Rəcəb oğluna məxsusluğunu təsdiq edən arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin (hakim: Emin Abdullayev) ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

3. Bakı İnzibati Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddia bağ sahəsinin mərhum şəxsə məxsusluğu barədə arayışın verilməsi ilə bağlıdır. Bu səbəbdən, hazırkı iddia ərizəsinə ərazi aidiyyət qaydalarına uyğun olaraq iddiaçının iddia etdiyi bağ sahəsinin yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. Qeyd edilməlidir ki, iddiaçı iddia tələbində iddia etdiyi bağ sahəsinin Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşdiyini bildirsə də, cavabdeh iddia ərizəsinə yazılı etirazında sözügedən sahənin 1250 kv.m hissəsinin Abşeron rayonunun inzibati sərhədləri daxilində yerləşdiyini qeyd etmişdir. Həmçinin, məhkəmə sorğusu əsasında əldə edilmiş mübahisəli bağ sahəsinin ortofoto görüntüsünə nəzər saldıqda, həmin torpaq sahəsinin bir hissəsinin Bakı şəhərinin, bir hissəsinin isə Abşeron rayonunun inzibati ərazisi daxilində yerləşdiyi müəyyən edilir. Belə olan halda, İPM-in müstəsna aidiyyətlə bağlı normalarına əsasən, işə baxmağa səlahiyyətli məhkəmənin müəyyən edilməsində çətinlik yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı işə baxmaqda səlahiyyətli məhkəmənin Bakı İnzibati Məhkəməsi, yoxsa Sumqayıt İnzibati Məhkəməsi olmasını müəyyən etmək üçün iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir.

TƏTBİQ EDİLƏN HÜQUQ

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Maddə 8.3. Mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. Maddə 9.1. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: 9.1.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. Maddə 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. Maddə 9.3. Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır.

5. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının ## ###### 2019-cu il tarixli, * nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”

AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

6. Məhkəmə kollegiyası hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

7. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi sözügedən bağ sahəsinə mülkiyyət hüququnun mərhum atasına məxsus olması barədə arayışın verilməsinə nail olmaqdan ibarətdir.

8. İPM-in 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır.

9. İş üzrə materiallardan görünür ki, “Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” ##.##.1967-ci il tarixli müqaviləyə əsasən Bakı şəhər XDSnin İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti tərəfindən iddiaçının mərhum atası Seyfulla Rəcəb oğlunun icarəsinə Zirə qəsəbəsinin ərazisindən bağ sahəsi ayrılmışdır. Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan iddiaçı da 1967-ci ildən hazırkı vaxtadək həmin bağ sahəsində yaşadığını bildirir və hazırkı iddianı da bu səbəbdən Bakı İnzibati Məhkəməsində qaldırmışdır.

10. Nəzərə almaq lazımdır ki, ərazi üzrə məhkəmə aidiyyəti prosessual qənaət prinsipinin, daha az məsrəflər hesabına iş üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması məqsədlərinə xidmət edir. Bundan əlavə, məhkəmə icraatının səmərəliliyi baxımından hazırkı mübahisəyə münasibətdə ərazi aidiyyəti müəyyən edilərkən, həmçinin sübutların daha çox və əlçatan olduğu yer, eləcə də iddiaçının qeydiyyatda olduğu və faktiki yaşadığı yer də nəzərə alınmalıdır.

11. Mübahisə üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün İPM-in 8.1.1-ci maddəsinin tətbiqinin mümkün olmadığı hallarda belə, iddianın növü və işin faktiki halları nəzərə alınmaqla, İPM-in 8.1.2-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydasının da tətbiqi inzibati prosessual qanunvericiliyin məqsədləri və mahiyyəti baxımından mümkün hesab edilə bilər.

12. İPM-in 8.1.2-ci maddəsinin məzmunundan göründüyü kimi, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. Hazırkı mübahisəyə münasibətdə həm də nəzərə almaq lazımdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin ##.##.2025-ci il tarixli əmrinə əsasən, məhkəmə mübahisələrində tərəf və ya üçüncü şəxs qismində artıq yerli qurumlar deyil, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin özü çıxış edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri isə səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. İddiaçı da, qeyd edildiyi kimi, Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatdadır. Bu baxımdan, iddiaçının yaşayış yeri də “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən, Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir.

14. Hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğu nəzərə alındıqda, baxılan işə münasibətdə İPM-n 8.1.2-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş aidiyyət qaydası da tətbiq edilə bilər. İPM-in 8.3-cü maddəsinin tələbi kontekstindən yanaşdıqda da belə yanaşma məqbul sayılmalıdır. Belə ki, həmin maddəyə əsasən, mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir.

15. Beləliklə, bu qərarın 10-14-cü bəndlərində qeyd olunanlar baxımından, hazırkı iş üzrə səlahiyyətli məhkəmə Bakı İnzibati Məhkəməsi sayılmalıdır.

16. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun məxsusluğu barədə arayışın verilməsi” tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar