Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-787/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; iddia müddətinin ötürülməsi; elektron inzibati akt və onun təqdim edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. “X1 Kompleksi” MMC-yə ##.##.2010-cu il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, vergi ödəyicisi kimi ** saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır.
2. “X1 Kompleksi” MMC 2023-cü ilin 2-ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi məlumatlarında 902-ci “Gəlirlər" sətirinin 1-ci ayı üzrə göstərilmiş 12.843,37 manat əmək haqqı məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 54 nəfər işçi üzrə 23.708,00 manat əmək haqqı məbləğindən 10.864,63 manat az, 2-ci ayı üzrə göstərilmiş 6.426,76 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 27 nəfər işçi üzrə 13.458,00 manat əmək haqqı məbləğindən 7.031,24 manat az və 3-cü ayı üzrə göstərilmiş 5.648,34 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 21 nəfər işçi üzrə 11.058,00 manat əmək haqqı məbləğindən 5.409,66 manat az əks etdirildiyi müəyyən edilmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərarı əsasında “X1 Kompleksi” MMC-yə 2023-cü ilin 2-ci rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi üzrə 6.991,63 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarın ləğv edilməsi və onun vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimli “X1 Kompleksi” MMC barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərar qəbul etmişdir. Qərara əsasən ** saylı Ərazi Vergilər İdarəsi tərəfindən aparılan kameral yoxlama nəticəsində müəssisənin Vergi Xidmətinə təqdim etdiyi bəyannamə üzrə hesablanmış 7.475,57 manat sosial sığorta və işsizlik sığortası əvəzinə, Vergi Xidməti 14.467,2 manat, yəni 6.991,63 manat əlavə hesablama etmişdir. İddiaçı tərəfindən dəfələrlə müraciət edilməyinə baxmayaraq hər hansı bir əsas olmadan hesablanmış artıq 6.991,63 manatın ləğv edilməsi həyata keçirilməmişdir. Vergi orqanının sistemdə olan işçiləri əsas götürərək sistemdən çıxarış əsasında hamıya hesablama aparması tamamilə yanlışdır. Sistemdə muzdlu müqavilə olsa da, 2-ci rübdən bir çox işçi öz hesabına məzuniyyətdə olub. Bir qisim işçi isə xəstəliyə görə hətta oktyabr ayına kimi müalicədə olduğundan nə işə gəlməyi, nə də tibb arayışı təqdim etmədiyinə görə heç bir hesablama aparılmayıb. Nəticədə həmin işçilər tutduğu vəzifəsindən azad edilərək əmək müqavilələrinə xitam verilib. Buna görə də, ** saylı Ərazi Vergilər İdarəsi tərəfindən hesablama hərəkətləri qanunsuz hesab edilərək, tərtib edilmiş ##.##.2023cü il tarixli, **************** saylı qərar ləğv edilməli, artıq hesablanmış 6.991,63 manat şəxsi hesab vərəqəsindən silinməlidir.
6. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” ## ######## 2023-cü il tarixli, **************** nömrəli qərar iddiaçının elektron qutusuna göndərilmiş, elektron qutuda isə müvafiq olaraq ## ######## 2023-cü il tarixdə, saat 15:11 də oxunmuş və qərardan şikayət vermə müddətini ötürmüşdür. “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü ilin 2-ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi məlumatlarında 902-ci “Gəlirlər" sətirinin 1-ci ayı üzrə göstərilmiş 12.843,37 manat əmək haqqı məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 54 nəfər işçi üzrə 23.708,00 manat əmək haqqı məbləğindən 10.864,63 manat az, 2-ci ayı üzrə göstərilmiş 6.426,76 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 27 nəfər işçi üzrə 13.458,00 manat əmək haqqı məbləğindən 7.031,24 manat az və 3-cü ayı üzrə göstərilmiş 5.648,34 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 21 nəfər işçi üzrə 11.058,00 manat əmək haqqı məbləğindən 5.409,66 manat az əks etdirildiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar “X1 Kompleksi” MMC yə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2023-cü il tarixli **************** saylı məktub göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən kənarlaşmaların səbəbi barədə müvafiq izahat, uyğunsuzluq məktubunda qeyd olunan sənədlər və dəqiqləşdirilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməsi müəyyən edilmiş müddətdə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin 2-ci rübü üzrə ümumilikdə 6.991,63 manat əlavə MDSS, işsizlik və İTS məbləğləri hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli, **************** saylı qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır.
7. Gəncə İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə (hakim G.Əliyeva) iddia mümkün sayılmamışdır.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi mübahisələndirilən qərardan 2023-cü ilin noyabr ayında məlumat tutduqlarını və dərhal məhkəmədə iddia qaldırdıqlarını, həmin qərarı MMC-nin elektron kabinetində oxumadıqlarını bildirsə də, məhkəmə araşdırması zamanı cavabdeh orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən ##.##.2023-cü il tarixli **************** nömrəli qərar iddiaçı ilə vergi orqanı arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında müqaviləyə uyğun olaraq ##.##.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və ##.##.2023-cü il tarixdə saat 15:11-də oxunmuşdur. Göründüyü kimi, iddiaçının sözügedən qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır. Yəni, iddiaçı iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüş və ötürmədiyini iddia edərək, müddətin bərpasına dair ərizə verməmişdir.
9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## #### 2024-cü il tarixli qərardadı ilə (hakimlər: A.Bayramov /sədrlik edən və məruzəçi/, R.Mamedov və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
c. Kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2024cü 13. il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (Hakimlər Z.Quliyev (məruzəçi), N.Rəsulbəyova və K.Bədəlov) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilərək işə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. Kassasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddiası üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlməsi yanlışdır. Belə ki, sözügedən qərar cavabdeh tərəfindən elektron üsulla göndərilsə də, iddiaçının elektron imzanın mövcud olub-olmaması məsələsi ümumiyyətlə apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış, halbuki sözügedən məsələ iş üzrə həlledici xarakter daşıyır.
ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı (Hakimlər Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və R.Məcidov) ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilmiş və iş materiallarının mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. d. Birinci instansiya məhkəməsindəki ikinci icraat
16. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim G.Əliyeva) ilə iddia təmin edilmişdir.
17. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “Sosial sığorta haqqında” Qanunun 14.2-ci maddəsinə görə, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edildiyinə görə ödənilməyən əmək haqqına görə məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarının hesablanması əsassız sayılmalıdır. Digər tərəfdən, məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarına görə, cavabdeh vergi orqanı iddiaçı Cəmiyyət tərəfindən təqdim edilmiş 2023-cü ilin 2-ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi məlumatlarını deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş məlumatları əsas götürmüş, yəni iddiaçının istinad etdiyi halları– faktiki işə cəlb olunan işçilərə cəlb olunduqları günlərə görə ödənilmiş əmək haqqına münasibətdə hesablanmış MDSS, İTS və işsizlikdən sığorta haqlarının məbləği ilə razılaşmamışdır. Lakin eyni hal üzrə iddiaçı Cəmiyyətin təqdim etdiyi 2023-cü ilin 4-cü rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi məlumatlarını qəbul etmişdir. Cavabdeh vergi orqanı tərəfindən eyni mühüm faktiki hallara dair rüblər üzrə müxtəlif qərarlar qəbul edilmiş və fərqli yanaşmanın səbəbləri əsaslandırılmamış, o cümlədən “ağlabat mütənasiblik” meyarına uyğunluğuna dair dəlillər gətirilməmişdir ki, bu da inzibati icraat haqqında qanunvericiliyin tələblərinə ziddir.
18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
e. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
19. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə (Hakimlər: A. İsgəndərova (sədrlik edən və məruzəçi), A.Bayramov və R.Mamedov) Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ləğv edilərək iddia mümkün sayılmadı.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 62.2-ci və Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən, elektron üsulla göndərilmiş inzibati akt göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Cavabdeh inzibati orqanın ##.##.2023-cü il tarixli **************** nömrəli qərarı iddiaçı ilə vergi orqanı arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında müqaviləyə uyğun olaraq ##.##.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və ##.##.2023-cü il tarixdə saat 15:11-də oxunmuş, məhkəməyə isə ##.##.2023-cü il tarixində müraciət edilmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya məhkəməsi “Elektron imza və elektron sənəd haqqında” Qanunun 6.1, 22.3 və 27.3.2-ci maddələrini nəzərə almamışdır. Həmin normalara əsasən, dövlət orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi gücləndirilmiş elektron imza ilə aparılmalı, elektron sənədin həqiqiliyi təsdiqlənmədiyi halda isə həmin sənəd göndərilməmiş hesab edilməlidir. Buna baxmayaraq, məhkəmə yalnız elektron kabinetə göndərilmə ilə bağlı ümumi çatdırılma prezumpsiyasını tətbiq etmişdir.
22. Kassasiya şikayətində həmçinin qeyd olunur ki, iş üzrə əvvəlki prosessual mərhələlərdə Ali Məhkəmənin ##.##.2024-cü il tarixli qərarı ilə iddianın mümkün sayılmaması barədə əvvəlki apellyasiya qərardadı ləğv edilmiş, bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmış və iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Şikayətçinin fikrincə, apellyasiya məhkəməsinin sonradan eyni iddia müddəti məsələsini yenidən əsas götürməsi yuxarı məhkəmənin qərarından irəli gələn prosessual nəticəyə zidd olmuşdur.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. Vergi Məcəlləsi: Maddə 70. Vergi ödəyiciləri ilə yazışma ... 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: ... 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur.
25. “İnzibati icraat haqqında” Qanun: Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir.
26. “Elektron imza və elektron sənəd haqqında” Qanun Maddə 1.1.5.Gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; Maddə 6.1. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. Maddə 22.1. Elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir. Maddə 22.2. Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində qeyd edilir. Maddə 22.3. Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur. Maddə 24.4. Eyni şəxs tərəfindən kağız daşıyıcıda və elektron formada tərtib edilmiş eyni məzmunlu sənədin hər biri müstəqildir və bərabər hüquqi qüvvəyə malikdir. Bu halda kağız daşıyıcıdakı sənəd elektron sənədin surəti sayılmır.
27. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli * nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarı.
30. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə ## ###### 2000-ci il tarixli qərarı.
31. Avropa İnsan Hüquqları Məhkəməsinin “Novakovic Xorvatiyaya qarşı” iş üzrə ## #### 2015-ci il tarixli qərarı.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
36. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir.
37. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması ilə yanaşı iddia müddətinə də riayət edilibedilməməsi yoxlanılmalıdır.
38. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
39. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» ## ##### 2015-ci il tarixli * №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (Qərarın 1.1, 1.3, 1.4, 2.1 və 2.3-cü bəndləri).
40. Göründüyü kimi, iddianın mümkünlüyünə dair tələblər həm İPM-də, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında təsbit edilmişdir.
41. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında fərqli hüquqi yanaşma ifadə olunsa da, oxşar hüquqi məsələ üzrə sonradan formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, inzibati aktın elektron üsulla göndərilməsi onun təqdim olunması formalarından biri kimi qəbul edilir və belə halda iddia müddətinin axımı qanunvericilikdə müəyyən edilmiş qaydada hesablanmalıdır.
42. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsi inzibati akt barədə məlumat verilməsi ilə bağlı məsələləri tənzimləyir. Belə ki, həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.
43. Göründüyü kimi, qanunvericilik inzibati akt barədə məlumat verilməsinin-təqdim edilməsinin bir üsulu kimi elektron üsulu təsbit etmişdir. “Elektron üsulla göndərmək” ifadəsi hüquqi və texniki kontekstdə sənədin və ya məlumatın ənənəvi kağız daşıyıcıdan fərqli olaraq elektron kommunikasiya vasitələri ilə qarşı tərəfə çatdırılmasını nəzərdə tutur və bu bir neçə formada təzahür edə bilər: sənədin elektron fayl (məsələn, skan edilmiş nüsxə və s.) şəklində rəsmi e-poçt ünvanına ötürülməsi, elektron sənəd dövriyyəsi sistemləri vasitəsilə sənədin göndərilməsi və digər elektron rabitə vasitələrindən istifadə edilməsi (rəsmi mobil tətbiq, avtomatlaşdırılmış mesajlaşma sistemi, elektron inteqrasiya platformaları və s.).
44. Hazırkı iş üzrə cavabdeh iddiaçıya mübahisələndirilən qərarları Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsi ilə göndərmişdir ki, onun alt sistemi olan “Onlayn kargüzarlıq” sistemi vətəndaşlar və vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinə imkan verən sistemdir. Lakin iddiaçı həmin sənədin elektron sistemdə mövcud olduğunu etiraf etsə də, lakin elektron imza ilə imzalanmadığını bildirmişdir.
45. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.16-cı maddəsinə əsasən elektron sənəd dövriyyəsi informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya prosesləridir. Həmin Qanunun 1.1.15-ci maddəsinə əsasən isə elektron sənəd elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audiogörüntü formasında saxlanılan kontentdir.
46. Göründüyü kimi, “elektron sənəd” və “elektron üsul” anlayışları bir-birindən fərqlənir. Başqa sözlə, elektron sənəd hazırkı kontekstdə inzibati aktın formasını təzahür etdirir, elektron üsul isə mövcud inzibati aktın (formasından asılı olmayaraq) təqdim edilmə formasını əks etdirir.
47. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir.
48. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən elektron sənəd müəyyən tələblərə cavab verməlidir: texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır. Həmin Qanunun 22-ci maddəsinə əsasən elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir: elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində, elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur.
49. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27.2-ci maddəsinə əsasən tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən isə Alan bu hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1.elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2.elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3.elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır.
50. Bununla belə, iddia müddətinin başlanması məsələsi inzibati aktın elektron sənəd kimi tərtib edilib-edilməməsi ilə deyil, onun qanunla müəyyən edilmiş təqdim edilmə üsulu ilə maraqlı şəxsə çatdırılması ilə bağlıdır. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, “İnzibati icraat haqqında” Qanunun 62.2-ci və Vergi Məcəlləsinin 70.2-1.3-cü maddələrinə əsasən, elektron üsulla göndərilmiş inzibati akt göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.
51. İş materiallarından müəyyən edilir ki, cavabdeh inzibati orqanın ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarı iddiaçı ilə vergi orqanı arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” müqaviləyə uyğun olaraq ##.##.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş, ##.##.2023-cü il tarixdə saat 15:11də oxunmuşdur. İddiaçı isə həmin qərarın ləğvi tələbi ilə məhkəməyə ##.##.2023-cü il tarixdə müraciət etmişdir.
52. Beləliklə, hazırkı iş üzrə iddiaçı İPM-in 38.1-ci maddəsində göstərilən 30 günlük iddia müddətini ötürmüşdür.
53. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
54. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə ## ###### 2000-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə ## #### 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21).
56. Odur ki, hazırkı qərarda qeyd olunan prosessual hüquq normalarının tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI
Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.