Məhkəmə qərarları › İş №2-1(1-8)-79/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-79/2026

13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-79/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşların yalnız bir dəfə mənzillə təmin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “qanunvericiliklə müəyyən edilmiş qaydada mənzilin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli, *** nömrəli sərəncamından görünür ki, İddiaçı Goranboy Rayon İcra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli, *** nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı üçüncü dərəcəli əlil kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmışdır. O, yaşayış yerini dəyişdiyindən üçüncü dərəcəli əlil İddiaçı mənzil-uçot işi növbəyə alınma tarixi (##.##.2021ci il) saxlanılmaqla 4 nəfər ailə tərkibi ilə birinci növbədə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin sırasına daxil edilmişdir;

2. “Mənzilin imtiyazlı şəxsə təhvil verilməsi haqqında” ##.##.2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şosesi, Yeni yaşayış kompleksində birotaqlı mənzil İddiaçı təhvil verilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona verilən birotaqlı mənzilin cavabdeh orqan tərəfindən təhvil alınaraq ona ailə fərdlərinin sayı və yerli icra hakimiyyətinin müvafiq sərəncamı nəzərə alınmaqla verilməli olan üçotaqlı mənzilin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 44 günlük şanlı vətən müharibəsinin veteranı və əlilidir. Vətən müharibəsində ## ####### 2020-ci il tarixində ağır yaralandığına görə ordu sıralarından tərxis olunmuşdur. Suqovuşan torpaqlarına girən ilk 3 bölükdən birinin komandiri olmuş və Azərbaycan ordusuna illərlə Azərbaycan zabiti kimi xidmət etmişdir. Goranboy Rayon İcra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli *** nömrəli sərəncamı ilə Vətən müharibəsi əlili olduğu üçün, imtiyazlı mənzil növbəliyinə alınmışdır. Daha sonra yaşayış yerini dəyişdiyi üçün, ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Bu səbəbdən Goranboy RİH-yə müraciət etmiş və Goranboy RİHB-nin ##.##.2022-ci il tarixli, *** nömrəli sərəncamı ilə yaşayış yeri üzrə Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Daha sonra qeyd edilən nüanslar və ailə tərkibi nəzərə alınaraq, Suraxanı RİHB-nin ##.##.2022-ci il *** nömrəli sərəncamı ilə 4 nəfər ailə tərkibi ilə bərabər Suraxanı rayonunda növbəliliyi ##.##.2021-ci il saxlanılmaqla növbəyə dayanmışdır. 2022-ci ilin noyabr ayında, çoxsaylı müraciətlərindən sonra cavabdeh ona ailə tərkibi, yerli icra hakimiyyətinin müvafiq sərəncamı və qanunvericiliyin tələblərini nəzərə almadan, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi MİDA 1 adlanan ərazidə 1 (bir) otaqlı ümumi sahəsi 32-35 kv.m (içdən hesablandıqda isə daha az olan), təxmini olaraq (20- 25 kv.m) mənzil vermişdir. Dəfələrlə şifahi müraciətlər etsə də, qurum və rəsmiləri onun müraciətlərinə məhəl qoymamış və belə bir şeyin mümkün olmayacağını bildirmişlərdir. ##.##.2024-cü il tarixində ilk övladı X1 doğulmuşdur, hal-hazırda isə qeyd etdiyi mənzildə 5 (beş) nəfər yaşayır. 7 ay sonra da bir övladı doğulacaqdır.

5. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ***s nömrəli Sərəncamının icrası çərçivəsində Sosial Xidmətlər Agentliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi, Yeni yaşayış kompleksi, bina 7, giriş 56, mənzil 3, mərtəbə 6 ünvanında 1 (bir) otaqlı mənzil ilə təmin edilmişdir. Həmçinin, adıçəkilən vətəndaş yenidən mənzil ilə təmin edilməsi üçün Sosial Xidmətlər Agentliyinə müraciət etmiş və ##.##.2024-cü il tarixli məktubla iddiaçıya artıq bir dəfə mənzillə təmin edildiyi üçün yeni mənzil ilə təmin edilməsinin qanunvericiliyə uyğun olmaması səbəbi ilə imtina verilmişdir. Bakı şəhəri X3 4-cü sessiyasının 1988-ci il ## ##### tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə görə, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Belə ki, iddiaçının məhkəməyə təqdim etmiş olduğu sənəddə ##.##.2022-ci il tarixində verilmiş Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışda onun həmin tarixdə Goranboy rayonu, Qızılhacılı qəsəbəsi, M.F.Axundov küçəsində qeydiyyatda olması müəyyənləşdirilmişdir. Daha sonra Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin ##.##.2022-ci il tarixli *** №-li sərəncamından göründüyü kimi iddiaçı yaşayış yerini dəyişərək, ünvan 2 ünvanında qeydiyyata alınmış, ##.##.2024-cü il tarixində elektron qaydada mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Agentliyə ərizə ilə müraciət etmişdir. Qeyd etdiyimiz Qaydanın 8-ci bəndinin tələbindən göründüyü kimi onun 5 il ərzində daimi pasport qeydiyyatı Bakı şəhəri olmamış və burada yaşamamışdır.

6. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim – H.Ağalarov).

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh mənzillə təmin etmə icraatı zamanı sərəncamda qeyd edilən ailə üzvlərinin yaşayış yerinin Goranbay rayonu olduğunu aşkar etmişdirsə və iddiaçı tərəfindən əksini iddia edən heç bir dəlil təqdim edilmirsə, iddiaçının yalnız özünü nəzərə alaraq birotaqlı mənzillə təmin etməkdə haqlı olmuşdur. Hətta cavabdeh sərəncamda ailə üzvü kimi göstərilməyən iddiaçının arvadını da nəzərə almışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi uşaqlarının doğulması ilə ailə üzvlərinin sayının artmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı uçota götürüldüyü zaman onun ailə üzvləri sırasına həmin şəxslər daxil olmamışdır. Məhkəmə vurğulamışdır ki, yuxarıda sadalanan mənzil qanunvericiliyinin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı imtiyazlı şəxs kimi dövlət tərəfindən bir dəfə mənzillə təmin edildiyindən onun sosial-məişət şəraitinin yenidən yaxşılaşdırılması üçün əsas yoxdur.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Apellyasiya icraatı zamanı iddiaçının “ona verilmiş bir otaqlı mənzilin təhvil alınaraq sərəncamda göstərilən ailə üzvlərinin sayı nəzərə alınmaqla verilməli olan mənzilin qanunvericiliklə müəyyən edilmiş qaydada kvadrat sahəsi ilə verilməsi” barədə dəqiqləşdirilmə ərizəsi icraata qəbul edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ləğv edilmiş və dəqiqləşdirilmiş iddia tələbi təmin edilmişdir (sədrlik edən – A.Oruczadə, hakimlər – E.Əliyev, F.Mədətli).

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” *** nömrəli ## ###### 2019-cu il tarixli Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən yerli icra hakimiyyəti başçısının əhalinin sosial müdafiəsi və gender bərabərliyi sahələrində səlahiyyətlərinə sosial yardımlara hüququ olan şəxslərin ilkin uçotunun aparılmasını təşkil etmək də daxildir.

13. Göründüyü kimi, həm qeyd edilən Əsasnamədən həm də yuxarıda sadalanan sərəncamlardan aydın görünür ki, yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin uçotunu aparmaq yerli icra hakimiyyətlərinin səlahiyyətindədir. Suraxanı Rayon İcra Hakimiyyətinin sərəncamı da məhz həmin səlahiyyətin icrası gedişatında verilmiş və hazırkı cavabdeh qurum da məhz həmin sərəncamı nəzərə alaraq şəxsi mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan qismində mənzillə təmin etmişdir.

14. Suraxanı Rayon İcra Başçısının sözügedən sərəncamı inzibati akt ləğv edilməmiş, dəyişdirilməmiş, geri çağrılmamış və ya etibarsız hesab edilməmişdir. Belə olduğu təqdirdə bir inzibati qurumun digər inzibati qurumun inzibati aktını-gəldiyi nəticəni fərqli cür şərh etmək səlahiyyəti yoxdur. İddiaçının adına olan və cavabdeh qurumun istinad etdiyi sərəncam konkretdir və həmin sərəncamda iddiaçı 4 nəfər (özü və digər 3 ailə üzvü) olmaqla uçota götürülmüşdür.

15. Cavabdehin qeyd etdiyi məqam-mənzillə təmin edilmə zamanı sərəncamda göstərilən şəxslərin qeydiyyat yerinin Bakı şəhəri olmaması dəlilinə cavab olaraq məhkəmə kollegiyası əvvəla qeyd etmişdir ki, mənzil növbəsində olan şəxsin mənzillə təmin edilən zamanı ailə üzvlərinin fərqli ünvanda qeydiyyatda olması əsası kimi imtina əsası, qadağanedici norma mövcud deyildir.

16. Bundan əlavə iş materiallarında olan Goranboy rayon İcra Hakimiyyəti Başçısının Qızılhacılı qəsəbə i.ə.d üzrə nümayəndəliyi tərəfindən verilmiş ** nömrəli ##.##.2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı nümayəndəlikdə olan məlumata görə 2022-ci il tarixdən ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Həmçinin elektron sistem məlumatlarından görünür ki, sərəncamda iddiaçının ailə üzvü kimi qeyd edilən qardaşı Xəlilov Zaur Rizvan oğlu Azərbaycan Respublikası DNŞ Qaz İxrac İdarəsində əmək müqaviləsi əsasında çalışır.

17. Göründüyü kimi, cavabdeh inzibati icraat zamanı qeyd edilən qanunvericilik normalarına istinad etməmişdir. Hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının faktiki olaraq ailə üzvləri ilə birlikdə yaşadığı mənzildə hər bir ailə üzvünə düşən sahə ayrılma normasından (16 kv.m.) azdır. İddiaçının hər bir ailə üzvünün sayına görə düşən sahə mövcud ayrılma norması nəzərə alındıqda ona ümumi sahəsi 64 kv.metrdən az olmayan mənzil təhvil verilməli idi.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərarı çıxarılmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayəti etiraza uyğun əsaslandırılmış və bildirilmişdir ki, ##.##.2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şosesi, Yeni yaşayış kompleksində birotaqlı mənzil iddiaçıya təhvil verilmişdir. Təhvil verilən mənzillə bağlı iddiaçının heç bir etirazı olmamışdır və öz imzası ilə razılığını təsdiq etmişdir. Göründüyü kimi, iddiaçıya təqdim edilmiş yaşayış sahəsinin qəbul edilməsi faktı təkcə aktın mövcudluğu ilə deyil, həm də iddiaçının həmin aktı imzalamaqla mənzilin ona təhvil verilməsinə və mənzil şəraitinin bu qaydada təmin edilməsinə tam razılıq verdiyini açıq şəkildə təsdiq etməsi ilə sübuta yetirilir. İddiaçı mənzili könüllü şəkildə qəbul etmiş, təhviltəslim zamanı mənzilin otaq sayı, sahəsi və digər xüsusiyyətləri ilə bağlı heç bir irad, etiraz və ya qeydlə çıxış etməmiş, hər hansı şərt irəli sürməmişdir. Bu isə onu göstərir ki, iddiaçı mənzilin faktiki parametrlərindən xəbərdar olmuş və onları qəbul etmişdir.

20. İddiaçı ilkin olaraq uçota alındığı zaman özü, atası, anası və qardaşı olmaqla dörd nəfər Goranbay rayonunda qeydiyyatda olmuş, sonradan yaşayış yerini dəyişməsi ilə əlaqədar ikinci sərəncam qəbul edildiyi zaman onun ailə üzvləri əvvəlki qeydiyyat ünvanlarında qalmışdırlar. Mənzilin verilməsi zamanı aparılmış araşdırma zamanı sərəncamda nəzərdə tutulan ailə üzvlərinin Goranboy rayonunda olduğu nəzərə alınaraq bir nəfərə əsasən birotaqlı mənzil iddiaçıya təhvil verilmişdir.

21. Qanunun tələbindən göründüyü kimi, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsini müəyyən edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar hesab olunurlar. Uçot normasının maksimal ölçüsü yaşayış sahəsinin ayrılma norması kimi 16 kv.m-dən artıq ola bilməz. Deməli, uçot normasının maksimal həddi 16 kv.m kimi qəbul olunur. Şəxsin 37.90 kvadratmetr mənzillə təmin olduğunu nəzərə alsaq, göründüyü kimi, mənzil təminatı qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirmişdir.

22. Bundan başqa, apellyasiya icraatı zamanı iddiaçının tələbinin dəqiqləşdirilməsinə dair ərizə təmin edilmişdir. Azərbaycan Respublikası MPM-ə əsasən, apellyasiya icraatı zamanı tərəflərə yalnız iddianın hüquqi əsasını dəyişmək imkanı tanınır, lakin iddia tələbinin predmetinin və məzmununun dəyişdirilməsinə yol verilmir. Halbuki iddiaçı tərəfindən apellyasiya instansiyasında təqdim edilmiş “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə mahiyyət etibarilə hüquqi əsasın dəyişdirilməsi deyil, iddia tələbinin tamamilə yeni predmetlə əvəz olunması xarakteri daşıyır.

23. Belə ki, birinci instansiya məhkəməsində iddiaçıya verilmiş “1 (bir) otaqlı mənzilin cavabdeh orqan tərəfindən təhvil alınaraq, ailə fərdlərinin sayı və yerli icra hakimiyyətinin müvafiq sərəncamı nəzərə alınmaqla verilməli olan 3 (üç) otaqlı mənzilin verilməsi” tələbi irəli sürülmüş olduğu halda, apellyasiya instansiyasında artıq mövcud mənzilin geri alınması və ailə üzvlərinin sayına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş kvadrat sahədə başqa mənzilin verilməsi tələbi irəli sürülmüşdür. Bu isə iddianın mahiyyətinin dəyişdirilməsi deməkdir və Mülki Prosessual Məcəllənin 372.3-cü maddəsinin tələblərinə açıq şəkildə ziddir.

24. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi iddiaçının bu cür ərizəsini icraata qəbul etməməli, işə yalnız birinci instansiya məhkəməsində irəli sürülmüş tələbin həddləri daxilində baxmalı idi.

25. Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı bəndinə əsasən, dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsidir. Göründüyü kimi, şəxsin mənzillə təmin edilməsi üçün yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması zəruri olsa da, bu Agentliyin mənzillə təmin edərkən, həmin şəxslərin yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsasları yoxlamaq vəzifəsindən azad etmir.

26. Buna baxmayaraq, məhkəmə yerli icra hakimiyyəti orqanının sərəncamını dəyişilməz və mütləq hüquqi qüvvəyə malik akt kimi qiymətləndirmiş, bu sərəncama istinad etməklə Sosial Xidmətlər Agentliyinin qanuni və əsaslandırılmış imtina səbəblərini tamamilə nəzərə almamışdır.

27. Belə ki, məhkəmə qərarında Suraxanı Rayon İcra Hakimiyyətinin sərəncamının ləğv edilməməsini əsas götürərək, həmin sərəncamın icrasının Agentlik üçün məcburi olduğu qənaətinə gəlmişdir. Lakin yerli icra hakimiyyəti orqanının sərəncamının mövcudluğu avtomatik olaraq həmin sərəncamın qanunvericiliyin tələblərinə uyğun şəkildə hüquq yaratması anlamına gəlmir. Məhkəmə isə bu halı nəzərə almadan, icra hakimiyyətinin sərəncamını faktiki olaraq ali və dəyişilməz akt səviyyəsinə qaldırmış, bununla da Agentliyin üzərinə qanunla qoyulmuş yoxlama və qiymətləndirmə funksiyasını əsassız şəkildə sıradan çıxarmışdır.

28. Qeyd olunmalıdır ki, Sosial Xidmətlər Agentliyi fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparır, sosial təminat sahəsində şəxslərin hüquqlarının həyata keçirilməsində normativ hüquqi aktların tələblərini, dövlət imkanlarını və növbəlilik qaydalarını əsas götürür. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

30. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

31. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir; Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. ... 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” ##.##.2019-cu il tarixli, *** nömrəli qərarı: ... Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd edilməlidir.

37. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi ona verilmiş birotaqlı mənzilin təhvil alınaraq sərəncamda göstərilən ailə üzvlərinin sayı nəzərə alınmaqla mənzilin verilməsinə nail olmaqdır.

38. Apellyasiya instansiyası məhkəməsi nəticəyə gələrkən qeyd etmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin sərəncamı da məhz həmin səlahiyyətin icrası gedişatında verilmiş və hazırkı cavabdeh qurum da məhz həmin sərəncamı nəzərə alaraq şəxsi mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan qismində mənzillə təmin etmişdir. Suraxanı Rayon İcra Başçısının sözügedən sərəncamı inzibati akt ləğv edilməmiş, dəyişdirilməmiş, geri çağrılmamış və ya etibarsız hesab edilməmişdir. Belə olduğu təqdirdə bir inzibati qurumun digər inzibati qurumun inzibati aktını - gəldiyi nəticəni fərqli cür şərh etmək səlahiyyəti yoxdur. İddiaçının adına olan və cavabdeh qurumun istinad etdiyi sərəncam konkretdir və həmin sərəncamda iddiaçı 4 nəfər (özü və digər 3 ailə üzvü) olmaqla uçota götürülmüşdür.

39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qərarının ləğvini və iddianın təmin olunmamasının şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2019-cu il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Qərarına əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir.

41. Göründüyü kimi şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsini müəyyən edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar hesab olunurlar.

42. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Goranboy Rayon İcra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı üçüncü dərəcəli əlil kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmışdır. O, yaşayış yerini dəyişdiyindən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli, *** nömrəli sərəncamı ilə üçüncü dərəcəli əlil İddiaçı mənzil-uçot işi növbəyə alınma tarixi (##.##.2021-ci il) saxlanılmaqla 4 nəfər ailə tərkibi ilə birinci növbədə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin sırasına daxil edilmişdir.

43. Bundan başqa, iş materiallarına əlavə edilmiş “Mənzilin imtiyazlı şəxsə təhvil verilməsi haqqında” ##.##.2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şosesi, Yeni yaşayış kompleksində birotaqlı mənzil iddiaçıya təhvil verilmişdir.

44. Həmin aktın məzmunundan görünür ki, iddiaçı püşkatma yolu ilə təqdim olunmuş mənzilin yerindən, mərtəbəsindən və otaq sayından razı olduğunu imza etməklə bildirmiş və mənzil onun tərəfindən təhvil alınmışdır.

45. Beləliklə, iddiaçı artıq güzəştli kateqoriyaya aid şəxs kimi bir dəfə dövlət tərəfindən eyni statusdan irəli gələn əsasla mənzillə təmin edilmiş və iddiaçı tərəfindən həmin mənzil təhvil alınaraq hər hansı etiraz edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının eyni əsasla (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil kimi) yeni mənzillə təmin edilməsi, yaxud mənzil sahəsinin genişləndirilməsini tələb etmək hüququ qanunvericiliklə istisna edilir.

46. İddiaçının dəlillərinə münasibətdə qeyd edilməlidir, iddiaçı Mənzil Məcəlləsində müəyyən edilmiş müvafiq əsasların yaranması halına istinadla, həmin Məcəllədə müəyyən edilmiş ümumi əsaslarla yenidən uçota alınmaq və müəyyən edilmiş qaydada mənzillə təmin edilməsi üçün müraciət etmək hüququ mövcuddur.

47. Məhkəmə kollegiyası bildirir ki, qeyd olunmuş bu mövqe eyni zamanda Ali Məhkəmənin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli üç ulduzlu qərarında əks olunmuşdur. Həmin qərar bildirilmişdir ki, : "...

44. Nəzərə alınmalıdır ki, dövlət büdcəsi və sosial proqramlar məhdud xarakter daşıyır və onların səmərəli istifadəsi dövlətin sosial siyasətinin əsas şərtlərindən biridir. Eyni şəxsə, yaxud onun ailə üzvünə eyni əsasla təkrar mənzil verilməsi sosial siyasətin məqsədlərini zəiflədir və dövlətin digər vətəndaşlar qarşısında daşıdığı sosial vəzifələrin icrasını çətinləşdirir. Bu səbəbdən, sosial dövlət öz vəzifələrini fərdi üstünlüklər yaratmaqla deyil, ümumi ictimai rifahı qorumaqla yerinə yetirir. Mənzil Məcəlləsində baş vermiş yuxarıda sadalanan sonrakı dəyişikliklər də bu qənaəti təsdiq edir.

45. Bu baxımdan, müharibə əlilinə bir dəfə mənzil verilməsi onun müvafiq sərəncamdan irəli gələn mənzil hüququndan “məhrum edilməsi” kimi deyil, dövlətin həmin şəxslə bağlı sosial öhdəliyini artıq icra etməsi kimi dəyərləndirilməlidir. Hüquqi baxımdan burada hüququn ləğvi yox, hüququn məqsədinə çatması mövcuddur. Dövlət sosial dövlət kimi öz vəzifəsini yerinə yetirmiş olur və bu yanaşma sosial ədalət, bərabərlik və dövlət resurslarının rasional istifadəsi prinsipləri ilə tam uzlaşır

46. Nəticə etibarilə, əgər müharibə əlilinə dövlət tərəfindən əvvəllər artıq bu status nəzərə alınmaqla mənzil verilmişdirsə, bu o deməkdir ki, həmin şəxsin statusu ilə əlaqəli mənzilə olan əsas sosial ehtiyacı dövlət tərəfindən təmin edilmişdir. Belə olan halda, ona eyni əsasla və eyni statusa görə ikinci dəfə mənzil verilməsi qanunvericinin güddüyü məqsədlərə uyğun gəlmir. Çünki bu Sərəncam mənzil təminatını imtiyaz kimi deyil, sosial zərurətdən irəli gələn yardım mexanizmi kimi nəzərdə tutur. Müharibə əlilinə bir dəfə mənzil verilməsi onun həmin hüququnun artıq reallaşdırılması kimi qiymətləndirilməlidir. Hüququn məqsədi mənzilə ehtiyacın aradan qaldırılmasıdır və bu məqsəd artıq həyata keçirilmişdirsə, hüququn yenidən tətbiqi üçün hüquqi və sosial əsas qalmır. Əks yanaşma, dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinə və sosial ədalət prinsipinin pozulmasına gətirib çıxara bilər. Bundan başqa, eyni statusa malik olub hələ də mənzil almamış müharibə əlillərinin mövcudluğu şəraitində bir şəxsə təkrar mənzil verilməsi bərabərlik prinsipinə zidd olar. Dövlətin sosial siyasəti bütün müharibə əlilləri arasında ədalətli bölgünü təmin etməyə yönəlmişdir və bu baxımdan prioritet mənzilə hələ də real ehtiyacı olan şəxslərə verilməlidir.

47. Odur ki, iddiaçının arvadına icra hakimiyyəti tərəfindən mənzil verilərkən iddiaçı da ailə üzvü kimi nəzərə alındığından, icra hakimiyyəti tərəfindən mənzil ayrılan vaxt qüvvədə olan normaların tələblərinə riayət edildiyindən, başqa sözlə, iddiaçı artıq güzəştli kateqoriyaya aid şəxsin ailə üzvü kimi bir dəfə dövlət tərəfindən eyni statusdan irəli gələn əsasla mənzillə təmin edildiyindən, onun Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ###### tarixli Sərəncamından irəli gələrək eyni əsasla yeni mənzillə təmin edilməsini, yaxud mənzil sahəsinin genişləndirilməsini tələb etmək hüququ istisna olunur. Bununla yanaşı, məhkəmə kollegiyası izah edir ki, iddiaçı Mənzil Məcəlləsində müəyyən edilmiş müvafiq əsasların yaranması halına istinadla, həmin Məcəllədə müəyyən edilmiş ümumi əsaslarla yenidən uçota alına və müəyyən edilmiş qaydada mənzillə təmin edilə bilər."

48. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

49. Bundan başqa, məhkəmə kollegiyası bildirir ki, iddia tələbi əsassız olduğundan kassasiya şikayətinin digər dəlillərinə münasibət göstərməyi də prosessual qənaət prinsipi baxımından lüzumsuz hesab edir.

50. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar