Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-835/2026 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın qeyri-mümkünlüyü; subyektiv hüquq; kassasiyanın qeyri-mümkünlüyü; vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, 20 yanvar küçəsi, * saylı evin 26 kv.mlik, 2 otaqlı, ** saylı mənzilinin icarə müqaviləsinin Üçüncü şəxs adına bağlanmaqla, mənzilin şəxsi hesabının onun adına dəyişdirilməsinə dair cavabdehin ## ###### 2011ci il tarixli, **** nömrəli sərəncamının ləğv olunmasını xahiş etmişdir.
2. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: K.Ə.Həbibova) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, IPM-in 13-cü maddəsinin tələbinə uyğun qaydada məhkəmə tərəfindən iddiaçıya hüquqi yardıma dair məktub göndərilərək, mübahisələndirilən sərəncamın alınması barədə məlumatın, əgər bu barədə məlumat yoxdursa, prosessual müddətin bərpası barədə ərizənin, bu halı təsdiq edən sübutlarla birlikdə məhkəməyə təqdim edilməsi hüququ izah edilmişdir. Lakin iddiaçı göndərilmiş məktuba münasibət bildirməmiş, iddia qaldırılması üçün müddəti ötürüb-ötürmədiyini hər hansı formada əsaslandırmamış, həmçinin müvafiq hüquqi yardımın göstərilməsi üçün təyin edilmiş məhkəmə iclasında iştirak etməmişdir. Işə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı # #### 2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mənzilə çıxarış və texniki pasportun verilməsini tələb etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin # ####### 2024cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Göründüyü kimi, iddiaçı qeyd edilən məhkəmə icraatı vaxtından cavabdehin mübahisələndirilən sərəncamından məlumatlı olmuş, lakin hazırkı iddia tələbi ilə məhkəməyə ## ###### 2025-ci il tarixdə müraciət etmişdir.
4. Iddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, V.E.Əzizova və İ.R.Quliyev) ## ###### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati iş üzrə iddia müddətinin ötürülməsi əsası ilə iddianın mümkünsüz sayılması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşraq, əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan sərəncam əsasında mənzilə dair icarə müqaviləsi üçüncü şəxsin adına bağlanılmaqla, mənzilin şəxsi hesabının onun adına dəyişdirilməsi qərara alınmışdır. Indiki halda iddiaçı məhz üçüncü şəxs barəsində qəbul edilmiş həmin Sərəncamı mübahisələndirir, tələbin əsası kimi mənzilin verildiyi şəxsin sovxozda işləməməsi, onun sovxozda işləməsi, evlərin sovxozda işləyən şəxslərə verilməsi, arxiv məlumatlarında onların adının olmaması, özü barəsində isə arayışın olması, həmin evin ona verilməli olması, əsassız olaraq müvafiq Sərəncamın qəbul edilməsi kimi hallara istinad etmişdir. Iddiaçı başqa şəxsin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədi mübahisələndirmək üçün ilk növbədə subyektiv hüquqa malik olmalıdır. Başqa sözlə desək, iddiaçı o halda hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik ola bilər ki, onun mübahisə predmeti olan əmlakla hüquqi bağlılığı olsun (əmlak onun qanuni sahibliyində və ya istifadəsində olmalı və ya həmin mənzilin ona verilməsinə dair hüquqmüəyyənedici sənədi mövcud olmalı) və ya sözügedən Sərəncam onun qanunla qorunan hüquq və maraqlarının pozulmasına (və ya pozulması ehtimalına) səbəb olsun. Indiki halda isə məhkəmə araşdırması zamanı sözügedən sərəncam ilə iddiaçının hansı əmlak hüquq və ya qanunla qorunan digər maraqıarının pozulması halı, habelə əmlakla hüquqi bağlılığının olması halı müəyyən edilməmişdir. Iddiaçının istinad etdiyi hallarla bağlı qeyd edilir ki, onun sovxozda işləməsi və bu əsasla ona mənzil ayrılmasına istinad etsə də, mənzilin onun adına ayrılmasına dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir, istinad etdiyi arayış isə məzmun etibarilə mənzil sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Bundan əlavə, işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən mənzil üçüncü şəxsin sahibliyində və istifadəsində olmuşdur. Bu baxımından işin müəyyən edilmiş həmin halları özlüyündə iddiaçının hazırkı məzmunda iddia irəli sürmək üçün subyektiv hüququ olmadığı anlamına gəlməyə əsas verir.
6. Iddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
7. Məhkəmə kollegiyası hesab edir ki, Inzibati Prosessual Məcəllənin 94.2-ci, 96.2- 96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.
11. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. Iddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarları).
12. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mənzilin onun adına ayrılmasına dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir, istinad etdiyi arayış isə məzmun etibarilə mənzil sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilə bilməz. Bundan başqa, işdən görünür ki, sözügedən mənzil üçüncü şəxsin sahibliyində və istifadəsində olmuşdur. Odur ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ yoxdur.
13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə Inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərardadının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.