Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-871/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü, şikayətin imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı cavabdehə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
3. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, həmin qərarın ləğv edilməsi və iddianın təmin olunması xahiş edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı tərəfindən kassasiya şikayəti verilərək, həmin qərarın ləğv edilməsi xahiş edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
9. İnzibati Prosessual Məcəllənin 90.3-cü və Mülki Prosessual Məcəllənin 407.3cü maddəsinin tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə vəkilin orderi əlavə olunmalıdır. Həmçinin şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Kassasiya şikayəti yalnız həmin tələblərə riayət olunmaqla verildiyi hallarda icraata qəbul edilir.
10. Hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmış, vəkilin orderi də kassasiya şikayətinə əlavə edilmişdir. Lakin şikayət iddiaçı (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmamış, eyni zamanda, vəkilin adına verilmiş və şikayəti imzalama səlahiyyətini də nəzərdə tutan etibarnamə şikayətə əlavə edilməmişdir. Qeyd edilən hal isə, şikayət üzrə kassasiyanın mümkün sayılmaması üçün əsasdır.
11. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti iddiaçı (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmadığından, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
12. Məhkəmə kollegiyası qeyd edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının şikayəti üzrə kassasiyanın mümkün sayılmaması hazırkı halda, onun İnzibati Prosessual Məcəllənin 96.3-cü maddəsində təsbit edilmiş dinlənilmə hüququnun pozuntusunu da yaratmır. Belə ki, sözügedən normaya görə, kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır.
13. Dinlənilmə hüququ məhkəmədən mübahisə tərəflərinə öz mövqelərini bildirmək, sübutlarını və dəlillərini təqdim etmək üçün imkan və şərait yaradılmasını, tərəflərlə işin hallarının həqiqi müzakirəsinin aparılmasını tələb edir.
14. Məhkəmənin dinlənilmə hüququnu təmin etməklə bağlı vəzifəsi ilk növbədə, baxılmaqda olan iddia və ya şikayət barədə tərəfləri məlumatlandırmaqdan ibarətdir. Dinlənilmə hüququnun tam təmin edilə bilməsi üçün məzmunla bağlı tələblərə də riayət olunmalıdır. Belə ki, məhkəmə yalnız baxılmaqda olan iş və ya şikayət barədə məlumat verməməli, həm də məlumat verməklə bağlı vəzifəsini elə qaydada icra etməlidir ki, tərəflər mübahisə və ya şikayətlə bağlı işin faktiki və hüquqi vəziyyəti barədə dolğun məlumat sahibi olsunlar. Tərəflər yalnız bu qaydada məlumat sahibi olduqda iddiaya, etiraza və ya şikayətə dair məzmun baxımından öz mövqelərini ətraflı və məhkəmənin gözlədiyi şəkildə göstərə, eləcə də öz dəlillərini və sübutlarını lazımi qaydada təqdim edə bilərlər. Məhkəmə dinlənilmə hüququ ilə bağlı vəzifələrini məhkəmə iclasında işin faktiki və hüquqi vəziyyətini proses iştirakçıları ilə müzakirə etməklə icra edə biləcəyi kimi, tərəflərə ünvanlandığı məhkəmə bildirişləri, sərəncamlar və digər yazışmalar vasitəsilə də yerinə yetirə bilər.
15. Bu mənada, iş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah” tərəflərə rəsmi qaydada təqdim olunmuşdur. Həmin izahda kassasiya şikayəti verilməsi qaydası tərəflərə ətraflı izah edilmiş, həmin tələblərə əməl olunmayacağı halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
16. Qeyd edilməlidir ki, həmin izah kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatın göndərildiyi kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri, xüsusən də şikayətə dair formal tələblərə əməl olunması ilə bağlı tələblər nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.
17. Lakin iddiaçı tərəfindən kassasiya şikayəti verilərkən izahda göstərilən tələbə (kassasiya şikayətinin onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanması barədə) əməl olunmamışdır.
18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.