Məhkəmə qərarları › İş №2-1(1-8)-873/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-873/2026

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-873/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İbrahimova Sədaqət Elçin qızının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü, şikayət üzrə müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İbrahimova Sədaqət Elçin qızının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “nəqliyyat vasitəsinin cərimə meydançasından götürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. İbrahimova Sədaqət Elçin qızı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ““RENAULT” markalı ** RK *** nəqliyyat vasitəsinin cərimə meydançasından tərəfindən götürülməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim – L.Musayeva).

3. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)- ***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Oruczadə, hakimlər – E.Əliyev, F.Mədətli).

5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ

6. İş kassasiya instansiyasına daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət müddət ötürülməklə verilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

9. İş materiallarından görünür ki Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” ilə birlikdə poçt xəbərnaməsinə imza edilməklə ##.##.2026-cı il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. İddiaçı isə ##.##.2026-cı il tarixdə kassasiya şikayəti vermişdir.

10. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya qərardadla birlikdə göndərdiyi izahda qeyd edilmişdir ki, kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları onların tələbləri təmin olunmadıqda apellyasiya instansiyası məhkəməsinin qərarından 1 ay, qərardadından isə 10 gün müddətində kassasiya şikayəti verə bilərlər. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır.

11. Lakin iddiaçı izahda göstərilən tələbə (kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir) əməl etməmiş, kassasiya şikayəti qanunda nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verilmiş, müddətin buraxılmadığına dair sübutlar, o cümlədən şikayət üzrə müddətin üzürlü səbəbdən buraxılmasına dair ərizə verməmişdir.

12. Bundan başqa, iş materiallarından görünür ki, kassasiya şikayəti verildikdən sonra apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım edilərək şikayətin prosessual müddət ötürülməklə verilməsi barədə məlumat verilmişdir.

13. İddiaçı isə ərizə təqdim etmiş, ərizəsində qərardadın ##.##.2026-cı il tarixdə əldə edildiyini, şikayətin isə ##.##.2026-cı il tarixdə verildiyini bildirərək prosessual müddətin ötürülməməsini irəli sürmüşdür.

14. Məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edərək bildirir ki, mülki və cinayət prosessual qanunvericiliyindən fərqli olaraq inzibati prosessual qanunvericiliyində kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin axımının başlanğıcı qərardadın əldə edildiyi gündən hesablanır. Belə olan halda, qərardadın elektron kabinetə yerləşdirildiyi 9 fevral müddətin axımının başladığı birinci gün olmaqla, 18 fevral tələb edilən on günlük müddətin sonuncu günü hesab edilməlidir.

15. Belə ki, İPM-in 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.

16. Həmin Məcəllənin 94.1-ci maddəsinə görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

17. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsas olduğundan, kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbulundan imtina olunmalıdır.

18. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi

Qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)- ***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar