Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-9/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Məmmədov İlham Ziyəddin oğlunun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (“müharibə veteranı adı və vəsiqəsinin verilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Məmmədov İlham Ziyəddin oğlunun cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2016-cı il tarixli *******00004 akt nömrəli qiymətləndirmə məlumatlarından görünür ki, iddiaçıya ##.##.2016-cı ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar 3-cü dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin təyini zamanı iddiaçıya qoyulmuş diaqnoz – “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralaması sol budun aşağı 1\3-nin dəlib keçən güllə yaralanması, Bud sümüyünün sınığı, Bud sümüyünün aşağı ucunun güllə yaralanmasından sonra bud sümüyünün qəlpəli yerdəyişmə ilə bərklənmiş yara çapığı, Oynaqların digər spesifik zədələnməsi, Sol diz və topuq oynaqların hərəkət məhdududluğu kontrakturası sadə və selikli xr bronxit Postramatik sress pozğunluqu” olmuşdur.
2. İddiaçı cavabdehə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün müraciət etmiş, lakin Mərkəzi Arxivin ##.##.2023-cü il tarixli **** nömrəli arayışına əsasən, N nömrəli hərbi hissənin tərkibində ##.##.1993-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığından, Müdafiə Nazirliyi Baş Klinik hospitalından ##.##.1993- ##.##.1993-cü il tarixədək müayinə və müalicə olunduqdan sonra xidmət yerinə qayıtmadığına, habelə qanuni əsaslarla ehtiyata buraxılmadığına görə, ona “Müharibə veteranı” adının verilməsindən imtina olunmuşdur.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ###### 1992-ci il tarixli 700, N nömrəli hərbi hissə komandiri *** nömrəli əmri ilə təlim-tədris batalyonunun *** nömrəli əmri ilə siyahısına daxil edilərək ümumi təchizatla təmin edilmişdir. N nömrəli hərbi hissənin hərbi hissə komandirinin ## ###### 1993-cü il tarixli ** nömrəli əmri ilə ##.##.1993-cü il tarixdə xidmətini davam etdirmək üçün maddi təhcizat taborunun tibb məntəqəsinə göndərmişdir. Aldığı ağır xəsarətə görə hərbi xidmətini davam etdirə bilməmiş, iddiaçıya 2-ci qrup Qarabağ müharibəsi əlilik dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər çərçivəsində Ağdam rayonunun ərazisi uğrunda çevrəsində hərbi xidmət keçmişdir. Hərbi xidmət dövrü ##.##.1992-ci il tarixdən ##.##.1993-cü il tarixədək hərbi xidmət keçmişdir. Bu yaxınlarda Cavabdeh müraciət edərək iddiaçıya müharibə veteranı adı verilməsini xahiş etmişdir. ##.##.2024cü il tarixdə Cavabdeh müharibə veteranı adı verilməsindən imtina edib həmin məktub ##.##.2024-cü il tarixdə çatdırılıb. Cavabdeh təşkilat qərarını əsaslandırmayıb. O hesab edir ki, cavabdeh təşkilatın müharibə veteranı adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Buna görə də, müharibə veteranı adı verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır.
5. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, Komissiyanın ##.##.2024-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, Mərkəzi Arxivin ##.##.2023-cü il tarixli **** nömrəli arayışına əsasən, N nömrəli hərbi hissənin tərkibində ##.##.1993-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığından, Müdafiə Nazirliyi Baş Klinik hospitalından ##.##.1993- ##.##.1993-cü il tarixədək müayinə və müalicə olunduqdan sonra xidmət yerinə qayıtmadığına, habelə qanuni əsaslarla ehtiyata buraxılmadığına görə, ona “Müharibə veteranı” adının verilməsindən imtina olunur.
7. Şəki İnzibati Məhkəməsinin (hakim: E.M.Mustafayev) 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Cavabdeh üzərinə iddiaçı Məmmədov İlham Ziyəddin oğluna “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ##.##.1992-ci ildə N saylı hərbi hissəyə göndərilməsi, ##.##.1993-cü il tarixdə güllə yarası aldığı üçün Müdafiə Nazirliyi Baş Klinik hərbi hospitalda müalicə alması, iddiaçının hərbi xidmət keçdiyi N №-li hərbi hissənin ##.##.1992-##.##.1993-cü illərdə döyüş əməliyyatlarında iştirak etməsi, iddiaçıya döyüş zonasında hərbi xidmət keçərkən «Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralaması sol budun aşağı 1\3-nin dəlib keçən güllə yaralanması, Bud sümüyünün sınığı, Bud sümüyünün aşağı ucunun güllə yaralanmasından sonra bud sümüyünün qəlpəli yerdəyişmə ilə bərklənmiş yara çapığı, Oynaqların digər spesifik zədələnməsi, Sol diz və topuq oynaqların hərəkət məhdududluğu kontrakturası sadə və selikli xr bronxit Postramatik sress pozğunluqu» diaqnozu qoyulması və həmin diaqnoz əsasında iddiaçıya əlilliyin təyin edilməsi işin mübahisəsiz hallarıdır. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi və bununla bağlı travma alması mübahisə doğurmur. İddiaçının qanuni əsasla ehtiyata buraxılma barədə məlumat olmasa da, onun uzun müddət hospitalda müalicə olunması və müalicə olunduğu diaqnoza uyğun əlillik təyinatının aparılması iş materialları ilə sübut olunur. Belə ki, iddiaçının bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması onun xidmət etdiyi hərbi hissəyə qaytarımasına imkan verməmişdir. Belə olan halda, sağlamlıq imkanları hərbi xidmətini davam etdirməyə obyektiv səbəblərdən imkan verməyən iddiaçı barəsində ehtiyata buraxılma barədə əmrin verilməsi cavabdeh orqanın məsuliyyət sferasına daxil edilməli və bunun mənfi nəticələri iddiaçının ziyanına şərh edilməməlidir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin edilmiş şəxsə qarşı ehitaya buraxılma barədə əmrin mövcudluğu tələbinin irəli sürülməsini ədalətli hesab etmir. İddiaçının xidmət etdiyi hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etməsi, döyüş zonasında hərbi xidmət keçərkən travma alması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olması, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsas olmuşdur. Bu səbəbdən cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun sayılmamalıdır.
9. Cavabdeh Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək işi yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər T.H.Həsənov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və V.Ə.Musayev) 2025-ci il ## ###### tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Şəki İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən Komissiyanın ##.##.2024-cü il tarixli imtina məktubunda iddiaçının Mərkəzi Arxivin ##.##.2023-cü il tarixli **** nömrəli arayışına əsasən, N nömrəli hərbi hissənin tərkibində ##.##.1993-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığından, Müdafiə Nazirliyi Baş Klinik hospitalından ##.##.1993-##.##.1993-cü il tarixədək müayinə və müalicə olunduqdan sonra xidmət yerinə qayıtmadığına, habelə qanuni əsaslarla ehtiyata buraxılmadığına görə, ona “Müharibə veteranı” adının verilməsindən imtina olunmuşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2016-cı il tarixli *******00004 akt nömrəli qiymətləndirmə məlumatlarından görünür ki, iddiaçıya ##.##.2016-cı ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar 3-cü dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin təyini zamanı iddiaçıya qoyulmuş diaqnoz – “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralaması sol budun aşağı 1\3-nin dəlib keçən güllə yaralanması, Bud sümüyünün sınığı, Bud sümüyünün aşağı ucunun güllə yaralanmasından sonra bud sümüyünün qəlpəli yerdəyişmə ilə bərklənmiş yara çapığı, Oynaqların digər spesifik zədələnməsi, Sol diz və topuq oynaqların hərəkət məhdududluğu kontrakturası sadə və selikli xr bronxit Postramatik sress pozğunluqu” olmuşdur.
13. Göründüyü kimi tibbi sənədlərə əsasən, iddiaçıya döyüş bölgəsində aldığı zədələr — sol budun aşağı 1/3 hissəsinin dəlib keçən güllə yarası, bud sümüyünün sınığı və qəlpəli yerdəyişmə ilə formalaşmış yara çapığı, oynaqlarda hərəkət məhdudluğu, xroniki bronxit və posttravmatik stres pozuntusu — diaqnozu qoyulmuş və bu əsaslarla ona əlillik təyin edilmişdir.
14. Beləliklə, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçməsi və həmin xidmətlə bağlı xəsarət alması iş üzrə mübahisə doğurmayan hallardandır. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırır ki, “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, xidmət dövründə hərbi hissəni özbaşına tərk etməməsi, qanuni əsaslarla ehtiyata buraxılması da şərtdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respubilkasının Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, “Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.”.
15. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün hazırkı qərarda istinad olunan maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamış, cavabdehin imtinasının və şikayətinin əsası kimi iddiaçının xidmət yerinə qayıtmadığına, habelə qanuni əsaslarla ehtiyata buraxılmadığına görə, ona “Müharibə veteranı” adının verilməsindən imtina olunduğu göstərilmişdir.
16. Cavabdehin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı Məmmədov İlham Ziyəddin oğlunun döyüş əməliyyatlarında iştirak etməsi və yaralanması, uzun müddət müalicə olunması və qeyd olunan yararlanması ilə bağlı ##.##.2016-cı il tarixdə ona əlilik dərəcəsinin təyin edilməsi “Veteranlar haqqında” Azərbaycan Respubilkasının Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasından göründüyü kimi onun Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə aid olmasını təsdiq edir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən ona “müharibə veteranı adının və vəsiqəsinin” verilməsindən imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə istinad olunan Əsasnamənin tələblərinə uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi, o cümlədən döyüş əməliyyatları zamanı xəsarət alması sənədlərlə sübuta yetirildiyindən, o cümlədən istinad olunan Əsasnamənin tələbləri baxımından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
17. Beləliklə, inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən səhvə yol vermiş, iddiaçıya ##.##.2016-cı ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar 3-cü dərəcəli əlillik təyin edilməsini, həmçinin bununla əlaqədar iddiaçıya məxsus Ə004670 seriya nömrəli əlillik vəsiqəsinin verilməsini və iddiaçının döyüş əməliyyatları zamanı xəsarət alması ilə əlaqədar digər sənədləri nəzərə almadan yanlış nəticəyə gəlmiş, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbi düzgün olaraq təmin edilmişdir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd etmişdir ki, qanunverici Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni özbaşına tərk etməyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş, barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə münasibətdə Əsasnamənin tələblərinə uyğun olaraq müharibə veteranı adının və vəsiqəsinin verilməsini qadağan etmiş, belə şəxslər dairəsindən isə məhz Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsləri istisna etmişdir. Yəni, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər hətta döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etdikləri halda belə, onlara münasibətdə bu qayda tətbiq edilir. Yuxarıda qeyd olunan sübutlara məcmu halda qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan cavabdehin ona münasibətdə veteran adının və vəsiqəsinin verilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, onun səbəbli əlaqəsidir.
19. Kollegiya qeyd etmişdir ki, əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə "Veteranlar haqqında” Qanunda, nə də "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Eyni zamanda, qanunvericilikdə istifadə edilmiş "əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir.
20. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, cavabdeh orqan işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı isə qeyd olunmalıdır ki, işin yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması hazırda mübahisələndirilən qərarın ləğvindən sonra asılı tələb olduğundan, həmin qərar isə ləğv olunmadığından apelyatorun qeyd edilən tələbi də təmin edilə bilməz. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini zəruri edən şərtləri sübut edə bilsə də, cavabdeh orqan iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Bu qanunun 3-cü maddəsinin qeyd hissəsinə görə, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”: müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
31. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətində irəli sürülən dəlillərlə eynilik təşkil edir və eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab edilir. Apelyasiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
32. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından “müharibə veteranı vəsiqəsinin verilməsi” tələbi apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ###### tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.