Məhkəmə qərarları › İş №2-1(1-8)-927/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-927/2026

21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-927/2026 21.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina, hərbi xidmətdən qanuni əsaslarla tərxisin müəyyən olunmaması, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. Sumqayıt İnzibati Məhkəməsinin 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim R.Həsənov) iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər V.Əzizova /sədrlik edən və məruzəçi/, G.Cabbarova və İ.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, müvafiq qanunvericilik normalarının tələbinə əsasən müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün bir sıra zəruri şərtlər olmalıdır, həmin şərtlərə şəxsin müvafiq döyüş əməliyyatlarını həyata keçirən hərbi hissənin tərkibində olması (bununla da aparılmış döyüş əməliyyatlarında iştirak etməsi) və həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması halı daxildir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının müharibə veteranı statusu almaq üçün onun hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilməsi, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışlar, həmçinin onun qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə qaydasında öz təsdiqini tapmalıdır. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi müddət üçün həqiqi hərbi qulluqçuların ordu sıralarından tərxis olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı olmamış və bu Fərmandan irəli gələn Müdafiə Nazirinin və hərbi hissə komandirinin iddiaçının hərbi xidmətdən buraxılması və hərbi hissənin siyahısından çıxarılması barədə əmri olmamışdır. İddiaçının təqdim etdiyi özünə məxsus hərbi biletdə onun hərbi xidməti barədə qeydlər olsa da, lakin bu qeydlərin mötəbərliyi nizami hissə üzrə əmrdən çıxarışlar və arxiv arayışları təsdiq olunmur. Belə ki, iddiaçıya hərbi biletin təkrar verilməsinə əsas olmuş sənədlərin, habelə onun şəxsi işinin təsdiq edilmiş surətinin təqdim edilməsi üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə sorğu verilmişdir. Sorğuya cavab olaraq həmin orqan tərəfindən təqdim edilmiş sənədlərdən məlum olur ki, iddiaçının ilkin hərbi biletinin itməsi səbəbindən ona yeni hərbi bilet verilmiş, hərbi biletdə olan ##.##.1994-##.##.1996-cı illərdə N saylı hərbi hissədə xidmət etməsi və ##.##.1996-cı ildə xidmət müddəti bitməsinə görə ehtiyata buraxılması barədə məlumatlar onun xidmət-uçot kartoçkasında olan qeydlərə və N saylı hərbi hissə tərəfindən verilmiş arayış əsasında doldurulmuşdur. Lakin təqdim edilmiş sənədlərə həmin kartoçkanın və istinad olunan arayışın surəti əlavə edilməmişdir. Bundan başqa Cavabdeh apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq verdiyi ##.##.2025-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** nömrəli əmri ilə 3-cü MAT-ın şəxsi heyətinin siyahısına salınması qeyd olunmuşdur. İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ##.##.1994-cü il tarixli müvafiq nömrəli əmrinə əsasən, N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** nömrəli əmrində ştatdan kənar edilərək 3-cü MATın bütün növ təminatlarından çıxarılan hərbi qulluqçuların siyahısında (əsas kimi 3-cü MATın qərargah rəisinin raportu göstərilmişdir) “Саилов Камил Алхан» oğlunun adı qeyd olunmuşdur. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyat kitabında Ağsu RHKnın çağırışçısı “Саилов Камил Алхан» oğlunun hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli 19 N-li əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N nömrəli hərbi hissə komandirinin fevral, mart, aprel, iyun, avqust, dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, yaralanması və N nömrəli hərbi hissə komandirinin iyun 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissənin 1994-cü il tarixli “Yaralıların qeydiyyatı” kitabı və **** nömrəli və N nömrəli hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən hərbi bilet yalnız hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adı verilməsi üçün əsas ola bilər. Göründüyü kimi hərbi hissənin tərkibində xidməti barədə müəyyən məlumatlar olsa da, iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə qaydasında öz təsdiqini tapmamışdır.

4. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

5. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

6. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

7. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

8. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin tələblərinə görə “Müharibə veteranı” adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. İddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Nəzərə almaq lazımdır ki, “Müharibə veteranı” adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir. Tərxis barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibindən qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Bu isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmə faktının tam təsdiq olunmadığına dəlalət edir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadları).

9. Göstərilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin haqlı mövqeyinə uyğun olaraq, arxiv məlumatlarında iddiaçının hərbi hissəyə xidmətə qəbul edilməsi, döyüşən hərbi hissənin tərkibinə daxil edilməsi barədə qeydlər olsa da, hərbi hissənin tərkibində sonrakı xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunmasının əsasları iş materialları ilə öz təsdiqini tapmır.

10. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

11. Odur ki, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

12. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI :

Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar