Məhkəmə qərarları › İş №2-1(1-8)-931/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-931/2026

23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-931/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İsgəndərov Qalib Haxverdi oğlunun cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi, prosessual müddətin bərpasından imtina, kassasiyanın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İsgəndərov Qalib Haxverdi oğlunun cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “yemək xərcinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)- ***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı İsgəndərov Qalib Haxverdi oğlu cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı ##.##.2015-ci il tarixdən ona, ##.##.2017-ci il tarixdən İsgəndərli Ramazan Qalib oğluna, ##.##.2019-cu il tarixdən İsgəndərli Uğur Qalib oğluna və ##.##.2017-ci il tarixdən İsgəndərli Əli Qalib oğluna məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 2023-cü il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İsgəndərov Qalib Haxverdi oğlunun cavabdeh Laçın Rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin verilməsinin bərpa olunması, almadığı illərə görə məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb iddiaçıya ödənilməsi, həmçinin uşaqlarına doğulduğu gündən almadıqları məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir.

3. İddiaçı İsgəndərov Qalib Haxverdi oğlunun ərizəsinə əsasən məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “##.##.2015-ci il tarixdən ona, ##.##.2017-ci il tarixdən İsgəndərli Ramazan Qalib oğluna, ##.##.2019-cu il tarixdən İsgəndərli Uğur Qalib oğluna və ##.##.2017-ci il tarixdən İsgəndərli Əli Qalib oğluna məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır.

4. Şirvan İnzibati Məhkəməsinin (hakim: P.T.Qurbanova) 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

5. Qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, İ.Q.Əsədov və T.S.Kərimov) 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Bundan sonra iddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə təqdim edilmişdir.

8. Şirvan Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır.

9. Daha sonra iddiaçının nümayəndəsi və vəkili tərəfindən ## #### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarından kassasiya şikayəti verilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

12. Bu qərardadın 10-cu bəndində istinad olunan normaya görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

13. İş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsinin 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarı sifarişli poçt göndərişi ilə 2025-ci il ## ######## tarixdə iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana göndərilmiş, lakin ünvanın tam olmaması səbəbindən göndəriş apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. Bundan sonra iddiaçı 2026-cı il ## ###### tarixli ərizə ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək qeyd olunan qərardan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə təmin edilmədikdən sonra 2026-cı il ## #### tarixdə kassasiya şikayəti verilmişdir.

14. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərarının qəbul edilməsindən 4 aydan artıq müddət keçdikdən sonra ilk dəfə ərizə ilə məhkəməyə müraciət olunmuş, bununla da qanunvericiliklə müəyyən olunmuş 1 aylıq prosessual müddət ötürülmüşdür.

15. Kollegiya qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarının iddiaçı tərəfindən konkret olaraq hansı tarixdə əldə edilməsi müəyyən edilməsə də, iş materiallarından görünür ki, iddiaçı apellyasiya instansiya məhkəməsinin sözügedən qərarı qəbul edildiyi tarixdə, yəni 2025-ci il ## ######## tarixli məhkəmə iclasında iştirak etmiş, başqa sözlə həmin qərarın qəbul edilməsindən məlumatlı olmuşdur. Məhkəmə iclasının video-audio yazısından da görünür ki, iddiaçıya məhkəmə iclasına sərdlik edən hakim tərəfindən 1 ay müddətində kassasiya şikayəti verməli olduğu izah edilmişdir.

16. Eyni zamanda, bu qərardadın 10-cu bəndində istinad olunan normaya görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

17. İddiaçı tərəfindən təqdim edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizədə prosessual müddətin buraxılmasının üzürlü səbəbdən olduğu qeyd edilsə də həmin üzürlü səbəblər göstərilməmişdir.

18. Bundan başqa iş materiallarından görünür ki, hələ Sumqayıt İnzibati Məhkəməsində aparılan icraat zamanı da iddiaçıya göndərilən poçt göndərişləri iddiaçının ünvanının tam olmaması səbəbindən məhkəməyə geri qaytarılmışdır. Kollegiya qeyd edir ki, iddiaçının iddia ərizəsində, apellyasiya şikayətində düzgün olmayan və ya natamam ünvan qeyd etməsi, onun məsuliyyət sferasına aiddir və bu hal müddətin bərpa edilməsi üçün əsas ola bilməz.

19. Nəzərə alınmalıdır ki, ötürülmüş müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Hazırkı halda isə iddiaçının ərizəsində istinad etdiyi hallar müddətin üzrlü səbəbdən buraxılmasına haqq qazandıra və buraxılmış müddətin bərpası üçün yetərli sayıla bilməz.

20. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçının ərizəsi təmin edilməməli, bunun üzərindən və həmçinin istinad olunan prosessual hüquq normalarına əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalı və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır.

21. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Ərizəsi təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar