Məhkəmə qərarları › İş №2-1(1-8)-981/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-981/2026

05.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-981/2026 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Dini Qurumunun cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; iddia müddətinin ötürülməsi; subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Dini Qurumunun cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxslər Nağıyeva (Məmmədova) Kifayət İsa qızı və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X2) “sərəncamın və xidməti orderin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının ## ####### 1996-cı il tarixli, **** saylı sərəncamı əsasında ünvan 1 ünvanında yerləşmiş yaşayış sahəsi Nağıyeva (Məmmədova) Kifayət İsa qızına ** saylı MİS-də dalandar vəzifəsində işləməsi ilə əlaqədar xidməti yaşayış sahəsi kimi ayrılmış, sərəncam əsasında ona ## ####### 1996-cı il tarixli, ****** saylı xidməti order verilmişdir.

2. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının ## ### 1997-ci il tarixli, *** saylı sərəncamı qəbul edilmişdir. Həmin sərəncamla Nəsimi Rayon İcra Hakimiyyətinə Rojdestva Presvyatoy Boqoroditsi kilsəsinə aid olan mənzilin kənar şəxsə verilməsi ilə bağlı orderin ləğvi məsələsinə baxılması, həmçinin kilsə ərazisində yaşayan ailələrin köçürülərək həmin otaqların Pravoslav kilsəsinə qaytarılması tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2023-cü il tarixli məktubunda Bakı Şəhər İcra Hakimiyyəti başçısının ## ### 1997-ci il tarixli, *** saylı sərəncamının 5-ci bəndinin icra olunmadığı qeyd edilmişdir.

3. ## #### 2008-ci il tarixli, ****** nömrəli daşınmaz əmlakın texniki pasportunda ünvan 1 ünvanında yerləşmiş sahə İddiaçı Dini Qurumunun Bakı şəhəri “Rojdestva Boqoroditsi” kilsəsinin filialına aid əmlak kimi göstərilmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının ## ####### 2017-ci il tarixli, *** saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Salatın Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülməsi və yeni binaların tikilməsi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X2 həvalə edilmişdir.

5. ## ### 2018-ci il tarixdə İddiaçı Dini Qurumu ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X2 arasında ***/**** nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə dini quruma məxsus daşınmaz əmlaklarla bağlı olmuş, müqavilənin bağlanması zamanı dini quruma verilmiş ## #### 2008-ci il tarixli texniki pasportda göstərilən əmlaklar, o cümlədən ünvan 1 ünvanında yerləşən sahə nəzərə alınmışdır.

6. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X2 tərəfindən həmin ərazidə söküntü-tikinti işləri aparılmış, yerində çoxmərtəbəli yaşayış binası inşa edilmiş və tikinti işləri 2022-ci ildən yekunlaşdırılmışdır.

7. Bundan sonra Nağıyeva (Məmmədova) Kifayət İsa qızı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X2rşı iddia qaldıraraq ünvan 1 ünvanında yerləşmiş mənzilin əvəzi olaraq həmin mənzilin dəyərinin ona ödənilməsini tələb etmişdir. O, həmin tələbinin əsası kimi Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının ## ####### 1996-cı il tarixli, **** saylı sərəncamına və həmin sərəncam əsasında verilmiş ## ####### 1996-cı il tarixli, ****** saylı xidməti orderə istinad etmişdir. Nağıyeva (Məmmədova) Kifayət İsa qızı sonradan mülki iş üzrə iddia tələbini dəyişdirərək İddiaçı Dini Qurumu ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X2 arasında bağlanmış ## ### 2018-ci il tarixli, ***/**** nömrəli müqavilənin ləğv edilməsini də tələb etmişdir. Bununla əlaqədar dini qurum həmin mülki işə cavabdeh qismində cəlb edilmişdir.

8. Daha sonra iddiaçı Nağıyeva (Məmmədova) Kifayət İsa qızının öz tələbini 1996cı il tarixli sərəncam və xidməti order əsasında irəli sürdüyünü müəyyən etmiş və həmin sənədlərin onun əmlak maraqlarına toxunduğunu əsas götürərək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edərək həmin sənədlərin ləğv olunmasını xahiş etmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti müraciətə cavab olaraq sərəncamın mübahisələndirilməsinin məhkəmə qaydasında həyata keçirilməli olduğunu qeyd etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Nağıyeva (Məmmədova) Kifayət İsa qızının adına verilmiş Nəsimi rayon İcra Hakimiyyəti başçısının ##.##.1996cı il tarixli, **** saylı sərəncamının və ##.##.1996-cı il tarixli, ****** nömrəli xidməti orderin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2024 cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X2 cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Nağıyeva (Məmmədova) Kifayət İsa qızı) qarşı “sərəncamın və orderin ləğv olunması" tələbinə dair iddia ərizəsi üzrə İddianın mümkün sayılmaması haqqında qərar verilmişdir. Qərardaddan onlar yeni xəbər tutmuşlar. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində №*(***)-**/**** nömrəli işdə sonradan cavabdeh kimi işə cəlb olunmuşlar və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixdə göndərilən məktubu onlara ##.##.2024-cü il tarixdə çatdırılmış, bundan sonra mülki iş materialları ilə tanış olmuşlar. Sözügedən mülki iş materialları ilə tanış olduqduqdan sonra tərəflərindən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət ünvanlanmışdır. Müraciətlərinə cavab olaraq ## ###### 2024-cü il tarixli *-**/*-****/**** nömrəli məktubla bildirilmişdir ki, maraqlarına toxunursa mübahisələndirilə bilərlər və belə mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdeh bir inzibati orqan kimi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda, bunu etməmişdir. Cavabdehin məktubu, imtinası qanuna ziddir və dini qurumun əmlak hüquqlarının pozulmasına səbəb olmuşdur. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının ## ####### 2017-ci il tarixli 255№-li sərəncamına əsasən Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Salatın Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülməsi və yeni binaların tikilməsi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMM-ə icazə verilmişdir. Sərəncamın icrası ilə bağlı “xxxx" MMM tərəfindən həmin ünvandakı sakinlərlə razılıqlar əldə olunmuş və qeyd olunan ünvanda söküntü-tikinti işləri aparılmışdır. Qeyd etmək istəyirlər ki, vətəndaş Məmmədova (Nağıyeva) Kifayət İsa qızı “xxxx” MMM-ə qarşı Bakı Şəhəri Nəsimi rayon Məhkəməsində iddia qaldıraraq Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 9, * saylı mənzilin əvəzi olaraq həmin mənzilin dəyərinin ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Vətəndaş Məmmədova (Nağıyeva) Kifayət İsa qızı həmin iddia ərizəsinin əsası kimi Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının **** №-li, ##.##.1996-cı il tarixli sərəncamına istinad etmiş və həmin Sərəncamla ** №-li MİS-də dalandar vəzifəsində işləməsi nəzərə alınaraq, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin xidməti olaraq ona verildiyini qeyd etmişdir. Eyni zamanda, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ****** №-li, ##.##.1996-cı il tarixli xidməti orderə istinad etmişdir. İddiaçı Məmmədova (Nağıyeva) Kifayət İsa qızı iddia tələbini sonradan dəyişdirərək İddiaçı Dini Qururmu ilə "“xxxx" MMM arasında bağlanmış ***/**** nömrəli ##.##.2018-ci il tarixli müqavilənin ləğv edilməsi tələbini də, iddiasına əlavə etmişdir. Odur ki, dini qurum sonradan işə cəlb olunmuşdur. Bakı şəhəri, Nəsimi Rayonu, Mirəli Qaşqay küçəsi, ev 9, * saylı mənzil dini quruma verilmiş № ****** nömrəli ##.##.2008-ci il tarixli daşınmaz əmlakın texniki pasportunda yer almışdır (Bakı şəhəri Nəsimi rayon, Şamil Əzizbəyov küçəsi-205 İddiaçı dini qurumunun Bakı şəhəri “Rojdestva Boqoroditsi” Kilsəsinin filialı). Sözügedən texniki pasport əsasında Dini quruma məxsus daşınmaz əmlaklarla əlaqədar "xxxx” MMM ilə müvafiq müqavilə bağlanmışdır. 2018-ci tarixdə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMM tərəfindən qanunla müəyyən edilmiş qaydada ərazidə söküntü işləri aparılmış və yerində 16 (on altı) mərtəbəli yaşayış binaları inşa edilmiş, yaşıllaşdırma və abadlıq işləri həyata keçirilmiş, işlər 2022ci il tarixdən yekunlaşdırılmışdır. Qeyd etmək istəyirlər ki, məhkəmə araşdırmaları zamanı müəyyən olunumuşdur ki, Bakı şəhəri, Nəsimi Rayonu, Mirəli Qaşqay küçəsi, ev 9, * saylı mənzildə Məmmədova (Nağıyeva) Kifayət İsa qızı və onun ailə üzvləri ümumiyyətlə 1 gün belə yaşamamış, həmin mənzil 1 mərtəbəli köhnə tikili olmaqla qeyd olunan ünvan yerləşən X1 Bakı və Azərbaycan Yeparxiyasının Bakı şəhəri "Rojdestva Boqoroditsi" Kilsəsinin istifadəsində və sərəncamında olmuş, həmin mənzildən Kilsə istifadə etmişdir və vətəndaşa xidməti mənzillə bağlı order verilən vaxt həmin yaşayış sahəsi boş olmamışdır (bu faktlar ərizəyə əlavə olunmuş MİS-in arayışı və məktubu, İcra Hakimiyyətinin məktubu və Nəsimi Rayon Prokurorluğunun qərarı ilə təsdiq olunur). Eyni zamanda müəyyən olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının *** №li, ##.##.1997-ci il tarixli Sərəncamının 5-ci bəndində Nəsimi rayon İcra Hakimiyyətinə tapşırılmışdır ki, X4 kilsəsinə (M.Qaşqay küçəsi, 9) aid olan mənzilin kənar şəxsə verilmiş orderin ləğv edilməsi məsələsinə baxılsın. Həmçinin həmin Sərəncamın 6-cı bəndində Nəsimi rayon İcra Hakimiyyətinə tapşırılmışdır ki, X4 kilsələri ərazilərində yaşayan ailələrin oradan köçürülməsini təmin edib, həmin otaqları Pravoslav kilsəsinə qaytarsınlar. Nəsimi RİH başçısının ##.##.2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi * nömrəli evin * nömrəli mənzilinin vətəndaş Nağıyeva Kifayət İsa qızına dair tərtib olunmuş Nəsimi RİH Başçısının **** nömrəli, ##.##.1996-cı il tarixli Sərəncamının və sərəncama əsasən verilmiş ****** nömrəli xidməti orderin ləğv edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının *** №-li, ##.##.1997-ci il tarixli Sərəncamının 5-ci bəndi icra edilməmişdir. Həmçinin, Məmmədova (Nağıyeva) Kifayət İsa qızına məxsus əmək kitabçası ilə də müəyyən olunur ki, o, ##.##.2003-cü il tarixində Nəsimi rayon ** saylı MKİS-də tutduğu vəzifədən azad edilmişdir. Belə ki, həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Hazırki halda isə müəyyən olunmuşdur ki, vətəndaş K.Məmmədovaya xidməti order verilərkən həmin yaşayış sahəsi boş olmamışdır. Eyni zamanda ona verilmiş orderin ləğvi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı vardır. Bundan başqa, həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 104-cü maddəsinə əsasən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Bu halla bağlı isə müəyyən olunmuşdur ki, vətəndaş K.Məmmədova ##.##.2003-cü il tarixində Nəsimi rayon ** saylı MKİS-də tutduğu vəzifədən azad edilmiş, yəni onun xidməti mənzildən çıxarılması üçün qanunla müəyyən olunmuş əsas da mövcud olmuşdur. Qeyd olunanlardan da, göründüyü kimi, vətəndaş Məmmədova (Nağıyeva) Kifayət İsa qızı Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının **** nömrəli, ##.##.1996-cı il tarixli Sərəncamına və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ****** №-li, ##.##.1996-cı il tarixli xidməti orderə istinad edərək hazırda onlara qarşı qanunsuz tələblə məhkəməyə müraciət etməklə onların hüquqlarını kobud şəkildə pozur və onlara verilmiş Sərəncamın icrasına maneə yaradır. Tərəflərindən ##.##.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət olunaraq Məmmədova (Nağıyeva) Kifayət İsa qızının adına verilmiş Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının **** №-li, ##.##.1996-cı il tarixli Sərəncamının və ****** №-li, ##.##.1996-cı il tarixli xidməti orderin ləğv edilməsi xahiş olunmuşdur. Lakin, cavabdeh ##.##.2023-cü il tarixli məktubla cavab yazaraq bildirmişdir ki, sərəncamın mübahisələndirilməsi məhkəmə qaydasında həll edilir.

12. Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilərək iddiaçının adına verilmiş Nəsimi rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli, **** saylı sərəncamı və həmin sərəncam əsasında verilmiş ##.##.1996-cı il tarixli, ****** nömrəli xidməti order etibarsız (qanunsuz) sayılmışdır.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, * saylı evin * saylı mənzili üçüncü şəxsin və ya digər şəxslərin hüquqları ilə yüklü deyil və mənzil faktiki olaraq iddiaçının istifadəsindədir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamının qəbul edilməsi ilə faktiki olaraq Nəsimi rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli, **** saylı sərəncamı və onun əsasında verilmiş ##.##.1996-cı il tarixli, ****** nömrəli xidməti order qüvvədən düşmüş və mənzil iddiaçıya verilmişdir. Beləliklə, həmin Nəsimi rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli, **** saylı sərəncamı qüvvədən düşmüş, lakin sərəncam əsasında üçüncü şəxs iddiaçıya qarşı tələb irəli sürdüyündən iddiaçının hazırkı subsidiar iddianı qaldırmaqla hüquq münasibətlərinin müəyyən edilməsinə hüquqi marağı vardır.

14. Üçüncü şəxs Nağıyeva (Məmmədova) Kifayət İsa qızı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakimlər: G.Abbasova – sədrlik edən və məruzəçi, F.Talışınski və M.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin ## ### 2025-ci il tarixli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir. Belə ki, iddiaçının hazırkı iddia vasitəsilə əldə etmək istədiyi nəticə * saylı mənzilin sökülməsi zamanı üçüncü şəxsə kompensasiyanın ödənilməməsinə nail olmaqdır. Lakin iddiaçının həmin nəticəyə nail olmaq üçün verilən iddia qaldırması açıq-aşkar hüquqdan sui-istifadə deməkdir. Çünki şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.

17. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə nəticəyə gələrkən işin hallarını düzgün qiymətləndirməmiş, mübahisənin mahiyyətini iddiaçının hüquqdan sui-istifadəsi kimi xarakterizə etmişdir. Şikayətçiyə görə, hazırkı iddianın məqsədi üçüncü şəxsə kompensasiya ödənilməsinin qarşısını almaq deyil, üçüncü şəxsin mübahisəli sərəncam və xidməti orderə istinad etməklə dini quruma qarşı irəli sürdüyü tələblərdən müdafiə olunmaq və iddiaçının əmlak maraqlarını qorumaqdır.

b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. “İnzibati icraat haqqında” Qanun: Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli * nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

22. İnzibati Prosessual Məcəllə: Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. [39] 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. ... Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə düzgündür və qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlsə də, həmin nəticəni lazımi hüquqi istiqamətdə əsaslandırmamışdır.

26. Belə ki, hazırkı işdə iddianın mümkünlüyü mübahisələndirilən inzibati aktların qəbul edildiyi tarix, onların mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddətlərə riayət olunub-olunmaması, habelə iddiaçının həmin aktların ləğvini tələb etmək üçün subyektiv hüququnun mövcudluğu baxımından qiymətləndirilməlidir.

27. İş materiallarına əsasən, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının ## ####### 1996-cı il tarixli, **** saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsi ** saylı MİS-də dalandar vəzifəsində işləyən Nağıyeva (Məmmədova) Kifayət İsa qızına xidməti yaşayış sahəsi kimi ayrılmış, həmin sərəncam əsasında ona ## ####### 1996-cı il tarixli, ****** saylı xidməti order verilmişdir. İddiaçı isə həmin sərəncamın və orderin etibarsız hesab edilməsi tələbi ilə 2024-cü ildə məhkəməyə müraciət etmişdir.

28. Göründüyü kimi, iddiaçının hüquqi marağı faktiki olaraq Nəsimi rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli, **** saylı sərəncamı və həmin sərəncam əsasında verilmiş ##.##.1996-cı il tarixli, ****** nömrəli xidməti order ləğvinə nail olmaqdır.

29. Qeyd edilməlidir ki, mübahisələndirilən inzibati akt qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il # ######## tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il # ###### tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il # ###### tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.

30. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in ## #### 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, # ###### 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir.

31. Artıq formalaşmış məhkəmə təcrübəsinə və qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni # ###### 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti # ###### 2011ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

32. Beləliklə, hazırkı işdə mübahisələndirilən sərəncam və xidməti order 1996-cı ildə qəbul edilmişdir. Bundan sonra iddiaçı # ##### 1997-ci il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyəti Başçısına müraciət edərək həmin sərəncamın ləğvini xahiş etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.1997-ci il tarixli, *** nömrəli Sərəncamının 5-ci bəndi ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə Rojdestva Presvyatoy Boqoroditsı kilsəsinə (M.Qaşqay küçəsi, 9) aid mənzilin kənar şəxsə verilməsi barədə orderin ləğvi məsələsinə baxılması tapşırılmışdır. Bu hal onu göstərir ki, iddiaçı mübahisələndirilən sərəncamın və xidməti orderin mövcudluğu barədə ən geci 1997-ci ildən məlumatlı olmuşdur. Buna baxmayaraq, pozulduğunu iddia etdiyi hüquqlarının müdafiəsi üçün qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmişdir.

33. İddiaçı həmin aktların etibarsız sayılması tələbi ilə yalnız 2024-cü ildə məhkəməyə müraciət etmişdir. Bu isə həmin aktların mübahisələndirilməsi üçün əvvəlki prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin hələ İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək ötürüldüyünü təsdiq edir. Belə olan halda, iddia müddətinə dair mümkünlük şərtinə riayət olunmadığından iddia mümkün sayıla bilməz.

34. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddianın mümkünlüyü yalnız müddət şərtinə riayət olunması ilə məhdudlaşmır. İddiaçının mübahisələndirilən inzibati aktın ləğvini və ya etibarsız sayılmasını tələb etmək üçün həmin aktla pozulması ehtimal olunan subyektiv hüququ da mövcud olmalıdır. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya inzibati aktı nəticəsində şəxsin hüquqi cəhətdən qorunan fərdi maraqlarının deyil, konkret subyektiv hüquqlarının pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

35. Hazırkı halda mübahisələndirilən ## ####### 1996-cı il tarixli, **** saylı sərəncam və həmin sərəncam əsasında verilmiş ## ####### 1996-cı il tarixli, ****** saylı xidməti order ləğv edilməmiş və qüvvədən düşmüş hesab edilməmiş inzibati aktlar kimi hüquqi nəticələrini saxlayır. Həmin aktlarla ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi Nağıyeva (Məmmədova) Kifayət İsa qızına xidməti yaşayış sahəsi kimi ayrılmışdır. Deməli, həmin aktlar qüvvədə olduğu müddətdə mübahisəli yaşayış sahəsinə dair de-jure hüquqi əsas məhz üçüncü şəxsin xeyrinə mövcuddur.

36. İddiaçının istinad etdiyi texniki pasport, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X2 ilə bağlanmış müqavilə və həmin müqavilədən irəli gələn iqtisadi maraqlar isə onun mübahisələndirilən 1996-cı il tarixli sərəncam və xidməti order üzrə subyektiv publik hüquqa malik olması nəticəsini yaratmır. Həmin sənədlər iddiaçının tikinti-söküntü münasibətləri üzrə müəyyən müqavilə və ya iqtisadi maraqlarını əsaslandıra bilər, lakin üçüncü şəxsin adına verilmiş və qüvvədə olan inzibati aktların etibarsız sayılmasını tələb etmək üçün müstəqil subyektiv hüququn mövcudluğunu təsdiq etmir.

37. Beləliklə, iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktların qəbul edilməsindən uzun müddət keçmiş, həmin aktların məhkəmə qaydasında mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddət hələ İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək ötürülmüş, həmçinin iddiaçı həmin aktların etibarsız sayılmasını tələb etmək üçün konkret subyektiv hüququnun mövcudluğunu əsaslandıra bilməmişdir.

38. İPM-in 96.7-ci maddəsinə əsasən mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir.

39. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar