Məhkəmə qərarları › İş №2-1(1-8)-989/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-989/2026

03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-989/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tərəflər arasında iddianın mahiyyəti üzrə mübahisə olmadığından iş üzrə icraata xitam verilməsi, iddianın mahiyyəti ilə eyni olduğundan müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “sertifikasiya imtahanına cəlb edilmə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş BB-İ ****** nömrəli diploma əsasən, iddiaçı 2009-cu ildə “pediatriya” ixtisası üzrə tam kursu bitirmiş və dövlət attestasiya komissiyasının ##.##.2009-cu il tarixli qərarı ilə ona “həkim” ixtisası verilmişdir.

2. İddiaçı ##.##.2009-cu il tarixdən ##.##.2010-cu il tarixədək Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası X1 “nevropatoloq” ixtisası üzrə həkim-interna vəzifəsində internatura kursu keçmiş və buraxılış imtahan komissiyasının qərarına əsasən ona “həkimpediatr” ixtisası verilmişdir.

3. İddiaçı ##.##.2010-cu il tarixdən ##.##.2018-ci il tarixədək Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası X2 Nevrologiya şöbəsində “həkim-nevropatoloq” vəzifəsində işləmişdir.

4. İddiaçı cavabdehə müraciət edərək, “həkim-nevropatoloq” ixtisası üzrə sertifikasiya imtahanına cəlb edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “həkim-nevropatoloq” ixtisası üzrə sertifikasiya imtahanına cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, o, internaturanı bitirdikdən sonra ##.##.2010-cu il tarixdən ##.##.2018-ci il tarixədək Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası X2 Nevrologiya şöbəsinin həkim-nevropatoloqu vəzifəsində işləmişdir. O, yenidən “həkim-nevropatoloq” vəzifəsinə təyin olunmaq üçün həmin ixtisas üzrə sertifikasiyadan keçmək istədikdə, cavabdeh tərəfindən onun “pediatriya” ixtisası üzrə təhsil aldığı və internatura kursu keçdiyi əsas gətirilərək, “həkim-nevropatoloq” ixtisası üzrə müvafiq qaydada sertifikasiyadan keçmək üçün ona icazə verilməmişdir. Halbuki o, 8 il həmin ixtisas üzrə işləmişdir. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: Günel Sevdimalıyeva) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya “pediatr” ixtisası üzrə diplom verilsə də, onun məhz “nevropatoloq” kimi həkiminterna8.vəzifəsinə təyin edilməsi, internatura kursunu (ali tibb təhsilinin ixtisaslaşmasını) həmin istiqamət üzrə başa vurması və daha sonra həmin vəzifədə fasiləsiz olaraq 8 il müddətində fəaliyyət göstərməsi işin mübahisəsiz halıdır. Odur ki, iddiaçı faktiki olaraq “nevropatoloq” ixtisası üzrə təhsil almış, bu istiqamətdə uzun illər peşəkar fəaliyyət göstərmiş və praktiki biliklərə yiyələnmişdir. Onun faktiki fəaliyyət sahəsi, yəni “nevrologiya” üzrə işləməsi müvafiq əmrlərlə təsdiqlənir. Odur ki, məhkəmə iddiaçının “nevropatoloq” kimi peşə yararlılığının yoxlanılması məqsədi ilə sertifikasiya imtahanına buraxılmalı olduğu qənaətindədir. Diplomda ixtisasının “pediatr” olmasına əsaslanılaraq iddiaçının sertifikasiya imtahanına buraxılmaması onun vəziyyətinə müvafiq olaraq qanunsuz olmuş və onun hüquqlarını pozmuşdur.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın dəyişdirilməsini və iddiaçının “uşaq-nevropatoloq” ixtisası üzrə sertifikasiya imtahanına cəlb edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

10. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, onun “uşaqnevropatoloq” ixtisası üzrə 2025-ci il üçün kursa buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmiş və apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilmişdir.

11. İddiaçı cavabdehin onun “uşaq-nevropatoloq” ixtisası üzrə sertifikasiya imtahanına cəlb edilməsi ilə bağlı təklifinə etiraz etmədiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən ##.##.2025-ci il tarixli aralıq qərardad qəbul edilərək, iddiaçının müraciəti üzrə yenidən inzibati icraatın aparılması cavabdehin üzərinə qoyulmuşdur.

12. ##.##.2026-cı il tarixdə iddiaçı ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən kursa cəlb edildiyini bildirmiş və həmin halın nəzərə alınmasını xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Ceyhun Məmmədov) ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “sertifikasiya imtahanına cəlb edilmə” tələbinə dair inzibati iş üzrə icraata xitam verilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi iddiaçının cavabdeh tərəfindən kursa cəlb edilməsi barədə ərizəsini nəzərə almış və İnzibati Prosessual Məcəllənin 67-ci maddəsinə istinadən hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və bununla əlaqədar tərəflər arasında işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir.

15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, o, ##.##.2026-cı il tarixli ərizəsi ilə apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-***/**** nömrəli qərardadının icra edildiyini, yəni cavabdeh tərəfindən kursa cəlb olunduğunu məhkəmənin nəzərinə çatdırmışdır. Onun tərəfindən icraata xitam verilməsi barədə hər hansı tələb irəli sürülməmişdir. Kursa cəlb olunma faktı yalnız müvəqqəti xarakterli müdafiə tədbirinin icrası ilə bağlı olmuşdur və bu hal əsas iddia predmeti üzrə mübahisənin aradan qalxması kimi qiymətləndirilə bilməz.

kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Maddə 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. Maddə 41.4. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 44.4. Müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 67.4. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** nömrəli qərarı 6.11. Təminat tədbirləri müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Buna görə, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraat çərçivəsində iddianın mahiyyəti ilə eyni olan, iddia tələbinin mahiyyəti üzrə qəbul ediləcək qərarın məzmununu əvvəlcədən müəyyən edəcək və yekun hüquqi vəziyyətlər yaradan qərarlar qəbul edilə bilməz.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

25. Hazırıkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi onun cavabdeh tərəfindən “uşaq-nevropatoloq” ixtisası üzrə sertifikasiya imtahanına cəlb edilməsinə nail olmaqdan ibarətdir.

26. Belə ki, iddiaçının cavabdehə qarşı “həkim-nevropatoloq” ixtisası üzrə sertifikasiya imtahanına cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası birinci instansiya məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı ilə təmin edilmiş, cavabdeh isə apellyasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini və iddiaçının “uşaqnevropatoloq” ixtisası üzrə sertifikasiya imtahanına cəlb edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı da, cavabdehin həmin təklifinə etiraz etmədiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən ##.##.2025-ci il tarixli aralıq qərardad qəbul edilərək, iddiaçının müraciəti üzrə yenidən inzibati icraatın aparılması cavabdehin üzərinə qoyulmuşdur.

27. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçının “uşaq-nevropatoloq” ixtisası üzrə 2025-ci il üçün kursa buraxılmasına dair müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-***/**** nömrəli qərardadı icra olunmuş və iddiaçı müvafiq kursa cəlb edilmişdir.

28. İddiaçının ##.##.2026-cı il tarixli ərizəsi apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-***/**** nömrəli qərardadının icra edilməsi ilə bağlı olsa belə, cavabdehin apellyasiya şikayətindəki iddiaçının “uşaq-nevropatoloq” ixtisası üzrə sertifikasiya imtahanına cəlb edilməsi barədə təklifi, iddiaçının həmin təklifə etiraz etməməsi və bununla bağlı cavabdehin iddiaçının müvafiq kursa cəlb edilməsində ifadə olunan hərəkətləri İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsində təsbit edilmiş cavabdehin iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti anlamında qiymətləndirilməlidir.

29. İş üzrə kassasiya icraatı zamanı iddiaçı həmçinin onun “uşaq-nevropatoloq” ixtisası üzrə sertifikasiya imtahanına cəlb edilməsinə dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verərək qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində onun “uşaqnevropatoloq” ixtisası üzrə sertifikasiya imtahanına cəlb edilməsinə razılıq versə də, bununla bağlı onu müvafiq kursa cəlb etsə də, hələ də mübahisə öz həllini tapmayıb. Hazırkı halda məhkəmə prosesi davam etdiyi müddətdə sertifikasiya imtahanlarının keçirilmə vaxtı ötürülə bilər. Növbəti imtahan üçün uzun müddət gözləmək isə ona maddi və mənəvi zərər vuracaqdır. Belə ki, o, uzun müddətdir işsizdir, iki uşaq anasıdır, imtihanda iştirakının gecikməsi ailəsinin sosial vəziyyətini ağırlaşdırır. Digər tərəfdən, imtahana hazırlaşmaq, gözləmək, sonra da imtahanda iştirak etməmək mənəvi baxımdan ona çətinliklər yaradır. Ona görə də, müvəqqəti xarakterli müdafiə tədbiri kimi, onun “uşaq-nevropatoloq” ixtisası üzrə sertifikasiya imtahanına cəlb edilməsi barədə qərardad qəbul olunmasını xahiş edir.

30. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdeh rəsmi şəkildə məhkəmədən iddiaçının “uşaq-nevropatoloq” ixtisası üzrə sertifikasiya imtahanına cəlb edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş və eyni zamanda iddiaçının müvafiq kurslara cəlb olunmasını təmin etmişdir. İddiaçı özü də bunu etiraf etmiş və bununla bağlı məhkəməyə müvafiq ərizə təqdim etmişdir. Sertifikasiya imtahanlarının keçirilmədiyi, eləcə də, bununla bağlı cavabdehin “uşaq-nevropatoloq” ixtisası üzrə iddiaçının sertifikasiya imtahanına cəlbindən imtina etdiyini təsdiq edən konkret sübutun təqdim olunmadığı nəzərə alındıqda, iddiaçının mübahisənin hələ də həllini tapmaması barədə mövqeyi ehtimallara söykənən mövqe kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, həqiqətdə iddiaçının niyyəti məhkəmə prosesini davam etdirməklə, cavabdehi bir növ gərginlikdə saxlamağa yönəlmişdir. Digər tərəfdən, iddiaçının əsas iddia tələbi ilə eyniməzmunlu müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini xahiş etdiyi də nəzərə alınmalıdır.

31. Bu qərarın 18-ci bəndində istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** nömrəli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iddiaçının hazırkı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi, onun əsas iddiasının mahiyyəti ilə eyni olduğundan, eləcə də onun əsas iddiasına dair iş üzrə icraata xitam verilməli olduğundan, təmin oluna bilməz.

32. Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçının və cavabdehin nəzərinə çatdırır ki, hazırkı halda cavabdeh iddiaçının “uşaq-nevropatoloq” ixtisası üzrə sertifikasiya imtahanına cəlb olunmasına razılıq verməklə, öz üzərinə öhdəlik götürmüş və apellyasiya instansiyası məhkəməsi də məhz bu əsasdan çıxış edərək, hazırkı mübahisəyə dair iş üzrə icraata xitam vermişdir. Gələcəkdə cavabdeh həmin öhdəliyin icrasından imtina edərsə, iddiaçı, cavabdehə qarşı yenidən ümumi əsaslarla məhkəməyə müraciət edə və onun cavabdeh tərəfindən “uşaq-nevropatoloq” ixtisası üzrə növbədənkənar və fərdi qaydada sertifikasiya imtahanına cəlb olunmasını məhkəmədən xahiş edə bilər.

33. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. İddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi rədd edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar