Məhkəmə qərarları › İş №2-1(1-8)-999/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-999/2026

10.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-999/2026 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü, şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “adının dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahılarına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “adının dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahılarına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki Inzibati Məhkəməsinin (hakim: G.S.Şirinova Əsədova) 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “adının dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahılarına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

3. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Iddiaçı eyni zamanda Şəki Inzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, *- *(***)-****/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən аpеllyаsiyа şikаyəti və аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə (vəsatət) verilmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər R.Rəfiyev /sədrlik edən və məruzəçi/, Z.Tahirov və T.Həsənov) 2026-cı il ## ###### tarixli, *-*(*- **)-**/**** nömrəli qərardadı ilə ərizə təmin edilməyərək, ərizə ilə birlikdə göndərilmiş apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir.

6. Iddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

7. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi:

Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

8. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

9. Bu qərardadın 7-ci bəndində istinad olunan normaya görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

10. Iş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı elektron imza ilə təsdiq edilməklə ##.##.2026-cı il tarixdə AZEMIS-də iddiaçıya məxsus şəxsi elektron kabinetə yerləşdirilməklə ona rəsmi qaydada təqdim olunmuşdur.

11. Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ##.##.2026-cı il tarixdə apellyasiya instansiyası məhkəməsində qeydiyyata alınmışdır. Eyni zamanda kassasiya şikayətinə nəzər yetirdikdə müəyyən edilir ki, şikayət ##.##.2026-cı il tarixdə tərtib edilmişdir.

12. Göründüyü kimi, iddiaçı tərəfindən kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən qanunla müəyyən olunmuş 10 günlük müddət ötürülməklə verilmişdir. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş üzrə materiallarda hər hansı sübut yoxdur. Eyni zamanda, iddiaçı tərəfindən kassasiya şikayətinin vaxtında verilməsini və ya müddətin onun təqsiri olmadan buraxılmasını təsdiq edən sübutlar, eləcə də müddətin bərpasına dair ərizə (vəsatət) məhkəməyə təqdim olunmamışdır.

13. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

14. Məhkəmə kollegiyası qeyd edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının kassasiya şikayətinin mümkün sayılmaması hazırkı halda, onun Inzibati Prosessual Məcəllənin 96.3-cü maddəsində təsbit edilmiş dinlənilmə hüququnun pozuntusunu da yaratmır. Belə ki, sözügedən normaya görə, kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır.

15. Dinlənilmə hüququ məhkəmədən mübahisə tərəflərinə öz mövqelərini bildirmək, sübutlarını və dəlillərini təqdim etmək üçün imkan və şərait yaradılmasını, tərəflərlə işin hallarının həqiqi müzakirəsinin aparılmasını tələb edir.

16. Məhkəmənin dinlənilmə hüququnu təmin etməklə bağlı vəzifəsi ilk növbədə, baxılmaqda olan iddia və ya şikayət barədə tərəfləri məlumatlandırmaqdan ibarətdir. Dinlənilmə hüququnun tam təmin edilə bilməsi üçün məzmunla bağlı tələblərə də riayət olunmalıdır. Belə ki, məhkəmə yalnız baxılmaqda olan iş və ya şikayət barədə məlumat verməməli, həm də məlumat verməklə bağlı vəzifəsini elə qaydada icra etməlidir ki, tərəflər mübahisə və ya şikayətlə bağlı işin faktiki və hüquqi vəziyyəti barədə dolğun məlumat sahibi olsunlar. Tərəflər yalnız bu qaydada məlumat sahibi olduqda iddiaya, etiraza və ya şikayətə dair məzmun baxımından öz mövqelərini ətraflı və məhkəmənin gözlədiyi şəkildə göstərə, eləcə də öz dəlillərini və sübutlarını lazımi qaydada təqdim edə bilərlər. Məhkəmə dinlənilmə hüququ ilə bağlı vəzifələrini məhkəmə iclasında işin faktiki və hüquqi vəziyyətini proses iştirakçıları ilə müzakirə etməklə icra edə biləcəyi kimi, tərəflərə ünvanlandığı məhkəmə bildirişləri, sərəncamlar və digər yazışmalar vasitəsilə də yerinə yetirə bilər.

17. Bu mənada, iş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah” tərəflərə rəsmi qaydada təqdim olunmuşdur. Həmin izahda kassasiya şikayəti verilməsi qaydası tərəflərə ətraflı izah edilmiş, həmin tələblərə əməl olunmayacağı halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

18. Qeyd edilməlidir ki, həmin izah kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatın göndərildiyi kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri, xüsusən də şikayətə dair formal tələblərə əməl olunması ilə bağlı tələblər nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.

19. Lakin iddiaçı tərəfindən kassasiya şikayəti verilərkən izahda göstərilən tələblərə (kassasiya şikayətinin prosessual müddətlərə riayət edilməklə verilməsi barədə) əməl olunmamışdır.

20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar