Məhkəmə qərarları › İş №2-1(102)-1019/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1019/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1019/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin e dilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)258/2022 nömrəli, 9 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixə kimi müddətli həqiqi hərbi xidmət keçmişdir.

2. İddiaçı xx.xx.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış, o cümlədən xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək “Şirvanneft” NQÇİ-də 2-ci dərəcəli nəzarət ölçü cihazları çilingəri və yeraltı təmir üzrə operator peşələrində, xx.xx.2005-ci ildən xx.xx.2009-cu ilədək "xxxx" BMMM-in Tikinti Təmir Sexində 5-ci dərəcə quraşdırma çilingəri, xx.xx.2009-cu i ldən xx.xx.2017-ci ilədək "xxxx" BMMM-in və “X2 Limited” Şirkətinin İstehsalatın Avtomatlaşdırılması sexində 5-ci dərəcə elektrik montyoru peşəsində işləmişdir. 3. “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 13 nömrəli 1 iyul 2020-ci il tarixli “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” arayışına əsasən iddiaçının ümumi əmək stajı 36 il, 00 ay, 19 gün, güzəştli iş stajı isə 14 il, 02 ay, 06 gündür.

4. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi barədə cavabdeh orqana müraciət etmişdir.

5. Cavabdeh orqan xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi SQCAR**********80020123X00196 nömrəli 18 sent yabr 2020-ci il tarixli arayışda qeyd olunan 12 oktyabr 1981-ci il tarixdən 4 yanvar 1988-ci il tarixədək, 2 aprel 1990-cı il tarixdən 18 aprel 1994-cü il tarixədək və 2 aprel 2002-ci il tarixdən 22 iyun 2009cu il tarixədək olan dövrlər ərzində işlədiyi quraşdırıcı-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təstiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (8 il 3 ay 5 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxı mından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 24 oktyabr 2015-ci ildən (57 yaş 10 ay 12 gündən) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyasının tələbinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırması

7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, onun xx.xx.2017-ci il tarixə tələb olunan 25 ildən çox ümumi və 12 il 06 aydan çox isə güzəştli iş stajı mövcuddur. İddiaçının iş yerindən verilən güzəştli arayışla da, onun 12 il 06 aydan çox güzəştli stajının olması təsdiqlənir (“X1 Limited” Şirkətinin xx.xx.2020-ci il tarixli arayışında onun xx.xx.1979- xx.xx.1981-ci illərdə işlədiyi nəzarət-ölçü cihazlarının operatoru, yeraltı təmir üzrə operator peşələri, xx.xx.2005-xx.xx.2009-cu illərdə işlədiyi quraşdırıcı-çilingər peşəsi, xx.xx.2009xx.xx.2017-ci illərdə işlədiyi elektrik montyoru peşəsi zərərli peşələrə aid edilmişdir). Buna baxmayaraq, cavabdeh əsassız olaraq iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməmişdir. Bundan əlavə, cavabdeh imtina məktubunda onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajının 12 il 6 aydan az olduğunu qeyd etsə də, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyasının tələbinə uyğun olara q xx.xx.2015-ci il tarixdən pensiya təyin edilməsini tələb etdiyindən, onun xx.xx.2006-cı ilədək deyil, pensiya hüququnun yarandığı tarixədək olan stajı nəzərə alınmalıdır. Əlavə olaraq, cavabdeh imtina məktubunda xx.xx.1981-xx.xx.1988, xx.xx.1990-xx.xx.1994 və xx.xx.2002-xx.xx.2009-cu il tarixləri arasındakı dövrdə işlədiyi peşələri zərərli peşələrə aid etmə də, iddiaçı həmin dövrlərdən yalnız xx.xx.2005-xx.xx.2009-cu illərdə işlədiyi quraşdırıcı-çilingər peşəsinin nəzərə alınmasını tələb edir və digər dövrlərin zərərli olmasını iddia etmir. cavabdehin etirazları

8. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazın dəlilləri hazırkı qərarın 5ci bəndində qeyd edilən cavabdeh orqanın imtina məktubundakı dəlillərlə ilə eynilik təşkil edir. a) birinci instansiya məhkəməsinin gəldiyi nəticə

9. Bakı İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2-1(112)-3226/2021 nömrəli (hakim R.L.Kərimli) qərarı ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək fəaliyyəti dövründə işlədiyi peşələrdən 1979 – 1981-ci illərdə 1 il 9 ay 20 gün müddət işlədiyi nəzarət-ölçü cihazları çilingəri, yeraltı təmir üzrə operator və elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə aiddir. Lakin onun əmək kitabçası və işlədiyi müəssisənin güzəştli arayışına əsasən 11 may 2005-ci il tarixdən 22 iyun 2009-cu il tarixədək işlədiyi “quraşdırma çilingəri” peşəsi müvafiq Siyahının aidiyyəti bölməsində nəzərdə tutulan “quraşdırıcılar” peşəsi ilə eyniləşdirilə bilməz. Nəzərə alınmalıdır ki, Siyahının həmin bölməsində ayrı sahə üzrə olsa da, “çilingərlər” peşəsi göstərilmişdir. Belə olan halda, 11 may 2005-ci il tarixdən 22 iyun 2009-cu il tarixədək işlədiyi “quraşdırma çilingəri” peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi qəbul olunmamalıdır. Qeyd olunanlara əsasən iddiaçının 24 oktyabr 2015-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə 12 il 6 ay stajı toplanmadığından, onun həmin tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olmur.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişd ir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 21(103)-258/2022 nömrəli (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ. Bəktaşi və A.Ə.Hüseyn) qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi “X1 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 27 yanvar 2022-ci il tarixli arayışına istinad edərək qeyd etmişdir ki, iddiaçıya xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər yerinə yetirilmişdir. Onun həmin tarixədək 57 yaşı tamam olmuş, azı 25 il sığorta stajına malik olmuş və bu müddətin azı 12 il 6 ayını yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmışdır. Beləliklə, onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını cavabdehin imtina məktubunda göstərilənlər təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyası): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə... çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikay ətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilm işdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassa siya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Bununla belə, məhkəmə kollegiyası cavabdehin “iddiaçının tələb olunan güzəştli stajının olmaması ilə bağlı” təkrarlanan dəlili ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. İddiaçı xx.xx.2015-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyasına uyğun pensiya təyin edilməsini tələb etdiyindən, onun xx.xx.2015-ci il tarixə 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı olmalıdır.

26. İddiaçının tələb olunan ümumi iş stajının mövcudluğu tərəflər arasında mübahisələndirilməyən hal olub, iş materialları (əmək kitabçası, iş yerindən arayış, hərbi bilet) ilə də təsdiqlənir.

27. Cavabdeh imtina məktubunda, iddia tələbinə qarşı verdiyi etirazında və kassasiya şikayətində iddiaçının 12 oktyabr 1981-ci il tarixdən 4 yanvar 1988-ci il tarixədək, 2 aprel 1990-cı il tarixdən 18 aprel 1994-cü il tarixədək və 2 aprel 2002-c i il tarixdən 22 iyun 2009-cu il tarixədək olan dövrlər ərzində işlədiyi quraşdırıcı-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda nəzərdə tutulmadığını bildirsə də, iddiaçı həmin dövrlərdən yalnız xx.xx.2005-xx.xx.2009-cu (04 il 01 ay 11 gün) illərdə işlədiyi quraşdırıcı çilingər peşəsinin zərərli iş kimi nəzərə alınmasını tələb edir. Bu baxımdan, digər dövrlərin güzəştli olmaması ilə bağlı kassasiya dəlillərinə münasibət bildirilməsinə zərurət yoxdur.

28. İddiaçının xx.xx.2005-xx.xx.2009-cu (04 il 01 ay 11 gün) illərdə işlədiyi quraşdırıcı çilingər peşəsinin Azərbaycan Respublika sı Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda nəzərdə tutulmaması ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 13 nömrəli, 1 iyul 2020-ci il tarixli və 04 nömrəli 27 yanvar 2022-ci il tarixli arayışlarda qeyd edilmişdir ki, iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi "xxxx" BMMM-in Tikinti Təmir Sexində 5-ci dərəcə quraşdırıcı çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatla rın, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 29-cu bölməsində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) a) fəhlələr bölməsində qeyd olunmuş polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar peşəsinə uyğundur (iddiaçının həmin peşə üzrə iş stajı 04 il, 01 ay, 11 gün təşkil edir). Eyni zamanda arayışda vəzifələrin funksional eyniliyinin müəyyən edilməsi zamanı da iddiaçının həmin peşə üzrə gördüyü işin xarakterinə, icra etdiyi funksiyalara istinad edilmişdir.

29. Ali Məhkəmə tərəfindən aşağı instansiya məhkəmələrin ünvanlanmış icmal məktubda güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi tələbinə dair işlərə baxılarkən tövsiyə edilmişdir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddia çının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksio nal vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.

30. Apellyasiya instansiya məhkəməsi iddiaçının güzəştli iş stajının mövcudluğunun araşdırılması istiqamətində hərtərəfli araşdırma aparmış və iş üzrə güzəştli arayışa düzgün qiymət vermişdir.

31. İddiaçının digər dövrlər üzrə güzəştli stajı isə (xx.xx.1979-xx.xx.1981 və xx.xx.2009-xx.xx.2015) cavabdeh tərəfindən mübahisələndirlməməklə yanaşı, iş materialları da təsdiqləndiyindən (əmək kitabçası, iş yerindən arayış) iddiaçının xx.xx.2015-ci il tarixə 12 il 06 ay güzəştli iş stajının mövcudluğu ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

32. Beləliklə, iddiaçının xx.xx.2015-ci ilədək 25 il ümumi, 12 il 06 ay güzəştli iş stajına malik olması işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunduğundan və iş materialları ilə təsdiqləndiyindən, iddiaçının iddia olunan hazırkı məzmunda tələb hüquq vardır.

33. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 21(103)-258/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar