Məhkəmə qərarları › İş №2-1(102)-1023/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1023/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1023/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin nümayəndəsi Elsəvər Hacıyevin və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti he sabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28.12.2011-ci tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)230/2021 nömrəli iş üzrə 10.03.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 09 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dö vlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28.12.2011-ci tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin 31.01.2020-ci il tarixli 48 nömrəli arayışından da göründüyü kimi xx.xx.1976-cı il təvəllüdlü İddiaçı həqiqətən 12.08.1993-cü il tarixdən 17.04.2017-ci il tarixə qədər (23 il 8 ay 5 gün) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Belə ki, İddiaçı 12.08.1993-25.07.1997-ci il tarixlərində Bakı AHDM-də müdavim, 25.07.1997-28.03.1999-cu il tarixlərində N saylı hərbi hissədə MTT bölməsinin mühəndisi, 28.03.1999-10.12.2001-ci il tarixlərdə N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri, 10.12.2001-18.05.2004-cü il tarixlərdə N saylı hərbi hissədə komanda məntəqəsinin əməliyyat növbətçisi, 18.05.2004-08.08.2007-ci il tarixlərdə N saylı hərbi hissədə radiotutma bölük komandiri, 08.08.2007-23.03.2008-ci il tarixlərdə N saylı hərbi hissədə strateji mərkəzinin zabiti, 23.03.2008-26.02.2014-cü il tarixlərdə N saylı hərbi hissədə radiotutma və radiomaneə mərkəzinin zabiti, 26.02.2014-22.07.2016-cı il tarixlərdə N saylı hərbi hissənin kəş fiyyat rəisinin böyük köməkçisi-əməliyyat növbətçisi, 22.07.201617.04.2017-ci tarixlərdə N saylı hərbi hissənin qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi vəzifələrində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 08.04.2017-ci il tarixli 0239 nömrəli əmri ilə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunun 41.0.9cu maddəsinə əsasən (öz ərizəsi ilə) ehtiyata buraxılmışdır. 19.04.2017-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsində hərbi qeydiyyatdadır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə dövlət vəsaiti hesabına mənzil verilməsi məqsədilə rəsmi məktubla müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 04.08.2020-ci il tarixli 2753 nömr əli məktubu ilə iddiaçının müraciəti müsbət həll edilməmiş, müraciətindən imtina edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Sumqayıt Hərbi Məhkəməsinin 02 iyul 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) təqsirli bilinərək iddiaçı barəsində 550 manat cərimə cəzası hökmü çıxarılmışdır. Odur ki, iddiaçının dövlət vəsaiti hesabına mənzil təminatı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanın xaricindədir. İddiaçının fikrinə əsasən şəxsin hərbi xidmətlə əlaqəli olmayan hər hansı mülki, inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi qüsurlu xidmət hesab edilə bilməz. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 13.11.2020-ci il tarixli, 2-1(118)1228/2020 nömrəli (sədrlik edən hakim Vəfa Əzizova) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28.12.2011-ci tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.

4. Birinci instans iya məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 12.1, 14.3, 58.7-ci maddələrinə, Cinayət Məcəlləsinin 83.3.1, 83.6-cı maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanına istinad etməklə belə hesab etmişdir ki, iddiaçının iddiası qanuni və əsaslıdır.

5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 13.11.2020-ci il tarixli, 2-1(118)-1228/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli, 2-1(105)230/2021 nömrəl i (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Hökümə Babayeva) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 13.11.2020-ci il tarixli, 2-1(118)-1228/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi və prosessual hüquq normaları tətbiq etməklə, hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 təqvim ilindən çox xidmət etmiş, xidməti dövründə iddiaçı Sumqayıt Hərbi Məhkəməsinin 02 iyul 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) təqsirli bilinib məhkum edilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Dövlət başçısı qəbul etdiyi normativ hüquqi aktda məhz 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi q ulluqçulara münasibətdə dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq imtiyazı müəyyən etmişdir. İddiaçının cinayət törətməkdə təqsirli bilinib məhkəmənin hökmü ilə məhkum olunması onun hərbi xidmət dövründə qanun pozuntusuna, qüsura yol verməsi deməkdir. Məhkumluğun ödənilməsini və götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cinayət hüquqi baxımdan bu belə də qəbul olunur. Ancaq, məhkumluqla bağlı bütün hüquqi nəticələrin ləğv olunması heç də imtiyaz və güzəşt yaratmır. O cümlədən dövlət vəsaiti hesabına mənzil almaq imtiyazı yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrində (hazırda Azərbaycan Ordusunda) 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilmişdir.

9. Nə məhkumluğun ödənilməsini və götürülməsini, nə də ayrı-ayrı dövlət tə ltiflərinin, orden və medalların verilməsini Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanında nəzərdə tutulmuş 20 təqvim ili və daha çox xidmət etmənin qüsursuzluğu kimi qəbul etmək olmaz. Bəhs olunan Fərmanla 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara belə imtiyaz verilməmişdir.

10. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 10.03.2021-ci il tarixli 2-1(105)230/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən ca vabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 10.03.2021-ci il tarixli, 2-1(105)230/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Haciyev də vəkili Vəkil2 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 10.03.2021-ci il tarix li 2-1(105)230/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

14. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

15. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

17. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 10.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

19. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbay can Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

20. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətindəki yazılarla əlaqədar olaraq ilk önə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin 4 səhifədən ibarət olan kasasiya şikayətinin əksər hissəsini müxtəlif maddi və prosessual normalarının mətnlərinin sadalanması təşkil edir, lakin bu hüquq normaları işin konkret hallar ı ilə əlaqələndirilməmişdir ki, bu da cavabdehin həmin dəlillərinin sırf formal və deklarativ xarakter daşıdığına dəlalət edir.

21. Cavabdehin kasasiya şikayətindəki faktiki olaraq yeganə dəlili ondan ibarətdir ki, “nə məhkumluğun ödənilməsi və götürülməsi, nə də ayrı-ayrı dövlət təltiflərinin, order və medalların verilməsini Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanında nəzərdə tutulmuş 20 təqvim ili və daha çox xidmət etmənin qüsursuzluğu kimi qəbul etmək olmaz.

22. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsasızdır, belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

23. Apelyasiya məhkəməsi tərəfindən Azə rbaycan Respublikası Daxili İşlər Nazirliyinin 20.08.2020-ci il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, İddiaçı məhkumluğu olmadığından və məhkumluqla bağlı olan bütün hüquqi nəticələr-şəxsin cinayət törətməsi, törətdiyi əmələ cəza təyin edilməsi, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olduğundan, həmin şəxs cinayət törətmiş hesab olunmur, iddiaçının məhkumluğu yoxdur.

24. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən verilən 19.08.2020-ci il tarixli 130 №-li arayışına əsasən İddiaçı həqiqətən 12.08.1993-cü il tarixdən 17.04.2017-ci il tarixə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 08.04.2017-ci il tarixli 0239 saylı əmri ilə ehtiyata buraxılmışdır. 25. 19.04.2017-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsində hərbi qeydiyyatdadır.

26. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, EZ ******* №-li hərbi biletə əsasən İddiaçı 12.08.1993-25.07.1997ci il tarixlərdə Bakı AHDM-də müdavim, 25.07.1997-28.03.1999- cu il tarixlərdə N saylı Hərbi hissədə MTT bölməsinin mühəndisi, 28.03.1999- 10.12.2001-ci il tarixlərdə N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri, 10.12.2001- 18.05.2004-cü il tarixlərdə N saylı Hərbi hissədə komanda məntəqəsinin əməliyyat növbətçisi, 18.05.2004-08.08.2007-ci il tarixlərdə N saylı hərbi hissədə radiotut ma bölük komandiri, 08.08.2007-23.03.2008-ci il tarixlərdə N saylı hərbi hissədə strateji mərkəzinin zabiti, 23.03.2008-26.02.2014-cü il tarixlərdə N saylı saylı hərbi hissədə radiotutma və radiomaneə mərkəzinin zabiti, 26.02.2014-22.07.2016-cı il tarixlərdə N saylı hərbi hissənin kəşfiyyat rəisinin böyük köməkçisi - əməliyyat növbətçisi, 22.07.2016-17.04.2017-ci il tarixlərdə N saylı hərbi hissənin qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi vəzifələrində xidmət etmişdir.

27. Azərbaycan Respublikası Müdafiə Nazirinin 08.04.2017-ci il tarixli 0239 nömrəli əmri ilə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunun 41.0.9-cu maddəsinə əsasən (öz ərizəsi ilə) ehtiyata buraxılmışdır, həmçinin AR Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli m edalı, AR Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif edilməsi barədə qeydlər vardır. 28. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər.

29. Bununla bağlı apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının 20 ildən çox xidmət etməsi işin mübahisəsiz halıdır.

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi haqlı olaraq xüsusi şəkildə vurğ ulamışdır ki, iddiaçı məhz cavabdeh tərəfindən qüsursuz xidmətə görə AR Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, AR Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008 ) yubiley medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif edilmişdir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

32. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

33. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

34. Bu baxımdan apelyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı, qüsursuz hərbi xidmətinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada mənzillə təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir.

35. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 10.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli, 21(105)-230/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar