Məhkəmə qərarları › İş №2-1(102)-1026/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1026/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1026/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Xidmət nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ikinci dərəcə əlilliyə görə pensiyanın bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (1 noyabr 1946-cı il təvəllüdlü, FİN:xxxxxxx) oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Xidmət nümayəndəliyinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi t abeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi) “müharibə ilə əlaqədar ikinci dərəcə əlilliyə görə pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2-1(103)-597/2022 nömrəli qərarından cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 25 iyul 1995-ci ildən 31 avqust 2016-cı ilədək 2-ci qrup əlilliyə görə pensiya almış,1 sentyabr 2016-cı ildən isə ona ömürlük yaşa görə əmək pensiyası təyin olunmuşdur.

2. İddiaçı əvvəlki pensiyasının bərpa olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən, ona təyin edilmiş yaşa görə əmək pensiyasının əlilliyə görə əmək pensiyası növünə dəyişdirilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 28 avqust 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.2016-cı il tarixdə ona təyin edilmiş əlillik pensiyasının cava bdeh tərəfindən qanunsuz olaraq yaşa görə əmək pensiyasına dəyişdirilməsinin əsassız hesab edilməsi, ona əvvəllər təyin edilmiş İİ qrup müharibə əlili kimi pensiyasının bərpa olunması və bu barədə yeni arayışın təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.1993-cü il tarixindən N saylı hərbi hissənin tərkibində iştirak etmişdir. Xəstəliyə görə 25 oktyabr 1994-cü il tarixində N saylı hərbi hissə komandirinin N saylı əmri ilə ehtiyata buraxılmışdır. xx.xx.2016-cı il tarixinə qədər 2-ci qrup müharibə əlili kimi pensiya alırdı. xx.xx.2016-cı il tarixindən pensiya yaşı çatdığına görə onun pensiyası yaşa görə pensiya ilə əvəz olunmuşdur. üçüncü şəxsin etirazları: 5. 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. İddiaçıya DSMF-nin Xətai rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı daha sonra İİ qrup əlilliklə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, “məlumat vərəqi”nin İdarəyə göndərilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçının adına “məlumat vərəqi” İdarəyə təqdim etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, hal-hazırda iddiaç ıya DSMF-nin Xətai rayon şöbəsindən yaşa görə əmək pensiyası ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən (əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyaçısının bir növündən başqa bir növünə keçmə hüququ vardır) iddiaçının tələbi əsassızdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin (hakim A.P.Oruczadə) 21 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1538/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının əlilliyə görə əmək pensiyasının 1 avqust 2016-cı il tarixindən yaşa görə əmək pensiyası növünə keçirilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş və iddiaçının müharibə ilə əlaqədar İİ dərəcə əlilliyə görə p ensiyasının bərpa olunması öhdəliyi cavabdehə həvalə edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmək pensiyasının bir növündən başqa növünə keçmək əmək pensiyaçısının təsbit edilmiş hüququdur və yalnız onun müraciəti əsasında həyata keçirilir. Lakin, cavabdeh iddiaçının rəsmi müraciəti olmadan onun hüquqlarına müdaxilə edərək, əlilliyə görə təyin edilmiş əmək pensiyasını yaşa görə əmək pensiyası növünə keçirmişdir. Bununla da iddiaçının hüquqları pozulmuş və O, müharibə ilə əlaqədar 2-ci dərəcəli əlilliyinə görə qanunvericilikdə nəzərdə tutulmuş bir sıra sosial təminatlardan məhrum edilmişdir.

8. Cavabdeh və üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bektaşi və A.Ə.Hüseyn) 9 fevral 2022-ci il tarixli, 2-1(103)-597/2022 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin 2021-ci il 21 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh və üçüncü şəxs həmin qərardan birgə kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində qeyd edilmişdir ki, “Ə mək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən iddiaçı tərəfindən pensiyanın dəyişdirilməsi ilə bağlı ərizə və zəruri sənədlər təqdim edilmədən ona cavabdeh tərəfindən yaşa görə pensiya təyin edilə bilməzdi. İddiaçının müraciəti əsasında pensiya növü dəyişdirilmişdir və buna görə də əvvəlki pensiyasının bərpa edilməsi mümkün deyildir. Odur ki, apellyasiya instansiya məhkəməsinin “cavabdehin iddiaçının sosial təminat hüququnu məhdudlaşdırması” ilə bağlı nəticə düzgün olmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

13. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növü nə keçmək hüququ vardır. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır

15. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3- cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya i nstansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən ir əli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Bununla belə, məhkəmə kollegiyası cavabdehin “iddiaçının müvafiq müraciəti olmadan onun pensiyasının növünün dəyişdirilməsinin mümkün olmaması” ilə bağlı dəlili ilə əlaqədar aşağıdakıları qeyd edir.

22. İddiaçı xx.xx.2016-cı ilədək əlilliyə görə pensiyanın ödənilməsi, xx.xx.2016-cı ildən isə onun pensiyasının yaşa görə pensiyaya keçirilməsi işin tərəflər arasında mübahisələndirilməyən halı olub, iş materiallarında olan sənədlərlə də təsdiqlənir. Cavabdeh də etiraf edir ki, pensiya növünün dəyişdirilməsi üçün şəxsin ərizəsi (müraciəti) olmalıdır. Həmçinin, bu tələb, yəni şəxsin ərizəsi əsasında pensiya növünü n dəyişdirilməsinə yol verilməsi qanunun imperativ tələbidir (“Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsi). Bununla belə, cavabdeh iddia edir ki, iddiaçı pensiyanın dəyişdirilməsi ilə bağlı müraciət etmişdir.

23. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati icraatın və prosessual hüququn konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın və ya hərəkətin qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tə ləb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

24. Cavabdeh iddiaçının müvafiq müraciəti olduğunu bildirsə də, bu barədə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İşə baxan aşağı instansi ya məhkəmələri tərəfindən iddiaçının pensiya işi ilə bağlı sənədlərin təqdim edilməsi ilə əlaqədar sorğular verilmiş, sorğulara əsasən təqdim edilmiş sənədlərin arasında iddiaçının ərizəsi mövcud olmamışdır.

25. Hazırkı iş üzrə inzibati icraatın qanunauyğun aparıldığını sübutetmə yükü cavabdehin olsa da, cavabdeh dəlillərinin mötəbərliyini təsdiq edən sənədləri təqdim edə bilməmiş, bununla da iddiaçının razılığı əsasında pensiya növünün dəyişdirildiyini və hazırda yenidən əvvəlki pensiya növünün bərpa edilməsini mümkünsüz edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir.

26. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasi ya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 21(103)-597/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar