Məhkəmə qərarları › İş №2-1(102)-1035/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1035/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1035/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh X4 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə Açar söz: iddianın mümkünlüyü, əvvəlcə inzibati orqana müraciət edilməsi Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı X4 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı «JN seriyalı 128 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnam ənin və JN-1440 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının həyətyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 0,06 ha hissəsinin ləğv edilməsi və naturadakı vəziyyətə uyğun olaraq həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi» tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-60/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1998-ci il tarixli 05 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,16 ha torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsinə onun hüquqları torpağa mülkiyyət hüququna dair JN-1440 nömrəli dövlət aktı ilə rəsmiləşdirilmişdir. Eyni zamanda Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1998-ci il tarixli 05 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsinə hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN-128F nömrəli şəhadətnamə ilə rəsmiləşdirilmişdir. İddiaşı İddiaçı X4 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (bundan sonra ixtisarla DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi və ya cavabdeh yazılacaq) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN seriyalı 128 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN-1440 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının həyatyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 0,06 ha hissəsinin ləğv edilməsi və naturadakı vəziyyətə uyğun olaraq həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə (torpaq sahəsinin planı və ölçüsü) sənədlərinin verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Balakən rayonu Qullar kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə müraciət etmiş, lakin xx xxxxx 2018-ci il tarixli, **********76 nömrəli məktubla həmin əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina olunmuşdur. Hüquqların dövlət qeydiyyatından imtin a olunması üçün əsas isə fərdi yaşayış evinin Balakən rayonu Qullar kəndində yerləşən 0,10 ha həyatyanı torpaq sahəsinin hüdudlarından kənarda, Balakən rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşməsi olmuşdur. Qeyd olunan fərdi yaşayış evi 1988-ci ildə inşa olunmuşdur. Lakin torpaq islahatı zamanı texniki səhv nəticəsində həyətyanı torpaq sahəsinin ölçülərində müəyyən qədər dəyişikliklər edilmiş, nəticədə mülkiyyətində olan həyatyanı və pay torpaq sahələrinin cizgiləri düzgün işlənilməmişdir. Hesab edir ki, həmin uyğunsuzluq texniki səhv nəticəsində yarandığından və burada heç bir üçüncü şəxsin hüquqları pozulmadığından bu səhvin aradan qaldırılması mümkündür. Məhkəmələrin mövqeyi: Şəki İnzibati-İqtisadi Məhkəməsini n 2-1(84)-1440/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-60/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1440/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olan həyətyanı və pay torpaq sahələrinin cizgilərinin düzgün işlənilməməsini ən azından 1998-ci ildən bilməli olmuş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-60/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının dəlilləri ilə razılaş mayaraq kassasiya şikayəti vermiş, qərardadın ləğv olunmasını və yenidən baxılması üçün həmin məhkməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdr ki, iddiaçı Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1998-ci il tarixli, 05 nömrəli qərarını mübahisələndirmir. Çünki həmin qərarda torpaq sahəsinin ölçülərinin nə məsafədə olması yox, yalnız şəxslərin mülkiyyətinə nə qədər torpaq sahəsinin verilməsi göstərilmişdir. Apelyasiya instansiyası məhkəməsi qərardadında torpaq sahəsinin cizgilərinin işlənməsini inzibati aktın (Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1998-ci il tarixli, 05 nömrəli qərarın) tələbi kimi izah etməyə çalışmışdır. Halbuki, yuxarıda qeyd olundu ğu kimi, qərarda yalnız vətəndaşın mülkiyyətinə nə qədər torpaq sahəsi verilməsi qeyd olunur, ölçülərinin nəqədər olması əksini tapmır. Torpaq sahəsinin ölçülərində texniki səhvin olması isə istənilən halda mümkündür. Şəki Apelyasiya Məhkəməsi qərardadı qəbul edərkən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-ci, xx xxxxxx 2016-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin tələblərini nəzərə almamışdır. Əsaslandırıcı hissə İşə baxılm asının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə göndərilən məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsa slar yoxdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdr. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə iş materiallarına uyğun deyildir. Apelyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə nəticəyə gələrkən bildirmişdir ki, mübahisə olunan torpağa mülkiyyət hüququna dair JN-1440 nömrəli dövlət aktı Balakən rayon Aqrar islahat Komissiyasının xx xxxxx 1998-ci il tarixli 05 nömrəli qərarı əsasında verilmişdir və həmin qərar Azərbaycan Respublikası İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Məhkəmə həmçinin verilmiş iddianı mübahisələndirmə iddiası kimi qiymətləndirmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinin mülkiyyətində olan həyətyanı və pay torpaq sahələrinin cizgilərinin düzgün işlənilməməsi ən azından 1998-ci ildən bilməli olmuş, lakin həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. Həmçinin torpaq sahəsindən digər şəxslərin çıxarılması barədə Balakən rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(019)-165/2016 saylı qətnaməsi olmuşdur və iddia tələbində göstərdiyi hallardan 2016-cı ildə iddiaçı xəbərdar idi. Bu halda da xx.xx.2019-cu il tarixində məhkəməyə müraciət etməklə İPM-nin 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı on a 0,16 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin və 0,10 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1998-ci il tarixli 05 nömrəli qərarını mübahisələndirmir. İddia ərizəsində və apelyasiya şikayətində izah olunur ki, iddiaçıya verilmiş bu torpaq sahələri müvafiq dövlət aktının və şəhadətnamənin plan-ölçü (planşet) bölməsində faktik vəziyyətinə uyğun yox, fərqli yerlərdə əks olunmuşdur və bu səbəbdən 1988-ci ildən inşa etdiyi evin yerləşdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq kimi göstərilmişdir. İşin bu faktik hallarına əsaslanmaqla iddiaçı, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 128F nömrəli şəhadətnamənin və torpağa mülkiyyət hüququna dair JN-1440 nömrəli dövlət aktının həyətyanı torpaq sahəsinə birləşik v əziyyətdə olan 0,06 ha hissəsinin ləğv edilməsini tələb etmişdir. Nəzərə alınmalıdır ki, torpağın mülkiyyətə verilməsinə dair dövlət aktları və şahadətnamələrin hazırlanması aqrar-islahat komissiyaları tərəfindən deyil, yerquruluşu orqanları tərəfindən həyata keçirilirdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sovxoz, kolxoz vədigər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə»nin 7-ci bəndində deyilirdi ki, hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının sərhədini dövlət yerquruluşu xidməti yer üzərində göstərir, mərzlə ayırır, qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə verilən torpaq sahəsi üzrə torpaq sahəs inin planını və ölçüsünü hazırlayır və onlara təqdim edir (bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli 786 nömrəli Fərmanı (“Respublika” qəzeti, xx xxxxxx 2016-cı il, № 38) ilə ləğv edilmişdir). Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdirilən torpaqlarının mülkiyyətçilərinə torpağa mülkiyyət hüququna dair dövlət aktı (1 nömrəli əlavə) verilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağlar ın, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlara görə onlara torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (4 nömrəli əlavə) verilir. Torpağa mülkiyyət və istifadə hüququna dair dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında (5 nömrəli əlavə) əks etdirilir. Qeydiyyat kitabında qeydəalmanı rayon (şəhər) torpaq şöbələri həyata keçirirlər. Dövlət aktlarının və şəhadətnamələrin hazırlanmasına, verilməsinə, dövlət qeydiyyat kitablarının doldurulmasına, habelə saxlanılmasına ümumi rəhbərlik və nəzarəti Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyata keçirir (adı çəkilən Əsasnamənin 11 və 13-cü bəndləri). Ona görə də məhkəmələrin yalnız aqrar-islahat komissiyasının qərarından şikayət vermə müddətinin ötməsinə istina d etməklə iddianı qeyri-mümkün sayması işin hallarının tam araşdırılması prinsipinə uyğun deyildir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkün sayılmaması, şəxsin məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə hər bir halda məhkəmələr bu araşdırmanı tam, hərtərfəli və dəqiq aparmalıdır və bu zaman iddiaçıya hüquqi yardım göstərməyə borcludurlar. İddiaçının öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail olması mümkündürsə, məhkəmə yardım etmək vəzifəsinə əməl etməlidir. Nəzərə alınmalıdır ki, 2016-cı ilin fevral ayına qədər qüvvədə olmuş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi h aqqında Əsasnamə”nin 8-ci bəndinə görə verilmiş dövlət aktına və şəhadətnaməyə özbaşına hər hansı bir düzəliş edilməsi qadağan idi. Həmin bənddə eyni zamanda qeyd olunurdu ki, dövlət aktına və şəhadətnaməyə hər hansı bir düzəliş edilməsi zəruriyyəti yaranarsa, səlahiyyətli orqanların qərarı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan Muxtar Respublikasındakı filialı həmin sənədləri yenidən müəyyən olunmuş qaydada hazırlayır. Yəni qanunvericilik şəhadətnamə və dövlət aktı işlənərkən yol verilən səhvlərin, həmin şəhadətnamə və ya aktın «ləğv olunması» yolu ilə deyil, «düzəliş edilmə» yolu ilə aradan qalırılmasının mümkünlüyünü müəyyən etmişdi. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı ilk dəfə cavabdehə m üraciət edərək, Qullur kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki yaşayış evinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsini xahiş etmişdir. İnzibati orqan bundan imtina etmiş və iddiaçıya xx xxxxx 2018-ci il tarixdə məktub göndərərək bildirmişdir ki, ərizənin icrası ilə əlaqədar aparılmış kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış zamanı məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulmuş fərdi yaşayış evi JN seriyalı 128F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ona məxsus olan 0,10 ha həyətyanı torpaq sahəsinin hüdudlarından kənara, mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə düşür. Bundan sonra iddiaçı DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edərə k, JN seriyalı 128F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan torpaq sahəsinin cizgilərində texniki səhvin aradan qaldırılaraq həmin torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının həmin müraciətinə xx xxx 2018-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, ilkin təqdim etdiyi sənədlərin təkrar araşdırılması zamanı, qeydə alınmasını tələb etdiyi evin ona məxsus olmasını təsdiq edən hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Odur ki, mülkiyyətində olan torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin ona məxsus olmasını təsdiq edən hüquqmüəyyənedici sənəd ərizəyə əlavə edildiyi təqdirdə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respub likası Qanunun 8 və 10-cu maddələrinin tələblərinə uyğun olaraq vahid daşınmaz əmlak kimi torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxıla bilər. Göründüyü kimi iddiaçının inzibati orqana məhkəməyədək müraciətləri hazırki iddiada göstərilən məzmunda (JN seriyalı 128 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN-1440 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının həyatyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 0,06 ha hissəsinin ləğv edilməsi və naturadakı vəziyyətə uyğun olaraq həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi) deyil, yaşayış evi ilə birlikdə qeydiyyata alınması barədə olmuşdur. Yəni hazırda nail olmaq istədiyi hüquqi nəticə üçü n onun inzibati orqana müraciəti və inzibati orqanın bundan imtinası yoxdur. Əksinə inzibati orqanın ikinci cavabından görünür ki, inzibati orqan təkrar araşdırmadan sonra iddiaçıya evə dair ilkin hüquqmüəyyənedici sənədləri təqdim etməyi təklif etmişdir. Məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxarkən işin bu halına da qiymət verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apelyyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsi barədə gəldiyi nəticəni qəbul edib qərardadı dəyişdirilmədən qüvvədə saxlayarkən işin hallara tam araşdırılmamışdır. Buna görə də Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-60/20 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə geri qay tarılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-60/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə geri qaytarılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar