Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1052/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar söz:subyekiv hüquq, iddianın mümkünlüyü) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı və vəkili, cavabdeh Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndəsi və vəkili iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-474/2020 saylı 31 yanvar 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsas ən işə Ali Məhkəmənin binasında 09.06.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək maddi ziyana görə 490.000 manat və mənəvi ziyana görə 50.000 manat alınıb ona verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Ünvan evin yan tərəfindəki 2.000 kv.m torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə iddiaçının mərhum atası X1 arasında bağlanmış “Stasionar xidmət obtektinin təşkili haqqında” 10 iyun 2006-cı il tarixli müqavilə əsasında 10 il müddətinə Iddaiçı icarəsinə verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 sentyabr 2006-cı il tarix li qətnaməsi ilə Iddaiçı həmin torpaq sahəsinə mülkiyyət hüququ tanınmaqla torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi qət edilmişdir. Lakin iddiaçının mərhum atası X1 həmin qətnamə əsasında 2.000 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış almalı olduğu halda, hüqüqi savadsızlığından bu çıxarışı almamışdır. X1 qeyd edilən torpaq sahəsində 200.000 manat dəyərində sahəsi 277 kv.m və 85.000 manat dəyərində sahəsi 27 kv.m olan dəmir məmulatların istehsalı sexləri tikdirmiş və vergi orqanlarında qeydiyyata alınmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Mərhum X1 eyni zamanda həmin 2.000 kv.m torpaq sahəsinin yanındakı ərazidə RİH rəhbərliyinin razılığı ilə əlavə olaraq 150.000 manat dəyərində sahəsi 74 kv.m olan və 55.000 man at dəyərində sahəsi 21 kv.m olan dəmir məmulatlarını istehsal edən digər sexlər də inşa etdirmiş və həmin obyektlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. X1 1 may 2015-ci il tarixdə vəfat etmiş və iddiaçı, bundan sonra vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri ** saylı Notariat Kontoruna müraciət etmişdir. Onun müraciəti əsasında notariat kontorunda vərəsəlik işi açılmışdır. Eyni zamanda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 sentyabr 2006-cı il tarixli qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə ( hazırkı Nərimanov rayon İcra və Probasiya şöbəsinə) göndərilmişdir. Mərhum X1 məxsus olan dəmir məmulatları sexlərində sahibkarlıq faəliyyəti ilə iddiaçı məşğul olmuşdur. 2017-ci ilin oktyabr ayından isə hazırık cavabdeh Sabunçu RİH tərəfindən 74 kv.m s ahəsi olan sex sökülmüş, sexlər də daxil olmaqla 2.000 kv.m torpaq sahəsi isə qanunsuz olaraq hasara alınmışdır. Nəticədə o, həmin torpaq sahəsinə, sexlərə sahiblikdən və sahibkarlıq fəaliyyətindən məhrum olunmuşdur. Hansı ki, sexlərin fəaliyyəti ilə ayda 7.000 – 8.000 manat qazanc əldə olunurdu. Qazancın əldən çıxması nəticəsində ona bu günədək 30.000 manat maddi ziyan dəymişdir. Vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə o, cavabdeh Sabunçu RİH-ə ərizə ilə müraciət etmiş və dəmir hasarın sökülməsi, torpaq sahəsinin, tikililərin onun sahibliyinə qaytarılması və manelərin aradan qaldırılması tələbi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırmışdır. Lakin bundan sonra da cavabdeh Sabunçu RİH-in nümayəndələri qanunsuz hərəkətləri davam etdirərək 2.000 kv.m torpaq sahəs ində tikilmiş sexləri də sökmüşlər. Beləliklə, cavabdeh Sabunçu RİH qeyd olunan sexləri sökməklə 290.000 manat məbləğində, qazancının əldən çıxması ilə əlaqədar 30.000 manat zərər vurmuşdur. Cavabdehin bu hərəkətləri nəticəsində onun işgüzar nüfuzu aşağı düşmüş, o, mənəvi sarsıntılar keçirmiş və əlacsız vəziyyətdə qalmışdır. Bununla da cavabdeh tərəfindən ona 50.000 manat məbləğində mənəvi zərər vurulmuşdur. İddiaçı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı cavabdeh Sabunçu RİH-ə müraciət etmiş, lakin bir aydan artıq vaxt keçsə də, ona cavab verilməmişdir. Yəni, cavabdeh maddi və mənəvi ziyanı ödəməkdən imtina etmişdir. Göründüyü kimi, cavabdeh Sabunçu RİH onun mərhum atası X1 məxsus, onun istifadəsində olan Ünvan evin yan tərəfindəki 2.000 kv.m torpaq sahəsində və onun yanın dakı ərazidə mərhum X1 tərəfindən tikilmiş dəmir məmulatları istehsal edən sexləri qanunsuz olaraq sökmüş, onu vərəsəlik hüququ üzrə mülkiyyət, sahiblik, istifadə və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edib maddi və mənəvi zərər vurmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23.1, 157, 164, 165.1, 1097.1-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Məhkəmənin mövqeyi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qərardadından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-474/2020 saylı 31 yanvar 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, məhkəmələr nəinki iddiaçının atasının müvafiq sahəyə mülkiyyət hüququnu tanıyan məhkəmə aktını ləğv etmiş, eyni zamanda həmin aktın qəbul edilməsində əsas kimi istinad olunmuş icarə müqaviləsinin müvafiq torpaq ayırma qaydalarına uyğun olmadan verilməsini də müəyyən etmişdir. Belə olan halda, iş üzrə iddiaçı torpaq sahəsi və onun üzərində yerləşən hər hansı tikiliyə münasibətdə əşya hüququna malik olmamışdır. Belə olan halda isə o, hazırda irəli sürdüyü iddiaya münasibətdə hüquqi ixtiyar əldə etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-474/2020 saylı 31 yanvar 2020-ci il tarixli qə rardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının subyektiv hüququ vardır. Belə ki, qətnamə ilə iddiaçının atasının torpaq üzərində hüquqları yarandıqdan sonra həmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olunmuş, tikinti işləri aparmış, lakin cavabdeh tərəfindən torpaq sahəsi başqa şəxsə satılmış, onlara məxsus əmlaklar dağıdılmışdır. Kassator Azərbaycan Respublikası Konstitusiyasının 29, “Torpaq islahatı haqqında” Qanunun 1,3-cü maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-474/2020 saylı 31 yanvar 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilm işdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndəsi və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçü n əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-474/2020 saylı 31 yanvar 2020-ci il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Bakı ŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə X1 arasında Ünvan evin yanm tərəfində yerləşən 2.000 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə 10 iyun 2006-cı il tarixli müqavilə bağlanmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21140/2016 saylı 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə Ünvan evin yan tərəfində yerləşən 2.000 kv.m torpaq sahəsinə Iddiaçı mülkiyyət hüququ tanınaraq həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi qət edilmişdir. Iddiaçı 1 may 2015-ci il tarixdə vəfat etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5514/2018 saylı 17 may 2018-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs Sabunçu RİH-in apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1140/2006 saylı 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)7518/2018 saylı 20 noyabr 2018- ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5514/2018 saylı 17 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə baxan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, məhrum Iddiaçı Ünvan evin yanındakı torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1140/2016 saylı 11 sentyabr 2006-cı il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5514/2018 saylı 17 may 2018-ci il tarixli qətnaməsi ilə ləğv edildiyindən və sonuncu qətnamə qanuni qüvvəyə mindiyindən (Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə dəyişdirilmədən saxlanılmışdır), habelə hazırkı iddiaçı Iddiaçı mərhum Iddiaçı vərəsəsi kimi müəyyən edilsə də adına vərəsəlik şəhadətnaməsi verilmədiyindən, hal-hazıradək, iddiaçı Iddiaçı müvafiq torpaq sahəsində tikilinin sökülməsi nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair hazırkı iddianı qaldırmaq üzrə subyektiv hüququ yaranmır. Məhkəmə kollegiyası apellyasiya instanisya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır…İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir….Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır…İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icra sı və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iş materiallarında iddiaçının müvafiq kompensasiyanın ödənilməsi tələbi ilə cavabdehə müraciəti olsa da, həmin məktubun cavabdehə çatdırılmasına dair sübut iş materiallarında mövcud deyildir. Belə olan halda, işə baxan aşağı instansiya məhkəmələri iddia tələbinə mahiyyəti üzrə qiymət verməmişdən öncə, iddianın mümkünlük şərtlərinə cavab verib-verməməsini yoxlamalı idilər. Iddianın mahiyyəti ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Ümumi mənada subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ix tiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv mənada iddia vermək hüququ bir tərəfdən şəxsin hüququnun pozulubpozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanu nla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi Ünvan evin yanındakı torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1140/2016 saylı 11 sentyabr 2006-cı il tarixli qətnaməsinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5514/2018 saylı 17 may 2018-ci il tarixli qətnaməsi ilə ləğv edilməsinə, eyni zamanda həmin aktın qəbul edilməsində əsas kimi istinad olunmuş icarə müqaviləsinin müvafiq torpaq ayırma qaydalarına uyğun olmadan verilməsinə istinad etsə də, apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, 2006-cı ildən 2018-ci ilədə k sözügedən torpaq sahəsi iddiaçının mərhum atasının və özünün mülkiyyətində olmuş, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq tikililər tikmişlər. Tikililər qeydiyyatdan keçməsə də, iddiaçının atasının və özünün sahibliyində olmuşdur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyə n hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” iş üzrə qərarında həmçinin göstərmiş dir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmamasını onun mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasa da, onun həmin əmlak üzərində istifadə hüququnun mövcud olması mülkiyyətə bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I bəndinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin I bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin II bəndinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin II bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalət li ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakın vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakın və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Qeyd edilənlərə əsasən apellyas iya instansiya məhkəməsi, iddiaçının tələbinə münasibətdə əsassız olaraq hesab etmişdir ki, iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüquqları müəyyən olunmur. Belə ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasa da, onun həmin əmlak üzərində istifadə hüququnun mövcud olması mülkiyyətə bərabər tutulur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlə rin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-474/2020 saylı 31 yanvar 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1052/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1052/2020
09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver