Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1082/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X5 İdarəsinin Cavabdeh şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulmasına dair iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçının nümayəndəsi X4 oğlunun, İddiaçının vəkili Vəkil, Cavabdehin vəkili X3 iştirakları ilə İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X5 Departamentinin Cavabdeh şirkətinə qarşı “borcun tutulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 yanvar tarixli 2-1(103)-342/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2017-ci il 01 iyul tarixə 18685,71 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcu cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə məcburi dövlət sığorta haqları üzrə borcun ödənilməsinə dair 2017-ci il 01 avqust tarixli bildiriş göndərilmiş, cavabdeh tərəfindən xəbərdarlıqlara əməl olunmadığına görə hesablaşma hesabına 2017-ci il 17 avqust tarixli 188/**********5 və 188/********** saylı sərəncamlar qoyulmuşdur. Daha sonra cavabdehə 2017-ci il 18 dekabr tarixli iddia qaldıracağı barədə xəbərdarlıq ilə 1 ay müddətinə borcun tam ödənilməsi təmin edilmədiyi halda, qanuna müvafiq qaydada məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 2-1(81)2502/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2017-ci il 1 iyul tarixə 18685,71 manat məbləğində borcun cavabdehin əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması qərara alınmış, idd ia qalan hissədə rədd edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apelyasiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X5 İdarəsi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 yanvar tarixli 21(103)-342/2020 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 2-1(81)2502/2018 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, “İnzibati İcraat haqqında” Qanunun 82-ci maddəsinə görə pul tələbinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir (82.1); İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. (82.2). Məhkəmənin qərardadı iddiaçıya 2020-ci il 21 fevral tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardaddan 2020-ci il 26 fevral tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini tələb edir. Kassasiy a şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərardadı qəbul edərkən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq etdiyi normaları düzgün təfsir etməmiş və iş üzrə təqdim olunmuş sübutları düzgün qiymətləndirməyərək iş üzrə yekun nəticəyə gələrkən prosessual hüquq normalarını pozmuşdur. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə görə, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlər indən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Digər tərəfdən, “hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması” barədə vergi orqanı tərəfindən iddianın qaldırılması imkanı ilə bağlı iddiaçı bildirir ki, VM-in 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək və 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borc ların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanının hüquqlarına aid edilmişdir. Bu hüquqları həyata keçirərkən borclu (dövlət büdcəsi qarşısında öhdəliyi yaranan) vergi ödəyicisi ilə bağlı ortaya çıxan hüquq münasibətlərində vergi orqanı əlbəttə ki, dövlət büdcəsinə vergi daxil olmalarını təmin etməyə məsul olan subyekt olaraq kreditor kimi çıxış edir. Göründüyü kimi, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınmasını məhkəmə qaydasında tələb edə bilər. Bu maddi hüquq normalarında təsbit edilmiş pozitiv imkandır və bunun mövcud olmamasını, yaxud kreditor olan vergi orqanına şamil edilməməsini fərz etmək əsaslı hesab edilə bilməz. Beləliklə, müəyyən edilir ki, işə baxan məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq etdiyi normaları düzgün təfsir etməmiş və iş üzrə təqdim olunmuş sübutları düzgün qiymətləndirməyərək iş üzrə yekun nəticəyə gələrkən prosessual hüquq normalarını pozmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili kassasiya şikayətinə qarşı etiraz edərək apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Sosial sığorta haqqında” Qanunun 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənil məməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra mətndə - VM) vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. VM-in 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sı ğorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Qanuna əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməs i üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsinə görə, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələri nin şərh edilməsinə dair” 2011-ci il 13 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, “İnzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.” Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, şəxsin ödənilməmiş vergi borcları ilə bağlı vergi məsuliyyətinə cəlb edilməsi məsələsi vergi orqanları tərəfindən həll edilməli məsələdir. Vergi orqanı öz səlahiyyətləri daxilind ə qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. İddiaçı qanunla ona verilmiş bu səlahiyyətdən (əslində, həmin səlahiyyətin ehtiva etdiyi vəzifədən), həm də məhkəmədən kənar qaydada istifadə etməməsinin səbəblərini, yaxud bunu etmək imkanından məhrum olduğunu əsaslandırmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsinə əsasən, inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları da icra sənədləri sayılırlar və məhkəmələrin verdiyi icra sənədləri kimi onların da icrası həmin Qanuna uyğun olaraq təmin olunur. Pul tələblərinin ödənilməsi ilə bağlı olan belə qərarlar “İnzibati icraat haqqında” Qanunun mənası baxımından inzibati aktdırlar, ünvanlandıqları şəxslər üçün məcburi xarakter daşıyırlar və icra olunmalıdırlar. VM-in 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit edilmişdir ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə m üraciət edə bilər. Beləliklə, şərh olunanları nəzərə almaqla kollegiya hesab edir ki, vergi orqanı vergi öhdəliyi yerinə yetirilmədikdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə yalnız siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məcburi dövlət sosial sığorta haqqının dövlət büdcəsinə tutulması predmetli iddiaya məhkəmədə baxılmalı deyildir. Vergi orqanı bu məsələni inzibati akt qəbul etməklə həll etməlidir. Həmin inzibati aktı qəbul etdikdən sonra vergi orqanı Vergi Məcəlləsində təsbit edilmiş imkanlardan istifadə etməklə məcburi dövlət sosial sığorta haqqı borcunun dövlət büdcəsinin ö dənilməsinin təmin edilməsinə yönəlmiş tədbirlər görməlidir. Müvafiq olaraq məhkəmə qaydasında görülməli olan belə tədbir yalnız siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında iddia qaldırılması ola bilər. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 yanvar tarixli 21(103)-342/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova
Məhkəmə qərarları › İş №2-1(102)-1082/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1082/2020
23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver