Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-109/2021 02.02.2021 ALİ MƏHKƏMƏ İddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət verilməsində imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, iddiaçının iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzə ştlərin əvəzi olaraq kompensasiyanın hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.08.2020-ci il tarixli, 2-1(103)-552/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI 1. xx.xx.1959-cu il təvəllüdlü iddiaçı Səmədov Əfqan Nisbət oğlu 2003-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasından ehtiyata buraxılmış, 07.11.2003-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı 19.04.2019-cu il tarixində cavabdehə ərizə ilə müraciət edərək kommunal, nəqliyyat və digər xidmətlərin əvəzi olaraq 2012-ci ilin may ayından aylıq 26 manat müavinətin ona ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh 28.06.2019-cu il tarixli, *** nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 7.0.6-cı maddəsinə əsasən iddiaçının tələb etdiyi müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda ödənilir. Həmin Qanunun sözügedən maddəsinin tələblərinə uyğun olmayan qaydada iddiaçıya 30.04.2012-ci il tarixinədək artıq müavinət ödənilmişdir. Artıq ödənilmiş vəsaitin əmək pensiyasından tutulması iddiaçının maddi vəziyyətinin ağırlaşdırılmasına səbəb olacağı üçün təxirə salınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli, 613 nömrəli fərmanının 1-ci maddəsinə əsasən ona ödənilməli olan, lakin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti (Xüsusi Şərtlərlə Təyinat İdarəsi) tərəfindən qanunsuz olaraq 2012-ci ilin may ayından 2019-cu ilin aprel ayının 1-dək aylıq 26 manat olmaqla dayandırılmış müavinətin ödənilməmiş 83 ayın (83x26=2158 AZN) cəmi 2158 manat pulun birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı 2013-cü ildə Azərbaycan Res publikası Silahlı Qüvvələri sırasından ehtiyata buraxılmışdır və ona 2004-cü ildən II qrup əlillik dərəcəsi, 2005-ci ildən III qrup əlillik dərəcəsi təyin edilmiş, 2007-ci ildən isə ona III qrup əlillik dərəcəsi ömürlük təyin edilmişdir. Əlilliyin səbəbi “Xidməti vəzifələri yerinə yetirməklə əlaqədar olaraq” göstərilmişdir. Eyni zamanda, iddiaçı müharibə veteranıdır. Müharibə veteranı və III qrup əlil dərəcəsinə görə ona təyin edilmiş 26 manat müavinətin ödənilməsi 2012-ci ilin may ayından əsassız olaraq cavabdeh tərəfindən dayandırılmışdır. Bununla əlaqədar olaraq o, 12.03.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə müraciət etmiş, lakin imtina cavabı almışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş et mişdir.
6. İddiaçı daha sonra iddia ərizəsinə dəqiqləşdirmə verərək, Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli, 613 nömrəli fərmanının 1-ci bəndinə uyğun olaraq Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanlara, 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olanlara, Böyük Vətən müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulanlara, həqiqi hərbi xidmət dövründə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əlil olmuş hərbi qulluqçulara kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin əvəzi olaraq aylıq 26 manat kompensasiyanın 01.05.2012-ci ildən 31.03.2019-cu ilə qədər hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçı 2003-cü ildən etibarən əmək pensiyası aldığından ona qeyd olunan müavinətin ödənilməsi “Sosial müavinətlər haqqında” Qanunun 7.0.6-cı maddəsinə ziddir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.11.2019-cu il tarixli, 2-1(81)3273/2019 nömrəli qərarına əsasən (hakim – M.T.Hacıbəyova) iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik normalarına əsasən vətəndaşın pensiya hüququ yarandığı zaman ona verilən müavinət dayandırılır. Odur ki, iddiaçıya pensiya təyin edildikdən sonra ona müavinətin verilməsinin dayandırılması hərəkətləri ilə cavabdeh tərəfindən iddiaçıya münasibətdə qanun pozuntusuna yol verilməmişdir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.11.2019-cu il tarixli, 2-1(81)-3273/2019 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.08.2020-ci il tarixli, 21(103)-552/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – E.E.Nağıyeva, hakimlər – V.M.Məmmədov və H.Ü.Həmidov) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.11.2019-cu il tarixli, 2-1(81)-3273/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Məhkəmə qərarı iddiaçıya 08.09.2020-ci il tarixində təqdim edilmişdir.
14. İddiaçı həmin qərardan 08.10.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.08.2020-ci il tarixli, 2-1(103)- 552/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd oluna nlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə həqiqətin araşdırılması və qanuni qərarın qəbul edilməsi üçün çalışmadan birinci instansiya məhkəməsinin əsassız gəldiyi nəticəni təkrarlamış, əsassız və qanunsuz qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsi MPM-in 271.2-ci, İPM-in 12, 13, 14-cü maddələrinin tələblərini pozmuşdur.
16. Bundan başqa, sözügedən müavinətin əmək pensiyası hüququ olmayan şəxslərə ödənilməsi ilə bağlı cavabdehin və məhkəmənin mövqeyi əsassızdır. Belə ki, “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin” əvəzinə ödənilən müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.01.2002-ci il tarixli, 2 nömrəli Qərarına əsasən pensiya alanlara DSMF tərəfindən pensiyanın “sı ğorta hissəsinə əlavə olaraq” ödənilir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.
19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası nın Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir.
21. Həmin Qanunun 11.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda dayandırılır
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzər inə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
23. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılı ğı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Hazırkı qərarın 20-21-ci bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir və həmin müavinət onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda dayandırılır.
28. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı hərbi xidmət vəzifələrinin icrası ilə bağlı əlildir və 2003-cü ildən əmək pensiyası alır.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək pensiyası hüququ olduğundan onun kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət almaq hüququ yoxdur və bu barədə cavabdehin, eləcə də məhkəmələrin mövqeyi əsaslıdır.
30. İddiaçı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin onun dəlillərini qiymətləndirməyini bildirsə də, məhkəmə kollegiyası iddiaçının bu dəlilini də əsassız hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi, işin halları qanunvericiliyin aidiyyəti müddəalarına əsasən araşdırılmış və tərəflərin dəlilləri qiymətləndirilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir.
31. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkə məyə təqdim etməmişdir.
32. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir.
33. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.08.2020-ci il tarixli, 21(103)-552/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.