Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1091/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ 23.04.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanəhməd oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinəqarşı pensiyanın yenidən hesablanması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2811/2018 saylı iş üzrə 19 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin 01 mart 2018-ci il tarixli məktubu ilə iddiaçının pensiyanın 28 oktyabr 2010-cu ildən başlayaraq ödənilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş məlumat vərəqinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyalarının onu almaq hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il ödənilməklə bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qanunun 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş bu müddasına uyğun olaraq iddiaçının pensiyası 01.01.2015-ci ildən hesablanmışdır və pensiya fərqi hər ay pensiyanın üzərinə əlavə olunmaqla 01.01.2018-ci ildən ödənilir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 mart 2017-ci il tarixli, 2-1(81)-312/2017 saylı qərarı ilə onun daxili işlər orqanlarında təqvimi xidmət müddətinin 15 il 09 ay 14 gün, güzəştli xidmət müddətinin 28 il 03 ay 10 gün olmaqla hesablanaraq tərtib edilmiş pensiya təminatı üzrə məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. Həmin qərara əsasən məlumat vərəqəsi cavabdehə göndərildikdən sonra pensiyası səhvən “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci ildən qüvvəyə minmiş müddəaları tətbiq edilməklə düzgün tə tbiq edilməmişdir. Halbuki, pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb olunan xidmət müddəti daxili işlər orqanlarından tərxis olunarkən yarandığından pensiyası 01 yanvar 2006-cı ildə qüvvəyə minmiş və 01 iyul 2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinin müddəaları tətbiq edilməklə pensiyası daxili işlər orqanlarından tərxis olunduğu 28 oktyabr 2010-cu il tarixdən hesablanaraq ödənilməlidir. Cavabdeh iddaya qarşı təqdim etdiyi etirazında göstərmişdir ki, pensiyanın 2010-cu il tarixdən hesablanaraq ödənilməsi qanunvericiliyə uyğun deyildir. Çünki iddiaçı ərizə ilə 26 dekabr 2017-ci il tarixdə müraciət etmiş və müvafiq olaraq həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1-ci maddəsinə uyğun şəkildə müraciət edilə n tarixdən əvvəlki 3 il üçün ödənilməklə pensiya təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2-1(81)2170/2018 saylı qərarı (hakim - M.T.Hacıbəyova) ilə iddia tələbi təmin edilərək, İddiaçı təyin olunmuş pensiyanın, pensiya hüququnun yarandığı gündən, daxili işlər orqanlarından tərxis olunduğu 28.10.2010-cu il tarixdən etibarən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2811/2018 saylı, 19 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və C.A.Yusifov) cavabdehin apellyasiya təmin edilməyərək 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qərarı dəyi şdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarını ləğv edib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiya məhkəməsi tam və hərtərəfli araşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki,iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 28 il əmək stajına görə müvafiq təminat xəcliyinin 74 faizi məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşın pensiya hüququ yarandığı tarixdə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə idi. Belə ki, həmin Qanunun 45-ci maddəsinə əsasən vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq hüququnun yarandığı gündən, lakin pensiya üçün müraciət edildiyi gündən ən çoxu 12 ay əvvəl təyin edilir. Lakin “Əmək pensiyaları haqqında” Qanuna sonuncu edilmiş dəyişikliklərə əsasən, yəni Qanunun 32.1-1-ci maddəsinə görə “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən və iddiaçının ərizəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş məlumat vərəqinin də daxil olduğu və tərtib edildiyi tarix “Əmək pensiyaları h aqqında” Azərbaycan Respublikası Qanununa sonuncu edilmiş dəyişikliklərdən, daha dəqiq desək 01.07.2017-ci il tarixdən sonrakı dövrü əhatə etdiyindən, Qanunun 32.1-1-ci maddəsinin tələbi birmənalı olaraq iddiaçıya şamil edilmiş və icra edilmişdir. Qeyd olunanlara baxmayaraq apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq hüquq normalarını düzgün tətbiq etməməklə yanaşı, işin hallarını tam və hərtərəfli araşdırmamış və əsassız nəticəyə gəlmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Resp ublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 mart 2017-ci il tarixli, 2-1(81)-312/2017 saylı qərarı ilə İddiaçı daxili işlər orqanlarında təqvimi xidmət müddətinin 15 il 09 ay 14 gün, güzəştli xidmət müddətinin 28 il 03 ay 10 gün olmaqla hesablanaraq tərtib edilmiş pensiya təminatı üzrə məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. Bundan sonra Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş 15 dekabr 2017-ci il tarixli məlumat vərəqəsi əsasında cavabdehin 26 dekabr 2017-ci il tarixli qərarı ilə iddiaçıya əmək pensiyası təyin edilmişdir. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 32.1-1-ci maddəsinə əsaslanmaqla təyin edilmiş pensiyanın 01 yanvar 2015-ci il tarixdən ödənilməli olduğu haqqında qərar qəbul etmişdir. Hazırda tərəflər arasındakı mübahisə pensiyanın əvvəlki dövrlər üzrə məhz hansı tarixdən etibarən ödənilməli olduğu ilə bağlıdır. Kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya məhkəməsi iddianın təmin edilməli olduğu ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, məlum olduğu kimi “Əmək pensiyaları haqqında” Qanunun bir sıra müddəalarına 01 iyul 2017-ci il tarixdən etibarən qüvvəyə minməklə bir sıra əlavə və dəyişikliklər edilmişdir. 01.07.2017-ci il tarixədək “Əmək pensiyaları haqqında” Qanunun müvafiq maddələrinin redaksiyası aşağıdakı kimi olmuşdur: 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Dəyişiklik və əlavələr edildikdən sonra isə müvafiq maddələrinin redaksiyası aşağıdakı kimi olmuşdur: 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azə rbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə görə, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Kollegiya qeyd edir ki, şəxsin pensiya hüquqlarının reallaşdırılması baxımından zamanzaman qanunvericilikdə baş verən dəyişikliklərin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edi lməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, hazırkı işin ha llarından müəyyən olunur ki, qanuni qüvvədə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 mart 2017-ci il tarixli, 2-1(81)-312/2017 saylı qərarı ilə İddiaçı pensiya təminatı üzrə məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edildiyindən, artıq iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixdə dəyişiklik edilənədək qazanılmış pensiya hüququna malik olduğu müəyyən edilir. Bu halda, həmin hüquq onun qazanıldığı vaxt qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilməlidir. Həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbləri isə nəzərə alındığınd a iddiaçının pensiya təyin edən orqana müraciət etmə müddətindən asılı olmayaraq pensiya hüququnun yarandığı vaxtdan pensiyasının hesablanıb ödənilməsini tələb etmək hüququ olmuşdur. Müvafiq olaraq iddiaçının pensiyasının hesablanmasına münasibətdə qanunvericilikdə edilmiş onun pensiya hüququnun yarandığı vaxtdan sonrakı dəyişikliklərlə gətirilmiş müddət məhdudiyyətinə dair normalar tətbiq edilə bilməz. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2811/2018 saylı iş üzrə 19 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1091/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1091/2019
23.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver