Məhkəmə qərarları › İş №2-1(102)-1095/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1095/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1095/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvafiq müraciəti olmadan fiziki şəxsin vergi ödəyicisi kimi uçota alınması və ona vergi hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “vergi ödəyicisi kimi uçota alınmanın və qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 21(103)-3086/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı müvafiq müraciəti olmadan xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən vergi ödəyicisi kimi uçota alınmış və onun barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********741400 nömrəli qərar qəbul edilmişdir.

2. İddiaçının həmin qərardan verdiyi şikayət Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun fərdi sahibkar kimi uçotunun qanunsuz hesab edilməklə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********741400 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə əsas fəaliyyət növü “təzə və istifadə olunmuş minik avtomobillərinin pərakəndə satışı” qeyd olunmaqla qanunsuz və əsassız olaraq vergi orqanı tərəfindən fərdi sahibkar qismində uçota alınmış və barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********741400 n ömrəli qərar qəbul edilərək ona 2935 manat məbləğində gəlir vergisi hesablanmışdır. İddiaçı 2021-ci il ərzində şəxsi mülkiyyətində olan və istifadə etmədiyi 2 ədəd yük avtomobili satmışdır. Vergi ödəyicisi olmadığına görə və alıcı hüquqi şəxs vergi ödəyicisi olduğuna görə tərəfindən təqdim edilmiş nəqliyyat vasitələri elektron alış aktları ilə rəsmiləşdirilmişdir. Bununla bağlı, vergi orqanı tərəfindən iddiaçının yaşadığı ünvana məktub göndərilmiş, qeyd edilmiş əməliyyatla bağlı guya onun həmin malları sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdiyi “ehtimal edilmişdir”. Həmin ehtimallarla da iddiaçıdan vergi ödəyicisi kimi məcburi qaydada uçota durmasını tələb etmişlər. Vergi orqanının həmin məktubunu xx.xx.2022-ci il tarixli məktubla cavablandıraraq, təqdim etdiyi malları sahibkar lıq məqsədləri üçün istifadə etmədiyini, şəxsi mülkiyyətində olduğunu, istifadə edə bilmədiyi üçün satdığını bildirmişdir. Eyni zamanda, həmin cavab məktubunda sahibkarlıq fəaliyyəti həyata keçirmədiyinə görə vergi ödəyicisi kimi qeydiyyata alınma zərurətinin yaranmadığını nəzərə almalarını xahiş etmişdir. Cavabdeh cavab məktubunda izahatının araşdırılacağı və qanunamüvafıq tədbirlərin görüləcəyini bildirmişdir. Lakin vergi orqanın xx.xx.2022-ci il tarixli məktubundan sonra ona həmin orqanının xx.xx.2022-ci il tarixli məktubu göndərilmiş, həmin məktubda isə onun VÖEN-i olduğu göstərilmiş və gəlir vergisi bəyannaməsi təqdim etməli olduğu qeyd edilmişdir. Halbuki iddiaçı tərəfindən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti aparan vergi ödəyicisi kimi qeydiyyata alınması ilə bağlı vergi o rqanına heç bir müraciət olunmamışdır. Müraciət etmədiyi halda, vergi orqanı iddiaçının adından hansı formada, kimin müraciəti əsasında və hansı qanunvericilik aktına əsaslanaraq onun adına VÖEN açdığı ona məlum deyil. VÖEN verilməsi ilə bağlı vergi orqanı tərəfindən ona hər hansı məlumat, bildiriş və ya qərar təqdim edilməmişdir. Vergi orqanı, birinci növbədə, onun hansı əsasla ərizəsi olmadan vergi uçotuna alındığını, ikinci növbədə, nəyə görə sahibkar hesab edildiyini əsaslandırmalıdır.

5. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən 2021-ci il ərzində tərtib edilmiş 2 ədəd elektron alış aktı üzrə iddiaçı tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinə (VÖEN: **********) müvafiq olaraq 30200 manat və 28500 manat dəyərində 2 ədəd avtonəqliyyat vasitəsinin (“Volksvagen Crafter yük” və “Ford Transit yük”) təqdim edildiyi, lakin iddiaçının vergi orqanında uçota durmadığı müəyyən edilmişdir. Vergi orqanı tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş göndərilsə də, vergi uçotuna dair ərizə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, iddiaçı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 2022-ci ildə qüvvədə olmu ş Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən, bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Uçot-baza məlumatlarına əsasən iddiaçının əsas fəaliyyət növünün “təzə və istifadə olunmuş minik avtomobillərin pərakəndə satışı” olduğu, vergi orqanında qeydiyyata alınmış aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən 2021-ci il ərzində elektron alış aktları əsasında ümumilikdə 58700 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üçün gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. Vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatları n) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro- sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2021-ci il üzrə 2935 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********741400 nömrəli qərar qəbul olunmuşdur. İddiaçı tər əfindən vergi orqanının qərarından inzibati şikayət verilmiş və yuxarı vergi orqanının xx.xx.2022-ci il tarixli, **********700300 nömrəli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol polisi İdarəsinə edilmiş sorğuya əsasən daxil olmuş cavab məktubunun araşdırılması zamanı iddiaçı tərəfindən “X2 minik” markalı avtonəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixdə 19000 manata və “Porşe Panamera 4S EHibrid” markalı avtonəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdə 200000 manata təqdim edildiyi müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazası üzrə iddiaçının "xxxx" MMC-nin (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) əmək müqaviləsi üzrə işçisi olduğu və həmin hüquqi şəxslərin "xxxx" Mənzil-Tikinti Kooperativi ilə qarşılıqlı surətdə asılı olan şəxslər olduğu müəyyən edilmişdir. Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Bundan əlavə, vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mən fəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Belə ki, sahibkarlıq fəaliyyəti qanunvericilikdə konkret olaraq aktivlərin sayına, satış həcminə və s. bu kimi xüsusiyyətlərə görə deyil, məhz bu fəaliyyət ilə məşğul olan şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməkdə əsas məqsədinin mənfəət, gəlir əldə etmək olması ilə şərtləndirilmişdir. Beləliklə, vergi ödəyicisinin izahatına və uçot-baza məlumatlarına əsasən elektron alış aktları vasitəsilə təqdim edilmiş avtonəqliyyat vasitələrinin şəxsi istifadə üçün nəzərdə tutulmasının sənədlərlə təsdiqini tapmaması, həmin avtonəqliyyat vasitələrinin sahibkarlıq fəaliyyətində istifadə edilən avtonəqliyyat vasitələri olması, bununla da alqı-satqı yolu ilə satılmış 2 ədəd avtomobilin qazanc əldə etmək məqsədilə təqdim edilmə si vergi orqanının hesablamasının tamamilə qanunvericiliyə uyğun olduğunu bir daha sübut edir.

6. Bakı İnzibati Məhkəməsinin (hakim: Səlma Salahova) 03 may 2023-cü il tarixli, 2-1(112)-5179/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının vergi ödəyicisi kimi uçotunun ləğv olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********741400 nömrəli qərarı ləğv edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının 2021-ci il ərzində elektron alış aktları əsasında ümumilikdə 58700 manat dəyərində mal təqdim etməsinə baxmayaraq müvafiq dövr üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsini vergidən yayınma halı kimi qi ymətləndirmiş, iddiaçıya vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında müraciət ünvanlayaraq 5 gün ərzində vergi uçotuna alınmaq üçün vergi orqanına ərizə təqdim etməsini, əks halda onun məcburi qaydada vergi uçotuna alınacağını bildirmişdir. İşdən görünür ki, iddiaçı müvafiq ərizə təqdim etmədiyindən cavabdeh onu ********** nömrə ilə vergi uçotuna almış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********741400 nömrəli qərar əsasında ona gəlir vergisi bəyannaməsi təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən 2021-ci il üzrə 2935 manat gəlir vergisi hesablamışdır. İddiaçı hazırda onun ərizəsi olmadan cavabdeh tərəfindən aparılan bu uçotu və xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirir.

8. Mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən, fiziki şəxsin vergi uçotuna alınması üçün həmin şəxsin vergi orqanına könüllü şəkildə müraciət etməsi tələb olunurdu. Fiziki şəxsin ərizə vermədən uçota alınması, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin vergi orqanının öz təşəbbüsü ilə qeydiyyata alınması Vergi Məcəlləsində nəzərdə tutulmamışdı. Vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsin vergi orqanının öz təşəbbüsü ilə vergi uçotuna alınması xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 677-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Vergi Məcəlləsinə daxil edilmişdir. Bu isə o deməkdir ki, həmin tarixədək vergi orqanının uçota alınmaq üçün əri zə təqdim etməyən fiziki şəxsi öz təşəbbüsü ilə vergi uçotuna alması qanunsuz olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının müraciəti olmadan cavabdehin onu 2022-ci ilin may ayında vergi ödəyicisi kimi uçota alması qanunvericiliyə zidd olmuş, onun hüquqlarının pozulmasına səbəb olmuşdur. 9. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********741400 nömrəli qərarın ləğvinə gəldikdə, məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının vergi uçotuna alınması qanunsuzdur, deməli, cavabdehin onun barəsində qəbul etdiyi həmin qərarın da hüquqi əsası olmamış, həmin qərar qanunsuz olmuşdur. Çünki, vergi qanunvericiliyinə əsasən vergi orqanı yalnız vergi ödəyicisinə vergi borcu hesablaya bilər, hansı ki, vergi ödəyicisi Vergi M əcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan şəxsdir.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 14 noyabr 2023-cü il tarixli, 2-1(103)-3086/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının razılığı və ərizəsi olmadan onun vergi uçotuna alın ması ilə bağlı cavabdeh qanunvericiliyin tələblərini pozduğundan, artıq iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmadığına hüquqi qiymət verilməsinə zərurət olmamışdır. Bununla yanaşı, cavabdeh iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını da sübuta yetirə bilməmişdir.

13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə i lə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar. Maddə 33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə baş ladığı günədək vergi orqanına verməlidir. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. Maddə 33.5 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Maddə 34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfin dən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndə lik və filialları istisna olmaqla) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alın ması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə i lə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

18. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 3 may tarixli, **********006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uço ta alınması və uçotdan çıxarılması Qaydaları” 2.1. Vergi orqanında uçota alınan şəxslər uçota dair ərizəni aşağıda göstərilən müddətdə təqdim etməlidirlər: 2.1.1. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sahibkarlıq fəaliyyətinə başladığı günədək; 2.1.2. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq; 2.1.3. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan sonra - bir ay müddətində; 2.1.4. Torpaq mülkiyyətçiləri torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi aldıqdan sonra - bir ay müddətində. 2.2. Fiziki şəxsin uçota alınması, yenidən uçota alınması, uçotdan çıxarılması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi barədə təqdim edilən ərizələrin forması və onların doldurulma qaydaları, fiziki şəxslərin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilir. 2.3. Vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir. 2.9 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Vergi Məcəlləsinin 33.5ci maddəsinə əsasən həmin Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi uçotuna alınmış fiziki şəxsə 5 gün ərzində bu barədə vergi orqanı tərəfindən məlumat verilir. 19. “İnzibati icraat haqqın da” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb ed ən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudlu ğunu sübut etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KA SSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə həmin hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının vergi ödəyicisi kimi uçotunun ləğv olunması və mübahisələndirilən kameral vergi qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarla mağa lüzum qalmır.

27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən aza d sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

29. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 2-1(103)-3086/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar