Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1105/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1105/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə qarşı işlədiyi illərin sosial sığ orta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-45/2018 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxxxxxx 1962-ci il tarixdə İsmayıllı rayonunun Mican kəndində anadan olduğunu, 1980-1982, 1984-1989, 1991-1992-ci illərdə İsmayıllı rayonu Mican kənd X1 (Oktyabr) adına kolxozda işlədiyini və bu faktın İsmayıllı rayon Dövlət Arxivinin xxxx 2018-ci il tarixli 92 №-li arxiv arayışında qeyd olunduğunu, işlədiyi illərin sığorta stajına daxil edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla kolxozda işləməsi əmək kitabçası ilə təsdiq edilmədiyindən, həmin illərin iş stajına daxil edilməsinin qanuna uyğun olmadığına istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, 1980-1982, 1984-1989, 1991-1992-ci illərdə İsmayıllı rayonu Mican kənd X1 (Oktyabr) adına kolxozda işlədiyi illərin, bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla, sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İq tisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(84)-1764/2018 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı 1980-1982, 1984-1989, 1991-1992-ci illərdə İsmayıllı rayonu Mican kənd X1 (Oktyabr) adına kolxozda işlədiyi illər, bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla, sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, 1983-cü və 1990-cı illərlə bağlı hissədə iddia təmin edilməmişdir (hakim – V.K.Qasımov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-45/2018 saylı qərarı ilə (sədrlik edən M.R.Hüseynov, hakimlər E.Ş.Hüseynov və R.R.Rəfiyev) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, Ş əki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsi və onun vəkili Vəkil oğlu kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində sığorta stajına daxil olan işlər və fəaliyyət növləri dəqiq müəyyən edilmiş, “Əmək pensiyaları haqqında” Azərbay can Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-cü maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir, həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir, qanunvericilikdə iş staj ının götürülməsində başqa hallar nəzərdə tutulmamışdır. Tərəflərin izahatları İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-45/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 1980-1982, 19841989, 1991-1992-ci illərdə İsmayıllı rayonu Mican kənd X1 (Oktyabr) adı na kolxozda işləmiş və bu fakt İsmayıllı rayon Dövlət Arxivinin xxxx 2018-ci il tarixli, 92 №-li arxiv arayışında qeyd olunmuş, iddiaçı, işlədiyi illərin sığorta stajına daxil edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla kolxozda işləməsi əmək kitabçası ilə təsdiq edilmədiyindən, həmin illərin iş stajına daxil edilməsinin qanuna uyğun olmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı 1980-1982, 1984-1989, 1991-1992-ci illərdə İsmayıllı rayonu Mican kənd X1(Oktyabr) adına kolxozda işləməsi faktı iş materiallarındakı İsmayıllı rayon Dövlət Arxivinin xxxx 2018-ci il tarixli, 92 №-li arxiv arayışı ilə təsdiq olunur, həmçinin «Əmə k pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamış, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmiş, cavabdeh inzibati orqan iddiaçıya, onun müraciətinə əsasən işlədiyi dövrün sosial sığorta stajına hesablanmaqla, yaşa görə əmək pensiyasını təyin etməli olduğu halda, hal-hazıradək bunu etməmiş, beləliklə, cavabdehin inzibati aktın qəbulundan imtinası qanuna zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Apellyasiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının əmək pensiyasının təyin edilməsi barədə ərizəsi ilə əlaqədar cavabdeh tərəfindən “İnzibati icraat haqq ında” Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamış, cavabdeh inzibatı orqan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. xxxx 1992-ci il tarixdən qüvvədə olan “Vətəndaşların pe nsiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Ə sasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə m əlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunv ericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə in zibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəti cəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının 1980-1982, 1984-1989, 1991-1992-ci illərdə İsmayıllı rayonu Mican kənd X1 (Oktyabr) adına kolxozda işləməsi faktının iş materiallarındakı İsmayıllı rayon Dövlət Arxivinin xxxx 2018-ci il tarixli, 92 №-li arxiv arayışı ilə təsdiq edildiyini, həmçinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstərişin nəzərdə tutulmadığını, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunmasının göstərildiyini nəzərə alaraq, məhkəmə tərəfindən qəbul edilmiş qərarın qanunsuz və əsassız olmaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarı ldığı, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmədiyi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu barədə cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-4 5/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-45/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1105/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1105/2019
24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver