Məhkəmə qərarları › İş №2-1(102)-1127/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1127/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1127/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: İddianın mümkünlük şərti) 17.08.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid X2 «Azərbaycan Milli Qəhrəmanı» adına təltif olunması üçün təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-32/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı oğlu X5 xx.xx.1974-cü ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulmuş, xx.xx.1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

2. İddiaçı oğlu X2 “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunması barədə təqdimat verilməsi üçün inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya göndərilmiş 08 iyul 2019cu il tarixli, 1/S-9440 nömrəli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina edildiyi bildirilmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin Təltif Komissiyasında Sila hlı Qüvvələrdə xidmət keçmiş hərbi qulluqçuların təltif edilməsi məsələsinə “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimatın tələblərinə müvafiq olaraq, xidmət etdikləri hərbi hissə komandirlərinin təqdim etdikləri və yuxarı qərargahlarda müsbət rəy verilmiş təqdimat əsasında baxıla bilər. X6 təltif olunması barədə Müdafiə Nazirliyinin Təltif Komissiyasına təqdimat daxil olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, şəhid X2 «Azərbaycanın Milli Qəhrəmanı» adı ilə təltif olunması üçün təqdima t verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, oğlu X5 1974-cü il iyun ayının 28də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. Onun bir oğlu Manaf Süleymanov N saylı hərbi hissədə qulluq etmişdir. Erməni işğalçılarına nifrət hissi ailənin son beşiyi X1 olaraq qardaşının xidmət etdiyi hərbi hissəyə aparmışdır. Qısa müddət ərzində hərbinin qayda-qanunlarına yiyələnərək, xidməti istifadəsində olan qumbaraatan silahın sirlərini qavramışdır. 1992-ci və 1993-cü illərdə Cəbrayıl uğrunda gedən döyüşlərdə şəxsi hərbi fədakarlıq göstərərək, düşmənin 1 ədəd tankını, 1 ədəd BMP-sini, çox sayda texnikasını, piyadaların döyüş maşınını və 20-dən artıq canlı qüvvəsini məhv etmişdir. Ağdam u ğrunda gedən döyüşlərdə hərbi fədakarlıq nümunəsi göstərərək düşmənin 2 tankını məhv etmişdir. Ağdam uğrunda gedən növbəti döyüşdə mühasirədə qalan döyüş yoldaşlarını düşmənin döyüş texnikasını irəliləməyə qoymayaraq mühasirədən çıxarmışdır. Həmin döyüşdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində qəlpədən yaralanmış və 02 yanvar 1994-cü ildə şəhid olmuşdur. Komandanlıq tərəfindən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə o, müsbət xasiyyətləndirilmiş, döyüş yoldaşları onun yüksək ada təltif olunması üçün müraciətlər etmiş, həmçinin komandanlıq tərəfindən «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adı verilməsi üçün təqdimat verilmişdir. Təqdimatda göstərilir ki, siravi X5 N nömrəli hərbi hissənin tərkibində döyüşdüyü müddət ərzində erməni quldurlarına qarşı Azərbaycan torpaqlar ının azadlığı uğrunda qəhrəmancasına vuruşmuş və həlak olmuşdur. Komandanlıq tərəfindən verilən bütün tapşırıqların öhdəsindən gəlməyi bacarmış, özünü bacarıqlı, nizam-intizamlı bir əsgər kimi tanıtmışdır. Bu xasiyyətlərinə görə 31 dekabr 1993-cü il tarixdə Ağdamın Güllücə kəndinin ətrafında yerləşən böyük kanalın müdafiəsi uğrunda gedən döyüşlərdə düşmənin bir tankını və 5 nəfər canlı qüvvəsini məhv etmişdir. xx.xx.1994-cü il tarixdə quduzlaşmış düşmənin hücumunu dəf edərkən aldığı mərmi qəlpəsi nəticəsində şəhid olmuşdur. Bu səbəblərdən göstərdiyi qəhrəmanlıqlara görə «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adı ilə təltif olunması üçün təqdimat təqdim olunmuşdur. Lakin təltif sənədləri Müdafiə Nazirliyi tərəfindən itirilmişdir. Belə ki, Füzuli rayonunun Hərbi Komissarı, polkovnik-leytenant İ.Xudiyevin imzaladığı xx.xx.2002-ci il tarixli, 668 saylı məktubda göstərilir ki, 1997-ci ildə X5 haqqında topladığı təltif sənədlərini sabiq icra başçısı, hal-hazırda Milli Məclisin deputatı K.Əliyev, Müdafiə nazirinin köməkçisi mayor Ə.Babayevlə telefonla danışığından sonra sənədləri Müdafiə Nazirliyinin giriş qapısındakı komendant vasitəsi ilə mayor Babayevə çatdırılması üçün vermişdir. Sənədlərin şəxsən mayor Babayevə verməsini xahiş etsə də, komendant kənar şəxslərin ora buraxılmadığını və sənədləri şəxsən çatdıracağını bildirmişdir. Həmin sənədlərin sonrakı taleyi qaranlıq qalmışdır. Yalnız sənədlərin surəti komissarlıqda qalmış və o da həmin surətləri əldə etmişdir. O, Azərbaycan Respublikası Prezidentinə müraciət etmiş, müraciət Müdafiə Nazirliyinə göndərilmiş və həmin orqandan on a verilmiş cavabda bildirilmişdir ki, Müdafiə Nazirliyinin təltif komissiyasında Silahlı qüvvələrdə xidmət keçmiş hərbi qulluqçuların təltif edilməsi məsələsinə «Azərbaycan Respublikası Silahlı qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmək, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında» Təlimatın tələblərinə müvafiq olaraq, xidmət etdikləri hərbi hissə komandirlərinin təqdim etdikləri və yuxarı qərargahlarda müsbət baxılmış təqdimat əsasında baxıla bilər. Məktub onunla yekunlaşır ki, mərhum oğlu Məhəmməd Süleymanovun təltif olunması barədə Müdafiə Nazirliyinin Təltif Komissiyasına təqdimat daxil olmamışdır. Bu məktubla onların ailəsinin hüquqları pozulub. Belə ki, mərhum oğlu layiq olduğu «Azərbaycanın Milli Qəhrəmanı» adı ilə təltif olunmamışdır. Hal buki onun barəsində təqdimat şəhid olduğu tarixdən az sonra verilmiş, lakin Müdafiə Nazirliyində həmin sənədlər itirilmişdir. Bununla da «Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmək, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında» Təlimatın tələbləri pozulmuşdur. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o, öhdəlik müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məcburetmə haqqında iddia onlara oğlunun layiq olduğu fəxri adın verilməsi üçün zəruridir. Qeyd olunanlar nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının tələbinin mahiyyəti, onun şəhid övladı X2 “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunması üçün təqdimatın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. İddia tələbinin təmin olunmasını istisna edən hüquqi əsasla bağlı qeyd etmək zəruridir ki, “Azərbaycanın Milli Qəhrəmanı” adının müəyyən olunması haqqında Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən, “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini-Kadrlar İdarəsinin xx.xx.2021-ci il tarixli, 1/S20055 nömrəli məktubunda göstərilir ki, X2 N nömrəli hərbi hissədə xidmət edərkən Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidməti və rəşadətinin olması barədə hər hansı bir məlumata, həmçinin bu məlumatları təsdiq edən heç bir rəsmi sənədə rast gəlinməmişdir. Yuxarıda göstərildiyi kimi, mərhum M.İddiaçı təltifi ilə bağlı Müdafiə Nazirliyində hər hansı bir sənəd yoxdur. Bundan başqa, hərbi hissənin və ya digər qurumların konkret şəxsin “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsi barədə Müdafiə Nazirliyi qarşısında vəsatət qaldırması, təqdimat verilməsi cavabdehi n həmin təqdimatı aidiyyəti üzrə təqdim etmək vəzifəsini yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 2-1(102)-2848/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarında göstərilir ki, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsinə dair təqdimatın yuxarı icra orqanına verilməsi bilavasitə cavabdeh orqanın mülahizəsindən asılı olmaqla sonuncunun diskresion səlahiyyətinə aiddir. İddiaçının arzuladığı tələbə uyğun inzibati orqanın üzərinə vəzifə qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi isti nad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, İddiaçı iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul olunması xahiş edilir.

6. Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-cı il tarixli, 2-1(120)502/2022 saylı qərarı ilə (hakim A.A.Hüseynova) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülməsinə dair təqdimatın yuxarı icra orqanına verilməsi bilavasitə cavabdeh orqanın mülahizəsindən asılı olmaqla sonuncunun diskresion səlahiyyətinə aiddir. İddiaçının arzuladığı tələbə uyğun inzibati orqanın üzərinə vəzifənin qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskression səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası qanunidir, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya şəhid X2 «Azərbaycanın Milli Qəhrəmanı» adı ilə təltif olunması üçün təqdimat verilməsindən imtina etmişdir.

8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeri qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: O.N.İsma yılov-məruzəçi, M.K.Həsənov və S.F.Həsənov) 2-1(106)-32/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(120)-502/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

10. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün inzibati orqanın öhdəliyinin diskresion səlahiyyətlər çərçivəsində qanunla müəyyən olunmuş hüdudlar daxilində həyata keçirilib-keçirilməməsinin yoxlanılmasından əvvəl müvafiq prosedur qaydalara (təqdimatın verilməsi, rəylərin toplanması, komissiyada baxılması və s.) əməl edilməsi zəruridir. Başqa sözlə, müvafiq Təlimatda inzibati orqanın publik hüquqdan irəli gələn öhdəliyinin icra edilməsindən əvvəl digər zəruri olan hərəkətlərin həyata keçirilməsi müəyyən edilmişdir. Ancaq iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, həmin qaydalara riayət olunmamışdır.

11. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kasasiya şikayətinin dəlilləri

12. Kasasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı “Məhkəmələr ilk növbədə iddiaçın ın həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar”.

15. Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 may 2004-cü il tarixli, 223 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında Təlimat Maddə

2. Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi olan “Azərbaycanın Milli Qəhrəm anı” adı, əsasən, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. Maddə

7. Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərilir. Təltifi Müdafiə nazirinin səlahiyyətində olan medallar üçün təqdimatlar isə Müdafiə nazirinə təqdim olunur. Maddə 8.Təltif sənədlərinin tərtibatı, Azərbaycan Res publikasının orden və medallarının vaxtında verilməsinin təşkili, təltif olunma haqqında sənədlərin hazırlanması və təqdim edilməsi, orden və medalların verilməsi üzrə hesabat sənədlərinin hazırlanması Silahlı Qüvvələrin kadrlar orqanlarına həvalə edilir. Maddə

10. Bütün təltif sənədləri “Silahlı Qüvvələrin şəxsi heyətinin təltif olunması və fəxri adlara təqdim edilməsi üzrə komissiya”da baxıldıqdan sonra Azərbaycan Respublikasının Müdafiə nazirinə təqdim olunur.

16. İnzibati Prosessual Məcəllə (İPM) Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsasl andırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Ş ikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilə r və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir.

18. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası iş üzrə mat erialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (A vropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununu təkrarlayan hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından milli qəhrəman adı ilə təltif üçün müvafiq təqdimatın verilməsi barədə iddianın mümkünlüyünə dair şərtlərin mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Apellyasiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı müəyyən olunmuş hallara hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müə yyən olunmuş hallarından görünür ki, iddiaçı şəhid oğlu X2 “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunması üçün təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

26. Nəzərə almaq lazımdır ki, inzibati orqanın üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması üçün şəxs ən azından bununla bağlı hüquqi əsasa söykənən tələb hüququna malik olmalıdır. Şəxsin iddia qaldırmaq səlahiyyəti məhz həmin tələb hüququndan, daha doğrusu həmin hüququn cavabdeh tərəfindən pozulması imkanının mövcudluğundan irəli gəlir.

27. Hazırkı mübahisəyə münasibətdə bu qərarın 15-ci maddəsində istinad olunan normalar baxımından iddiaçı belə tələb hüququna malik deyildir. İstinad olunan həmin normaya görə, bütün təltif sənədləri “Silahlı Qüvvələrin şəxsi heyətinin təltif olunması və fəxri a dlara təqdim edilməsi üzrə komissiya”da baxıldıqdan sonra Azərbaycan Respublikasının Müdafiə nazirinə təqdim olunur. Bu zaman həm də nəzərə alınmalıdır ki, təltif barədə ilkin təqdimat və bununla bağlı sənədlər şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin rəhbərliyi tərəfindən subordinasiya qaydalarına əməl olunmaqla baxılması üçün qeyd olunan Komissiyaya təqdim edilməlidir. Həmçinin, ilkin təqdimat və müvafiq sənədlər olmadan Komissiyanın öz təşəbbüsü əsasında təltif barədə məsələyə baxmağa səlahiyyətli olmadığı da nəzərə alınmalıdır.

28. Hazırkı mübahisəyə münasibətdə X2 “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsi barədə onun xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən hər hansı təqdimatın subordinasiya qaydasinda təqdim olunduğu iş üzrə materiallarla təsdiq olunmur. İddiaçı tərəfindən də məhkəməyə bununla bağlı hər hansı sübut təqdim olunmamışdır.

29. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, mübahisə üzrə qərar qəbul edərkən apellyasiya məhkəməsi hazırkı işə analoji olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı milli qəhrəman adının verilməsinə dair təqdimatın verilməsi ilə bağlı iş üzrə Ali Məhkəmənin 2-1(102)-2848/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsaslanmışdır.

30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə düzgün və əsaslı sayılmalı, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənl ərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-32/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar