Məhkəmə qərarları › İş №2-1(102)-1129/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1129/2020

12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1129/2020 12.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı iş üzrə Açar söz: müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin verilməsi GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 2-1(107)-42/2020 nömrəli, 30.01.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı olaraq iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 28.03.2018-ci il tarixdə ***** nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir və həmin tarixdən cavabdeh tərəfindən ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət ödənilir. İddiaçı cavabdeh şöbəyə müraciət edərək əvvəlki 2006-cı ildən müavinətin hesablanaraq ödənilməsini xahiş etmiş, cavabdeh isə 06.02.2019-cu il tari xli ***** nömrəli cavab məktubu ilə bundan imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.08.2006-cı il tarixindən 23.03.2018-ci il tarixinədək müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19.11.2019-cu il tarixli, 2-1(84)-1229/2019 saylı qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya müharibə veteranlığına görə verilən müavinətin müharibə veteranı vəsiqəsini aldığı 28.03.2018-ci il tarixdən əvvəlki üç il üçün (28.03.2015-ci il tarixdən 28.03.2018-ci il tarixədək) hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19.11.2019-cu il tarixli, 2-1(84)-1229/2019 saylı qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-42/2020 saylı, 30.01.2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19.11.2019-cu il tarixli, 2-1(84)-1229/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının “Sosial müavinətlər haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, iddiaçının müharibə veteranı vəsiqəsini aldığı 28.03.2018-ci il tarixdən əvvəlki üç il üçün müavinət almaq hüququ vardır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-42/2020 saylı, 30.01.2020-ci il tarixli qərarından cavabdeh kassa siya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata həyata keçirilir. İddiaçıya müharibə veteranı vəsiqəsi 28.03.2018-ci il tarixdə verildiyindən həmin tarixdən də müavinət ödənilməlidir. Kassator İnzibati Prosessual Məcəlləsinin 90-99-cu maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-42/2020 saylı, 30.01.2020-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul e dilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Ali Məhkəmə Kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiya sı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-42/2020 saylı, 30.01.2020-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyinə görə ona 28.03.2018-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən etibarən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət ödənilməyə başlanılmışdır. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etməsi, bu əsasla iddiaçıya 28.03.2018-ci il tarixində müharibə veteranı vəsiqəsi verilməsi və müavinət almaq hüququnun olması işin mübahisəsiz halla rına aiddir. İşin yeganə mübahisələndirilən halı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin nə vaxtdan ödənilməsidir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun müddəalarına müvafiq olaraq veteran vəsiqəsi veteranlıq statusunu təsdiq edən sənəddir. Müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin və Əsasnamənin Silahlı Qüvvələrə tətbiqinə dair Müdafiə Nazirinin 4 saylı 06 yanvar 1998ci il Əmri i lə təsdiq edilmiş ‘Təlimat’ın tələblərinə uyğun olaraq verilir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bu müddəanın məzmunundan aydın olur ki, aylıq müavinətlər onun almaq hüququnun yarandığı gündən, lakin “Sosial müavinətlər haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra təyin edilir və ən çoxu müraciət edilməzdən əvvəlki 3 il üçün ödənilir. Belə olan halda, hazırkı iş üzrə cavabdehin “iddiaçının sosial müavinət alması hüququnun onun veteran vəsiqəsinın aldığı vaxtdan yaranması” ilə bağlı mövqeyi əsassızdır. Belə ki, hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikasını n ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 28.03.2018-ci il tarixində müharibə veteranı vəsiqəsi verilmişdir. “Sosial müavinətlər haqqında” Qanun isə 01.01.2006-cı il tarixdən qüvvəyə minmişdir. Belə olan halda, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçının müraciət etməzdən əvvəlki 3 il üçün ona təyin olunmuş müavinəti tələb etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzul adığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-42/2020 saylı, 30.01.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar