Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1137/2019 07.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X7 şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X7 şəhər şöbəsinə (bundan sonra cavabdeh) qarşı “31.05.1997-ci il tarixdən 01.02.1999-cu il tarixədək olan dövrün iddi açının sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-41/19 saylı, 8 yanvar 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 7 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx xxxx xx-cu ildə anadan olmuşdur. Əmək kitabçasına əsasən o, 1 fevral 1994-cü il tarixli əmrlə X1 Tikinti Birliyinə 3-ci dərəcəli sürücü qəbul edilmiş və 1 fevral 1999-cu il tarixli əmrlə işdən azad edilmişdir. İddiaçıya 4 aprel 2018-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmiş, bundan sonra o, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanlanan 10 may 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının 23 il 6 ay 10 gün sığorta stajı və 14.409,64 manat pensiya kapitalı müəyyənləşdirilmişdir. İddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün isə 14 il 4 ay sosial sığorta stajı və 14.998,83 manat pensiya kapitalı olması tələb olunur. Tələb olunan pensiya kapitalı olmadığı üçün iddiaçının əlilliyə görə əmək pensiyası almaq hüququ yoxdur. İddiaçı 2 avqust 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xəstəliyi ilə əlaqədar əlilliyə görə əmək pensiyası təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 31.05.1997-ci il tarixdən 01.02.1999-cu il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2001-2004-cü illərdə Hacıqabul rayon Kommunal Kombinatları Müəssisəsində işləmişdir. Bunu Hacıqabul rayon Dövlət Arxivinin 7 sentyabr 2016-cı il tarixli arxiv arayışı da təsdiq edir. Hazırda üçüncü qrup əlildir. İnzibati orqan tərəfindən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdurki, bununla da onun əmək pensiyası almaq hüququ pozulmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(84)-1387/2018 saylı iş) 24 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin üzərinə iddiaçının 3 1.05.1997-ci il tarixdən 01.02.1999-cu il tarixədək X1 Tikinti Birliyində işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçı qanunvericiliyə əsasən əlilliyə görə əmək pensiyası hüququna malikdir. İddiaçının əlilliyə görə əmək pensiyası hüququnun olması iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetir. Cavabdeh inzibati orqan iddiaçıya əlilliyə görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. Cavabdehin imtinasına səbəb olan iş stajı dövrü arxiv arayışı ilə öz təsdiqini tapır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X2-məruzəçi, X3 və X4, 2-1(107)-41/19 saylı iş) 8 yanvar 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 15 yanvar 2019-cu il tarixdə qərarın surətini almış, 4 fevral 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: 01.07.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə istinadən vətəndaşa əmək pensiyası təyin olunması üçün 14 il 4 ay sığorta stajı və 14.998,83 manat pensiya kapitalı tələb olunur. İddiaçının təqdim etdiyi sənədlərə əsasən 23 il 6 ay sosial sığorta stajı və 14.409,64 manat pensiya kapitalı müəyyənləşdirilmişdir. Təqdim olunmuş 14.05.2018-ci il tarixli əmək haqqı arayışına əsasən iddiaçı 1997-ci ilin yalnız aprel-iyun aylarında əmək haqqı almış, 1998-1999-cu illərdə isə əmək haqqı almamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə əsasən sosial sığorta stajının təsdiqi üçün dəqiqləşdirici arayışlar tələb olunur. Belə bir arayış alınmış və sosial sığorta stajı hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə, əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada icbari dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəss isə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, fiziki şəxslərin, hərbi qulluqçuların, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bu maddəyə əsasən əmək haqqı hesablanmış və bu əmək haqqından məcburi dövlət sosial sığorta haqqı ödənilmiş müddət sosial sığorta stajına daxil edilir. İddiaçı 01.07.1997-ci il tarixdən 01.02.1999-cu il tarixədək işləməmiş, əmək haqqı almamış və nəticədə məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. Bu dövrün sosial sığorta stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinin tələblərinin pozulmasıdır. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmas ını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İP M-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 4 aprel 2018-ci ildə iddiaçının İİ dərəcəli əlilliyi müəyyən edilmişdir. İşdə ərizə olmasa da, cavabdehin 10 may 2018-ci il tarixli məktubundan görünür ki, iddiaçı əlilliyə görə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən ona əlilliyə görə pensiya təyin etməkdən imtina etmişdir (səh.2). İ ddiaçı birinci instansiya məhkəməsinə müraciət etdiyi iddia ərizəsində xəstəliyi ilə əlaqədar əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir (səh.1). İddiaçı sonradan dəqiqləşdirilmiş iddiasında ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, ərizə 23 oktyabr 2018-ci il tarixdə məhkəməyə daxil olmuş (səh.34), ərizə məhkəmə iclasının 24 oktyabr 2018-ci il tarixli protokol qərarı ilə icraata qəbul edilmişdir (səh.36). Birinci instansiya məhkəməsində iddiaçının sonradan əlilliyə görə əmək pensiyası tələbi olmamasına baxmayaraq cavabdehin üzərinə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoymuş, bununla bağlı qərarında hər hansı hüquqi əsaslandırma aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının ilkin olar aq inzibati orqana ona əlilliyə görə əmək pensiyası təyin edilməsi barədə müraciətini, məhkəməyə verdiyi iddia ərizəsindəki tələbini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbinin əsas mahiyyəti ona əlilliyə görə pensiya təyin edilməsi ilə bağlı olduğundan sonradan ərizəsində dəqiqləşmə apararaq ona “yaşa görə əmək pensiyasının təyin edilməsi” qeyd etməsi əslində iddiaçının hüquqi marağı ilə ifadə tərzi baxımından qismən üst-üstə düşməsə də, iddiaçının əldə etmək istədiyi nəticə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının tələbinin “31.05.1997-ci il tarixdən 01.02.1999-cu il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyası təyin edilməsi” kimi qəbul edilməsini qanuni hesab edir. İP M-in 69.4-cü maddəsinin tələbinə görə məhkəmə qərarının əsaslandırma hissəsində məhkəmə istinad etdiyi normativ hüquqi aktları və onların qiymətləndirilməsini göstərməlidir. Apellyasiya instansiyası məhkəməsi ilkin iddiaya baxılmalı olmasını hər hansı hüquq norması ilə əsaslandırmamışdır. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bəhs edilən norma məhkəmə prosesinin iddia tələbi əsasında aparılmasını və iddia tələbindən kənara çıxmadan mübahisənin düzgün həll edilməsini nəzərdə tutur. İPM-in 54.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsası nı və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir (54.2-ci maddə). İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz (54.3-cü maddə). Apellyasiya instansiyası məhkəməsi dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilərkən İPM-in 54-cü maddəsinin, həmçinin məhkəmənin yardım etmək vəzifəsini özündə əks etdirən 13-cü maddəsinin tələblərinə əməl edilməsinə münasibət bildirməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qərarın ləğv olunması barədə şikayətin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, yeni qərar qəbul edilməsi üçün əsaslar olmadığından bu hissədə şikayət təmin edilməməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-41/2019 saylı, 8 yanvar 2019-cu il tarixli qərarıləğv edilsin. İş təkrar baxılmas ı üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1137/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1137/2019
07.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver