Məhkəmə qərarları › İş №2-1(102)-1141/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1141/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1141/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: əmək pensiyasının yenidən hesablanması haqqında qərarın geriyə 3 il tutulması hissəsində ləğv edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyi nat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-17980/2023 nömrəli qərarının xx.xx.2023-cü il tarixdən geriyə 3 il tutulması hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2024-cü il tarixli, 2-1(105)-1002/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-17980/2023 nömrəli qərarının xx.xx.2023cü il tarixdən geriyə 3 il tutulması hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Cavabdeh inzibati orqan iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən tələbləri nəzərə alınaraq, ona son üç il üzrə 15997,67 manat məbləğində artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 15997,67 manat pul vəsaiti cari ilin sentyabr ayından etibarən hər ay 66,39 manat olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq, hazırda 663,91 manat təşkil edir. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, yuxarıda qeyd olunan qanunauyğu n olmayan hallarla bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmışdır. Həmin icraat çərçivəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona məktub göndərilmiş və Mərkəzi Filiala dəvət olunmuşdur. Yekun olaraq Mərkəzi Filial tərəfindən iddiaçıya dair əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-17980/2023 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir.

3. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: C.B.Məmmədov) 25 iyul 2024-cü il tarixli, 2-1(118)-2619/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, T.B.Axundov və V.M.Hacıyev) 14 noyabr 2024-cü il tarixli, 2-1(105)-1002/2024 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

6. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixl i Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsa slandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəs i mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

8. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

10. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (xx.xx.2024-cü il tarixli 2-1(102)-684/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)-509/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, birdə fəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, “İnzibat icraat haqqında” Qanunun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.

11. Həmçinin, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunubqorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

12. Eyni zamanda, təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyat a keçirilməsi məqsədlərinə xidmət edir.

13. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.

14. Hazırkı işdə inzibati orqan – cavabdeh qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola hüquq normalarını pozaraq, faktiki xarakterli hərəkətlər etməklə onun əmək pensiyasından tutulmalar etmiş, bu barədə, iddiaçıya sadəcə olaraq, “pensiya məbləğindən tutulma haqqında” məktub ünvanlayaraq məlumat verməklə kifayətlənmiş, bununla da qanunvericiliyin tələblərini pozmuşdur.

15. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

16. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

17. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlilərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

18. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2024-cü il tarixli, 2-1(105)-1002/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar