Məhkəmə qərarları › İş №2-1(102)-1155/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1155/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1155/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə hüquqa dair arayışın verilməsi; iddiaçının iddia qaldırmağa subyektiv hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, İddiaçının vəkili X2, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-144/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: xx xxxxxx 1971-ci il tarixli, 15469 saylı müqaviləyə əsasən, x massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsindən olan x saylı bağ sahəsi X3 istifadəsinə verilmişdir. x xx xxxxxxx 1991-ci ildə vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında vərəsəlik işi açılmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək x massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan x saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 2016-cı il 16 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, bağ sahəsinin nömrəsinə əsasən naturada faktiki olaraq yerləşməsində uyğunsuzluq mövcuddur. Belə ki, bölgü-sxeminə əsasən x saylı bağ sahəsi əvəzinə başqa bir torpaq sahəsinin ərazisi göstərilmişdir və göstərilən sahə bağ sahəsinin öz həqiqi yerindən 4500 m aralı məsafədə yerləşir Həmçinin, İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazinin x saylı bağ sahəsinə aidiyyəti yoxdur. İddiaçı 2019-cu il 26 iyul tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək x massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan x saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum anası X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin ca vabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərəkx massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan x saylı bağ sahəsinin faktiki koordinatları daxilində üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, x massivi ünvanında yerləşən x saylı bağ sahəsi xx xxxxxx 1971-cü il tarixli 15469 saylı müqavilə ilə mərhum X3 istifadəsinə verilmişdir. Həmin bağ sahəsi uzun müddət mərhumun icarəsində olmuş və mübahisəsiz olaraq tərəfindən istif adə edilmişdir. Əliyeva Tahirə vəfat etdikdən sonra bağ sahəsi vərəsəlik hüququ əsasında iddiaçının istifadəsinə keçmişdir. Hal-hazırda iddiaçının istifadəsindədir. İddiaçı göstərilənlərə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.1.1 və 15-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2, 35.1 və 68.2-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2990/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, x massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan x saylı bağ sahəsinin faktiki koordinatları daxilində üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mərhum anası mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-144/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmiş, qərarının nəticə hissəsindəki “çıxarış” ifadəsi “arayış” ifa dəsi ilə əvəz edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, qanunvericiliyə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında k assasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fa ktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “İş materiallarında olan xx.xx.1971-ci il tarixli, 15469 saylı müqavilənin surətindən görünür ki, x massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan x saylı bağ sahəsi X3 istifadəsinə verilmişdir.”. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən x massivində yerləşən x saylı bağ sahəsinə dair arxiv qovluğunun təsdiq edilmiş surətinin təqdim edildiyini qeyd etsə də, həmin sənədləri tam tədqiq etməmişdir. Belə ki, məhk əmənin əsaslandığı müqavilənin 13-cü bəndinə görə onun qüvvədə olma müddəti x xxxxxx 1981-ci il tarixədək müəyyən edilmişdir. Bağın icarəçisi X3 arxiv qovluğunda olan x xxxxxx 1982-ci il tarixli ərizəsindən göründüyü kimi (iş v. 67), o, müqavilənin müddətinin başa çatdığına istinad edərək onun müddətinin uzadılması barədə göstəriş verilməsini xahiş etmişdir. Lakin icarəçinin ərizəsinin yerində yoxlanması zamanı məlum olmuşdur ki, bağ sahəsi verilən ildən bağdan istifadə etmədiyinə görə müqavilənin müddəti uzadılmamışdır (iş v. 69). Bundan sonra bağ sahəsinə dair icarə müqaviləsinin təzələnməsi üçün icarəçinin Bağlar Təsərrüfatı İdarəsinə dəvət edilməsi barədə ona təkrar məktublar göndərilmişdir (iş v. 4, 60). Lakin müqavilənin müddətinin uzadılması (yaxud yeni müqavilənin bağlanması) barəd ə işdə məlumat yoxdur. Beləliklə, iddiaçının hazırkı məzmunda iddia qaldırmağa subyektiv hüquqa malik olduğunun yoxlanılması üçün, ilk növbədə miras qoyanın öldüyü məqamda həmin bağ sahəsinə əşya hüququnun olub-olmadığı müəyyən edilməli idi. İPM-in 12.1 və 58.7-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbin ə dair hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-144/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov Z.M.Quliyev İ.Ə.Şəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar