Məhkəmə qərarları › İş №2-1(102)-1164/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1164/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1164/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar X4 və X2 cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Mərkəzi” Publik Hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (məhkəmə psixiatrik ekspertizanın nəticəsinin etibarsız hesab edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçılar X4 və X2 cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Mərkəzi” Publik Hüquqi şəxsə qarşı məhkəmə psixiatrik ekspertizanın nəticəsinin etibarsız hesab edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 2-1(103)-709/2021 nömrəli iş üzrə 15.02.2021-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 23 iyun 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar X4 və X3 cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Mərkəzi” Publik Hüquqi şəxsə qarşı X1 hazırkı psixi xəstəliklərinin müəyyən edilməsi üçün Ağcabədi rayon xəstəxanasının poliklinika şöbəsində 25.05.2002-ci il tarixdə qeydə alınmış “Asteniya ilə nəticələnmiş reaktiv psixoz” diaqnozu ilə həmin şəxsin eyni poliklinika şöbəsində 04.10.2018-ci il tarixdən hazıradək tibbi qeydiyyatda olan “şizofreniya asteniya ilə nəticələnən təkrarlanan reaktiv psixoz” diaqnozuna dair toplanmış tibbi sənədlər əsasında sözügedən psixi xəstənin barəsində cavabdehin 19.06.2019-cu il tarixli 1022 saylı ambulator məhkəmə psixiatrik ekspertizanın nəticəsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

2. Birinci instansiya məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-1(112)3836/2020 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 1.1, 2.2, 35.1-ci maddələrinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1, 2.0.2, 2.0.6-cı maddələrinə, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1, 5-ci maddələrinə istinad etmişdir.

4. İddiaçılar həmin qərardaddan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-1(112)-3836/2020 nömrəli qərardadının ləğv edilməsini, iddianın mahiyyəti üzrə baxılmasına dair yeni qərarın qəbul edilməsini xahiş etmişdirlər. apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 2-1(103)-709/2021 nömrəli iş üzrə 15 02.2021-ci il tarixli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Xəyalə Cəmilova) qərardadı ilə iddiaçıların apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-1(112)-3836/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

6. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Republikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli 5 saylı qərarına, eləcə də birinci instansiya məhkəməsinin də istinad etdiyi prosessual hüquq normalarına əsaslanmışdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

7. İddiaçıların kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir, məhkəmə işə baxıb qərardadı ləğv etmək əvəzinə formal mülahizələrlə iddiaçıların apelyasiya şikayətinin təmin edilməməsi barədə q ərardad qəbul etməklə Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli qərardadını dəyişdirilmədən qüvvədə saxlamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası işin hallarına lazımi hüquqi qiymət verməyərək, qərardadını əsaslandırmadan əsassız və ədalətsiz qərardad qəbul etmişdir. İddiaçılar tərəfindən iddia tələbinin əsaslandırdığı zəruri sübutlar məhkəməyə təqdim edilsə də, məhkəmə həmin sübutlara hüquqi qiymət verməmiş, işin hallarını birtərəfli araşdırmış və düzgün olmayan nəticəyə gəlmişdir.

8. Bütün yuxarıda göstərilənlərə əssən iddiaçılar kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-709/2021 nömrəli iş üzrə 15.02.2021-ci il tarixli qərardadının ləğv edilməsini və iş materiallarını yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmi şdirlər.

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

10. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( 03 iyun 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

12. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış v ə şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

13. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

15. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

16. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 15.02.2021-ci il tarixli qərardadla və həmin qərardaddan iddiaçıların verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçıların tələbi ekspertiza rəyinin etibarsız hesab edilməsindən ibarətdir.

17. Apelyasiya məhkəməsi tərəfindən isə müəyyən edilmişdir ki, iddia ilə qanuniliyi mübahisələndirilən 19.06.2019-cu il tarixli ekspert rəyi Ağcabədi Rayon Məhkəməsinin 2(017)-391/2019 nömrəli mülki iş üzrə qəbul etdiyi 29.04.2019-cu il tarixli qərardadı əsasında keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının nəticəsi olaraq verilmişdir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

20. Həmin Məcəllənin 76.2-ci maddəsinə müvafiq olaraq bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

21. Həmin Məcəllənin 87.2-ci maddəsinə görə məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

22. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Həmin Məcəllənin 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

24. Həmin Məcəllənin 102.1-ci maddəsinə müvafiq olaraq ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

25. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

26. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

27. Məhkəmə kollegiyası qeyd etməyi zəriuri hesab edir ki, 19 iyun 2019cu il tarixli 1022 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyi - iş üzrə sübutlardan biri olaraq, tərəflər üçün hüquqi nəticələr yaratmayan xüsusi biliyə malik olan şəxsin – ekspertin qarşısında qoyulmuş sualların izah edilməklə verilən əsaslandırılmış yekun nəticədir. Ekspertiza fəaliyyəti inzibati hüquq sahəsinə aid fəaliyyət olmadığından, ekspertin rəyi də inzibati akt deyil.

28. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə görə ekspertin rəyi - məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir.

29. Həmin Qanunun 5-ci maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyəti nəticəsində hüquqlarının və azadlıqlarının pozulduğunu hesab edən şəxs bu hərəkətdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə ekspertizası idarəsinin rəhbərinə və ya məhkəməyə şikayət edə bilər.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacın ın olub olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7).

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qay da nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

32. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 15.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçıların kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.02.2021-ci il tarixli, 21(103)-709/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar