Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1181/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət X4 Xətai rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 64 yaşına çatmış kişiyə əmək kitabçasının məlumatlarına əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi; ali təhsil müəssisəsində əyani təhsil müddətinin sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət X4 Xətai rayon Şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təy in olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 22 yanvar tarixli 2-1(103)-168/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 17 avqust tarixli məktubla iddiaçının qanunla tələb olunan nə 25 il stajının, nə də fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalının olmadığını bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçı 2019-cu il 4 iyun tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1973-cü ilin may ayından 2007-ci ilin sentyabr ayına olan stajının sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1973/1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 1975-ci ildə Zaqatala sənaye kombinatında fəhlə, 1975/76-cı illərdə Qax konserv zavodunda sürücü işləmiş, 1977/1983-cü illərdə Politexnik İnstitutunda əyani təhsil almış, 1983/1989-cu illərdə Starooskolskiy dağ və zənginləşdirmə avadanlığının təmiri zavoduna usta, 1990/91-ci illərdə Neftmaş təcrübə eksperimental zavodunda nəzarətçi, 1991/92-ci illərdə “Təmirçi kooperativi”ndə dispetçer, 1993/1994-cü illərdə Azərbaycan Dəzgahqayırma İstehsalat Birliyi Xam istehsalat sexində 3-cü dərəcəli şta mplayıcı, usta, sex rəisi, 1994/1995-ci illərdə “Təmirçi” kiçik müəssisəsində müqaviləyə əsasən çilingər, 1995/2007-ci illərdə “xxxxxx” X2 ekspeditor vəzifələrində əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2018-ci ilin 29 aprel tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Xətai rayon şöbəsinə müraciət edilmiş, cavabdehin xx.xx.2018-ci il tarixli, 19/5866-01 saylı cavab məktubu ilə ona imtina edilmiş, əsas kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunu ilə tələb edilən 25 il sosial sığorta stajının və eləcə də, fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalının yığılmadığı göstərilmişdir. İddiaçı göstərilənlərə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 oktyabr tarixli 2-1(82)-2414/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 64 yaşından, yəni xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı qanunla tələb edilən iş stajını topladığı iş materialları ilə təsdiq olunur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 202 0-ci il 22 yanvar tarixli 21(103)-168/2020 nömrəli qərarı ilə 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2020-ci il 10 fevral tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2020-ci il 5 mart tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğdən az olmayan pensiya təminatına imkan verdikdə sığort a stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyasının təyinatı zamanı sığorta stajı hesablanarkən Qanunun 2-ci maddəsi ilə müəyyən edilən iş və ya digər fəaliyyət müddətləri ümumi iş stajının tərkibinə daxil edilir. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.1-ci maddəsinə əsasən işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqında məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işin müddəti də sığorta stajına daxil edilir. Həmin Qanunun 21-ci maddəsinə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmir. Həmçinin əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanun la müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmir. Bunlara görə də həmin dövrlər sığorta stajı kimi hesablanmamışdır. Digər tərəfdən, iddiaçının əmək kitabçasında qeyd olunmuş dövrlərə görə məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. Məhkəmə baxışı zamanı isə bu halla bağlı heç bir araşdırma aparılmamış, əsassız olaraq iddiaçıya xx.xx.2018-ci il tarixdən yaşa görə əmə k pensiyasının təyin edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçının əmək kitabçasında qeyd olunan, lakin məcburi sosial sığorta haqqı ödənilməyən illər çıxıldıqda onun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanunu ilə tələb edilən 25 il sosial sığorta stajı yaranmır. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalı yığılmamışdır. Qeyd olunanlara əsasən cavabdehin imtinası tam əsaslı olmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsi nin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxsl ər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının 1954-cü il oktyabrın 29-da doğulduğu nəzərə alındıqda, onun 64 yaşının tamam olduğu 2018-ci il 29 oktyabr tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 1975-ci ildən əmək fəaliyyətinə başlamış, hərbi xidmət və ali təhsil müəssisəsində təhsil müddətləri də nəzərə alınmaqla, 2002-ci il 1 yanvar tarixədək 25 ildən artıq əmək stajına malik olmuşdur. Göründüyü kimi, iddiaçı azı 25 il stajı 2006-cı il 1 yanvar tarixədək - “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qazanmışdır. Həmin Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və tə şkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. İddiaçının əyani təhsil müddətinin sığorta stajına daxil edilməli olmadığına dair cavabdehin dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı vaxtda qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956-cı il 4 avqust tarixli, 1044 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə də qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir (Qanunun 67-ci maddəsi). Beləliklə, iddiaçı həmin qanunvericilik aktlarının tələblərinə əsasən ali ixtisas təhsil müəssisəsindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasın ı tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, ali ixtisas təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddəl ərinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 22 yanvar tarixli 21(103)-168/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-1181/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1181/2020
03.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver