Məhkəmə qərarları › İş №2-1(102)-1198/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1198/2019

17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1198/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Rəfibəyli Fərhad Lətif oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 18 dekabr tarixli 2-1(107)-737/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə il ə cavabdehə müraciət edərək 1973-1997-ci illərdə Ağsu rayonu Muradlı kəndi 26 Komissar adına kolxozda işlədiyi müddətin sosial sığorta daxil edilməsini və yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 25 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, sosial sığorta stajı əmək kitabçasına əsasən təyin edilir. İddiaçının stajını təsdiq edən əmək kitabçası saxlanılmadığından, işləmiş olduğu fəaliyyətin əsaslı sənədlərlə təsdiqi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı 2018-ci il 4 iyul tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1973-1997-ci illərdə Ağsu rayonu Muradlı kəndi 26 Komissar adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona y aşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1973-1997-ci illərdə Ağsu rayonu Muradlı kəndi 26 Komissar adına kolxozda işləmişdir. İşlədiyi müddətdə onun əmək kitabçası olmamışdır. Lakin işlədiyi müddət Ağsu Rayon Dövlət Arxivinin 2017-ci il 12 iyun tarixli, 242 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il12 oktyabr tarixli 2-1(84)-1261/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1973-1997-ci illərdə Ağsu rayonu Muradlı kəndi 26 Komissar adına kolxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 1973-1997-ci illərdə Ağsu rayonu Muradlı kəndi 26 Komissar adına kolxozda işləməsi Ağsu Rayon Dövlət Arxivinin 2017-ci il 12 iyun tarixli, 242 nömrəli arxiv arayışı və arxivdə saxlanılan Ağsu rayonu Muradlı kəndi 26 Komissar adına kolxozun staj kitablarının iddiaçıya aid hissəsindən müəyyən edilməklə təsdiq edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 18 dekabr tarixli 2-1(107)-737/2018 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüqu qi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2018-ci il 28 dekabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 28 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, araşdırma aparılan zaman iddiaçının adının nə əmək haqqı verilməsi hesabatlarında, nə də əmək haqqı cədvəllərində qeyd olunmadığı müəyyən edilmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12.1, 14.3, 58.7, 68.2-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayə tinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət əsas lıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının 1957-c i il 15 noyabr tarixdə doğulduğu nəzərə alındıqda, onun 60,5 yaşının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçı öz tələbinin əsası kimi 1973-1997-ci illərdə kolxozda işlədiyinə istinad edir. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb o lmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). İddiaçının 1965-ci ildən sonrakı dövrə (1973-1997-ci illərə) dair təqdim etdiyi arayışda minimum əmək iştirakı normasına dair məlumat yoxdur. Apellyasiya instansiyası məhkəməsi isə arayışda göstərilən illər üzrə iddiaçının ictimai təsərrüfatda əmək iştirakı günlərinin hər bir il üzrə məcmusunun tam (illik) staj kimi qəbul etməsinin səbə blərini göstərməmiş, gəldiyi nəticənin yuxarıda qeyd edilən normaların tələblərinə uyğun olduğunu əsaslandırmamışdır. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). İPM-in 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan son ra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 18 dekabr tarixli 2-1(107)-737/2018 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar