Məhkəmə qərarları › İş №2-1(102)-1199/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1199/2024

19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1199/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmə k və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(103)-3620/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək iddiaçıya 65 yaşının tamam olduğu tarixdən yəni, xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fil ialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8612/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş və xx.xx.1957-ci il təvəllüdlü İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

3. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(103)-3620/2023 nömrəli qərarı ilə (hakimlər K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N. Tağızadə və İ.S.Şirinov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Məhkəmələr iddianı təmin edərkən “Məcburi dövlət sosial sığorta haqqı üçün” qəbzlərinə istinadla qeyd etmişlərki, iddiaçı tərəfindən pay torpağı üçün Məcburi dövlət sosial sığorta üzrə 2009-2012-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon şöbəsinə ödəniş etmişdir ki, bu da iddiaçının xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalına malik olduğunu sübut edir. Qanunvericiliyin tələblərinə görə iddiaçının 2009-2012-ci il tarixlərdə pay torpağı üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqqının sığortaolu nanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə fərdi şəxsi hesablarda qeydə alınmasının Sığortaçının vəzifəsi olduğunu və 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajının bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablandığını nəzərə alaraq, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatdığından və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı mövcud olduğundan, sonuncuya cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında ” Qanunun tələblərinə müvafiq olaraq avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyin edilməsi təmin olunmalıdır.

6. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının 1 iyul 2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1360,48 manat (8 ay stajına uyğun olaraq) təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konsti tusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikay ətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (o cümlədən, Q.İbrahimovun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 15 saylı Regional Ərazi Filialına qarşı xx.xx.2021-ci il tarixli, 2-1(102)-1307/2021 nömrəli; Ş. Adıgözəlova Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixli, 21(102)-667/2022 nömrəli; T.Məmmədovun Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixli, 21(102)-2228/2023 nömrəli; qərarlarda) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadə etdiyi üçün iddiaçının 2012-2013-cü illər üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqqı məbləğlərinin ‘‘X1 Sistemi”nin “Sığorta” (Hesabat) alt sistemində əks olunmaması (cavabdehin imtinasının və kassasiya şikayətinin əsas dəlili bu barədədir) onun təqsiri ilə bağlı deyildir və bu hal onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Nəzərə alınmalıdır ki, fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin məcburi dövlət sosial sığorta haqqı ödədikləri dövr barədə xx.xx.2012-ci il tarixli və xx.xx.2013-cü il tarixli qəbzlərdən görünür ki, iddiaçı məcburi dövlət sosial sığorta haqqı üzrə xx.xx.2012-ci il və xx.xx.2013cü il tarixlərdə ödənişlər etmişdir. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.10cu maddəsinə əsasən, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadə etdiyi üçün məcburi dövlət sosial sığorta haqqı ödədiyi 2012-2013-cü illər onun sosial sığorta stajına daxil edilməlidir.

11. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məh kəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

13. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şi kayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 21(103)-3620/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar