Məhkəmə qərarları › İş №2-1(102)-1205/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1205/2019

24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1205/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi x2 iştirakı ilə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə qarşı “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “aktyorluq sənəti” üzrə əyani şöbəsinə qəbul olunması və kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-1(103)-7/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: 2016-cı il 20 fevral tarixdə 25 yaşı tamam olan iddiaçı bu səbəbdən qiyabi təhsili seçərək qeydiyyatdan keçmiş və imtahana buraxılış vərəqəsi almışdır. 2016-cı il 5 iyul tarixdə 5-ci qrup üzrə imtahanda iştirak edərək keçid balını toplamış, 2016-cı il 17 iyul tarixdə qabiliyyət imtahanına buraxılış vərəqəsi almış, lakin 2016-cı il 15 iyul tarixdə dərc olunmuş “Abituriyent 4” jurnalında qiyabi təhsil əks olunmadığı üçün 2016-cı il 20 iyul tarixdə qabiliyyət imtahanına buraxılmamışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 2016-2017-ci tədris ili üçün Azərbaycan Respublikası Tələbə Qəbulu Dövlət Komissiyası tərəfindən keçirilmi ş qəbul imtahanının nəticəsinə görə topladığı bal əsasında onun Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq sənəti üzrə əyani şöbəsinə qəbul olunmasını və dəymiş mənəvi ziyana görə 50.000 manat pulun ödənilməsini xahiş etmişdir. Cavabdeh 2017-ci il 27 dekabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali t əhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları halları istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Göstərilənlərə əsasən iddiaçının müsabiqədənkənar ali təhsil müəssisəsinə qəbul olunması mümkün hesab edilmir. Bundan əlavə, təzminatın ödənilməsi məsələsinə baxılması yalnız iddiaçıya Dövlət İmtahan Mərkəzi tərəfindən maddi və mənəvi ziyanın vurulmasını sübut edən sənədlərin təqdim edilməsindən sonra mümkün ola bilər. İddiaçı 2018-ci il 22 yanvar tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2016-2017-c i tədris ili üçün Azərbaycan Respublikası Tələbə Qəbulu Dövlət Komissiyası (bundan sonra mətndə -TQDK) tərəfindən keçirilmiş qəbul imtahanının nəticəsinə görə topladığı bal əsasında onun Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq sənəti üzrə əyani şöbəsinə qəbul olunmasına və dəymiş mənəvi ziyana görə 50.000 manat pulun ödənilməsinə dair cavabdeh tərəfindən imtinanın qanunsuz hesab olunması və 2016-2017-ci tədris ili üçün TQDK tərəfindən keçirilmiş qəbul imtahanının nəticəsinə görə topladığı bal əsasında onun Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq sənəti üzrə əyani şöbəsinə qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və 2016-cı ildə TQDK-nın hərəkəti nəticəsində onun Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq sənəti üzrə əyani şöbəsinə qəbul olunmadığına görə dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 50.000 manat məbləğində kompensasiyanın tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, orta məktəbi bitirdikdən sonrakı 8 il ərzində ali məktəbə qəbul imtahanlarında iştirak etsə də lazımı balı toplamadığı üçün tələbə adını qazana bilməmişdir. Arzusu aktyorluq üzrə ali təhsil almaq olmuşdur. 2016-cı il 31 mart tarixdə dərc olunmuş “Abituriyent” jurnalında Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq sənəti üzrə əyani təhsilin 25 yaşla, qiyabi təhsilin isə 35 yaşla məhdudlaşdırılmasına dair məlumatla tanış olmuşdur. Belə ki, “Abituriyent” jurnalının 2-ci nömrəsində dərc edilmiş “Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtlərinin 6-cı bəndində 2016/2017-ci tədris ili üçün “aktyor sənəti” ixtisasının əyani şöbəsinə yalnız 2016-cı il 1 iyul tarixdə 25 yaşı tamam olmayan abituriyentlərin sənəd verə biləcəyi elan olunmuşdur. Həmin vaxt iddiaçı arzu etdiyi aktyorluq sənəti üzrə imtahanda və müsabiqədə iştirak etmək üçün qiyabi təhsil üzrə qəbul imtahanında özünü sınamaq qərarına gəlmişdir. TQDK-nın rəsmi internet səhifəsində avtomatlaşdırılmış qeydiyyatdan keçərək (həmçinin, təvəllüdü və qiyabi təhsil qaydasını seçdiyini qeyd etməklə) “Abituriyentin imtahana buraxılış vəsiqəsi”ni almışdır. Həmin “vəsiqə”dən də görünür ki, təvəllüdü yoxlanılmaqla qiyabi təhsil üzrə qeydiyyata alınmaqla 2016-cı il 5 iyul tarixdə saat 10.00-da keçiriləcək qəbul imtahanında iştirak etməyə buraxılmışdır. Qəbul imtahanında keçid balını topladığına görə “Səda” Tədris Teatrının binasına 2016-cı il 20 iyul tarixdə saat 09.00-da keçiriləcək qabiliyyət imtahanına göndəriş almışdır. Lakin göstərilən tarixdə qabiliyyət imtahanına gəldikdə, nəzarətçi tərəfindən artıq 2016-cı il 1 iyul tarixədək 25 yaşının tamam olması səbəbindən buraxılmamışdır. Sonradan məlum olmuşdur ki, 2016-cı il 15 iyul tarixdə dərc olunmuş “Abituriyent” jurnalının 4-cü nömrəsində aktyorluq sənəti üzrə qiyabi təhsilin ləğv olunduğuna dair məlumat verilmişdir. Hesab edir ki, aktyorluq sənətini seçməklə TQDK-nın rəsmi internet səhifəsində elektron qaydada qiyabi təhsil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməsi, TQDK-nın keçirdiyi qəbul imtahanında iştirak edərək keçid balını topladığı, qabiliyyət imtahanında iştirak üçün göndəriş almağı, lakin qabiliyyət imtahanının keçirildiyi gün artıq 25 yaşı tamam olması və qiyabi təhsilə qəbulun aparılmadığı əsası ilə imtahana buraxılmamağı və bütün bunlara görə seçdiyi ixtisas üzrə ali təhsil almaq hüququndan məhrum olmağı Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində təsbit olunmuş və dövlət tərəfindən qorunan təhsil hüququnun kobud pozulması ilə nəticələnmişdir. Qiyabi təhsilə qəbul aparılmayacağı əvvəlcədən bilmək imkanı olmamış, TQDK-nın rəsmi internet səhifəsində qəbul imtahanında iştirak üçün elektron qeydiyyatı aparılıb qəbul imtahanına buraxılış vəsiqəsi almaqla iddiaçı tələbə adını qazanmaq üçün qanunla üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazıl ı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 21 sentyabr tarixli 2-1(81)1242/2018 nömrəli iş üzrə qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ali təhsil müəssisələrinə tələbə qəbulu planı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən deyil, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Odur ki, iddiaçı cavabdeh tərəfindən ona ziyan vurulmasını təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini olunmasını xahiş etmişdir. Apellyasiya instansiya sı məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-1(103)-7/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, eyni zamanda qeyd etmişdir ki, iddiaçı 25 yaşı tamam olduğu üçün qiyabi təhsili seçib qeydiyyatdan keçdiyi halda, hazırkı iddia ilə əyani şöbəyə qəbul olunmasını tələb edir. İddiaçının bu tələbini həmin il sonradan qiyabi təhsilin ləğv edilməsi, yəni Azərbaycan Respublikasını Nazirlər Kabineti tərəfindən 2016-cı ilin tələbə qəbulu planında “aktyorluq sənəti” üzrə qiyabi təhsil üzrə tələbə yerlərinin nəzərdə tutulmaması və məhz bu səbəbdən onun əyani şöbəni seçmə məcburiyyətində qalması ilə əsaslandırdığı fərz olunsa, bu halda qeyd olunan tələb Dövlət İmtahan Mərkəzinə qarşı yönəldilə bilməz. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 26 yanvar tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 7 fevral tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçının haqlı iddia tələbi formal, subyektiv mülahizələrə istinadən təmin edilməmişdir. Digər tərəfdən, apellyasiya instansiya məhkəməsi hətta işin faktiki hallarını təhrif etməkdən belə çəkinməmişdir. Belə ki, işin faktiki hallarını təhrif edən məhkəmə göstərmişdir ki, guya cavabdeh tərəfindən müvafiq ixtisasa qəbul qaydaları “Abituriyent” jurnalında göstərilmiş prosedur qaydalara uyğun aparılmış, iddiaçının hüquq və mənafelərinə toxunan, qanunla qorunan hüquqlarını pozan hər-hansı hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçı 2016-cı il 31 mart tarixdə dərc edilmiş “Abituriyent” jurnalında göstərilən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin yaş həddi 35 yaş müəyyən olunan aktyorluq sənəti üzrə qiyabi şöbəyə sənəd verərək bu sənət üzrə qiyabi təhsil üzrə qəbul imtahanına qeydiyyatdan keçmiş, daha sonra isə qiyabi təhsil üzrə qəbul imtahanında iştirak edib keçid balını toplamışdır. Eyni zamanda, iddiaçı qiyabi təhsil üzrə yaş məhdudiyyətini nəzər ə alaraq qeydiyyatdan keçdikdən və keçid balını toplayıb qiyabi təhsil üzrə qabiliyyət imtahanına buraxılış vəsiqəsi aldıqdan sonra Universitetin aktyorluq sənəti üzrə qiyabi təhsili ləğv etməsi və beləliklə də iddiaçının konstitusion hüququnun pozulması işin mübahisəsiz halı olduğu halda, məhkəmə bu hala düzgün qiymət verməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə izahat təqdim etmişdir. İzahatın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. O, “Təhsil haqqında” Qanunun 3 və 5.1-ci maddələrinə istinad edərək pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından nümayəndəsi çıxışlarda iştirak etmədi. Cavabdeh 2019-cu il 17 aprel tarixli məhkəmə iclasında nümayəndəsi ilə, lakin vəkilsiz təmsil olunduğ undan, nümayəndəsi çıxışlarda iştirak etməmişdir. Cavabdeh 2019cu il 24 aprel tarixli məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tə ləbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırma nın həyata keçirilməsi mümkün olmadıqda. “İnzibati icraat haqqında” Qanunun (V fəsil. Kollegial inzibati orqanda inzibati icraat) 53-cü maddəsinin müddəalarına əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanda icraat bu fəslin müddəaları nəzərə alınmaqla həyata keçirilir (53.1). Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial orqana təqdim olunmuş ərizəyə dair qərar yalnız kollegial orqan tərəfindən qəbul edilir (53.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın (bundan sonra mətndə - Qaydalar) 1.6-cı bəndinə görə, ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları halları istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra Mərkəzin rəsmi internet saytında seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçmiş abituriyentlərin Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (V ixtisas qrupunda cari ilin abituriyentləri buraxılış) imtahanında topladıqları ümumi balları Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olduqda, onlar qabiliyyət imtahanlarına buraxılırlar. Qabiliyyət imtahanlarının keçirilməsi şərtləri ali təhsil müəssisələrinin təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. Qabiliyyət imtahanının nəticəsi balla və ya “məqbul” və “qeyri-məqbul”la qiymətləndirilir. G öründüyü kimi, həmin Qaydalar cavabdeh inzibati orqana diskresion səlahiyyətlər əsasında qərar qəbul etmək vəzifəsi və hüququ, inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir (İPM-in 73.3.1 və 73.3.2-ci maddələri). Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Başqa sözlə, məhkəmə inzibati orqanın diskresion səlahiyyə tini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (şəxsin müvafiq ixtisas üzrə qabiliyyətinin yoxlanılması və qiymətləndirilməsi və s. üzrə) xüsusi biliyə və t əcrübəyə malik olduğu haldan gedir. Digər tərəfdən, iddia edən şəxsin həmin ixtisas üzrə müvafiq qəbul qaydaları ilə müəyyən edilmiş formal tələblərə cavab verib-vermədiyi də nəzərə alınmalıdır. Bu səbəblərdən də məhkəmə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoya bilməz. Məhkəmə kollegiyası iddianın kompensasiya tələbinə aid hissədə də əsaslı olmadığına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 11 aprel tarixli, 860 nömrəli Fərmanının 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilm iş və onun istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilmişdir. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1-ci bəndinə görə, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. Dövlət İmtahan Mərkəzi 2016-cı il 19 oktyabr tarixdə dövlət qeydiyyatına alınmışdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin fəaliyyəti ümumi hüququn tənzimləmə predmetin ə aid olsa da, onun bu fəaliyyətlə bağlı daşıdığı vəzifələri iddiaçıya münasibətdə pozması, eləcə də iddia ərizəsində vurulduğu irəli sürülən zərərin bilavasitə cavabdehin (onun əməkdaşlarının) hərəkəti yaxud hərəkətsizliyi nəticəsində baş verməsi iş üzrə sübut olunmur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-1(103)-7/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar