Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1208/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik dərəcəsinin müddətsiz təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona xx.xx.2023-cü il tarixdən müddətsiz üçüncü dərəcə əlilliyin (orqanizmin funksiyalarının pozulmasının 35-60% dərəcəsi ilə) təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 21(103)-3681/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Müayinədən əvvəl sağlamlıq imkanları məhdud uşaq olmuş iddiaçıya xx.xx.2014-cü il tarixdə “G80.8 - Uşaq serebral iflicinin qalıq əlamətləri. Sağ tərəfli hemiparez. NSD kardial tipli” diaqnozu ilə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə “G80.0 – Spastik serebral iflicinin qalıq əlamətləri. Sağ tərəfli yüngül hemiparez. Müştərək çəpgözlük” diaqnozu ilə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə isə eyni diaqnozla 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
2. İddiaçının əlillik vəziyyəti xx.xx.2023-cü il tarixli göndəriş əsas ında “Əsas diaqnoz: G80.2 – Serebral iflic, USİ hemiplegik forma; Ağırlaşma: G81.1 – Spastik hemiplegiya. Sağ tərəfli hemiparez” diaqnozu ilə xx.xx.2023-cü il tarixdə yenidən qiymətləndirilmiş və ona “Əlavə müalicəyə ehtiyacın olması, səbəb: stasionar müalicə müddəti yetərli deyil, reabilitasiya müalicəsinin davam etdirilməsi tövsiyə olunur” əsası ilə əlillik dərəcəsinin təyinatından imtina edilmişdir.
3. Məhkəmə icraatı gedişində təyin edilmiş əyani müayinə nəticəsində cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli göndəriş əsasında iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.1-ci bəndinə müvafiq olaraq 1 il müddətinə orqanizmin funksiyalarının 40% pozulması bar ədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2023-cü il tarixdən müddətsiz üçüncü dərəcə əlillik (orqanizmin funksiyalarının pozulmasının 35-60% dərəcəsi ilə) təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya yenidən 1 il müddətinə əlillik dərəcəsinin təyin edilməsinə dair cavabdehin qərarı qanunsuz olmuşdur. Belə ki, iddiaçının xəstəliyi anadangəlmə və sağalmaz xəstəlikdir. Həmin xəstəlik əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq i ddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi üçün əsas olsa da, həmin dövrün qanunvericiliyinə uyğun olaraq o, doğulduğu vaxtdan 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaq olmuşdur. Yetkinlik yaşına çatdıqdan sonra isə ona üçüncü dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən olunur. İddiaçı hesab edir ki, yetkinlik yaşına çatanadək olan dövr də daxil olmaqla fasiləsiz olaraq 15 ildən çox üçüncü dərəcə əlil olan şəxs kimi ona müddətsiz üçüncü dərəcə əlillik təyin edilməlidir.
6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması gedişində iddiaçıya münasibətdə 1 il müddətinə orqanizmin funksiyalarının 40% pozulması barədə qərar qəbul edilmişdir ki, bu qərar mübahisəni aradan qaldıran hal və iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Həmçinin, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir, lakin altsistem sənədlərindən görünür ki, iddiaçıya xx.xx.2014-cu il tarixdə 1 il, xx.xx.2015-cu il tarixdə 1 il, xx.xx.2016-cu il tarixdə 5 il və xx.xx.2023-cü il tarixdə isə 1 il olmaqla, cəmi 8 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik müddəti üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsinə kifayət etmədiyi üçün ona üçüncü dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi mümk ün deyildir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması xahiş edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: Fərid İsmayılzadə) 18 iyul 2024-cü il tarixli, 2-1(112)-1887/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2023-cü il tarixdən müddətsiz üçüncü dərəcə əlillik (orqanizmin funksiyalarının pozulmasının 31-60% dərəcəsi ilə) təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilmiş xəstəliklərin əhatə dairəsinə daxil olmaqla iddiaçıya əlilliyin təyini üçün əsas hesab olunsa da, iddiaçının müraciətinə müvafiq olaraq təyinat aparılmamış və o na təyinat aparılmasından imtina edilmişdir. İddiaçı məhkəmədən ona əlillik dərəcəsinin təyin edilməsini tələb edərkən, faktiki olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş xx.xx.2023-cü il tarixli göndəriş əsasında cavabdeh tərəfindən qaydaların tələblərinə riayət edilməklə, Meyarların tələblərinə uyğun olaraq ona əlilliyin təyin olunmasını tələb etmişdir. Məhkəmə araşdırması gedişində cavabdeh tərəfindən iddiaçıya münasibətdə 1 il müddətinə orqanizmin funksiyalarının 40% pozulması barədə qərar qəbul edilməsi isə mübahisəni aradan qaldıran və iş üzrə icraata xitam verilməsi üçün əsas qismində çıxış edən qərar kimi qəbul edilə bilməz. Bu hal məhkəmə tərəfindən iddiaçıda orqanizmin funksiyalarının pozuntusunun mövcud olması və həmin pozuntunun ona əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etməsi faktını təsdiq edən dəlil kimi qəbul edilməkdədir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Ceyhun Məmmədov və Pərviz Hüseynov) 03 dekabr 2024-cü il tarixli, 2-1(103)-3681/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyətinin ona orqanizmin funksiyalarının pozulmasının 35-60% dərəcəli əlillik təyin etməyə əsas verməsi işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə icraatı gedişində cavabdeh tərəfindən iddiaçıya münasibətdə eyni göndəriş əsasında ümumi xəstəlik səbəbindən bir il müddətinə orqanizmin funksiyalarının 40% pozulması barədə xx.xx.2023cü il tarixli qərar qəbul edilmişdir. Bununla yanaşı, iddiaçıya bir il müddətinə orqanizmin funksiyalarının 40% pozulması barədə qərar qəbul edilməsi iddiaçının tələbinin təmin olunması deyildir. İddiaçının tələbi ona xx.xx.2023-cü il tarixdən müddətsiz üçüncü dərəcə əlillik (orqanizmin funksiyalarının pozulmasının 35-60% dərəcəsi ilə) təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir və bu tələb üzrə cavabdeh qərar qəbul etməmişdir.
12. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli qərarın qəbul edilməsinə əsas olmuş əyani müayinənin nəticələrində qeyd edilmişdir ki, “... sağ aşağı ətrafda əzələlərin 1,5 sm atrofiya, aşıq-baldır oynağında hərəkət məhdudluğu izlənilmiş, Babinski “+” (müsbət), reflekslər D>S canlanmış,..., pəncədə hərəkət həcmi tam olmadığından əzələ gücünü təyin etmək mümkün olmamışdır... Təqdim etdiyi sənədlər arasında,... X1 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** arayışına əsasən diaqnoz “Uşaq serebral iflici. Sağ pəncənin ekvinovarus deformasiyasına görə cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sağ-aşağı ətraf əzələlərinin atrofiyası, ikitərəfli birinci dərəcəli yastıpəncəlik. Sağ aşağı ətrafın 4 sm qısalığı. Sağ pəncənin sallanması, daimi ağrı sindromu, yerişin pozulması” şəklində göstərilmişdir...”. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının tibbi sənədlərini, əyani müayinəsinin nəticələrini və onun sağ lamlıq imkanlarının məhdudluğunu qiymətləndirərkən xəstəliyin mövcud olduğunu qəbul etsə də, heç bir əsas olmadan hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın digər bəndlərinin tələblərini nəzərə almadan 6.5.1.1-ci bəndi ilə 1 il müddətinə ona münasibətdə orqanizmin funksiyalarının 40% pozulması barədə qərar qəbul etmişdir. Halbuki, Meyarların 6.5.1.3-cü bəndi eyni əsaslarla orqanizmin funksiyalarının pozulmasını müddətsiz müəyyən etməkdədir və həmin bənddə nəzərdə tutulan diaqnoz da iddiaçı barəsində xx.xx.2923-cü il tarixdə rəsmiləşdirilmiş göndəriş və onun canlı müayinəsi zamanı təsdiqini tapmışdır.
13. Məhkəmə kollegiyası xüsusilə vurğulamağı zəruri hesab edir ki, iddiaçıda müşahidə olunan sağ aşağı ətrafın 4 sm qısalığından ibarət fiziki qüsur, orqanizmin funksiyasının elə bir pozuntusudur ki, onun hər hansı əlavə müayinə, müalicə və ya reabilitasiya müalicəsinin davam etdirilməsi yolu ilə aradan qaldırılması mümkün deyildir. Göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilmiş xəstəliklərin əhatə dairəsinə daxil olmaqla iddiaçıya əlilliyin təyini üçün əsas hesab olunsa da, iddiaçının müraciətinə müvafiq olaraq təyinat aparılmamış və ona təyinat aparılmasından imtina edilmişdir.
14. Həmçinin iddiaçıda sağlamlıq imkanlarının məhdudluğunun (orqanizmin funksiyalarının pozuntusunun) uşaqlıqdan mövcud olması cavabdeh tərəfindən mübahisə ləndirilməmiş, işin sözügedən xüsusatı iddiaçıya münasibətdə rəsmiləşdirilmiş göndəriş, ona münasibətdə əvvəllər aparılmış təyinat qərarları, həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi Rusiya Federasiyasında iddiaçının əlilliyinə görə valideynlərinə ödəniş həyata keçirilməsini təsdiq edən əmanət kitabçası ilə də öz təsdiqini tapmışdır. İddiaçıya münasibətdə xx.xx.2923-cü il tarixdə rəsmiləşdirilmiş göndərişdə diaqnozun ağırlaşması olaraq “G81.1 Spastik hemiplegiya, sağ tərəfli hemiparez” göstərilmişdir
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Cavabdeh həmçinin qeyd etmişdir ki, şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi onun diskresion səlahiyyətidir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hak imiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərba ycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam et məsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və mü ddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. 21. 01.07.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olu nması meyarlarına dair Əsasnamə” 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.3. Üçüncü dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. 22. 01.07.2022-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəs təlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 23. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, Orqanizmin onların ağırlıq dərəcəsi, XBTOrqanizmin Sıra funksiyalarının mərhələsi, orqanizmin 10 funksiyalarının №-si pozulması funksiyalarının davamlı (kod) pozulması faizi müddəti pozulmasının kliniki funksional xüsusiyyətləri
6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qi ymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 6.5. Serebral iflic və digər paralitik sindromlar 6.5.1 serebral iflic və digər paralitik sindromlar G81(monoparez, hemiparez, hemiplegiya, G83 paraplegiya və tetraplegiya) Qiymətləndirmə 6.5.1.1. ayrı-ayrı ətrafların parezləri və tonus 40 1 il pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanıl ması ilə); cüzi statodinamik pozuntular 6.5.1.3. cüzi tetraparez (əzələ gücünün 4 bala 40-60 müddətsiz qədər enməsi, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, aşağı və yuxarı ətraf oynaqlarının aktiv hərəkətlərinin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); mülayim statodinamik pozuntular
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək ( tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassas iya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin də lillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya müddətsiz üçüncü dərəcə əlilliyin (orqanizmin funksiyalarının pozulmasının 31-60% dərəcəsi ilə) təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Bununla belə, müvafiq əlillik dərəcəsinin təyinat tarixinə münasibətdə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmədiyindən, həmin hissədə qərar dəyişdirilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 32. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi xx.xx.2023-cü il tarixdə cavabdehə təqdim edilmiş və həmin göndə riş əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur.
33. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi sonuncu imtina tarixindən, yəni xx.xx.2023-cü il tarixdən təyin edilməlidir.
34. Apellyasiya instansiya məhkəməsi isə, qeyd edilən halları nəzərə almamış, iddiaçıya əlillik dərəcəsinin imtina haqqında sonuncu qərarın qəbul edildiyi tarixdən deyil, sonuncu göndərişin verildiyi tarixdən təyin edilməsi qənaətinə gəlmişdir.
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
36. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
37. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun v ə əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
38. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına mali kdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dər əcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur
39. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
40. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
41. Odur ki, bu qərarın 37-40-cı bəndlərində qeyd olunanlar baxımından cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya xx.xx.2023-cü il tarixdən müddətsiz üçüncü dərəcə əlilliyin (orqanizmin funksiyalarının pozulmasının 31-60% dərəcəsi ilə) təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
42. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etd iyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
43. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya xx.xx.2023-cü il tarixdən müddətsiz üçüncü dərəcə əlilliyin (orqanizmin funksiyalarının pozulmasının 31-60% dərəcəsi ilə) təyin edilməsi barədə qərarın qəbul olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2-1(103)-3681/2024 nömrəli qərarı dəyişdirilir. İddiaçıya xx.xx.2023-cü il tarixdən müddətsiz üçüncü dərəcə əlilliyin (orqanizmin funksiyalarının pozulmasının 31-60% dərəcəsi ilə) təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulur. Qərar qətidir.