Məhkəmə qərarları › İş №2-1(102)-121/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-121/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-121/2021 26.01.2021 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri Suraxanı Rayon Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: əlilliyə görə əmək pensiyasının bərpası; ahıllara qulluq müddətinin sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, X1 ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri Suraxanı Rayon Şöbəs inə qarşı “əlilliyə görə əmək pensiyasının bərpa olunaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1247/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1989-cu ildə anadan olmuş, xx.xx.2010-cu il tarixindən ona müddətsiz olaraq 2 (ikinci) qrup əlillik dərəcəsi verilmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-536/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı “əmək fəaliyyəti barədə hüquqi əhəmiyyətli olan faktın dəqiqləşdirilməsi tələbinə” dair ərizəsi təmin edilmiş, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı babası - 1914-cü il təvəllüdlü X3 xx.xx.2006-ci ildən xx.x x.2014-cü ilədək qulluq etməsi hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilmiş, həmin qətnamə xx.xx.2015-ci il tarixində qanuni qüvvəsini almışdır.

3. İddiaçıya xx.xx.2015-ci il tarixindən (26 yaşından) pensiya təyin edilmiş, sonradan iddiaçının əlilliyə görə aldığı pensiyası ləğv olunmuşdur.

4. Bununla əlaqədar iddiaçı cavabdeh orqana müraciət etmiş, DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********1 saylı cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunarkən xx.xx.2006-cı ildən xx.xx.2014-cü ilə qədər X4 qulluq dövrü sosial sığorta stajı kimi götürülmüşdür. Lakin ahıllara qulluq dövrünün sosial sığorta stajına daxil edilməsi üçün qulluq edənin özünün sosial sığorta stajının olması əsasdır. Heç bir sosial sığorta stajı olmadığı üçün iddiaçının qulluq dövrü staj kimi götürülə bilməz. Beləliklə, iddiaçının sosial sığorta stajı olmadığı üçün əlilliyə görə əmək pensiyası almaq hüququ yoxdur. Bu səbəbdən pensiya işi ləğv olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri Suraxanı Rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun əlilliyə görə əmək pensiyasının bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsini belə əsaslandırmışdır ki, o, 2006-cı ildən xx.xx.2014-cü il tarixinə kimi babası X5 qulluq etmiş, onun babasına qulluq etmə faktı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tanınmışdır. Bundan sonra, iddiaçının 08 il 10 ay əmək stajı olduğuna görə ona əmək pensiyası təyin edilmiş, daha sonra əlilliyə görə aldığı pensiya əsassız olaraq ləğv edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh onun əlilliyə görə əmək pensiyasının bərpa olunmasından qanunsuz olaraq imtina etmişdir.

7. Sonradan iddiaçı nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mürcaiət edərək İddiaçı ikinci qrup əlilliyə görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilmə sini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya pensiya təyin edilməsi qanunaziddir. İddiaçının babası X5 qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsi əsassızdır. Belə ki, iddiaçı heç bir yerdə işləməmiş və məcburi dövlət sosial sığorta köçürməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi isə öz növbəsində yalnız qulluq etmə faktını təsdiqləmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1383/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə (hakim – M.C.Qarayeva) iddianın təmin edilməsi iddiaçıya ikinci qrup əlilliyə görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alı nmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əlil olması ilə əlaqədar əmək pensiyası təyin edilməsi üçün tələb olunan 05 ildən artıq əmək stajı toplaması təsdiq olunduğu halda, cavabdeh tərəfindən ona əlilliyə görə pensiya təyin edilməməsi iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur.

11. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1247/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və X.N.Cəmilova) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1383/2020 saylı xx.xx.2020-ci il tarix li qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Məhkəmə qərarı cavabdehə xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.

15. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1247/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, ““Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilmi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Qərarın 3.10-cu bəndində göstərilmişdir ki, Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər sosial sığorta stajına şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən) olduqda daxil edilir. Bu isə o deməkdir ki, əgər şəxs sığortaolunan deyildirsə və şəxsin xeyrinə sığorta fəaliyyəti olmayıbsa, sözügedən müddətlər onun sığorta stajına daxil edilə bilməz.

17. Həmçinin, iddiaçının pensiya hüququnun yarandığı 2015-ci ildə qüvvədə olmuş DSMF-nin xx.xx.2011-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxla nılması Qaydaları”nın təsdiq edilməsi barədə 17 nömrəli Qərarının 3.2-ci bəndində göstərilmişdir ki, sosial sığorta stajına Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər də daxil edilir. Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər yalnız şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs) olduqda nəzərə alınır.

18. Buradan görünür ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən normalara istinad etməmiş, ümumiyyətlə bu barədə qərarlarında hər hansı bir qeyd etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddi nə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

25. İddiaçıya əlillik təyin olunan zaman qüvvədə olmuş yəni, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunanana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

26. Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 2.3-cü bəndinə əsasən əlilliyə g örə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

27. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlana bilməz (bənd 2.3.1). 28. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşın adək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

30. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİ YA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilmə si üçün əsas yoxdur.

34. Cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin etməkdən cavabdehin imtinası qanunsuzdur.

35. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından məlum olur ki, iddiaçı 1914-cü il təvəllüdlü babası X3 xx.xx.2006-ci ildən xx.xx.2014-cü ilədək qulluq etmişdir və bu fakt məhkəmə tərəfindən də təsdiq olunmuşdur.

36. Hazırkı qərarın 28-ci bəndində göstərilən normadan görünür ki, ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir.

37. İddiaçının babası X2 2006-cı ildə 92 yaşı olduğundan qeyd olunan norma hazırkı iddiaçıya da şamil olunmalı və onun xx.xx.2006-ci ildən xx.xx.2014-cü ilədək X3 qulluq etdiyi dövr sığorta stajına daxil edilməlidir.

38. Bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 26-cı bəndində göstərilən Qaydaların 2.3.1-ci yarımbəndinə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 26 yaşlı sığortaolunan üçün 03 il 08 ay (ümumilikdə sığorta stajı 2 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (26 yaş -15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 11) x 4 ay = 44 ay/12 = 3 il 08 ay ) sığorta stajı tələb olunur.

39. İddiaçının babasına qulluq etdiyi dövr sığorta stajına əlavə olunduqda görünür ki, iddiaçının tələb ediləndən daha artıq (08 il 11 ay) sığorta stajı vardır.

40. Beləliklə yuxarıda qeyd olunanlardan görünür ki, hazırkı qər arın 25-ci bəndində göstərilən normanın məzmunu baxımından iddiaçının əlilliyə görə əmək pensiyası hüququ vardır və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

41. Bundan başqa, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edə n faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

42. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1247/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar