Məhkəmə qərarları › İş №2-1(102)-1214/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1214/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1214/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (hazırda “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 12 saylı Şəki ərazi idarəsi) qarşı işi üzrə (Açar sözlər:daşınmaz əmlak üzərində qeydiyyatın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İ darəsinə qarşı “**********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın fərdi yaşayış evinə dair hissəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-120/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Torpağın mülkiyyətə verilməsinə dair” kod 40309028, JN-490A saylı Şəhadətnaməyə əsasən Qax rayon Aqrar İslahat Komissiyasının 20 iyul 2000-ci il tarixli, 07 saylı qərarı ilə 0,31 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. 2. 25 may 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli DƏDXR tərəfindən verilmiş çıxarışa əsasən Qax rayonu, Qaxbaş kəndində yerləşən 0,31 ha torpaq sahəsi və onun üzərində sahəsi 93,6 kv.m olan fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. 3. **********05-10301 reyestr nömrəli, 1566 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportuna əsasən, Qax rayonunun Qaxbaş kəndində 0,31 ha torpaq sahəsi üzərində yerləşən, 1965-ci ildə tikilmiş, ümumi sahəsi 93,6 kv.m olan fərdi yaşayış evi üzrə hüquq subyekti qismində X4 qeyd edilmişdir.

4. Qax RİH-nin Qax-İngiloy kənd İƏD-nin 8 iyun 2015-ci il tarixli, 1496 nömrəli arayışına əsasən Qax rayonu Qaxbaş kəndinə aid 9 saylı təsərrüfatbaşına kitabın 749 -cu səhifəsində X3 adına 1965-ci ildə tikilmiş 93.6 kv.m fərdi yaşayış evinin və 0,31 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Arayışda qeyd edilmiş daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisə olmadığı göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə (üçüncü şəxs X4) məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası DT və XK-nin Qax rayon şöbəsi tərəfindən üçüncü şəxsə verilmiş xx.xx.2006-cı il tarixli, kod 40309028, JN-490A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsız hesab edilməsi və bunun əsasında DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsinin verdiyi qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi **********05-10301 olan 13 yanvar 2006-cı il tarixli, 0,31 ha torpaq sahəsinə aid daşınmaz əmlakın Dövlət reyestrindən üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir.

6. Bundan sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, mübahisələndirilən çıxarışın tarixinin 25 may 2018-ci il olaraq oxunmasını xahiş etmişdir.

7. Həmçinin İddiaçı cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən verilmiş, **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsini xahiş etmişdir.

8. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-442/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlə ri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "0,31 ha torpaq sahəsi ilə bağlı X3 adına verilmiş xx.xx.2006-cı il tarixli JN490A kod 40309028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2018-ci il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********05-10301 olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi" barədə iddiasına dair 2-1(116)-442/2021 nömrəli iş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "qeydiyyat nömrəsi **********, reyestr nömrəsi *** *******05-10301 olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi" barədə iddiasına dair 2-1(116)-1087/2021 nömrəli işlə bir icraatda birləşdirilmişdir.

9. İddiaçı tələbini mübahisələndirilən çıxarışda qeyd edilən və bacısının mülkiyyətinə verilən evin ata evi olması, özünün həmin evdə doğulması, əvvəllər və hazırda həmin evdə yaşaması, mübahisəli evin bir nümayəndəsi olmaqla həmin evdə paya malik olması ilə əsaslandırmışdır. Qeyd etmişdir ki, həmin ev onun məlumatı olmadan qanunsuz şəkildə bacısının adına rəsmiləşdirilmişdir. O, son 20 ildə həmin evdə əsaslı təmir işləri aparmış, həyətdə böyük fındıq bağı salmışdır. X8 yaşadığı Qax rayonunun Qaxbaş kəndində 20 avqust 1962-ci ildə anadan olmuşdur. X9 01 mart 1973cü il tarixdə, atası P oladaşvili Nikolaz 14 iyul 1980-cı ildə, nənəsi X5 isə 25 iyul 1984-cü ildə vəfat etmişlər. O, nənəsinin vəfatından sonra həmin evdə yaşamış və 22 oktyabr 1984-cü ildə ailə həyatı quraraq həmin kənddə ər evinə gəlin köçmüşdür. 1998-ci ildən isə mübahisəli evə qayıtmışdır və hazıradək orada yaşayır. Qax rayon X12 rayonu Qaxbaş kəndi üzrə 1983-1985-ci illərə aid XDS İK-nin təsərüfatbaşına kitabından görünür ki, kitabın şəxsi hesab nömrəsi 377 olan sırasında ailə başçısı kimi X5 göstərilmiş və onunla X10 isə ailə üzvləri kimi göstərilmişlər. X5 25 iyul 1984-cü il tarixdə vəfat edərkən onun 22 yaşı, bacısı İamzenin isə 16 yaşı olmuşdur. O, yetkinlik yaşına çatmış yeganə bir vərəsə kimi nənəsindən miras qalmış evi faktiki olaraq qəbul etmiş və təsərrüfatı idarə etmişdir. X10 ilə aralarında evlə bağlı kəskin mübahisə və fikir ayrılığı olduğu halda, Qax rayonu Qaxingiloy kənd İƏD tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışda qeyd olunmuşdur ki, daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisə yoxdur. Miras qalmış evlə bağlı vərəsələr arasında dərin mübahisənin olduğu halda səlahiyyətli icra hakimiyyəti orqanının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün DƏDRXnin 12 saylı Ərazi idarəsinə təqdim etdiyi arayışda daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisənin olmaması barədə yalnış məlumatın verilməsi mübahisənin yaranmasına səbəb olmuşdur.

10. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Qax rayonunun Qaxbaş kəndində yerləşən, 93.6 kv.m sahəsi olan fərdi yaşayış evi “Torpağın mülkiyyətə verilməsinə dai r” Şəhadətnamə və Qax RİH-nin Qax-İngiloy kənd İƏD-nin xx.xx.2015-ci il tarixli, 1496 nömrəli təsərrüfatbaşına kitabdan çıxarışa əsasən qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qax RİHnin Qax-İngiloy kənd İƏD üzrə xx.xx.2015-ci il tarixli, 1496 nömrəli təsərrüfatbaşına kitabdan çıxarışda Qaxbaş kəndinə aid təsərrüfatbaşına kitabın 749-cu səhifəsində X3 adına 1965-ci ildə tikilmiş, 93.6 kv.m sahəsi olan fərdi yaşayış evinin və 0.31 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir.

11. Üçüncü şəxs X4 iddia tələbinə etirazını mübahisələndirilən çıxarışın onun adına DT və XK Qax rayon şöbəsi tərəfindən tərtib edilmiş kod 40309028, JN-490A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və Qaxingiloy kənd İcra Nümayəndəliyinin 08 iyun 2015-ci il tarixli, 1496 saylı təsərrüfatbaşına kitabdan çıxarış əsasında verilməsi ilə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.3-cü bəndində Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2 001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış əsasında qeydiyyata alınmanın nəzərdə tutulması, Azərbaycan Respublikası DT və XK-nin Qax rayon şöbəsi tərəfindən ona verilmiş xx.xx.2006-cı il tarixli, kod 40309028, JN490 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” isə Qax rayon X7 müvafiq qərarı əsasında verilməsi və AİK-nın qərarının hazırda qüvvədə olması ilə əsaslandırmışdır.

12. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-132/2022 (hakim V.Musayev) nömrəli qərardadı ilə iddia ərizəsinin “Azərbaycan Respublikası DT və XK-nin Qax rayon şöbəsi tərəfindən Bayramaşvili (Poladaşvili) İamze Nikolayevnanın adına verilmiş xx.xx.2006-cı il tarixli, kod 40309028, JN-490A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsız hesab edilməsi və **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın torpaq sahəsi ilə bağlı (0.31 ha) hissəsinin ləğvi” hissəsi mümkün sayılmamışdır.

13. Şəki İnzibati Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2-1(116)-132/2022 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericilik mübahisənin mövcudluğuna münasibətdə yalnız qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduğu halda, cavabdehin üzərinə qeydiyyatın, məhkəmədə iş həll olunanadək dayandırılması i lə bağlı öhdəlik qoymuşdur. Odur ki, Qax RİH-nin Qax-İngiloy kənd İƏDnin yaşayış sahəsi ilə bağlı mübahisənin olub-olmaması ilə bağlı qeydinin cavabdeh tərəfindən mübahisəli yaşayış sahəsi üzrə mülkiyyət hüququnun üçüncü şəxsin adına qeydiyyata alınmasının dayandırılmasına və ya qeydiyyatdan imtina edilməsinə səbəb olmadığından məhkəmə iddiaçı tərəfin həmin dəlilini əsassız hesab edir. Bundan başqa işdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı Qax İngiloy kəndində olan təsərrüfatda (təsərrüfatbaşına kitab № 21, şəxsi hesab № 1983) təsərrüfatın üzvü olmuş, torpaq islahatı aparılan zaman X2 ailə başçısı olaraq qeyd edildiyi təsərrüfatda ailə üzvü olaraq ona da torpaq sahəsi (digər ailə üzvləri ilə birlikdə 0.25 ha) ayrılmışdır. Bu isə onu deməyə əsas verir ki, torpaq islahatı aparılan dövr də iddiaçı faktiki olaraq hazırda üçüncü şəxsin mülkiyyətində olan fərdi yaşayış evi üzrə təsərrüfatda olmadığından, müvafiq təsərrüfat üzrə yalnız üçüncü şəxsin adı ailə başçısı olaraq qeyd edilmişdir. Hazırki iş üzrə iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan iddiaçı, tələbində qeyd etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə cavabdeh, mübahisələndirilən çıxarışın ləğv edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı həmin çıxarışın ləğvi üçün zəruri olan şərtləri sübut edə bilməmişdir. Şərh olunanlara obyektiv hüquqi qiymət v erərək məhkəmə hesab edir ki, üçüncü şəxs X3 adına mülkiyyət hüququ ilə qeydə alınmış **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda qeyd edilmiş mübahisəli yaşayış sahəsi ilə bağlı qeydiyyatın ləğvi üçün əsaslar olmadığından, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-120/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər R.Rəfiyev - sədrlik edən və məruzəçi, G.Cav adova və V.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətinin apelyasiya şikayətinin məzmununa uyğun dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı deyil, iş tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, 24 ildən artıq, yəni 1998-ci il tarixdən həmin mübahisəli evdə yaşadığına baxmayaraq, kənd icra nümayəndəliyi onu həmin evə aid təsərrüfatbaşı kitabına salmayıb və məhz onların səhlənkarlığı nəticəsində o hazırda mülkiyyət hüququndan məhrum edilmişdir. Nəticədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli fərmanı ilə təsdiq edilmiş sərəncamın təsir dairəsindən kənarda qalmışdır. Bu xüsusat apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Üçüncü şəxs X4 kassasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edərək, kassasiya şikayətinin əsassız olduğunu qeyd etmiş və bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin 6 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reye stri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarı Bənd

1. Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Bənd

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən e dilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. 8.0.2 və 8.0.3-cü maddələrin tələblərinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı, qanunvericiliklə müəyyən edilmiş digər sənədlər və qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apell yasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habe lə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfi ndən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Mübahisə ilə bağlı işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.31 ha torpaq sahəsi üzərində 1965-ci ildə tikilmiş, ümumi sahəsi 93.6 kv.m olan fərdi yaşayış evi üzərində X3 mülkiyyət hüququ cavabdeh tərəfindən Qax RİH-nin Qax-İngiloy kənd İƏD üzrə təsərrüfatbaşına kitabdan xx.xx.2015-ci il tarixli, 1496 nömrəli çıxarışa (arayışa) və xx.xx.2006-cı il tarixli, 40309028 kodlu, JN-490A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən qe ydə alınmışdır.

30. Qax RİH-nin Qax-İngiloy kənd İƏD-nin xx.xx.2015-ci il tarixli, 1496 nömrəli arayışında Qax rayonunun Qaxbaş kəndinə aid 9 saylı təsərrüfatbaşına kitabın 749-cu səhifəsində olan məlumatlar öz əksini tapmışdır. Həmin məlumatlara əsasən Qax-İngiloy kənd ƏİN-nin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında X6 Qaxbaş kəndində olan təsərrüfatda (təsərrüfatbaşına kitab № 8, şəxsi hesab № 732) ailə başçısı kimi qeyd edilmişdir. Qax RİH-nin Qax-İngiloy kənd İƏD qeyd olunan məlumatlar əsasında xx.xx.2015-ci il tarixli, 1496 nömrəli arayışı tərtib etmişdir.

31. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) hüquqların qeydiyyatı üçün əsas qismində nəzərdə tutulmuşdur.

32. Bundan başqa işdə olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı Qax-İngiloy kəndində təsərrüfatın üzvü olmuş (təsərrüfatbaşına kitab № 21, şəxsi hesab № 1983), torpaq islahatı aparılan zaman X2 ailə başçısı kimi qeyd edildiyi təsərrüfatda ailə üzvü qismində ona da torpaq sahə si (digər ailə üzvləri ilə birlikdə 0.25 ha) ayrılmışdır. Başqa sözlə, torpaq islahatı aparılan dövrdə iddiaçı faktiki olaraq hazırda üçüncü şəxsin mülkiyyətində olan fərdi yaşayış evi üzrə təsərrüfata aid olmadığından, həmin təsərrüfat üzrə yalnız üçüncü şəxs ailə başçısı kimi qeyd edilmişdir.

33. Beləliklə, hazırkı mübahisəyə münasibətdə fərdi yaşayış evi üzərində hüququn cavabdeh tərəfindən üçüncü şəxsin adına qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi yuxarıda istinad olunan normanın tələblərinə uyğun olduğundan, iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı sayılmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət reyestrində müvafiq qeydiyyat cavabdeh tərəfindən yuxarıda istinad olunan normanın qüvvədə olan redaksiyasında təsbit edilmiş hüquqmüəyyənedic i sənəd əsasında aparılmışdır.

34. Əlavə olaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, miras əmlakla, o cümlədən vərəsələr arasında vərəsəlik qaydasında pay bölgüsü ilə bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki qanunvericiliyə uyğun olaraq mülki məhkəmə icraatı qaydasında baxılır. Qeyd etmək lazımdır ki, iddiaçı miras əmlakda pay hüququna malik olduğunu iddia edirsə, bununla bağlı mülki qanunvericiliklə müəyyən olunmuş qaydada mülki məhkəməyə müraciət edə bilər.

35. Nəticə etibarı ilə, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Beləliklə, yuxarıda istinad olun an normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının kassasiya şikayəti təmin edilməməli, məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-120/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar