Məhkəmə qərarları › İş №2-1(102)-1230/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1230/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1230/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Sumqayıt İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ehtiyata buraxılmış hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Bayramova Kəmalə Fətulla qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilm əsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-107/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 05.07.2004-cü il tarixdən 04.01.2006-cı il tarixədək müddətli hərbi xidmətdə olmuş, 11.04.2014-cü il tarixdən 02.02.2017-ci il tarixədək Azərbaycan Respublikası Silahlı qüvvələrində çavuş rütbəsində xidmət keçmişdir.

2. İddiaçı müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya müəyyən edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh K-81/2-68 saylı, 25 noyabr 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, qanunda ehtiyata buraxılmış çavuşlara yaşayış sahəsinin verilməsi və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2014-cü il tarixdən 2017-ci il tarixə qədər Azərbaycan Respublikasının Silahlı Qüvvələrin də çavuş hərbi rütbəsində xidmət etmişdir. Həmin müddət ərzində onun xidməti ilə bağlı heç bir qanun və daxili nizamintizam pozuntusu olmamış, dəfələrlə qüsursuz xidmətə görə komandanlıq tərəfindən təşəkkürlər almışdır. Xidmət müddətində fiziki sağlamlığında ciddi problem yarandığından o, hərbi həkim komissiyasının qərarına əsasən xəstəliklə bağlı hərbidən tərxis olunmuşdur. Tərxis olduqdan sonra ailəsi ilə birgə kirayədə qalmış, lakin kirayə pulunu verə bilmədiyinə görə evdən çıxmalı olmuşdur. Hal-hazırda pensiya almır, işləyə bilmir, iş qabiliyyətini itirmişdir. Uşağının biri anadangəlmə xəstədir, onun müalicəsini etməyə maddi imkanı yoxdur. Hal-hazırda müvəqqəti olaraq qohum evinə sığınmışdır. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq mənzil növbəsinə götürülməsi və mənzil kirayə haqqının ödənilməsini xahiş etsə də, Sumqayıt şəhər İcra Hakimiyyəti müraciətinə rədd cavabı vermişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı, 6 avqust 2012-ci il tarixli qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Göstərilən qanun normasına əsasən, ehtiyata buraxılmış çavuşlara yaşayış sahəsinin verilməsi və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi nəzərdə tutulmamışdır. Bununla bağlı iddiaçının müraciətinə imtina cavabı verilmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-677/2020 saylı 07 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakim: V.E.Əzizova) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yerli icra hakimiyyəti orqanı tərəfindən mənzil növbəsinə götürülməsi üçün hərbi qull uqçunun azı 15 təqvim ili xidmət etməsi tələb olunur. Bundan başqa, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu zabit, gizir və ya miçman olmalıdır, yəni xəstəliyə görə ehtiyata buraxılmış çavuşların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmamışdır.

9. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-107/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: Z.İ.Məmmədov, hakimlər: H.Ç.Babayeva və E.M.Əhmədov) iddiaçının apelyasiya şikayəti təmin edi lməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-677/2020 saylı 07 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:

13. Şikayətin dəlillərini iddia ərizəsində göstərilənlər təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakç ılarının izahatları:

15. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

12. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerl i icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onl ar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qayda da ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. 18. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərar: Bənd

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili v ə daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Belə ki, iddiaçı mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan onun müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi iddianın əsassız olması qənaətinə gəlmişlər.

24. Hazırda iddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək iddianın təmin olunmasını xahiş edir.

25. İş materiallarında olan AO № ******* saylı hərbi biletə əsasən, iddiaçı 05.07.2004cü il tarixdən 04.01.2006-cı il tarixədək müddətli hərbi xidmətdə olmuş, 11.04.2014-cü il tarixdən 02.02.2017-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində çavuş rütbəsində xidmət keçmiş, xəstəliyi ilə əlaqədar olaraq Müdafiə nazirinin bir inci müavini SQBQR-nin 02.02.2017-ci il tarixli 0362 nömrəli əmri əsasında xəstəliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır (tərxis edilmişdir).

26. Məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 17-18-ci bəndində sadalanan qanunvericilik normalarından göründüyü kimi, yerli icra hakimiyyəti orqanı tərəfindən mənzil növbəsinə götürülməsi üçün hərbi qulluqçunun azı 15 təqvim ili xidmət etməsi tələb olunur. Bundan başqa, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu zabit, gizir və ya miçman olmalıdır, yəni xəstəliyə görə ehtiyata buraxılmış çavuşların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmamışdır.

27. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslı olmaqla qanunverici liyin müddəalarına uyğundur.

28. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-107/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar