Məhkəmə qərarları › İş №2-1(102)-1236/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1236/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1236/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əlilliyin təyin edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət T ibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğv edilməsi və əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2-1(103)3001/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “imtinanın qanunsuz sayılaraq ona əlillik dərəcəsinin təyin edilməsi barədə” iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) xx.xx.2024-cü il tarixli, 21(112)-1148/2024 nömrəl i qərarı ilə iddia tələbi təmin edilməmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, xx.xx.2022 və xx.xx.2024-cü il tarixlərdə iddiaçıya münasibətdə cavabdeh ƏƏSMN-in tabeliyində DTSERA tərəfindən qəbul edilən “tam reabilitasiya olunması və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərarlarının ləğv edilməsini, həmçinin iddiaçıya münasibətdə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qərarda əlilliyin səbəbi və müddəti saxlanılmaqla, İddiaçı əlilliyinin üçüncü dərəcədən ikinci dərəcəyə dəyişdirilməklə, ikinci dərəcə əlilliyinin bərp a edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov sədrlik edən, X.A.Cəmilova və E.Ə.Əliyev) 10 dekabr 2024-cü il tarixli, 2-1(103)-3001/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)1148/2024 saylı, 18 aprel 2024-cü il tarixli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilmişdir. Qərarla iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022 və xx.xx.2024-cü il tarixli “tam reabilitasiya olunması” və “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərarları ləğv edilmiş və İddiaçı münasibətdə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qərarda əlilliyin səbəbi və müddəti saxlanılmaqla, İddiaçı əlilliyinin üçüncü dərəcədən ikinci dərəcəyə dəyişdirilməklə, ikinci dərəcə əlilliyinin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

6. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixə qədər hər il, bir il müddətinə ikinci dərəcə əlillik müəyyənləşdirilməklə verilmişdir. xx.xx.2016-cı il tarixdə Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı Qərarına uyğun olaraq ikinci dərəcə əlillik müddəti xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il olmaqla müəyyənləşdirilmişdir. İddiaçıya eyni diaqnozla 11 (on bir) fasiləsiz ikinci dərəcə əlillik təyin olunmuşdur. Əlilliyin səbəbi: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçıya müddətsiz olmaqla, əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” qeyd edilməklə, üçüncü dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Bundan sonra isə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı barəsində xx.xx.2022 və xx.xx.2024-cü il tarixli “tam reabilitasiya olunması” və “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərarlar qəbu l edilmişdir.

7. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn i nkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: 1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düz gün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni d əlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

11. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıd a sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1428/2024 nömrəli xx.xx.2024-cü il tarixli; 2-1(102)-1218/2024 nömrəli, xx.xx.2024-cü il tarixli; 2-1(102)-1148/2024 nömrəli, xx.xx.2024-cü il tarixli; 2-1(102)-522/2024 nömrəli xx.xx.2024-cü il tarixli; 2-1(102)2378/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsa sında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

12. İddiaçıda olan xəstəliklərin əlilliyin təyinatına əsas verməməsi ilə bağlı cavabdeh orqanın dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1218/2024 nömrəli, xx.xx.2024-cü il tarixli; 2-1(102)764/2024 nömrəli, x x.xx.2024-cü il tarixli; 2-1(102)-671/2024 nömrəli, xx.xx.2024-cü il tarixli; 2-1(102)-437/2024 nömrəli, xx.xx.2024-cü il tarixli; 2-1(102)-2500/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 2-1(102)-2378/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əl illiyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır.

13. Bundan başqa, hazırkı iş ilə oxşar mahiyyətli Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-cü il tarixli; 2-1(102)-341/2025 nömrəli qərarında qeyd olunmuşdur ki: - “

36. Müddətsiz əlilliyin təyin olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın mümkün olmadığının qəbul edilməsidir. Belə yanaşma, bir tərəfdən, şəxsin mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlillik təyin olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sos ial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz təyin olunması həm dövlət orqanlarının və həm də şəxsin əlavə inzibati yükdən azad olunması məqsədlərinə xidmət edir. -

37. Bu qərarın 23-cü bəndində istinad edilən normalara əsasən, qanunverici, şəxsə ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlilliyin isə fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda, ona müddətsiz əlilliyin təyin olunması imkanını təsbit etmişdir. Yəni qanunverici müəyyən müddət ərzində fasiləsiz olaraq ikinci və ya üçüncü dərəcə əlillik təyin edilmiş şəxslərin reabilitasiya imkanlarının tükəndiyini və onların təkrar müayinəyə cəlb edilməsi zərurətinin aradan qalxması imkanını nəzərə alır. Bununla da qanunverici, b ir tərəfdən şəxsi təkrar müayinələrlə bağlı yükdən və stresdən (xüsusən də onların səhhəti ilə bağlı həssas vəziyyəti nəzərə alındıqda), digər tərəfdən isə, dövləti reabilitasiyası artıq mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edir. -

38. Bu baxımdan, müddətsiz əlilliyin təyini üçün əsasların mövcudluğunun hər bir halda yenidən yoxlanılması bu qərarın 36-cı bəndində qeyd olunmuş hüquqi mövqeyə, həmin institutun mahiyyətinə, şəxsin hüquqi təhlükəsizliyinin və etimad hüququnun qorunması ilə bağlı prinsiplərin tələblərinə zidd olardı. -

39. Məhkəmə kollegiyası, eyni zamanda, qəbul edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inziba ti icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır...”

14. Eyni zamanda ca vabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsin iddiasını təmin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

15. Kassasiya şikayətinin bu dəlilini də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, Ali Məhkəmən in bir çox qərarlarında bu arqumentə münasibətdə qeyd edilmişdir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fizi ki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlça tan və bəlli olmuşdur.

17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.

18. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 21(103)-3001/2024 nömrəli qəra rından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar