Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-126/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ödənilmiş məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabda qeydə alınması, tütünçü peşəsindəki fəaliyyət dövrünün güzəştli iş stajına aid edilməsi; güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı ca vabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi’’ tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyul 2024-cü il tarixli, 2-1(107)-385/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, 2002-ci il üçün sosial sığorta haqları üzrə ödədiyi (10000 manat) sığorta haqqı nəzərə alınmaqla ona 52 yaşının bitdiyi xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əm ək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il nəzərə alınmaqla hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2-1(116)-379/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçının 2002-ci il üçün sosial sığorta haqları üzrə ödədiyi (10000 manat) sığorta haqqı nəzərə alınmaqla ona 52 yaşının bitdiyi xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il nəzərə alınmaqla hesablanıb ödənilməsi vəzifəsi qoyulmuşdur.
3. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyul 2024-cü il tarixli, 2-1(107)-385/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Məhkəmələr gəldikləri nəticəni onunla əsaslandırmışlar ki, iddiaçı tərəfindən xx.xx.2003-cü il tarixli, 004584 nömrəli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzi təqdim edilmişdir. Həmin qəbzin məzmununda torpaq sahəsinə görə sosial sığorta haqqı olaraq iddiaçı tərəfindən 2002-ci il üçün 10000 manat pul məbləğinin DSMF-nin Şəki şöbəsinə ödənilməsi öz əksini tapmışdır. Cavabdeh orqan tərəfindən sözügedən qəbzin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim edilməmiş, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli məktubunda isə sığortaedənə aid iş qovluğunda iddiaçıya aid xx.xx.2003-cü tarixli, 004584 nömrəli məcburi dövlət sos ial sığorta haqqı üçün mədaxil qəbzi və hesabat məlumatlarının aşkar edilmədiyi, həmçinin hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinə xx.xx.2006-cı il tarixdən etibarən başlanıldığı qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, sığortaolunan haqqında məlumatların uçotunun təşkilinin xx.xx.2006-cı il tarixdən etibarən başlanılması və sığortaedənə aid iş qovluğunda müvafiq məlumatların aşkar edilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, həmin məlumatların saxlanılması və uçotunun təşkili iddiaçının yox, Dövlət Sosial Müdafiə Fondunun məsuliyyət sferasına aiddir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.14-cü bəndinin tələbləri baxımından 2006-cı il yanvarın 1-dək olan dövr üzrə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddətin 2006-cı il yanvarın 1-dək məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzləri əsasında sığorta stajına daxil edilməsi təsbit edilmişdir.
5. Məhkəmə tərəfindən iddiaçının mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinin olub-olmaması, habelə tədqiq edilən qəbzin çap olunduğu mətbəənin mövcud olub-olmaması yoxlanılmışdır ("xxxx" Firması xx.xx.1999-cu il tarixdə 2123 nömrə ilə dövlət qeydiyyatına alınmışdır). Müəyyən edilmişdir ki, iddiaçıya digər ailə üzvləri ilə birlikdə Şəki rayonu Qoxmuq kəndində Şəki rayon Aqr ar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 41 nömrəli qərarı ilə 1,08 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı, məhz həmin torpaq sahəsinə münasibətdə 2003-cü ildə məcburi dövlət sosial sığorta haqqı üçün 2002-ci il üzrə 10000 manat pul məbləği ödəmişdir. İddiaçı, ödənilən vəsait nəzərə alınmaqla sosial sığorta stajına 1 il (2002-ci il) müddətin əlavə edilməsini tələb edir. Lakin, nəzərə alınmalıdır ki, 2002-ci ilin yanvarın 1-dən qüvvəyə minmiş “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən torpaqların 2-ci keyfiyyət qrupu üzrə hər ailə üzvü üçün məcburi dövlət sosial sığorta haqqının məbləği orta aylıq əmək haqqının - 4 faizi miqdarında müəyyən edilmişdir (ödənişin icra edildiyi dövrdə qüvvədə olan redaksiya). İddiaçının ümumbirgə mülkiyyətində olan, sözügedən 1,08 ha tor paq sahəsinə dair tərtib edilmiş JN-325 (kod: ********) nömrəli dövlət aktında torpaq sahəsinin ikinci keyfiyyət qrupuna aid olması qeyd edilmişdir. Həmçinin 2002-ci ildə orta aylıq əmək haqqı 60000 manat məbləğində olmuşdur. Odur ki, hər bir ailə üzvü üçün ödənilməli olan məbləğ 2400 manat müəyyən edilir (60000 manatın 4 faizi miqdarında). İddiaçı 1,08 ha torpaq sahəsinə münasibətdə 5 ailə üzvündən biri olmuş və cəmi 10000 manat ödəmişdir. Aylıq ödənilməli olan məbləğ 2400 manat (illik 28800 manat), faktiki olaraq illik ödənilmiş 10000 manat məbləğ – 4 ay 5 günlük müddət üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi kimi qəbul edilməlidir. Əvvəlki məhkəmə araşdırması zamanı iddiaçının 19 il 9 ay 20 gün ümumi sosial sığorta stajı müəyyən edildiyindən, həmin müddətin üzərində hazır da müəyyən edilmiş 4 ay 5 gün toplandıqda iddiaçının 20 il 1 ay 6 gün sosial sığorta stajı yaranır.
6. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 15 il güzəştli iş stajının mövcud olması ilə bağlı şərtə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının körpə uşaqlara qulluq etdiyinə görə məzuniyyətdə olduğu müddətlə birlikdə onun minimum 10 il ərzində zərərli sahədə (tütünçülük) işləməsi sübuta yetirilir. Dövlət Sosial Müdafiə Fondunun sədrinin yerli şöbələrinə ünvanladığı xx.xx.2007-ci il tarixli, xx/xx-3402 nömrəli məktubunun 4-cü bəndinə əsasən Siyahıda nəzərdə tutulan işlərdə çalışan qadınların Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün sosial sığorta stajına d axil edilir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-817/2021 nömrəli qərarında istinad olunub).
7. Cavabdehin mübahisələndirdiyi hal ondan ibarətdir ki, iddiaçının işlədiyi tütünçü vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən vəzifələrə uyğun olmadığından onun güzəştli iş stajı yoxdur. Qeyd edilməlidir ki, tütün istehsalı özüözlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Qanunverici istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq edərkən tütün istehsalı və bərpa olunmuş tütünün istehsalını da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növünə aid etmiş, bu sahənin zərərli olmasını qəbul edərək bu sahədə çalışan insanların əməyini qiymətləndirərək onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmalarını təsdiq etmişdir.
8. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddiaçının zərərli sahədə iş stajının 15 il yox, 10 il olması da, onun iddia tələbinin uğurlu sayılması üçün kifayət edəcəkdi. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsini n redaksiyasının mənasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Beləliklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan ümumi və xüsusi iş stajı ilə bağlı tələblər yerinə yetirildiyindən, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
9. Cavabdeh mahiyyətcə imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilmə li olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrü bəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
12. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının informasiya sistemində əks olunmaması şəxsin təqsiri ilə bağlı deyildir və bu hal onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Belə ki, şəxs bu ödənişlər barədə məhkəməyə müvafiq sübutlar (qəbz, arayış və s.) təqdim etdiyi və həmin sübutların mötəbərliyi şübhə doğurmadığı, o cümlədən cavabdehin də bu sübutların mötəbər olmaması ilə bağlı hər hansı bir dəlil irəli sürmədiyi təqdirdə iddiaçının tələbinin təmin olunması halı mövcud olur. Həlledici olan məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmə faktının müəyyən edilməsidir. Ödənişlərlə bağlı hesabatların zamanında verilməməsi, informasiya sistemində məlumatların əks olunmaması və s. kimi hallar iddiaçının ziyanına pensiya hüququnu məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Çünki sözügedən məsələlərə riayət olunması iddiaçıdan daha çox, bu sahədəki fəaliyyətə nəzarəti həyata keçirməli olan inzibati orqanların məsuliyyət sferası ilə bağlıdır. Digər tərəfdən, məsələyə həm də qanunçuluq və mütənasiblik prinsiplərinin tələbləri nəzərə alınmaqla da qiymət verilməlidir. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunu n mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada – sözbəsöz və formal şəkildə – tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” (“Summun jus, summa injuria”). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə isə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik, həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasınd a ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, ödənişlər faktiki həyata keçirildiyi halda, hesabatların verilməməsinə və ya informasiya sistemində məlumatların əks olunmamasına istinadla pensiya təyin edilməsindən imtina edilərsə, iddiaçı həddən artıq yükə məruz qoyulmuş olar, fərdi və ümumi maraqlar arasındakı ədalətli balans pozulmaqla güdülən qanuni məqsədə öz məzmunu baxımından zəruri və yararlı olmayan müdaxilə edilməsinə gətirib çıxarar (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)1307/2021 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-668/2022 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1126/2023 nömrəli, xx.xx.2024-cü il tar ixli 2-1(102)-48/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-515/2024 nömrəli qərarları).
14. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə əsasən, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedi r (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-641/2022 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-171/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-99/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1122/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)1398/2024 nömrəli qərarları).
15. Həmçinin kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda tütün istehsalı ilə məşğul olan tütünçünün qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində güzəştli pensiya hüququ tanınmışdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2019- cu il tarixli 2-1(102)-686/2019 nömrəli, xx.xx.2020-ci il tarixli 2-1(102)-499/2020 nömrəl i, xx.xx.2023-cü il tarixli 2-1(102)-356/2023 nömrəli qərarları).
16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəf üçün əlçatan və bəlli olmuşdur.
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edi lmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyul 2024-cü il tarixli, 21(107)-385/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.