Məhkəmə qərarları › İş №2-1(102)-1265/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1265/2019

24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1265/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 iştirakı ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı “güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 18 dekabr tarixli 2-1(103)-2923/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1958-ci il xx.xx. tarixdə doğulmuş, 1973-cü il sentyabrın 1-dən 1976-cı ilin iyununadək 49 nömrəli peşə məktəbində təhsil almış, 1976-cı il 22 iyul tarixdən 1977-ci il 19 aprel tarixədək Sumqayıt şəhərində boru-prokat zavodunda kəsici peşəsində işləmiş, 1977-ci il 8 may tarixdən 1979-cu il 21 may tarixədək hərbi xidmətdə olmuşdur. 1979-cu il 24 iyul tarixdən 1980-ci il 4 mart tarixədək yenidən Sumqayıt şəhərində boru-prokat zavodunda fəhlə, 1980-ci il 28 mart tarixdən 2000-ci il 23 aprel tarixədək 7 nömrəli Tikinti idarəsində bənna, 2000-ci il 23 aprel tarixdən 2001-ci il 5 oktyabr tarixədək 23 saylı Tikinti İdarəsində bənna, 2007-ci il 1 avqust tarixdən 2009-cu il 3 aprel tarixədək və 2010-cu il 2 avqust tarixdən 2011-ci il 1 sentyabr tarixədək Bakı Tikinti və Şəhərin İnkişafı Şirkətində üzlükçü, 2012-ci il 1 may tarixdən 2013-cü il 1 iyul tarixədək x2 üzlükçü işləmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 10 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, əmək kitabçasında qeyd olunan 1997-ci il 1 iyul tarixdən 2001-ci il 5 oktyabr tarixədək iş stajının yoxlanılması mümkün olmadığı üçün həmin dövr sığorta stajına daxil edilmir. İddiaçı 2018-ci il 18 may tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1997-ci il 1 iyul tarixdən 2001-ci il 5 oktyabr tarixədək işlədiyi illərin sosial sığorta stajına əlavə edilərək, güzəştli şərtlərlə yaşa görə əmək pe nsiyası təyin edilməsi, pensiya hüququnun yarandığı 2015-ci il 12 iyul tarixdən hesablanması və bu aylar ərzində almadığı pensiyanın birdəfəlik və tam olaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 1997-ci il 1 iyul tarixdən 2000-ci il 23 aprel tarixədək 7 saylı Tikinti İdarəsində 7-ci dərəcəli bənna, 2000-ci il 23 aprel tarixdən 5 oktyabr 2001-ci il tarixədək 23 saylı Tikinti İdarəsində 7-ci dərəcəli bənna peşəsində işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilərək 2015-ci il 12 iyul tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdeh in imtinasını əsassız hesab edir. Belə ki, o, 1976-cı il 22 iyul tarixdən əmək fəaliyyətinə başlamış və zərərli peşələrin siyahısında qeyd olunan işlərdə çalışmışdır. O, 1982-ci il 1 iyul tarixdən 2000-ci il 23 aprel tarixədək BBTİ-nin 11 saylı trestinin 7 saylı və 23 saylı Tikinti İdarəsində bənna briqadasında işləməyi barədə cavabdeh inzibati orqana arayış təqdim etmişdir. Halbuki, arayışda göstərilənlər ona məxsus əmək kitabçası ilə də təsdiq olunur. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 4 sentyabr tarixli 2-1(82)2698/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1997-ci il 1 iyul tarixdən 2000ci il 23 aprel tarixədək 7 saylı Tikinti İdarəsində bənna, 2000-ci il 23 aprel tarixdən 5 oktyabr 2001-ci il tarixədək 23 saylı Tikinti İdarəsində bənna peşəsində işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilərək 2015-ci il 12 iyul tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1982-ci il 1 iyul tarixdən 2000-ci il 23 aprel tarixədək BBTİ-nin 11 saylı trestinin 7 və 23 saylı Tikinti idarələrində işlədiyi bənna peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu bölmənin a bəndinin 12-ci sırasında “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” öz əksini tapmışdır. İddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənə qədər 12 il 06 aydan artıq güzəştli stajı olduğu üçün pensiya hüququ yaranır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 18 dekabr tarixli 2-1(103)-2923/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəm əsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 11 yanvar tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 7 fevral tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edi lmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq y eraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və sta ja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: (...) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Həmin Qanunun 13-cü maddəs inə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq olunur. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 2006-cı il 1 yanvar tarixədək 25 ildən artıq ümumi iş stajına malik olmuşdur. İddiaçının 25 ildən artıq ümumi və 12 il 6 ay xüsusi iş stajının qazandığı vaxtda qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş işdə (XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri. 2290000a—12680 - bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar) çalışmaqla xüsusi iş stajını /ümumi iş stajının 12,5 ilini/ 2006-cı il 1 yanvar tarixədək qazandığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən şərtin ödənildiyi qəbul edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsin ə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək fəaliyyətinə dair sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 18 dekabr tarixli 2-1(103)-2923/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar