Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1279/2021 07.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: bələdiyyə torpaqlarının satılması; torpaq sahəsindən qanuni istifadə edilməsi sübut olunmur) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə (üçüncü şəxs "xxxx" MTK) qarşı “0,02 ha. torpaq sahəsinin iddiaçının adına verilməsi barədə qərarın qəbul edilməsi və iddiaçı ilə cavabdeh arasında müqavilənin ba ğlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.04.2021-ci il tarixli, 2-1(105)-170/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayonu, Xırdalan şəhəri, Ünvan1 saylı mənzil İddiaçı adına qeydə alınmışdır.
2. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 470 ha. torpaq sahəsi Abşeron rayonu Xırdalan bələdiyyəsinin mülkiyyətindədir.
3. İddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək yaşadığı ərazidə 2 sot torpaq sahəsinin ona satılmasını xahiş etmiş, cavabdeh isə 08.07.2020-ci il tarixli, 217 saylı məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinası nı belə əsaslandırmışdır ki, həmin torpaq sahəsində "xxxx" MTK ilə iddiaçı arasında mübahisəli məsələ var. Bu səbəbdən torpaq sahəsinin mülkiyyətə satılması mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə Ünvan1 ünvanında yerləşən 0,2 ha. torpaq sahəsinin iddiaçıya verilməsi barədə qərarın qəbul edilməsi və tərəflər arasında müqavilənin bağlanması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1985-ci ildən ailəsi ilə birlikdə Ünvan1 mənzilində yaşayır. 1985-ci ildə işlədiyi X1 tərəfindən digər işçilərə, o cümlədən ona bağ sahəsi kimi 0,02 ha torpaq sahəsi verilmişdir. Verilmiş torpaq sahəsi yaşadıqları beşmərtəbəli binanın arxa tərəfində yerləşir. O, həmin torpaq sahəsində ailəsi ilə birlikdə ağaclar, göy-göyərti əkib becərmişdir. Həmin bağ sahəsi 2014-cü ilin may ayına kimi onun istifadəsində olmuşdur. Torpaq sahəsini öz adına rəsmiləşdirmək məqsədilə Abşeron rayon Xırdalan Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Lakin bələdiyyədən bildirmişlər ki, Abşeron rayon İcra Hakimiyyətinin şifahi sərəncamı ilə həmin torpaq sahəsi və ona bitişik olan digər torpaq sahələri tikinti aparılması məqsədilə "xxxx“ Mənzil Tikinti Kooperativinə verilmişdir. Cavabdehin imtinası “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 5.1, 6.2, 16.3-cü maddələrinin tələblərinə görə əsassız hesab edilməlidir.
6. Cavabdeh iddia ərizəsi nə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraza görə, iddiaçı Ünvan1 ünvanında yerləşən 02 ha. torpaq sahəsinin 1985-ci ildən onun istifadəsində olduğunu bildirsə də, həmin torpaq sahəsindən istifadəyə dair hər hansı bir hüquqmüəyyənedici sənədi yoxdur.
7. Sumqayıt İnzibati Məhkəməsinin 09.09.2020-ci il tarixli qərardadı ilə "xxxx" MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 15.10.2020-ci il tarixli, 2-1(118)-1132/2020 nömrəli qərarına əsasən (hakim V.Əzizova) iddianın təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmə hesab etmişdir ki, bələdiyyə sözügedən torpaq sahəsini iddiaçıya satmaq və ya icarəyə vermək öhdəliyi daşımır, çünki cavabdeh onun mülkiyyətində olan əmlak üzərində sərəncam verilməsinə məcbur edilə bilməz. Bələdiyyə tor pağın iddiaçıya satılmasını məqsədəuyğun hesab etdikdə, bu barədə qərar qəbul edərək müqavilə bağlamaq hüququna malikdir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.04.2021-ci il tarixli 2-1(105)-170/2021 nömrəli qərarına əsasən (sədrlik edən Fuad Məmmədov, hakimlər Zaur Məmmədov və Səyyad Qafari) apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 15.10.2020-ci il tarixli, 2-1(118)-1132/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Məhkəmə qərarı iddiaçıya 17.05.2021-ci il tarixində təqdim edilmişdir.
14. İddiaçı 04.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.04.2021-ci il tarixli 2-1(105)-170/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını tələb etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Qeyd edilən torpaq sahəsinin 1985-ci ildən iddiaçının faktiki istifadəsində olmasını təsdiq edən qonşuların ərizələrini də iddiaçı məhkəməyə təqdim etmişdir.
16. Bu torpaq sahəsinin 30 ildən artıq bir müddət ərzində iddiaçının faktiki istifadəsində olması, iddiaçı tərəfindən həmin torpaq sahəsinə qulluq göstərilməsi, ağacların əkilməsi bu boş sahənin onun mülkiyyətinə verilməsi üçün yetərincə əsaslar yaratdığı halda, inzibati orqan iddiaçının haqlı tələbini təmin etməmiş, bu da onun pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməsinə səbəb olmuşdur.
17. Göstərilən Qanunun tələbinə görə torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Lakin cavabdeh bu sahədə iddiaçının hüquqlarını pozmuş, lakin apellyasiya instansiya məhkəməsi onun şikayətdə yazdığı dəlillərə əhəmiyyət verməmiş və birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq qanunsuz qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə q arşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Bələdiyyə torpaqlarının idarə edilməsi ha qqında” Qanunun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
22. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır.
23. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə e dilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.
24. Həmin Qanunun 16.3-cü maddəsinə görə bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir.
25. Həmin Qanunun 16.4-cü maddəsinə görə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən tor paq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
26. İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
28. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası bununla bağlı aşağıdakıların qeyd olunmasını zər uri hesab edir.
33. İşin mübahisəsiz hallarından məlumdur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi hal-hazırda Abşeron rayon Xırdalan bələdiyyəsinin mülkiyyətindədir. Yəni, cavabdeh həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq dövlət tərəfindən qorunur.
34. İşə aşağı instansiya məhkəmələrində baxarkən müəyyən olunmuşdur ki, iddiaçı, Ünvan1 ünvanında yerləşən 0,2 ha. torpaq sahəsinin ona verilməsini xahiş etsə də, həmin torpaq sahəsinin onun qanuni istifadəsində olması barədə nə cavabdehə, nə də məhkəməyə heç bir sübut təqdim etməmişdir.
35. Sözügedən torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçının mülkiyyətinə, istifadəsinə və icarəyə verilməmişdir. Haz ırkı qərarın 21-25-ci bəndində göstərilən normaların məzmunundan isə görünür ki, belə torpaq sahələri qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri hesab edilir. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri isə Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.
36. Qanunvericilikdə qeyri-qanuni istifadə edilən torpaq sahələrinin onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilməsi şərtləri nəzərdə tutulsa da (hazırkı qərarın 24-25-ci bəndləri), həmin şərtlərin iddiaçıya münasibətdə mövcudluğu iş materialları ilə sübut olunmur.
37. Odur ki, cavabdeh inzibati orqan iddiaçı qarşısında mübahisələndirilən torpaq sahəsinin ona verilməsi ilə bağlı heç bir öhdəlik daşımır.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır.
39. Məhkəmə hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.04.2021-ci il tarixli 21(105)-170/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
40. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.04.2021-ci il tarixli 21(105)-170/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.