Məhkəmə qərarları › İş №2-1(102)-128/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-128/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-128/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə evin boşaldılması; ədalətli bazar qiymətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirmədən, İddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qa rşı “kompensasiya verilməklə fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.04.2021-ci il tarixli, 2-1(103)244/2021 nömrəli qərarından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi 16.09.1999-cu il tarixli ÖM seriyalı 015475 №-li Qeydiyyat Vəsiqəsinə əsasən Ünvan1, 24 kv.m sahəsi olan evi Cavabdeh1 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirmişdir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi bar ədə” 51 saylı, 16.02.2018-ci il tarixli qərar qəbul etmişdir. Həmin Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq, Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələrinin kəsişməsindəki ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xəttlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan Bakı Şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymə tləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir.

3. İddiaçı cavabdehin istifadəsində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar "xxxx" MMC-ni müstəqil qiymətləndirici olaraq cəlb etmişdir, müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən tərtib olunmuş 25.01.2019-cu il tarixli qiymətləndirmə hesabatından çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 78521 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur. 4. "xxxx" MMC-nin direktoru və 43 saylı MKİS-in işçiləri tərəfindən tərtib edilmiş 25.01.2019-cu il tarixli Aktdan görünür ki, ünvan 1 ünvanında yaşayış sahəsinə görə evin mülkiyyətçisinə 78521 manat məbləğində kompensasiya təklif edilmiş, lakin Cavabdeh1 könüllü razıla şmadan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə 78521 manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16.02.2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədi ilə alan orqan kimi Bakı Şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir, digər cavabdehlər isə mülkiyyətçinin ailə üzvləri olmaqla orada qeydiyyatdadırlar. Həmin mənzil (əmlak) qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı 16.02.2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehə danışıq (könüllü alqı-satqı) yolu ilə onun yaşadığı daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmişdir. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq cavabdehlərə yaşadığı daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun və Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə 78521 manat məbləğində kompensasiya (iki aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. Lakin, mülkiyyətçi təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir.

7. Məhkəmənin 02.04.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyini inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2-1(81)1607/2019 nömrəli qərarı ilə (hakim Tahirə Əsədova) iddianın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təs diq edilməsi, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə 78.521 manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması qərara alınmışdır.

9. Məhkəmə, mülki qanunvericiliyin dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın yaşayış və ya qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi olmasını fərqləndirməyərək Mülki Məcəllənin 157.9-cu maddəsində “Mülkiyyət” adı altında birləşdirməsini, hazırkı iş üzrə fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınma prosedurlarının Mülki Məcəllə, həmçinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunla tənzimləndiyini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı, yəni alan orqan İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haq lı olmuşdur.

10. Cavabdeh1 həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.04.2021-ci il tarixli, 21(103)-244/2021 nömrəli qərarına əsasən (sədrlik edən Elmira Nağıyeva, hakimlər Vidadi Məmmədov və Aida Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 23.10.2019-cu il tarixli, 2-1(81)-1607/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Məhkəmə qərarı cavabdehə 18.06.2021-ci il tarixində təqdim edilmişdir.

14. Cavabdeh 09.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.04.2021-ci il tarixli, 2-1(103)-244/2021 nömrəli qərarının ləğv edilməsini, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Məhkəmə maddi və prosessual normaların tələblərini pozmuşdur. Belə ki, apellyasiya şikayətinə baxarkən məhkəmə sübutlara tam, obyektiv və qanuni qiymət verməmişdir. Məhkəmə qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 16.02.2018-ci il tarixli, 51 saylı qərarına istinad etsə də, həmin qərara nə üçün istinad etməsinin hüquqi izahını və ya şərhini verməmişdir. Həmin qərarda adları sadalanan küçələrə ünvan 1 düşmədiyi halda, məhkəmə qərarında Azərbaycan Respublika sı Nazirlər Kabinetinin 51 saylı 16.02.2018-ci il tarixli qərarının təsiri altına düşdüyünü qeyd etmişdir. Həmin qərarda sadalanan ünvanlar arasında ünvan 4ənin bu mövqeyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalara da ziddir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnrot İsveçə qarşı işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin rədd edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.04.2021-ci il tarixli, 2-1(103)-244/2021 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Tolstoy küçəsi Nazirlər Kabinetinin 51 saylı 16.02.2018-ci il tarixli qərarında qeyd edilən küçələrin kəsişməsində yerləşdiyi üçün Ünvan1 saylı ev həmin qərarın təsirinə düşür.

18. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 01.12.2020-ci il tarixli, 09/07-5490 saylı cavab məktubunun hansı faktiki halları sübut etməsi və məhkəmə tərəfindən mötəbər sübut kimi qiymət verilməli olduğu halda verilmədiyi üçün hansı hüquq normasının pozuntusuna səbəb olması barədə kassasiya şikayətində kassator tərəfindən aydın izah verilməmişdir.

19. Cavabdehə evin faktiki sahələrinə, yəni mülkiyyət hüququnu təsdiq edən sənəddə qeyd edilən sahədən daha artıq sahəyə görə qanunvericiliyin tələblərinə uyğun və artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən ədalətli kompensasiya məbləği hesablanmışdır.

20. Kassasiya şikayətində məhkəm ənin hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyi qeyd edilməmişdir. Bundan başqa, kassasiya şikayətində məhkəmə tərəfindən düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair kassatorun mövqeyini aydın şəkildə ifadə edən izah verilməmişdir. Halbuki, mövcud prosessual qanunvericiliyin tələblərinə görə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərə xüsusi diqqət yetirilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Mülki Məcəllə: Maddə

157. Mülkiyyətin müdafiəsi (-) 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəm iyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə

246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-) 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməli dir. (-) 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. (-) 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2 6.12.2007-ci il tarixli, 689 №-li Fərmanı: (-)

2. Müəyyən edilsin ki: 2.3. dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. (-)

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir. 23. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə

3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; (-) Maddə

4. Torpağın alınması ilə bağl ı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. (-). Maddə

5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-) Maddə

6. Torpaqları dövlət ehtiyacları üçün alan orqan 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra — alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. (-) Maddə

32. Torpağın mərzlənməsi və qiymətləndirilməsi 32.3. Bu fəslə uyğun olaraq alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun Vİİ fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. (-) 24. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbi qi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə 51 saylı 16.02.2018-ci il tarixli qərar qəbul etmişdir. Qərarın 1-ci bəndinə əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommun ikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri İddiaçı müəyyən edilmişdir.

25. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqd an sonra qiymətləndirilir. (-) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəb indən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-) 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

26. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. (-) İİİ. Dövlət, irqindən, etnik məns ubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquq ları təmin edilir. (-) 27. “İnzibati icraat haqqında” Qanun: Maddə

12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 28. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hü quqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

29. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları “X3rşı” işi üzrə qərarında qeyd edilir ki, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandı rmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığı bəyan etməsi kifayət deyildir. “Sporronq və Lonnrot İsveçə qarşı” işi üzrə qərarında Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi? Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb. Xüsusi mülkiyyətin mülkiyyətçisi “xüsusi və həddən artıq ağır məhdudiyyət” yükünə məruz qalаrsa, ədalətli tarazlıq pozulmuş olur...Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etdi ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zam anı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı...Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etdi ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyrimütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşa ğı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”. “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə qərarda qeyd edilmişdir ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir...Bu balansa nail olmağın vacibliyi ümumilikdə 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda, o cümlədən, müvafiq olaraq, birinci cümlədə elan olunmuş ümumi prinsip baxımından nəzərdən keçirilməli olan ikinci cümlədə əks olunub. Xüsusi olaraq, istifadə olunan vasitələr və dövlət tərəfindən tətbiq edilən, o cümlədən, şəxsi öz əmlakından məhrum edən tədbirlər vasitəsilə gerçəkləşdirilməli olan məqsəd arasında ağlabatan uyğunluq olmalıdır... Mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyrimütənasib müdaxilədir. “Stolyarova Rusiya Federasiyasına qarşı” işi üzrə məhkəmə qərarında Avropa Məhkəməsinin xatırladır ki, Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir...Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

33. Belə ki, hazırkı qərarın 24-cü bəndində göstərilən Qərarın məzmunundan görünür ki, Bakı şəhəri İddiaçı dövlət ehtiyacları üçün aldığı yaşayış və qeyri-yaşayış obyektləri Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə və Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə yerləşir. İddiaçının xüsusi mülkiyyətində olan yaşayış evi isə Ünvan1 küçəsində yerləşdir.

34. Göründüyü kimi, iddiaçının evinin yerləşdiyi küçə Nazirlər Kabinetinin 16.02.2018-ci il tarixli qərarının təsir dairəsinə düşən küçələrin siyahısında qeyd edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu hala qiymət verməmiş, kompensasiya ödənilməklə evin boşaldılması barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

35. Bundan başqa, h azırkı qərarın 22-ci bəndində göstərilən normanın məzmunundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli, 689 №-li Fərmanı ilə müəyyən edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.

36. Həmçinin, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddəsinə əsasən torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya torpağın satın alındığı qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir (bax: hazırkı qərarın 23-cü bəndi).

37. İddiaçıya məxsus ünvan 5 ünvanında yerləşən yaşayış evi üçün "xxxx" MMC tərəfindən tərtib edilm iş 25.01.2019-cu il tarixli qiymətləndirmə hesabatına (iş v. 5) əsasən əmlakın qiyməti əsas sahə 56400 manat, köməkçi sahə 19080 manat, anbar 2016 manat, metlax döşəmə 25 manat, 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat olmaqla cəmi 78521 manat müəyyən edilmişdir. Göründüyü kimi, əmlakın qiyməti hesablanarkən bu qiymətə kirayə haqqı, köçmək xərci və Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli, 689 №-li Fərmanı ilə müəyyən edilmiş 20 faiz satınalma qiymətinə əlavə haqq əlavə edilsə də, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddəsində nəzərdə tutulmuş 10 faizi miqdarında əlavə ödəniş nəzərə alınmamışdır.

38. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən halı da nəzərə almadan ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmiş, həm in ekspert rəyinə istinad edərək iddia tələbini təmin etmişdir. Halbuki, İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tərəflərin bildirməsindən asılı olmayaraq öz təşəbbüsü ilə müəyyən etməli idi.

39. Bundan başqa, hazırkı qərarın 26-27-ci bəndlərində göstərilən normaların məzmunundan görünür ki, “bərabərlik” prinsipi vətəndaşların konstitusion hüququ olmaqla inzibati icraatın da təməl prinsiplərindən biridir. Bu prinsipə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Hazırkı halda isə inzibati orqan tərəfindən bu prinsipin tələblərinə əməl edilməmişdir.

40. Belə ki, cavabdehin kassasiya şikayətinə əlavə etdiyi X1, X4, X2 ilə B akı şəhəri İddiaçı arasında bağlanmış 24.01.2020-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqısatqısı müqaviləsindən görünür ki, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 74,1 kv.m. olan 3 otaqlı fərdi yaşayış evinin müqabilində Yasamal RİH həmin şəxslərə 198512,50 manat ödəmişdir.

41. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlumdur ki, iddiaçıya məxsus evin ümumi sahəsi 56,61 kv.m-dir. Belə olan halda, iddiaçıya 56,61 kv.m. ümumi sahəsi olan evə görə 78521 manat, digər şəxslərə isə 74,1 kv.m. ümumi sahəsi olan evə 198512,50 manat məbləğində kompensasiya ödənilməsi ədalətli olmamaqla bərabərlik prinsipinə ziddir.

42. Məhkəmə tərəfindən isə kompensasiya məbləğlərində olan əhəmiyyətli fərqlər araşdırılmamış, inzibati orqan tərəfindən inzibati icraatın gedişində “bərabərl ik” prinsipinin təmin olunub-olunmadığı müəyyən edilməmişdir.

43. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən İPM-in 12.1, 58.7-ci maddələrinin tələbləri pozulduğundan məhkəmə qərarı ləğv edilməlidir. İş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

44. İşə təkrar baxan məhkəmə ilk növbədə iddiaçıya məxsus Ünvan1 yerləşn evin Nazirlər Kabinetinin 16.02.2018-ci il tarixli adıçəkilən qərarının təsir dairəsinə düşübdüşmədiyini, bununla da cavabdehin hərəkətlərinin qanuni olub-olmadığına qiymət verməlidir. Bundan sonra, məhkəmə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddəsində nəzərdə tutulmuş 10 faizi miqdarında əlavə ödənişi nəzərə alaraq ədalətli kompensasiya məbləğini müəyyən etməli, bu məqsədlə zəruri olduqda ekspertiza təyin etməlidir.

45. Məhkəmə tərəfindən “bərabərlik” prinsipinin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 16.02.2018-ci il tarixli adıçəkilən qərarının təsir dairəsinə düşən digər yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş kompensasiya məbləğləri müəyyən edilməli, cavabdehə ödənilməli olan kompensasiya məbləği digər məbləğlərlə müqayisə olunaraq müəyyən edilməlidir.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.04.2021-ci il tarixli, 21(103)-244/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar