Məhkəmə qərarları › İş №2-1(102)-1286/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1286/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1286/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1961-ci il) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 dekabr 2023-cü il tarixli, 2-1(103)-2676/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuşdur.

2. İddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1985-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmasına dair qeydlər mövcuddur.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərardadı ilə İddiaçı M.Ə.Sabir adına kitabxana kluba qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının alınması tələbinə dair iddiası ilə bağlı tərəflərin bağladığı barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3451/ 2022 nömrəli 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının 1985-ci ildən 2000-ci ilin dekabr ayınadək 3 nömrəli Tikinti İdarəsində bənna peşəsində işləməsi faktı müəyyən edilmişdir.

5. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməyə əsasən iddiaçı xx.xx.2004-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınmış və hazırda da iddiaçının vergi ödəyicisi kimi uçotu (VÖEN: **********) mövcuddur.

6. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir.

7. Cavabdeh 20 oktyabr 2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərə əsasən, iddiaçının 1 yanvar 2006-cı il tarix ümumi iş stajı 25 ildən az (21 il 7 ay 4 gün (xx.xx.1979-xx.xx.1980-ci il, 20.1 xx.xx.1982-ci il, xx.xx.1983xx.xx.1985-ci il və xx.xx.1985-xx.xx.2000-ci il tarixləri ara dövrlər)) təşkil edir. Bundan başqa, sözügedən sənədlərə əsasən iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Nazirlər kabi netinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən tərtib edilmiş “zərərli işlərin və peşələrin siyahısı"na əsasən əmək fəaliyyəti dövründə çalışdığı peşələr ona 57 yaşında xüsusi şərtlərlə təqaüdə çıxmaq imkanı verdiyindən cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməməsinə dair ünvanladığı inzibati aktda onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmayıb. Belə ki, o, toplam halda 43 ildən yuxarı əmək stajına malikdir. Bunun xx.xx.1979-cu ildən xx.xx.1985-ci ilə qədər (1980-1982-ci illər hərbi xidmət daxil olmaqla) 6 il o vaxtkı “M.Əzizbəyov adına Sumqayıt Kimya İstehsalatı Birliyi"ndə, 05.04. 1985-ci ildən 2000-ci ilə qədər "Bakı Baş Tikinti İdarəsi"nin nəzdində olan "3 №-li tikinti idarəsi"ndə (1997-ci də mərhum prezident cənab H. Ə. oğlu Əliyevin fərmanına uyğun olaraq Dövlətin bir ictimai farmasiyadan digər ictimai farmasiyaya yəni, “Sosializim sistemi"ndən "Bazar iqtisadiyyatı sistemi"nə keçidi ilə əlaqədar dövlətin inhisarında olan nəhəng tikinti idarəsi “Bakı Baş Tikinti" idarəsi özəlləşdirməyə açıq elan edilənə qədər) bənna (kamenşik) peşəsində çalışmışdır. Bundan əlavə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 2-ci iş yerində “əmək müqaviləsi" əsasında xx.xx.1995-ci ildən 2003-cü ilə qədər, 2004-2006-cı ilə qədər isə icarə müqaviləsi əsasında M.Ə.Sabir adına kitabxana klubda, 2006-cı ildən bu vaxta qədər isə fiziki şəxs kimi (VÖEN **********) radioteleviziya təmiri peşəsində çalışır. Göründüyü kimi fəaliyyət göstərdiyi peşələrin 3-də Nazirlər Kabinetinin 12 saylı qərarına əsasən tə rtib edilmiş "Zərərli işlərin və peşələrin siyahısı"nda zərərli işlər və peşələr kimi göstərilməsinə baxmayaraq, cavabdehin ona 57 yaşda pensiya təyin etməkdən imtina etməsi də haqlı deyildir. Lakin bütün bunlara baxmayaraq cavabdeh xx.xx.2021-il tarixində imzalayaraq ünvanladığı məktubda ona münasibətdə “imtinaedici akt" qəbul edib. Cavabdeh "imtinaedici akt"ını onunla əsaslandırmışdır ki, təqdim etdiyi xx.xx.1979-cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçanın 6-7-ci səhifələrində əmək fəaliyyətinə dair aparılmış qeydlərdə onun xx.xx.1985-ci il tarixində 3 №-li tikinti idarəsində işə qəbul olduğu qeyd edilsə də, işdən çıxma barəsində heç bir qeyd öz əksini tapmamışdır. Bu səbəbdən də onun əmək kitabçasına və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranır. Eyni zamanda təqdim etdiyi sənədlərdən göründüyü kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 25811,94 manat hesablandığı halda fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 19988,19 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Çoxlu sayda yazılmış imtinalardan biri xx.xx.2022-ci tarixli **********7 nömrəli imtina məktubundan sonra o, "hüquqi faktla rın müəyyən edilməsinə dair" imtina məktubunda mübahisələndirilən tələbə uyğun olaraq iş stajının müəyyən edilməsi faktı ilə Xətai rayon məhkəməsinə müraciət etdi. Xətai rayon məhkəməsi 2(011)-3451/2022 saylı xx.xx.2022- ci il tarixli qətnamə ilə onun "Bakı BaşTikinti idarəsi"nin 3 nömrəli tikinti idarəsində 1985-ciildən 2000-ci ilə qədər bənna peşəsi üzrə işləməsi faktını rəsmi sənədlər və şahid ifadələri əsasında müəyyən etdi. Bundan sonra o, xx.xx.2022-ci il tarixində qətnamə qüvvəyə mindikdən sonra xx.xx.2022ci il tarixində 4-saylı DOST mərkəzinə müraciət edib. Qəbul zamanı ona bildirildi ki, ona pensiya təyin olunub, çox güman ki, yeni aydan yəni noyabr ayından veriləcək. Bir müddət gözlədikdən sonra ona pensiya kartının verilmədiyini görüb yenidən xx.xx.2022-ci il tarixində DOST mərk əzinə müraciət etdikdə bu dəfə ona bildirdilər ki, ona imtina yazılıb, imtina məktubunu aldıqda məlum oldu ki, onun 2-ci iş yerində işlədiyi iş stajını nəzərə almadıqları üçün ümumi olaraq iş stajı 11 il hesablanmışdır, bundan əlavə ondan iş yerindən hansısa arayışın gətirilməsi tələbi qoyulmuşdur. Halbuki məhkəməyə qədər bu tələblərin hec biri mübahisələndirilməmişdir. Görünən odur ki, inzibati orqan onun məhkəməyə qədər təqdim etdiyi bütün sənəd və sübutları tanıdığından onları mübahisələndirməmiş, yeganə olaraq əmək kitabçasındakı qeydlərdən şühbələndiyi üçün təkcə bu məsələni mübahisələndirmişdir. O da mübahisələndirilən məsələ ilə bağlı məhkəməyə müraciət etmiş və bunun da əsasında məhkəmə məlum qətnaməni qəbul etmişdir.

10. Cavabdeh iddiaya dair yazılı etiraz verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İddiaçı tərəfindən Filiala təqdim edilmiş sənədlərə əsasən, onun 01 yanvar 2006-ci il tarixinədək ümumi iş stajı 25 ildən az (21 il 07 ay 04 gün (xx.xx.1979- xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1985-ci il və xx.xx.1985- xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçı işlədiyini iddia etdiyi digər dövrlərin əmək müqaviləsi və icarə müqavilələri əsasında sığorta stajına daxil edilməsini tələb edir. Lakin müvafiq müqavilələrə münasibətdə aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edilir. Belə ki, İddiaçı tərəfindən əmək müqaviləsi kimi təqdim edilmiş sənədin məzmununda həmin müqavilənin mülki-hüquq müqaviləsi (xidmət müqaviləsi) olması görünür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsində, bu Məcəllənin şamil edilmədiyi şəxslər dairəsi qeyd olunmuşdur: a) hərbi qulluqçulara; b) məhkəmə hakimlərinə; c) Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə; ç) xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə; d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə isləri yerinə yetirən şəxslərə. Müvafiq iş üzrə tərəflər arasında yalnız xidmət müqaviləsi bağlanıb, yəni tərəflər arasındakı münasibətlər işçi və işəgötürən arasındakı münasib ət deyil, yalnız mülki xarakterlidir. Belə ki, icraçı müəyyən tapşırıqları verinə yetirməyi öhdəsinə götürmüş, sifarişçi tərəf isə həmin işə görə xidmət haqqı ödəyir. Buna görə də, həmin müddət əmək stajı hesab edilə bilməz. Bu səbəbdən həmin dövrlər İddiaçı sosial sığorta stajına daxil edilə bilməz. İddiaçı tərəfindən təqdim edilmiş icarə müqavilələrinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 700-cü maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Qeyd edilən normanın məzmunun dan göründüyü kimi icarə müqaviləsi şəxsin işləmə faktını təsdiq edən bir sənəd deyil. Bu səbəbdən həmin dövrlər İddiaçı sosial sığorta stajına daxil edilə bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin qərarın 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddianın uğurlu olması vətəndaşın pensiya təyinatına səbəb olduqda mümkündür. Lakin, İddiaçı əmək müqaviləsi və icarə müqavilələri əsasında işlədiyini iddia etdiyi dövrlər sığorta stajına daxil edilsə belə, qanunvericiliklə tələb olunan ümumi stajı 24 il 04 ay 02 gün (xx.xx.1979xx.xx.1980-ci il, xx.xx.1980- xx.xx.1982-ci il, xx.xx.1983- xx.xx.1985-ci il; xx.xx.1985xx.xx.2000-ci il; xx.xx.2001- xx.xx.2002-ci il; xx.xx.2004- xx.xx.2004-cü il; xx.xx.2005xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göründüyü kimi qanunvericiliklə tələb olunan ümumi stajı (25 il) tamamlanmır. Əlavə olaraq, qanunla tələb olunan "ümumi stajının 12 il 06 ayını əmək şəraiti zərərli və ağır islərdə işləməli” tələbinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qavdaları”na 2 nömrəli Əlavənin (Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı) tələblərinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mü dafiəsi Nazirliyi xx.xx.2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının tərəfindən pensiya mübahisələrinə dair bəzi işlər təhlil edilərək inzibati məhkəmələrə ünvanlanmış 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş materiallarından göründüyü kimi İddiaçı tərəfindən əmək şəraiti zərərli və ağır işlərdə işlədiyini iddia etdiyi dövrlər üzrə güzəştli arayış təpdim edilməmişdir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2-1(112)-4221/2023 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının həqiqi hərbi xidmətdə olduğu (xx.xx.1980xx.xx.1982-ci il), əmək fəaliyyəti ilə məşğul olduğu (əmək kitabçasına əsasən xx.xx.1979xx.xx.1980; xx.xx.1983-xx.xx.1985; məhkəmə qətnaməsi ilə müəyyən olunan 1985-2000ci illər; məhkəmə qərardadı ilə barışıq sazişi əsasında işə bərpa olunan 2001-2003-cü illər) və vergi ödəyicisi kimi uçota alındığı dövr (xx.xx.2004-cü ildən bu günə kimi ) nəzərə alındığı halda xx.xx.2006-cı il tarixə kimi ən azı 25 il sığorta stajı mövcuddur. İddiaçının əmək şəraiti zərərli və ağır işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3451/2022 nömrəli 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı 1985-ci ildən 2000-ci ilin dekabr ayınadək 3 nömrəli Tikinti İdarəsində işləməsi faktı müəyyən edilmiş, məhkəmə qətnaməsinə əsasən iddiaçının həmin idarədə bənna vəzifəsində işləməsi faktının sübut olunduğu müəyyən edilmişdir. İddiaçının həmin idarədə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq edilmiş 2 №li siyahının XXVİİ bölməsinin (Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) bə nna briqadalarında və kompleks briqadaların xususi bənna manqalarında daim işləyən bənnalar (kod 2290000a—12680) uyğun olmaqla əmək şəraiti ağır və zərərli işlərdə stajı ən azı 12 il 6 aydır (1985-ci ildən 2000-ci il).

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 dekabr 2023-cü il tarixli, 2-1(103)-2676/2023 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, A.Oruczadə və X.Cəmilova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci inst ansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq cavabdehin 2004-cü ildən vergi ödəyicisi kimi uçotu olduğu dövrlər üzrə İddiaçı tərəfindən sosial sığorta haqlarının ödənilməsi müəyyən olunmamasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun preambulasına əsasən, qanunla fəhlələrin, qulluqçuların, kolxozçuların, fərdi əmək fəaliyyəti və sahibkarlıqla məşğul olan şəxslərin və digər kateqoriyalardan olan zəhmətkeşlərin pensiya təminatı üçün bərabər normalara və şərtlərə zəmanət verilir, əmək qabiliyyəti olmayan vətəndaşların sosial pensiya almaq hüququ təmin edilir. Həmin Qanunun 3-cü maddəisnə əsasən, Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan aşağıdakı şəxslərin əmə k pensiyası almaq hüququ vardır: b) fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

16. Həmin nəticəyə gələrkən apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında Qanunun 9.1, 9.8-ci, “Vətəndaşların pensiya təmi natı haqqında” Qanunun 13-cü, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarına istinad etmişdir.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayətində imtina məktubunda, iddia dair etirazda və apellyasiya şikayətində qeyd olunan dəlilləri təkrarlamışdır.

19. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinin və Əmək Məcəlləsi nin 6-cı maddəsinin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 dekabr 2023-cü il tarixli, 2-1(103)-2676/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 22. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixədək olan redaksiya): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmay araq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvə də olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 199 7-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri. 2290000a—12680 - bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar

25. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses işt irakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndiril ir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməmə si barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

26. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apel lyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

30. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

32. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.

33. İddiaçının hüququ ya randığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 2006cı il yanvarın 1-dək ən azı 25 il ümumi sığorta stajına malik olması və həmin stajın ən azı 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması, eləcə də 57 yaşının tamam olması şərtlərinin ödənilməsi tələb olunur.

34. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuş və əmək kitabçasında olan qeydlərə əsasən xx.xx.1979xx.xx.1980 və xx.xx.1983-xx.xx.1985 illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.

35. Bundan əlavə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3451/2022 nömrəli 22 iyul 2022-ci il tarixli qətnaməs i ilə İddiaçı 1985-ci ildən 2000-ci ilin dekabr ayınadək 3 nömrəli Tikinti İdarəsində bənna vəzifəsində işləməsi faktı müəyyən edilmişdir.

36. Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərardadı ilə İddiaçı M.Ə.Sabir adına kitabxana kluba qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının alınması tələbinə dair iddiası ilə bağlı tərəflərin bağladığı barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilmişdir.

37. Beləliklə, iddiaçının həqiqi hərbi xidmətdə olduğu (xx.xx.1980-xx.xx.1982-ci il), əmək fəaliyyəti ilə məşğul olduğu (əmək kitabçasına əsasən xx.xx.1979-xx.xx.1980; xx.xx.1983-xx.xx.1985; məhkəmə qətnaməsi ilə müəyyən olunan 1985-2000-ci illər; məhkəmə qərardadı ilə barışıq sazişi əsasında işə bərpa olunan 2001-2003-cü illər) və vergi ödəyic isi kimi uçota alındığı dövr (xx.xx.2004-cü ildən bu günə kimi) nəzərə alındığı halda xx.xx.2006-cı il tarixə kimi ən azı 25 il sığorta stajı mövcuddur.

38. İddiaçının xüsusi stajı ilə bağlı isə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq edilmiş 2 №li siyahının XXVİİ bölməsinin (Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar (kod 2290000a—12680) uyğun olmaqla əmək şəraiti ağır və zərərli işlərdə stajı ən azı 12 il 6 aydır (1985-ci ildən 2000-ci il).

39. Beləliklə, hazırkı qərarın 22-23-cü bəndlərind ə qeyd olunan dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur.

40. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəli yin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

42. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hazırki qərarın 21-25(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 5 dekabr 2023-cü il tarixli, 21(103)-2676/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar